Elin mərd oğlu
Region

Elin mərd oğlu

Azəbaycanımızın hərb tarixində qəhrəmanlıq salnaməsi olan İkinci Qarabağ müharibəsi başlananda Elşad Elman oğlu Zeynallı ömrünün 24-cü ilini yaşayırdı. Bu müddətdə Elşad doğulub boya-başa çatdığı Lənkəran rayonunun Sütəmurdov kəndində gördüyü yaxşı işləri, xeyirxah əməlləri hesabına böyük hörmət qazanmışdı. Bu gənc oğlanın həyatı qurub-yaratmaqla xoş keçsə də, qəlbi Qarabağ torpaqlarının azad edilməsi istəyi ilə alışıb-yanırdı. Buna görə Vətən müharibəsinin başlaması xəbəri Elşadın ürəyincə oldu. Həm də başa düşdü ki, artıq xalqın əzəli-əbədi torpaqlarını qarı düşmənin tapdağından xilas etmək məqamı gəlib. Könüllü orduya yazılır. Vətəni öz qanı bahasına yaşadan minlərlə qeyrətli oğullardan biri də Elşad olur.

Elşad Zeynallı əlinə silah götürüb torpaq uğrunda düşmənlə haqq savaşımıza başlayır. Qeyrətli Vətən övladları ilə qanlı-qadalı yollar keçdikcə, kəndlər bir-birinin ardınca erməni dığalardan təmizlənir. Hər qələbədən sonra igid döyüşçü Elşadın qəlbində düşmənə olan nifrəti daha da alovlanr. Od-alovun içinə atılanda onunla çiyin-çiyinə vuruşanlara bildirirdi: "Torpaq onun yolunda şəhid olmağı bacaranlar olanda Vətən olur".

2020-ci il oktyabrın 1-də Füzulinin azadlığı uğrunda ağır müharibə başlanır. Həmişə olduğu kimi, yenə Elşad döyüşün önündə gedir, vurduğu sarsıdıcı zərbələrlə düşmənə qan uddurur. Belə ki, yağının çoxsaylı canlı qüvvəsi, texnikası məhv edilir. Döyüşə-döyüşə Vətən sevdalısı Elşad özü də şərəfli şəhidlik zirvəsinə yüksəlir. Millətinə başucalığı gətirən igid əbədi ürəklərdə özünə yer etməklə bərabər, həm də düşmənə qarşı qanlı müharibədə göstərdiyi qəhrəmanlığına görə "Cəsur döyüşçü", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medallarına layiq görülür.

Bəli, bugünkü xoşbəxt günlərimiz üçün həyatlarını Vətən yolunda qurban edən Elşad kimi qəhrəmanlar heç zaman yaddaşlardan silinməyəcək, zaman keçdikcə xoş xatirələrdə yaşayacaqlar.

Zəfər ORUCOĞLU.