Əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
Sosial həyat

Əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Ouldun tanışlıq görüşü olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumatda qeyd olunur ki, Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Ölkəmizdə aparılan ardıcıl sosial islahatlar, DOST konsepsiyası, dövlət sosial xidmətlərinin elektronlaşdırılması proqramının nailiyyətləri barədə məlumat verib.

Aparılan sosial islahatların beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyi, ötən il nazirliyin qurumlarının 13 beynəlxalq mükafatla təltif edildiyi, həmçinin 12 beynəlxalq İSO sertifikatı aldığı vurğulanıb. O cümlədən, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Böyük Britaniyada keçirilən müsabiqənin "2022-ci ilin Beynəlxalq Dövlət Qurumu" ali mükafatına layiq görüldüyü bildirilib. Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması üçün "British Council" ilə birgə layihənin müsbət nəticələri vurğulanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn (Kaspian Si) Limited şirkəti arasında 2019-cu ildə imzalanan Anlaşma Memorandumunun əhali sakinliyinin inkişafı və demoqrafiya sahəsində müfəssəl tədqiqatların aparılmasında önəmi diqqətə çatdırılıb.

Görüşdə iki ölkənin müvafiq qurumları arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün də böyük potensialın olduğu vurğulanıb, bu sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Mustafa KAMAL,

"Respublika".