MÜRƏKKƏB MÜKƏMMƏL MEMARLIQ
Maraqlı

MÜRƏKKƏB MÜKƏMMƏL MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Geyzel Kitabxanası

ABŞ-ın Kaliforniya ştatında inşa olunan Geyzel Kitabxanası dünyanın qeyri-adi binalarından biri hesab edilir. Bina ölkənin kitabxana fondunun inkişafına mühüm töhfə vermiş amerikalı yazıçı Teodor Seuss Geyzelin adını daşıyır. 1960-cı illərin sonlarında brutalizm və futurizm üslubunda dizayn edilən binanın memarı Uilyam Pereyradır. Memar tikinti zamanı polad konstruksiyadan istifadə etməyi planlaşdırsa da, təmir xərclərinə qənaət etmək üçün materialı dəmir-betonla əvəz etmək qərarına gəlir. Nəticədə, istifadə edilən material daha maraqlı layihənin ortaya çıxmasına səbəb olur.

Ümumi sahəsi 3500 kvadratmetrdən çox olan kitabxananın konsol hissələri 45 dərəcə bucaq altında yerləşən dayaqlar vasitəsilə dəstəklənir. 8 mərtəbədən ibarət kitabxana binasının ümumi hündürlüyü 33,5 metrdir. Kitabxananın 1-ci və 2-ci mərtəbəsi isə onun zirzəmisində yerləşir.

Bir vaxtlar bəzi memarlar tərəfindən tənqid olunan layihə, hətta "Reuters" Agentliyi tərəfindən "Görməli 10 çirkin bina" siyahısına da daxil edilmişdir. Lakin bütün bunlara baxmayaraq bu gün Geyzel Kitabxanası Kaliforniyanın ən çox ziyarət edilən məkanlarından biridir.

1970-ci ildə istifadəyə verilən bu bina qısa zamanda San Diyeqo Kaliforniya Universitetinin simvoluna çevrilmiş və sözügedən təhsil ocağının emblemində təsvir olunmuşdur.

 

Santa Monika Kilsəsi

İspaniyanın paytaxtı Madrid şəhərində salınan Rivas Vasjamadrid adlı yeni yaşayış massivi ərazisində abstrakt formaları ilə seçilən qeyri-adi kilsə binası inşa olunmuşdur. Santa Monika Kilsəsi adlandırılan kompleksin layihəsi "Vicens + Ramos" memarlıq ofisi tərəfindən hazırlanmışdır. Layihənin müəlliflərindən biri məşhur memar İqnasio Vikensdir. Kilsəni betondan tikməyi planlaşdıran memarın layihəsi dəstəklənmədiyi üçün o, xüsusi material olan "korten poladdan" (oksidləşmə prosesi nəticəsində rəngini və qoruyucu səth qatını dəyişən təbii material) istifadə etmək qərarına gəlmişdir.

İlk baxışdan kilsəyə bənzəməyən, hər hansı bir metal konstruksiyanı xatırladan kompleksə xüsusi forma verən onun qurbangah hissəsindəki lyuka bənzər pəncərələridir. Asimmetrik şəkildə yerləşdirilən bu pəncərələr binanın interyeri ilə ziddiyyət təşkil etsə də, ortaya maraqlı bir görüntü çıxıb. Həndəsi formada inşa olunan binanın aşağı hissəsi isə qara mərmərdən hazırlanıb.

Məbədin interyerində olan heykəllər və mebellər ispaniyalı rəssamlar tərəfindən dekorasiya edilmişdir. Kilsədə Xose Luis Sançesin, Xavyer Viverin, Xose Manuel Suriyanın, Fernando Paqolanın, Xavyer Martinezin və Xose Antonio Ramos kimi məşhur rəssamların əl işləri sərgilənir.

 

"Göy qurşağı melodiyası" binası

Yaponiyanın Kavaquçi şəhərində inşa olunan bu maraqlı bina ilk baxışda oyuncaq evi xatırlatsa da, məşhur "Sugamo Shinkin" Bankının filialıdır. Layihənin müəllifi fransız memarı Emanuel Murodur. E.Muronun məqsədi sadə, darıxdırıcı bank binalarından fərqli bir quruluşa malik kompleks yaratmaq olub. Çəkməcəli dolabı xatırladan unikal binanın dizaynında rəngli materialdan istifadə edildiyi üçün "Göy qurşağı melodiyası" adlandırılıb.

İnsanların üzündə təbəssüm yaradan binanın girişində "Biz xoşbəxt insanlara xidmət etməkdən zövq alırıq" şüarı əks olunur. Ümumi sahəsi 588 kvadratmetr olan ikimərtəbəli binanın gözoxşayan interyeri banka gələn müştərilərin buradan məmnunluq hissi ilə ayrılmasına səbəb olur.

"Göy qurşağı melodiyası" binasının fasadında yerləşən taxta döşəmə dizaynın əsas elementlərindən biridir. Binanın hər bir eyvanında əkilən müxtəlif ağaclar və dekorativ bitkilər tikilinin görünüşünə xüsusi rəng qatır. Bankın filialının birinci mərtəbəsində geniş dəhliz və müştəri xidmətləri, ikinci mərtəbəsində isə maliyyə şöbələri və yeməkxana yerləşir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".