DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ-DA TÜRKİYƏYƏ “F-16” QIRICILARININ SATIŞI YENİDƏN GÜNDƏMDƏ

ABŞ-ın dövlət katibinin müavini Viktoriya Nuland Senatın Xarici Əlaqələr Komitəsində keçirilən iclasda Türkiyəyə mümkün “F-16” qırıcıları satışını gündəmə gətirib. Bu barədə “Teleqraf.com” türkiyə mətbuatına istinadən məlumat yayıb.

Viktoriya Nuland qeyd edib ki, Ankaranın İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləməsi “F-16”ların Türkiyəyə satışının ABŞ Konqresi tərəfindən daha “isti” qarşılanmasını təmin edəcək.

Eyni zamanda, V.Nulandın “Türkiyəyə mesaj” olaraq xarakterizə edilən açıqlaması ABŞ Dövlət Departamentinin gündəlik mətbuat brifinqində də gündəmə gəlib. Qurumun sözçüsü Vedant Patel prezident Cozef Bayden və Dövlət Departamentinin “F-16” qırıcıları haqqında fikrinin qəti olduğunu bəyan edib.

“Türkiyənin mühüm NATO müttəfiqi olduğunu və alyans sistemi daxilində təhlükəsizlik məsələlərini dəstəkləməyə davam edəcəyimizi açıq şəkildə bildirmişik. Bu iki məsələ, yəni “F-16”lar və İsveçlə Finlandiyanın NATO-ya qəbulu bir-birindən ayrı qalmağa davam edəcək, bunlar bir-birinə qarışan məsələlər deyil”, - deyə Vedant Patel vurğulayıb.

 

İSRAİL PREZİDENTİ Aİ-ni İRANA QARŞI BİRGƏ MÜBARİZƏYƏ ÇAĞIRIB

İsrail prezidenti İshaq Hersoq Avropa İttifaqı (Aİ) ölkələrini İranın simasında “qaranlıq qüvvələrə” qarşı birgə mübarizə aparmağa çağırıb. “Report”un “Assoşeyted Press” agentliyinə istinadən verdiyi xəbərə görə, prezident bu barədə Avropa Parlamentində çıxışı zamanı bildirib.

“Bizi məhv etməklə təhdid edən qaranlıq və nifrət qüvvələrinə qarşı qətiyyətli və bir cəmiyyət olaraq birlikdə çalışmalıyıq”, - deyə İsrailin dövlət başçısı vurğulayıb.

İshaq Hersoqun sözlərinə görə, İran rejimi açıq şəkildə İsraili tamamilə məhv etməyə çağırır, azadlıq, insan və vətəndaş hüquqları tələb edən öz vətəndaşlarını öldürür, Ukrayna müharibəsində aktiv və ölümcül rol oynayır, kütləvi qırğın silahları hazırlayır.

Eyni zamanda, İshaq Hersoq antisemitizmin yalnız “qaranlıq rejimlərdə” deyil, həm də azad, demokratik Qərbdə inkişaf etdiyini də qeyd edib.

 

QIRĞIZISTAN VƏ ÖZBƏKISTAN SƏRHƏD DELIMITASIYASINI RƏSMƏN BAŞA ÇATDIRIBLAR

Qırğızıstan və Özbəkistan sərhədlərin delimitasiyası prosesini başa çatdırıb və ratifikasiya sənədlərini mübadilə ediblər. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bu barədə cümə günü Qırğızıstan prezidenti Sadır Japarov bəyan edib.

“Qırğızıstan və Özbəkistan dövlət sərhədinin delimitasiyası prosesini başa çatdırıb və ratifikasiya sənədlərini mübadilə ediblər. Bununla da sərhəd məsələsinə son qoyuruq”, - deyə dövlət başçısı Bişkekdə Özbəkistanın lideri Şavkat Mirziyoyevlə görüşdən sonra bildirib.

Sadır Japarov onu da vurğulayıb ki, Özbəkistanla əməkdaşlıq Qırğızıstanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. “Bu gün biz həmçinin Qırğızıstan və Özbəkistan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında bəyannamə imzaladıq”, - deyə S.Japarov əlavə edib.

Bununla yanaşı, Qırğızıstan prezidenti Özbəkistanı müttəfiqlik münasibətləri haqqında saziş imzalamağa çağırıb. Japarov iki ölkənin xarici işlər nazirliklərinə müvafiq sənədlərin hazırlanması ilə bağlı göstəriş verilməsini təklif edib.

 

BMT: ƏFQANISTANDA ACLIQ REKORD HƏDDƏ ÇATIB

Əfqanıstanda kifayət qədər qidalanmamaq göstəricisi bütün zamanların ən yüksək həddinə çatıb - ölkənin, demək olar ki, yarısı aclıqdan əziyyət çəkir. “Report” agentliyinin “NBC News” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Qida Agentliyinin Kabildəki nümayəndəsi Filip Kropf bildirib.

Təşkilat rəsmisinin sözlərinə görə, hazırda ölkədə, demək olar ki, hər ikinci insan qidalanma ilə bağlı problemlər yaşayır. “40 milyon əhalisi olan ölkədə 7 milyon uşaq və analar kifayət qədər qida qəbul etmir”, - deyə Filip Kropf qeyd edib.

Bununla yanaşı, BMT nümayəndəsi 2021-ci ilin avqustunda “Taliban” hərəkatının hakimiyyəti ələ keçirməsi milyonlarla insanı yoxsulluq həddinin altına düşməsinə və beynəlxalq yardımın dayandırılmasına yol açdığını vurğulayıb.

Filip Kropf həmçinin əlavə edib ki, Əfqanıstan xalqı aclıqdan ölmür, lakin humanitar böhranı qabaqlamaq üçün artıq heç bir qaynaqları qalmayıb.

 

FRANSA VƏ İRAQ ARASINDA STRATEJİ TƏRƏFDAŞLIQ MÜQAVİLƏSİ İMZALANIB

Fransa və İraq arasında strateji tərəfdaşlıq müqaviləsi imzalanıb. “Teleqraf.com” xəbər verir ki, rəsmi səfər çərçivəsində Fransaya gələn İraqın baş naziri Məhəmməd Şiya Sudani Parisdə prezident Emmanuel Makronla görüşüb.

Qeyd edilir ki, E.Makronla danışıqların gedişatında ikitərəfli münasibətlər, qarşılıqlı marağa səbəb olan regional və beynəlxalq məsələlər, həmçinin əhəmiyyətli sahələr üzrə əməkdaşlıq müzakirə edilib.

İraqın baş naziri görüşdən sonra iki ölkə arasında strateji tərəfdaşlıq müqaviləsi imzalandığını açıqlayıb. O, sözügedən razılaşmanın iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq üfüqlərini genişləndirəcək “yol xəritəsi” müəyyən edəcəyini bəyan edib.

“Hökumət proqramında qeyd etdiyimiz və planlaşdırdığımız kimi İraqın iqtisadi islahatlara və davamlı inkişafa nail olmasını təmin edən ciddi tərəfdaşlıqlar üçün dostlarla işləməyə davam edəcəyik”, - deyə İraqın baş naziri vurğulayıb.

 

İŞİD TERROR TƏŞKİLATININ SOMALİ ÜZRƏ RƏHBƏRİ MƏHV EDİLİB

ABŞ hərbçiləri Somalidə hücum əməliyyatı keçirərək İŞİD terror qruplaşmasının bir sıra yaraqlıları, o cümlədən təşkilatın yerli liderini məhv ediblər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostinin açıqlamasında qeyd olunur.

“ABŞ hərbçiləri Somalinin şimalında hücum əməliyyatı keçirib və nəticədə İŞİD-in bir neçə üzvü, o cümlədən qruplaşmanın Somalidəki lideri və təşkilatın qlobal şəbəkəsinin əsas əlaqələndiricisi Bilal əl-Sudani öldürülüb”, - deyə bəyanatda vurğulanıb.

Qeyd olunur ki, həmin şəxs İŞİD-in Afrikada mövcudluğunun artırılmasına və Əfqanıstan da daxil olmaqla, bütün dünyada təşkilatın terror hücumlarının maliyyələşdirilməsinə cavabdeh olub.

Məlumata əsasən, sözügedən əməliyyat yanvarın 25-də ABŞ prezidentinin xüsusi göstərişinə müvafiq olaraq həyata keçirilib. Əməliyyat zamanı mülki şəxslərdən heç kim xəsarət almayıb.

 

DANİMARKADA QADINLAR HƏRBİ XİDMƏTƏ CƏLB OLUNA BILƏR

Danimarkanın müdafiə naziri Yakob Ellemann-Jesen qadınların hərbi xidmətə cəlb olunmasına çağırıb. “Report” agentliyinin verdiyi xəbərə görə, müdafiə naziri, həmçinin kişilər üçün məcburi hərbi xidmət müddətinin uzadılmasını təklif edib.

Müdafiə nazirinin sözlərinə görə, bu cür tədbirlər Danimarkanı Ukraynadakı müharibəyə görə hərbi təhlükədən qorumaq üçün lazımdır.

Qeyd edək ki, Danimarkada 18 yaşdan 30 yaşa qədər kişilər üçün məcburi hərbi xidmət mövcuddur. Xidmət müddəti - dörd aydan 12 aya qədərdir. Həmçinin qadınlar Danimarka ordusuna könüllü qatıla bilərlər.

Məlumat üçün qeyd edək ki, qadınlar üçün məcburi hərbi xidmət İsrail, Şimali Koreya, Tayvan, Yunanıstan, Myanma, Malayziya, Eritreya, Norveç və İsveç kimi ölkələrdə qüvvədədir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.