CİNAYƏT CƏZASIZ QALMAMALIDIR
Digər xəbərlər

CİNAYƏT CƏZASIZ QALMAMALIDIR

Artıq bir neçə gündür ki, İranın paytaxtı Tehran şəhərində səfirliyimizin əməkdaşlarına qarşı törədilən terror aktının sarsıntılarını yaşayırıq. Yanvar ayının 27-də səhər saatlarında ölkəmizin İran İslam Respublikasındakı Səfirliyinə hücum edən əli avtomatlı şəxs odlu silahla mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovu vəhşicəsinə qətlə yetirib. Hücumun qarşısını alarkən səfirliyin daha iki əməkdaşı yaralanıb.

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti ilə telefon danışığında xüsusilə vurğulayıb ki, terrorçu tərk-silah olunmasaydı, səfirliyin digər əməkdaşlarını və onların səfirlik binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəf alacağı istisna deyildi.

Bu terror aktı hər birimizi hədsiz dərəcədə qəzəbləndirib. Hadisə zamanı yüksək operativlik göstərən və cinayətkarı zərərsizləşdirməyə nail olan mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyevin cəsarəti, qəhrəmanlığı qürur doğurur. Məhz Azərbaycan səfirliyinin əməkdaşının fədakarlığı sayəsində planlaşdırılan qətliamın axıra kimi həyata keçirilməsi mümkün olmayıb.

Tarixdən məlumdur ki, İran həmişə terrora dəstək verib. Bununla əlaqədar çoxlu misallar çəkmək mümkündür. Dəfələrlə İranda yerləşən səfirlik və konsulluq binalarına, beynəlxalq nümayəndəliklərə və xarici vətəndaşlara müxtəlif formalarda hücumlar təşkil edilib. Faktlara nəzər yetirək. 1829-cu il yanvarın 30-da çar Rusiyasının İrandakı səfirliyinə hücum olunub, səfir, tanınmış rus yazıçısı Aleksandr Qriboyedov və səfirliyin mühafizəsini təşkil edən 35 kazak qətlə yetirilib.

1979-cu ildə özünü "İmam Xomeyni yolçuları" adlandıran bir qrup tələbə ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək 53 amerikalını girov götürüb və onları uzun müddət girov saxlayıb. 2011-ci ildə yüzlərlə tələbə Böyük Britaniyanın İrandakı Səfirliyinə hücum edərək səfirliyin binasını ələ keçirib. Buna bənzər digər hadisə 2016-cı ildə baş verib. Bir qrup radikal kütlə Səudiyyə Ərəbistanının Tehrandakı Səfirliyinin və Məşhəddəki konsulluğunun binalarını yandırıb.

Bu dəfə isə Azərbaycan səfirliyi hədəf seçilib. Faktlar göstərir ki, bu cür hadisələrin gələcəkdə də baş verməsi istisna deyil. İranda heç bir ölkənin səfirliyinin toxunulmazlığına zəmanət yoxdur. Təkcə bir ölkədən başqa. O da Ermənistandır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İranın kütləvi informasiya vasitələri daim ölkəmizin ünvanına müxtəlif ittihamlar, həqiqətə uyğun olmayan fikirlər səsləndirirlər. Artıq 30 ildən çoxdur ki, bu qərəzli, yanlış tendensiya davam edir.

İran dövləti Ermənistana hər cür yardım edərək daim onun yanındadır. Məscidlərimizi təhqir edən, orada donuz saxlayan, dini abidələrimizi dağıdan, daşı daş üstə qoymayan, soydaşlarımızı amansızlıqla qətlə yetirən erməni dığalarını daha çox üstün tutur. 44 günlük Vətən müharibəsində qazandığımız qələbəni heç cür həzm edə bilmir. Hər dəfə riyakar sifətini müxtəlif vasitələrlə göstərir.

Son vaxtlar İranın media qurumlarında ölkəmizə qarşı təxribatçı informasiyaların sayı xeyli artıb. Hətta qonşu dövlətin parlament, ordu rəhbərləri tərəfindən müxtəlif formada təhdidlər səslənir, uşaqların ifasında təxribatçı videolar yayımlanır.

Möhtəşəm tarixi Qələbədən sonra Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfəri zamanı əlini Xudafərin körpüsünə uzadaraq bu körpünü dostluq körpüsü adlandırdı. Bununla İrana mesaj verdi ki, gəlin, münasibətləri normallaşdıraq, etdiyiniz hərəkətləri bir kənara qoyun. Nəticədə nə gördük İran yenə Azərbaycana qarşı qərəzli mövqeyinə sadiq qaldı, əks təbliğatını genişləndirməyə, daha da kəskin təhdidlər etməyə başladı.

İran Zəngəzur dəhlizinin açılmasına hər vəchlə maneçilik törədir, Ermənistanda konsulluq açır, hərbi təlimlər keçirir, güc-əzələ nümayiş etdirir. Hətta, adında İslam sözü olan dövlətin başçısı erməni rəhbərləri ilə qucaqlaşıb öpüşür, erməni baş nazirinin arvadının müqəddəs dini mərkəzə səfərini təşkil etməklə İslam adət-ənənəsinə ləkə vurur.

Hələ bunlar az imiş. Tehranda hökumətin icazəsi ilə ermənilər "artsax blokadadan çıxarılsın" şüarı ilə aksiya keçiriblər. İranda yaşayan bir qrup erməni Laçın dəhlizinin açılması ilə bağlı absurd tələblər irəli sürüb. Həyasızlığın dərəcəsinə baxın. Görün, İranın erməni "sevgisi" nə qədər imiş?!

Mən təhsil işçisi olaraq Tehran şəhərində səfirliyimizə qarşı edilən terror hadisəsini qəti şəkildə pisləyirəm. Bu namərd və xain hərəkətə - odlu silahla səfirliyin əliyalın əməkdaşlarına edilən hücuma öz kəskin etirazımı bildirirəm. Cinayətkar mütləq layiq olduğu cəzasını almalıdır. Bu terror hücumunun sifarişçiləri də müəyyən edilməli və onlar da öz cəzalarına çatmalıdırlar. Hadisənin əsas motivini başqa səmtə yönəltmək cəhdləri qəbuledilməzdir.

Yayılan informasiyalar göstərir ki, İran məsuliyyətdən qaçmağa çalışır, uydurma, yalan fərziyyələr söyləməklə cinayətin üstünü örtmək istəyir. Bu isə hadisənin törədilməsində onun maraqlı tərəf olduğuna şübhələr yaradır. Bizim tələbimiz odur ki, terror hadisəsi obyektiv və şəffaf surətdə araşdırılsın.

Bu danılmaz faktdır ki, Azərbaycan bölgədə yeni reallıqlar yaradıb, müstəqil, güclü dövlət kimi dünyada söz, nüfuz sahibidir. Nəinki İran, heç bir dövlət bizimlə yüksək tonda danışa bilməz. Heç bir təxribat, heç bir təhdid bizi haqq-ədalət yolundan döndərə bilməz.

Zümrəsindən, mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı müstəqil dövlətimizin, möhtərəm Prezidentimizin yanındadır. Biz cənab Prezidentin apardığı müdrik və uzaqgörən siyasəti ürəkdən bəyənir, onunla həmrəy olduğumuzu bildiririk.         

Azad ABDULLAYEV,

Astara Pedaqoji Kollecinin müəllimi, qabaqcıl təhsil işçisi.