GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

BEHRUZ XƏLƏFİ ZİNGİR

"27 iyul 1977-ci ildə Muğanın Germi şəhərinə yaxın olan Zingir kəndində dünyaya göz açdım. Uşaqlıq çağlarından ana dilinə böyük marağım olub. İlk illər atamın türkcə mərsiyə kitablarını çox oxuyardım.

Sonralar öz ana dilimdə şeir yazmağa başladım.

İranda türkcə kitab çapının çətinlikləri səbəbindən yazılarımı çap etdirə bilməmişəm.

"Çıraq" adlı ədəbi-bədii yönlü dərgi ilə əməkdaşlıq edirəm.

Hazırda Tehran şəhərinin günçıxanında yerləşən Rudehen şəhərində yaşayıram".

 

Bir gün mən ölürsəm

Sənə olan sevgim

Şeir dəftərimdən

Varaq varaq

Sənlə dərdləşəcək.

 

Heca-heca nələr çəkdigimin

Qoxusunu qoxula

Azadlığa dol

Və özgürlük simgəsini

Qəbrimin baş daş yerinə tax

Qoy dalğalansın sevgimiz.

 

Bax onda mən ölməmişəm

Bəlkə azadlıqdan doğulan özgür olacam.

 

RAMİN BƏXŞİ

Ramin Bəxşi 1977-ci ildə Qaradağ mahalında dünyaya göz açıb. Onun atası da şair olub. Raminin əsərləri müxtəlif şeir festivallarında yüksək mükafatlara layiq görülüb. Şair illərdir ki, Təbrizdə yaşayır, qəzəl janrında mahnı mətnləri yazmağa çox böyük maraq göstərir.

Dağlar

Başımı al dizin üstə

Bu saçları dara, dağlar!

 

Bu saçların qara rəngi

Çönübdür ağ qara, dağlar!

 

Su keçməzdi aramızdan

Fələk saldı ara, dağlar!

 

Axıb düşdüm qara gözdən

Günüm oldu qara, dağlar!

 

Ürəklərdən çəkilmir çən

Gedək biz bəs hara, dağlar?!

 

Durubdur sel, Sara səslər,

Deyin gəlsin Sara, dağlar!

 

Fələk gördü yaram vardı

Duzun səpdi vara, dağlar!

 

Təbibim ah çəkib yazdı,

Sağalmaz bu yara, dağlar!

Təqdim etdi:

Esmira FUAD,

filologiya elmləri doktoru.

 

YER ADLARI

Qədim yer-yurd adlarının, toponimlərin toplanması, tədqiqi və etimoloji cəhətdən düzgün elmi qənaətlərin əldə edilməsi müasir dilçiliyin aktual məsələlərindəndir. Bu sırada Cənubi Azərbaycan toponimlərinin də sistemli şəkildə araşdırılmasına ehtiyac vardır.

Məqalədə uzun illər həqiqi real tədqiqatlardan kənarda qalan güneyin yer-yurd adları etimoloji, semantik tədqiqata cəlb edilmiş, Cənubi Azərbaycan toponimlərinin etimologiyasının siyasi məqsədlər naminə təhrif edilməsi, türk mənşəli qədim yer adlarının təhrif edilərək fars mənşəli adlar kimi izah edilməsi məsələsinə münasibət bildirilmişdir.

Bildiyimiz kimi, Təbriz yer üzünün ən qədim insan məskənlərindəndir. Azərbaycan kimi bir coğrafiyanın mərkəzini ifadə edən Təbriz şəhəri hər zaman hakimiyyətlərin diqqət mərkəzində olmuşdur. Ancaq Təbriz adının anlamı, etimologiyası barəsində müxtəlif versiyalar irəli sürülmüşdür. İlk növbədə, qeyd etmək lazımdır ki, şəhərin adı da özü qədər qədim və mənalıdır. Bəzən türklər onu Tomris xatunun şərəfinə olaraq Tomris//Tavris//Tabriz fonetik variantlarında izah etmişlər. Təbriz adı haqqında müxtəlif fikirlər söylənsə də, bu sözün qədim türk sözü olması danılmaz faktdır. Tarixi hadisələrdən, linqvistik və etnolinqvistik araşdırmalardan məlum olur ki, Təbriz sözü qədim türk sözüdür.

V.Minorski (məşhur iranşünas alim) demişdir ki, Yaqut Həməvi "Müeccemül bələdan" əsərində yazır ki,  bu şəhərin adı Yaqut xanımın şəhəri ziyarəti zamanı Tebriz adlanmışdır. Bu isə onu söyləməyə əsas verir ki,  Təbriz qədim Azərbaycan mənşəli addır. Xəzər dənizinin cənubunda yaşayan insanlar bu şivə ilə danışırmışlar. Minorskiyə görə, bu adın tarixi sasanilərdən öncələrə gedib çıxır. Tebriz sözü ərəb qrafikası ilə yazılarkən Təbriz variantı formalaşmışdır. Yəni, Tebriz>Təbriz olmuşdur.

Mustafa Mömininin qənaətinə görə, "Danişnameyi islami" kitabında Azərbaycanın yerli əhalisi bölümündə Təbrizin adı turi//turu (yəni isti su)//duru, təmiz, pak anlamındadır. Bu haqda xalq etimologiyası mövcuddur. Miladi təqvimin IV yüzilinə qədər yerli əhali Təbriz sözünü turu//turi kimi işlətmişdir. Hazırda Təbrizin Qəmbərabad qəsəbəsinin sakinləri Təbrizin adını Turu//Turi kimi işlətməkdədir. Qədim yazılarda, o cümlədən "Əbül fəda" əsərində şəhərin adı Təbriz//Turiz olaraq göstərilmişdir. Alman dilçisi Wilhelm Airless isə Təbriz adının, etimologiyasının mürəkkəb olduğunu qeyd etmiş və adın iki sözdən ibarət olduğunu söyləmiş: Təb + rəz komponentlərindən ibarət olub, "isti, sıcak su" mənasını ifadə etdiyini bildirmişdir.

Hicri 721-ci ildə "Təqvim ülbələdan" kitabında şəhərin adı Təvriz şəklində göstərilmişdir. Eyni ad "Vəfiyyat üləyan" kitabında həmin variant qeyd edilmişdir. Məşhur İbn Battuta "müvekil bina əmir Cəlaləddin ibnülfələki Əltəvrizi" də bir şəxs adı və həmin şəxsin mənsub olduğu yer adı kimi söz açmışdır. Yəni Əmir Cəlaləddin ibn Fələki Təvrizi. Bu adın tərkibində, göründüyü kimi, Təvrizi sözü yer mənsubluğu  kimi işlədilmiş, şəxsin mənsub olduğu yeri ifadə etmişdir.

Miladi V əsrdə Pavestos Bozand Təbrizin adını Ebroz//Evrez//Evreş kimi göstərmişdir. Yenə miladi XI əsrdə Stepanos Tarqonets şəhərin adını Evroz və ya Devroz şəklində ifadə etmiş, bu söz isə ev sözü ilə əlaqələndirilərək "toplu, toplaşma, toplu məskunlaşma" şəklində izah edilmişdir. Bəzi araşdırmaçılara görə, Təbrizin adı miladi 246-cı ilə qədər "Şəhis-tan"adlandırılmışdır. Türk soylu əşkanilərin hakimiyyətə gəlməsi ilə şəhərin adı Evrəj və ya Evrəz adlandırılmışdır. Tarixdə Ərdəvan-Əşkani sərkərdəsi Ərdəşir Sasani tərəfindən öldürüldükdən sonra Təbrizi sasanilər ələ keçirmiş və şəhərin adı Evroj, yəni intiqam və ya öc alma mənasını ifadə etmişdir. Öc sözü qədim sözdür, hazırda da dilimizdə işlənməkdədir.

Təbriz şəhərinin adı Evliya Çələbinin "Səyahətnamə"sində "isti tökücü, qızdırma tökücü" kimi izah edilir. Bu isə Səhənd dağından vulkan püskürməsi və həmin vulkanın, atəşin Təbriz düzündə soyuması ilə əlaqələndirilir. Yəni Təbriz Səhənd dağının odlarının soyuması, farsca "təbriz" odun, atəşin soyuduğu yer şəklində mənalandırılmışdır.

Təbrizin - müxtəlif səslənmə formaları vardır:

Tebriz - əski xəzərlərin şivəsində. Tərbiz - bu gün təbrizlilərin şivəsində. Tavraz - Qədim fars dilində. Tarameks - Assoricə  ikinci Şaroxin (Sargen) kitabəsində midiyalılar tərəfindən miladdan öncə 705-732-ci illərdə.

Tabris - Dabriz - Ojen Flanden. Təbriz - islamdan sonrakı qaynaqlarda ("füth ülbədan" "sövretülərz"  "Tarix-e təbəri" "İbni əsir" "Tarix-e Yaqubi" və bugünkü  yazılarda.

(davamı növbəti saylarımızda)

Hüseyn Şərqidərəcək SOYTÜRK,

Həcər HÜSEYNOVA.