Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Peleş" qəsri

Rumıniyada Karpat dağlarının mənzərəli yerində, Sinay şəhəri yaxınlığında "Peleş qəsri" inşa olunub. 1873-1914-cü illərdə eklektizm (incəsənətdə müxtəlif üslubların bir nümunədə toplanması) ruhunda  inşa olunan qalanın dizaynında rokoko, barokko, mooriş və renessans üslubları öz əksini tapıb. Bir zamanlar kral iqamətgahı olan "Peleş qəsri"nin tikintisi I Kerol və həyat yoldaşı Elizabet tərəfindən həyata keçirilib. Qalanın tikintisində dövrün bütün qabaqcıl texnologiyalarından istifadə olunub. Hətta dünyada elektrik enerjisi və liftlə təchiz edilən ilk qala məhz "Peleş qəsri"dir. 

Qalada 160 otaq və 30 hamam mövcuddur, 800-dən çox nadir kitabın toplandığı  kral kitabxanası var. Qalada Şərq və Avropadan gətirilən 4 mindən çox silah-sursatın saxlandığı sərgi salonu da yerləşir. Salonda sərgilənən ən qiymətli əşya isə Türkiyədən gətirilən yarı tapança, yarı xəncər formasında olan orijinal silahdır. Qəsrin interyerində qara ağac, şərq xalçaları, qobelenlər, qızıl və gümüş qablar, rəsmlər, heykəllər və fil sümüyündən hazırlanan əşyalar yer alır. Qalanın pəncərələrində istifadə olunan vitrajlar isə isveçrəli rəssamlar tərəfindən çəkilib. 

2006-cı ildə Peleş Dövlət Muzeyi statusunu qazanan qalanı hər il təxminən 500 min insan ziyarət edir.

 

"Mələyin qanadları" ibadətgahı

Cənubi Afrika Respublikasının ən mənzərəli bölgələrindən biri Vitsenberqdə  müasir kilsə binası inşa olunub. Bosjes fermasının ərazisində üzüm bağlarının arasında tikilən "Mələyin qanadları" ibadətgahı ingilis memarlıq bürosu "Steyn Studio" ilə Cənubi Afrikanın "TV3 Architects" studiyası tərəfindən layihələndirilib. Memarlar bu binanı dizayn edərkən müqəddəs  İncil kitabındakı "Sənin dəyişməz məhəbbətin necə də qiymətsizdir, ya Rəbb! İnsanlar Sənin qanadlarının kölgəsinə sığınır"sətirlərindən ilhamlanaraq binanın damını məhz bu formada hazırlayıblar.

Birmərtəbəli konstruksiya, sahəsi 420 kvadratmetr olan platformada quraşdırılıb. İbadətgahın interyeri çox sadədir, burada əlavə elementlərdən istifadə olunmayıb. Geniş salonun mərkəzi hissəsinə yalnız çarmıx, minbər və kürsülər yerləşdirilib. Buraya gələn ziyarətçilərin daha çox mənzərədən zövq alması üçün memarlar belə bir addım atıblar. Digər ibadətgahlardan fərqlənən bu tikilinin ümumi görünüşü fasadı ilə ahəng təşkil edir. Pəncərələrdən daxil olan günəş şüaları kilsəni təbii işıqla təmin edir, qar kimi ağ dalğalı damı sayəsində isə tikili çox zərif və çəkisiz görünür.

 

"Vat Ronq Khun" və ya "Ağ məbəd"

Tailandın ən məşhur memarlıq abidələrindən biri olan "Vat Ronq Khun" və ya "Ağ məbəd" yerli rəssam Çalermçai Kositpitat tərəfindən layihələndirilib. Qeyri-ənənəvi buddist üslubunda hazırlanan binanın dekorasiyasında Buddanın saflığını simvolizə edən ağ materialdan istifadə olunub. Dəfələrlə şəhər rəhbərliyindən və sponsorlardan təklif almasına baxmayaraq, rəssam Ç.Kositpitat ideyalarının həyata keçirilməsinə kənardan müdaxilə olunmasını istəmədiyi üçün onları rədd edir və məbədi  rəsm satışından əldə etdiyi gəlirləri hesabına tikir. Məbədin tikintisinə 1997-ci ildə başlansa da tikinti işləri hələ də davam edir. Belə ki, 2014-cü ilin may ayında baş verən zəlzələ nəticəsində məbəd ciddi ziyan görür və yenidən rekonstruksiya edilir. 

3 hektar ərazidə yerləşən kompleks 3 binadan-"Ağ məbəd", "Sənət qalereyası" və "Qızıl" saraydan ibarətdir. Ağ alebastrdan hazırlanan Buddist məbədinin interyerində və fasadında olan bütün heykəllərin üzərinə zərif güzgü mozaikalar işlənib. Məbədin damı torpağı, havanı, suyu və atəşi simvolizə edən fil, qu quşu,  ilan və aslan heykəlləri ilə taclandırılıb.

Unikal məbədin fasadında, tam mərkəzində quyu da var. Rəvayətə  görə, bu quyuya kim qəpik atarsa onun arzusu dərhal həyata keçir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".