Şahin Allahyarov
Sosial həyat

Şahin Allahyarov

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətinin, Ordumuzun qüdrətinin və xalqımızın milli birliyinin təntənəsi oldu.

 Bu qələbə xalqımızın haqq uğrunda mübarizə aparmaq əzmini, milli kimliyimizi, birliyimizi, gücümüzü bütün dünyaya nümayiş etdirdi. Bu savaşın nəticəsində dünya bizi həm də qalib xalq kimi tanıdı. Torpaqlarımızın mənfur düşməndən azad edilməsində Azərbaycanın minlərlə vətənpərvər oğulları canlarından keçərək adlarını Azərbaycan tarixinə yazdırdılar.

Dövlət Sərhəd Xidmətinin baş giziri, Vətən Müharibəsi Qəhrəmanı Şahin Hüseynbala oğlu Allahyarov 29 yanvar 1993-cü ildə Şamaxı rayonunda anadan olub. 1999-2010-cu illərdə Quba rayonu Zizik kənd tam orta məktəbdə təhsil alıb. 2011-2012-ci illərdə müddətli həqiqi hərbi xidmət keçib. 2016-cı ildən Dövlət Sərhəd Xidməti sıralarına qəbul edilib. Zaqatala sərhəd dəstəsində müxtəlif vəzifələrdə xidmət etdiyi dövrdə özünü bacarıqlı hərbçi kimi göstərib. 2019-cu ildən Sərhəd Qoşunlarının Qazax əlahiddə sərhəd diviziyasında kəşfiyyatçı vəzifəsində xidmətini davam etdirən Şahin mənfur düşmənlə üzbəüz xidmət aparmağı ilə qürur duyardı.

Vətən müharibəsinin ilk günlərindən ön cəbhəyə yollanan Şahin bir sıra yaşayış məntəqələrimizin azad olunmasında qəhrəmanlıq göstərib. Cəbhənin Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib, Hadrut qəsəbəsinin azad olunmasında fərqlənib. 2020-ci il oktyabr ayının 20-də Şahin döyüşçü yoldaşları ilə birlikdə düşmən arxasına keçib, Zoğalbulaq, Azıx, Böyük Tağlar, Tuğ, Ağdam, Düdükcü kəndlərinin düşməndən azad edilməsində iştirak edib.

Şahinin son döyüşü Şuşa şəhəri uğrunda idi. Vətən müharibəsinin gedişatında xüsusi əhəmiyyət kəsb edən Şuşa şəhərinin azad olunması cəsur kəşfiyyatçı Şahin Allahyarovun ən böyük arzularından biri idi. Lakin bu, onun sonuncu döyüşü olur. 31 oktyabr 2020-ci ildə Şuşa istiqamətində döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlir. Noyabrın 3-də Quba rayonunun Zizik kəndində dəfn edilir. 2 övladı Vətənə əmanətdir. Vəsiyyət etdiyi kimi, ölümündən sonra dünyaya gələn oğluna Şahin adı qoyulub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, həmçinin, "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Quba rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbinə Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı Şahin Hüseynbala oğlu Allahyarovun adı verilmişdir.

 Atası Hüseynbala kişinin xatirələrindən: "Mənə dedi ki, az qalıb bayrağımızı daha bir torpağımıza sancacağıq. Mən o vaxt dincələcəm ki, vətənimi düşməndən tam azad edəcəm. Arzuları çox idi oğlumun. Vətən sağ olsun".

Qəhrəman şəhidimizin həyat yoldaşı Kəmalə Allahyarova: "Bu günə qədər harada xidmət edibsə mən yanında olmuşam. Hərbçi ilə ailə quranda gözə almışdım ki, bir gün onu itirə bilərəm. Onu tanıyanlar bilir ki, qəlbi necə təmiz, mərhəmətli idi".

Hadrut uğrunda gedən döyüşlərdə Elvin Səfərovun dəstəsində döyüşən Şahin haqqında dəstə komandirinin xatirələri: "...O zaman özünü itirmədi, düşmənə doğru aktiv atəş açardı. Biz də bundan istifadə edərək yaralılarımızı təhlükəsiz istiqamətə daşımağı bacardıq. Şahinin orada qorxmazlığının, çevikliyinin, cəsurluğunun, qəhrəmanlığının şahidi oldum".

 Digər qrup komandiri Şahin Hüseynquliyev onun döyüş qabiliyyətini belə xarakterizə edir: "Atışlar zamanı yüksək nailiyyətlər göstərirdi. Kalaşnikov pulemyotundan yüksək dəqiqliklə, sərrast atəş açırdı, bütün hədəfləri məhv edirdi, ...qrup komandirləri içərisində hər kəs onu öz qrupuna daxil etmək istəyirdi, ...igidliyi, cəsurluğu, sərbəst atış qabiliyyəti və çevikliyi ilə seçilirdi digərlərindən".

Əsgər Orxan Almazov: "Tapşırığa gedəndə bizə deyirdi ki, ya gedəcəyik sağ qayıdacağıq, bir müddət sonra öləcəyik, ya da ki, şəhid olacaq, daim yaşayacağıq. Şahin də şəhid oldu, əbədi yaşamağı seçdi".

 Böyük Zəfəri, Qələbəni görməsə də bu gün Şahinin ruhu şaddır. Onun azad görmək istədiyi Qarabağımızda üçrəngli Azərbaycan bayrağı vüqarla dalğalanır.

Müşfiq MİRZƏ,

"Respublika".