Uğurlu sosial siyasət
Siyasət

Uğurlu sosial siyasət

Hər il dövlət büdcəsinin böyük bir hissəsi bu sahəyə yönəldilir

Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və sosial sahədə ildən-ilə geniş miqyas alan islahatlar, bu istiqamətdə atılan mühüm addımlar, əldə olunan böyük sosial uğurlar da bunu bir daha təsdiq edir.

Müstəqil dövlətimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin siyasi idarəçilik məktəbinin layiqli davamçısı olan İlham Əliyev 2003-cü ilin oktyabrında keçirilən ilk prezidentlik inauqurasiyasında: "Mən hər bir azərbaycanlının prezidenti olacağam", - söylədi və bu fikri öz prezidentlik fəaliyyətində təsdiq etdi, əmələ çevirdi və dövlət idarəçiliyində bir meyar səviyyəsinə yüksəltdi.

Əhalinin rifah halının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Prezident İlham Əliyevin imzaladığı sosial paketlər, fərman və sərəncamlar insanların sosial müdafiəsini gücləndirməyə və onlara dövlət qayğısını daha da artırmağa xidmət edir. Ötən bu illərdə həyata keçirilən sosial tədbirlər bir daha ölkə başçısının andiçmə mərasimində söylədiyi "Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar" fikirlərinin yüksək səviyyədə öz əməli təsdiqini tapdığını isbatlayır.

Ölkəmizin iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyilləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir. Eləcə də iqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər ölkədə iqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafiəsini gücləndirmək üçün möhkəm zəmin yaradıb. Məsələn, son illər yüzminlərlə yeni iş yeri açılıb ki, bu da işsizliyin aradan qaldırılmasında müstəsna rol oynayır. Bu, bir daha təsdiq edir ki, Azərbaycanda sosial dövlət quruculuğu modeli uğurla həyata keçirilməklə yanaşı, həm də digər ölkələrə örnəkdir.

Vətən müharibəsindəki şanlı Zəfərdən sonra Prezident İlham Əliyevin postmüharibə dövrü üçün müəyyənləşdirdiyi yeni inkişaf strategiyasında Qarabağın və Şərqi Zəngəzurun bərpası, qalib ordumuzun daha da qüdrətlənməsi üçün bütün imkanların səfərbər edilməsi ilə yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məsələsi də prioritet olaraq qalır. Bunu əhalinin sosial müdafiəsinə göstərilən diqqətin son 5 ildə dövlət büdcəsində öz əksini tapması və dövlət başçısının mütəmadi olaraq bu istiqamətdə hazırladığı social dəstək paketləri bir daha təsdiqləyir. Hər bir sosial islahat paketi üzrə həm əməkhaqlarının artırılması, bu sahədə də ilk növbədə maaşların minimal məbləğinin yüksəldilməsi, həm aşağı əməkhaqqı alanların maaşlarının artırılması və sosial rifahda başlıca amil olan məşğulluğun stimullaşdırılması, həm pensiyaçıların sosial müdafiəsinə yönələn addımların atılması, həm də həssas əhali qruplarının maddi təminatlarının dəstəklənərək artırılması təmin edilir. Prezident İlham Əliyevin imzaladığı yeni Fərman və sərəncamlar 2023-cü il üzrə yeni sosial islahat paketi çərçivəsində əhalinin rifahının yaxşılaşdırılması, bir sıra kateqoriyalara, o cümlədən şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə və s. yönələn sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımların atılmasını təmin edir. Bununla da son beş ildə artıq dördüncü sosial islahat paketi reallaşır, bu ilin əvvəlindən əməkhaqqı və sosial ödənişlərdə növbəti artımlar olub. O cümlədən minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 80 faiz artıma nail olunub.

Azərbaycan Prezidentinin yeni ilin ilk iş günündə - yanvarın 5-də imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam da vətəndaşların sosial rifahının yüksəlməsinə xidmət edən növbəti sənəddir. Sərəncamda bildirilir ki, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb. Sərəncama əsasən, yanvarın 1-dən Azərbaycanda minimum aylıq əməkhaqqı 345 manat, əmək pensiyasının minimum məbləği isə 280 manat müəyyən edilib. Onu da qeyd edək ki, son beş ildə həyata keçirilən 4 sosial islahat paketindən əvvəlki 3 islahat paketi 4 milyon insanı əhatə edərək, həmin islahatlar üçün əlavə olaraq illik 6 milyard manat ayrılmışdı. Ötən il pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 361 mln. manat çox olmaqla 4 mlrd. 948 mln. manat yönəldilib. Bu yeni, dördüncü sosial islahat paketi də 1,9 milyon insanı əhatə edir, onlara yönələn əməkhaqlarının, müavinət və təqaüdlərin artırılması üçün də əlavə olaraq illik 750 milyon manat ayrılması nəzərdə tutulub. Ümumilikdə 2023-cü ilin dövlət büdcəsi xərclərinin 46 faizi sosialyönümlü xərclər kimi müəyyən olunması ilin dövlət büdcəsinin də sosialyönümlü olduğunu göstərir. Bu, bir daha onu göstərir ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Mustafa KAMAL,

"Respublika".