GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

AYDIN ARAZ

1982-ci ildə Araz qırağında - Culfa (İran) şəhərində anadan olub. İlk və orta məktəbləri doğma şəhərində bitirib. Təbriz Universitetinin sosioloiya fakültəsində yüksək lisans səviyyəsıni qazanıb. Tələbəlik dövründə Təbriz Universitetində bütün dillərdə şeir oxunmasına izin verilən "Payız" ədəbi dərnəyinin təməlini qoyub. Ara-sıra "Barama" və "Bayquş" saytlarında şeirləri yayımlanıb.

İlk şeir kitabı "Yasaq sözcüyüm" adıyla 2007-ci ildə işıq üzü görüb. Qısa zaman ərzində satılan kitab ikinci dəfə çap olunub. İkinci kitabı 2013-cü ildə "Adamlar gedir, yoxsa qayıdır" adıyla çap edilib.

 

Vivaldinin "dörd fəsil" əsərinə

"01 bahar"

Tumurcuqlar çırtlayır

Baxışırıq

Sanki illərdir tanışıq

Hava dolur boşalır bizim sağlığımız

Ürəklərimiz oyanır

 

"02 yay"

Çiçəklər qürurla meyvələşirlər

Hava qızışır ürəklərimiz tək

Günəş d

ərilməli bir alma

Sevişirik

Ürəklərimiz alışır

Daşırıq biri-birimizdən

Döşəyirik ulduz çörəyi hər gecə

Vaxtımız yox - təqvim səhifələrində

  not yazmaq üçün

Sevirik yalnız.

 

"03 payız"

Çalırlar almamızı budaq

larımızdan

Hava tutulur "yad buludlarla"

Hava qurtulur

Ürəklərimiz sıxılır

Yapışmırıq biri-birimizə

Ayrılırıq

Sanki illərdir özgəyik.

 

"04 qış"

qışa heç nə qalmayıb

boşdur.

 

MƏRYƏM QURBANZADƏ

1982-ci ildə Maku şəhərində anadan olub. Çox gənc yaşlarından qələmə sarılıb, könlünün dediklərini ağ vərəqlərə köçürməyə başlayıb. Ali təhsillidir.

 

Şeirlə qucaqlaşan insanlıq!

Kulyaj olmuş

Bir insanlıq var yaşayışda.

Yarısı savaşa gedir,

yarısı savaşdan qayıdır,

yarısı həsrət qoxur,

yarısı qorxudan həsrətə çevrilir,

yarısı cibində gəzdirən qurşunlara qoşulur,

yarısı qoşulu qurşun çiynində   

  əksijinə bağlanır,

yarısı alın yazısında dalğalanır,

yarısı dalğalı bır dənizdə birini gözlə yeyir,

yarısı sonu gəlmiş bir qu quşu kimi    

   uzaqlarda yox olur,

yarısı sonu görünməyən mən kimi

şeirlə qucaqlaşır.

 

Urmu-Türkün ilk beşiyi - sevgi ocağı

Urmiyanın və Urmu gölü hadisələrinin Güney Azərbaycan ədəbiyyatında bədii təcəssümü...

(əvvəli 2, 3, 4 və 5 fevral tarixli saylarımızda)

Bu gün Güney yazarlarının əsərlərindən boy verən Urmiya gölünün sürətlə quruması, quruma nəticəsində Azərbaycan türklərinin daha sıx yaşadığı Urmu şəhərini və ətraf bölgələri gözləyən duzlaşma-duz fırtınası, qeyd etdiyimiz kimi, İİR dövlət rəsmilərinin o qədər də ciddiyə almadığı gerçək bir milli problemdir. Marağalı şair Amanoğlu Urmunun bu ağır durumuna dözə bilmir, "Qayıt qədim çağlarına, qovuş qədim dostlarına - Cığatıya, Mürdü çaya, aç qucağın qonaqlara, bir ana tək" - diləyilə Urmu gölünə üz tutur:

Bir gölüm vardı mənim, heyranıyam, Urmu gölü!

Hər kəsə aydın dəyəri, duzlu gölüm, Urmu gölü

Hər dəfə düşdüm suyuna, boğdu məni

O bitmiyən, sevindirən məhəbbətin Urmu gölü

Sən ölkəmin ad-sanısan dol qürura

Güneylilər fəxrisən, ey Urmu gölü...

Urmunun düşdüyü durumu qəlbə-ürəyə gedən damarların kəsilməsi kimi mənalandıran şair nə qədər kədərli, hüznlü, eyni zamanda da mübarizdir. "Uduzmadan qalx ayağa, dalğalanıb tüğyan elə, Vur ırmaka, sındır onun duvarların, ey qocaman Urmu gölü!" - çağırışlarıyla yaralanmış təbiət gözəlini də bədxahları qarşısında yenilməməyə, ayağa qalxaraq mübarizə aparmağa, təslim olmamağa səsləyir. Bu gün Urmu həqiqətən böyük bir fəlakətlə-ekoloji fəsadlar nəticəsində məhv olmaq, yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir.

Faktlar deyir: "Urmiya gölünün quruması 3 milyon nəfərin işsiz qalmasına və köçməsinə səbəb olub". Göldəki ekoloji fəlakət üzündən hövzənin ətrafında yerləşən və əsasən kənd təsərrüfatı sənayesinə bağlı zavodların 34%-i bağlanıb. Bu zavodların bağlanmasının səbəbi isə Urmiya gölünün ətrafında qazılmış quyuların sularının qurumasıdır. Bu da bölgədə əkinçiliyin məhv olmasına gətirib çıxardığından zavodlar işi dayandırmaq məcburiyyətində qalıb. Zavodların bağlanması isə yalnız İranın Qərbi Azərbaycan vilayətində baş verib. Urmiya gölünün quruması nəticəsində bölgədə sosial-iqtisadi, sənaye və mədəni problemlər yaranacaq. İran hökuməti Urmiya gölündəki ekoloji fəlakəti aradan qaldırmaq üçün lazımi addım atmayıb. Hökumət bu gölün qurumasının minlərlə iqtisadi və iş imkanlarını aradan qaldıracağını anlamalıdır. Ölkə parlamenti Urmiya gölünün xilası üçün qanunlar qəbul edib. Ancaq hökumətin bu qanunlarının icraya yönəldilməsinə və gölün qurumasının qarşısını almağa marağı və hədəfi yoxdur. Urmiya gölü son 50 il ərzində indiki duruma düşüb: əgər problemin qarşısını almaq üçün əvvəldən lazımi tədbirlər görülsəydi, bu gün belə bir faciənin şahidi olmazdıq. İndi lazımi addımlar atmaqla gələcəkdə baş verə biləcək bir çox problemləri həll etmək olar". APA-nın "Oyannews"a istinadən verdiyi məlumata görə, bu fikirləri Urmiya şəhərini İran parlamentində təmsil edən Azərbaycan türkü, millət vəkili Nadir Qazipur səsləndirib.

 "Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kvadratkilometr olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Hazırda Urmiya gölündə hər 1 litr suda 400 qram duz mövcuddur. Bu rəqəm əvvəllər 160-170 qram təşkil edib. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir. İran prezidenti və hökumət nümayəndələrinin 2010-cu ildə Təbrizə səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunub. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur. İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırıb. Son illərdə Urmiya gölü rayonunda 17 su bəndi, gölün şərqindən qərbinə uzanan və gölü iki yerə bölən torpaq keçid tikilib. Ekoloqların sözlərinə görə, bunlar gölün qurumasının əsas səbəbidir, nəticədə göl bəzi yerlərdə on kilometrlərlə quruyub və səviyyəsi 6 metr düşüb". Bu fikirlər isə İran parlamentinin deputatı, Azərbaycan türkü Qulamrza Nuriyə məxsusdur. Səhralaşma Komponentləri üzrə Tədqiqat Qrupunun rəhbəri Məhəmməd Dərvişin söylədikləri: "Urmiya gölünün orta dərinliyi 14 metrdən (?) 2 metrə düşüb, 2/3 hissəsi duzlağa çevrilib. Göl dolu olduğu zaman sahəsi 540 min hektar idi. Ancaq lazımi su ilə təmin olunmadığından sahəsi 360-390 min hektaradək azalıb. Bu səbəbdən Urmiya gölünün hazırda 2/3 hissəsinin quruduğunu deyə bilərik. ...Küləklərin şərqdən-qərbə doğru əsməsi nəzərə alınsa, Binab, Marağa, Əcəbşir şəhərləri duz yellərinin təsiri ilə üzləşə bilər və bu duz yelləri əkin sahələrini məhv edəcək. Eyni zamanda yerli camaatın sağlamlığı ciddi təhlükə qarşısında qala bilər".

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.