MƏHƏMMƏDTAĞI ZEHTABİ (Kirişçi) və 
Güneydən səslər

MƏHƏMMƏDTAĞI ZEHTABİ (Kirişçi) və  "İRAN TÜRKLƏRİNİN ƏSKİ TARİXİ"

XX yüzillikdə xalqımızın maarifı, milli oyanışı, dil tarixinin öyrənilməsi sahəsində böyük xidmətləri olmuş professor, yorulmaz alim, tədqiqatçı, fəal mövqeli vətəndaş Məhəmmədtağı Zehtabi bir çox ədəbi, tarixi, elmi, siyasi kitabların müəllifidir. Bu əsərlər içərisində "İran türklərinin əski tarixi" xüsusi əhəmiyyət kəsb edir.

Əsərdə M.Zehtabi təkcə dilçi kimi deyil, tarixçi, etnoqraf kimi indiki İran ərazisində yaşayan türklərin etnik mənsubiyyətini və dilini saxtalaşdıran fars şovinizminə qarşı çıxaraq sübut edir ki, farsların ilk dəfə yurd salıb yaşadıqları ərazilərdə türklər onlardan 3500 il əvvəl məskunlaşmışdır. Dəqiq faktlarla müqayisələr zəminində əsl həqiqəti üzə çıxaran alim bu gün İran ərazisində Azərbaycan dilinin milli mənsubiyyətini şübhə altında saxlayan saxta alimlərə ciddi cavab vermiş olur.

Mövzunun aktuallığını nəzərə alaraq kitabı tədqiqatçı Hüseyn Şərqidərəcəyin çevirməsində cüzi ixtisarla oxucularımıza təqdim edirik.

 

(əvvəli 1, 2, 3, 4, 5, 7 və 8 fevral tarixli saylarımızda)

Bir daha qeyd etmək lazımdır ki, manna midiya və əhəmənilər dövrünün tarix əsas etibarilə qədim assuriya, babil, elam və yunan tarixi əsərlərindən öyrənildiyi kimi İsgəndərdən sonrakı sələvkilər, habelə parfiyalilar (əşkanilər) dövrü Midiya Atropaten tarixində qədim Yunanınstan tarixi əsərlərindən öyrənilmiş və bu gün öyrənilməkdədir. Çünki Azərbaycan ərazilərində lazımi elmi qazıntı işləri aparılmadığından Midiya Atropaten dövrünə aid tarixi əsərlər hələ də yer altında qalmaqdadır. Qədim Yunanıstanın tarixi əsərlərində isə Midiya Atropaten tarixi müstəqil bir mövzu kimi yazılmamış, sələvkilər və parfiyaliların ümumi tarixi ilə əlaqədar və yeri gəlmişkən yazılmışdır. Buna görə, Midiya Atropaten tarixinin mühüm hissələri yazılmamış qalmışdır. Bunun səbəbi ondan ibarətdir ki, Midiya Atropaten ümumiyyətlə sələvkilər və parfiya imperatorluğunun tərkib hissəsi olmuş və eyni zamanda daxilən müstəqil olmuşdur. Buna görə də imperatorluqla əlaqədar olan hadisələr qeydə alınmış, lakin daxili və yerli əhəmiyyətli bütün tarixi hadisələr yazılmamış və ya yazılsa da, ya sonrakı sasanilər hökuməti tərəfindən məhv edilmişdir.

İsgəndərin başqa sərkərdələri Lizimak, Kasandr və Bətləmyus münavilində tək qalan Antiqon nəhayət zəifləyir. Bu zəiflikdən istifadə edən Selevkos Misirdən Babilə qayıdır və xalq tərəfindən qarşılanır. Buna görə də, az müddət ərzində düşmənlərinə qələbə çalır. Eradan əvvəl 313-cü ildə bütün Midiya-fars torpaqlarına malik olur və Selevkoslar sülaləsini meydana gətirir. (e.ə. 312-64).

Eradan əvvəl 311-ci ildə Avropada sərkərdə Kasandr İsgəndərin arvadı Roksananı və onun oğlu İsgəndəri məhbəsdə öldürdü və digər sərkərdə Polisperxon isə eradan əvvəl 310-cu ildə İsgəndərin qeyri-rəsmi arvadından olmuş 17 yaşlı Helkol adlı oğlunu öldürür. Beləliklə də, İsgəndərin ölümündən sonra yaranmış səltənət və rəmzi imperatorluğun adı aradan qaldırıldı. İsgənərin sərkərdələri bununla da kifayətlənməyərək onun bütün ailəsini, o cümlədən anası Olimpiyadı da öldürdülər. Habelə İsgəndərin bacısı Klevpatr eradan əvvəl 309-cu ildə Misirə gedərkən Antiqon tərəfindən öldürüldü. Beləliklə, İsgəndərin bütün ailəsi məhv oldu. Və onun yaratdığı imperatorluq sərkərdələri arasında on illiklər boyu gedən müharibələr nəticəsində bölündü və ondan 4 ölkə və dövlət meydana gəldi:

Makedoniya – (yunan və Avropa).

Trakiya – (bugünkü Türkiyə).

Sələvkilər – (bugünkü İran və bir sıra ətraf yerləri).

Bətaliyə – (Bətləmyusun övladı Misirdə).

Eradan əvvəl 312-ci ildə Babildə sələvkilər hakimiyyətini quran Selevkos Antiqonu məşğul görüb 9 il döyüşlər nəticəsində bugünkü Əfqanıstan və Pakistan torpaqlarını Sind çayına qədər tutdu və tam yunan şəhəri yaratmaq məqsədilə Dəclənin yanında Sələvkiyyə şəhərini tikib paytaxt etdi. Bu şəhər cüzi bir fərq ilə sonralar Parfiya dövrü Tisfun və Sasanilər dövrü Mədayin adlandı.

Selevkos eradan əvvəl 301-ci ildə Antiqonla döyüşdə qələbə çalaraq Suriyanı da Sələvkilər hökuməti torpaqlarına əlavə etdi.

Əsl adı Nikator olan Selevkos eradan əvvəl 306-281-ci illərdə rəsmi şah oldu. İstər Selevkosun, istərsə onun övladının dövründə Kiçik Midiya və ya Midiya Atropaten əvvəllər olduğu kimi, rəsmən Selevkoslar imperatorluğunun bir hissəsi, əslində isə müstəqil idi. Midiya Atropaten hökuməti nəinki öz müstəqilliyini qoruyub saxladı, məntəqədə yunan mədəniyyətinin nüfuzuna ciddi şəkildə mane oldu və Zərdüşt dinini bərqərar etdi. Həsən Pirniya həmin dövr Midiya Atropaten hökumətindən danışarkən yazmışdır: "Məlumdur ki, İsgəndərin ölümündən sonra Perdikasın canişini olaraq Atropat Azərbaycan əyalətində qaldı. Ona görə ki, eradan əvvəl 323-cü ildə İsgəndərin əyalətlərini bölüşdürdükdə kiçik Midiya onun (Atropatın) payına düşdü. Atropatın bu ölkədə uzun müddət qalması onun gücünü artırdı və bundan sonra onun ailəsi də burada hakimiyyətdə qaldı. Və tədricən bu məmləkət adda sələvkilər dövlətinin tərkib hissəsi olsa da əslində müstəqil dövlət idi. Hətta tarixçi Buşəlaqlerkin dediyi kimi yunanlıların burada (kiçik Midiyada) nüfuzu olmadığı üçün Azərbaycan Zərdüşt dilinin beşiyi və sığınacaq yeri Yunan mədəniyyətinin qarşısında İranın dayanacağı idi".

Qeyd etmək lazımdır ki, bəhs etdiyimiz bu dövrdə nə İran adı, nə də İran məfhumu var idi. Buna görə də, H.Pirniyanın "İraniyyət" (iranlı olmaq) sözünü məntəqənin ümumi mədəniyyəti və xüsusilə Zərdüştizm kimi başa düşmək lazımdır. Bu müasir dövrə aid termindir.

Atropatın müstəqil Atropaten hökumətinin yaranma səbəblərindən biri də, İsgəndərin sərkərdələrinin bir-biri ilə çəkişməsi olmuşdur. Selevkosdan sonra oğlu birinci Antioxos (Sutr) zamanında (eradan əvvəl 280-265) da Midiya Atropatın siyasi vəziyyəti dəyişmədi, olduğu kimi qaldı.

Birinci Antioxosdan sonra ikinci Antioxos (e.ə. 261-246) zamanında sələvkilər dövləti zəiflədi. Qədim yunan tarixçisi Strabonun yazılarından məlum olur ki, ikinci Antioxos Atropatın şahı ilə döyüşmüşdü. Bu hadisənin gedişatı barədə hələlik heç bir məlumat yoxdur. Lakin hər halda bu hadisə o zamanlar Atropatın müstəqil olmasını təsdiq edir.

E.ə. 256-cı ildə Bakteriya (bugünkü Mərv) qiyam nəticəsində müstəqil oldu. Onlardan neçə il sonra, e.ə. 250-ci ildə parfiyalılarda üsyan etməklə müstəqillik qazandılar. Partlar müstəqil olandan 2 il sonra e.ə. 248-ci ildə Ərşəki özlərinə şah seçdilər. Partlar həmin əşqanilərdir ki, sonralar güclənib selivkiləri məhv edərək, 477-illik Parfiya imperatorluğunu yaratdılar.

İkinci Antroxos nəhayət arvadı tərəfindən zəhərlənib öldürüldü. Və ikinci Selevkos (e.ə. 246-226) şah oldu. Şahın zamanında selevkilər daha da zəiflədilər və nəticədə Midiya Atropatın hökumətinin müstəqilliyi daha da mökəmləndi.

Daha sonra üçüncü Selevkos (e.ə. 226-223) və ondan sonra üçüncü Antioxos (e.ə.223-187) şah oldu. Üçüncü Antioxos Ekbatana (bugünkü Həmədan) hücum edərək, Anahita məbədini taladı. Parfiyalılar əleyhinə ordu çəkib paytaxt Hekatompilus (yüz darvazalı şəhər) şəhərini tutdu. Lakin onlarla sülh bağladı və beləliklə də parfiyalılar tam müstəqil oldular. Üçüncü Antioxos zamanı Midiya Atropaten xalqının ağır iqtisadi vəziyyəti onun ayağa qalxıb üsyan etməsinə səbəb oldu. Buna görə də, üçüncü Antioxos Atropatenə hücum etdi. Lakin bu, Atropatenin müstəqilliyinə xələl gətirmədi.

(davamı növbəti saylarımızda)