Maraq  dünyamız
Maraqlı

Maraq dünyamız

Paranormal hadisələr yaşayırsınızsa...

Yəqin ki, yatmağa hazırlaşarkən hər kəs həyatında ən azı bir dəfə də olsa pəncərəyə çırpılan ağac budağını və ya stulun arxasına asılmış geyimi qorxulu məxluqlar, fövqəltəbii varlıqlar və yaxud insana bənzədib. Mövzu ilə bağlı uzun müddətdir ki, araşdırma aparan elm adamları, insanların yaşadığı bu cür paranormal hadisələrin nədən qaynaqlandığını öyrənməyə çalışıblar. Nəticədə alimlər qeyri-real hadisələrə inanmaq və yaxud onları sınamaqla yuxu keyfiyyəti arasında maraqlı bir əlaqə olduğunu aşkar ediblər.

"BBC Science Focus"da dərc olunan elmi məqaləyə görə, araşdırma zamanı dünyanın müxtəlif ölkələrindən olan, yaşı 18-dən yuxarı 8853 nəfərə paranormal hadisələr və yuxu rejimi ilə bağlı müxtəlif suallar verilib. Yuxu problemi olan respondentlərin paranormal hadisələrə daha çox inandıqları və belə hallarla tez-tez rastlaşdıqları ortaya çıxıb. Yuxu rejimi ilə yanaşı, iştirakçılarda yaş və cinsin də hallüsinasiya (qarabasma) görmə nisbətinə təsir etdiyi müəyyən edilib. Tövsiyə edilən 6-8 saatlıq yuxu vaxtının cəmi bir neçə saatını yatan və kifayət qədər REM (yuxu görmənin baş verdiyi mərhələ) yuxusu ala bilməyən demək olar ki, bütün insanların kabus, yadplanetlilərə bənzər varlıqlar və cin, şeytan kimi mistik məxluqlar gördükləri məlum olub.

Əslində keyfiyyətsiz yuxu rejimi olan insanların kabus görmələri bir çox səbəblərdən qaynaqlana bilər. Bu səbəblərdən biri də yuxu iflicidir. İndiyə qədər aparılan araşdırmalar sübut edir ki, tez-tez kabuslar görmə daha çox yuxu iflici olan insanlarda rast gəlinir.

 

Başın böyüklüyü zəkaya dəlalət edir?

Eynşteyn kimi zəkaları ilə məşhur olan bəzi alimlərin başlarının bədənlərindən daha böyük olduğunun fərqinə varmısınızmı? Sizcə, baş ölçüsünün zəka ilə əlaqəsi ola bilərmi? Əslində, indiyə qədər bu mövzu ilə bağlı müxtəlif araşdırmalar aparılıb. Lakin gəlin əvvəlcə tarixə nəzər salaq...

XIX-XX əsrlərdə Paul Broca, Franz Gall, Carlernicke kimi elm adamları insanların şəxsiyyət xüsusiyyətlərini, intellekt səviyyəsini öyrənmək üçün frenologiya nəzəriyyəsinə əsaslanaraq xüsusi cihaz vasitəsilə kəlləni ölçürdülər. Bu yolla onlar kimin daha zəkalı olduğunu müəyyən edirdilər. Lakin sonralar bu texnikadan istifadə bəzi alimlər arasında fikir ayrılığına səbəb oldu.

Bu gün isə antropoloqlar frenologiya deyil, kraniometriya texnikasından istifadə edərək beynin çəkisi və digər fiziki xüsusiyyətlərini ölçürlər. Lakin bu üsul zəkanın ölçülməsi və şəxsiyyətin müəyyən edilməsi məqsədilə deyil, yalnız insanın təkamülü ilə bağlı araşdırma aparmaq üçün istifadə olunur.

2015-ci ildə "Neuroscience & Biobehavioral Reviews" jurnalında dərc edilən tədqiqatda insan beyninin ölçüsü ilə intellekt arasındakı əlaqə araşdırılıb. 88 araşdırmanın nəticəsi baş ətrafının ölçüsü ilə zəka arasında heç bir əlaqə olmadığını, beynin həcmi ilə intellektin bağlantılı olduğunu göstərib.

Elm adamları başın böyüklüyünün heç bir əhəmiyyət kəsb etmədiyini, lakin beynin ölçüsünün vacib olduğunu söyləyirlər. Yəni beynin ölçüsü nə qədər böyük olarsa, intellekt səviyyəsi də bir o qədər yüksək olar.

 

Dünyanın ən kök insanları olan ölkələr

"Our World in Data"nın (OWID) dərc etdiyi araşdırmasına görə, dünyanın ən kök və qeyri-sağlam əhalisi olan ölkələr məlum olub.

Artıq çəkidən qaynaqlanan xəstəlik olan obez və ya piylənmə ürək xəstəlikləri, insult, diabet və müxtəlif xərçəng növləri də daxil olmaqla ölümə yol açan əsas risk faktorlarından biri hesab edilir.

2016-cı ildən bəri dünyanın 195 ölkəsindən olan insanların sağlamlıq məlumatları toplanaraq ən çox çəkili əhaliyə malik olan ölkələr sıralanıb.

Əldə edilən nəticələrə görə, dünya üzrə yeniyetmələrin üçdəbirindən çoxu, yəni 39 faizi artıq çəkidən və ya piylənmədən əziyyət çəkir. Statistik rəqəmlər göstərir ki, britaniyalıların təxminən 64, amerikalıların isə 68 faizi obezdir.

Daily Mail-in "Sözcü"yə istinadən verdiyi məlumata görə, 2016-cı ildən indiyə qədər dünya üzrə 18 və daha yuxarı yaşda olan insanların 13 faizinin obez olduğu müəyyən edilib.

Sakit okeanda yerləşən Nauru adası ən çox kilolu əhalisinə görə 88,5 faiz çoxluğu ilə siyahının başında yer alıb. Siyahının ilk onluğunda Niue, Kiribati, Tonqa, Samoa, Mikroneziya, Palau, Kuk adaları, Marşal adaları və Tuvalu qərarlaşıb. Küveyt isə 73,4 faizlə on birinci yeri tutub. 195 ölkənin yer aldığı cədvəldə ABŞ 15-ci, Avstraliya 25-ci, İngiltərə isə 30-cu yerləri bölüşüb. Vyetnam isə 18,3 faiz üstünlüyü ilə ən arıq əhalisi olan ölkələr siyahısında birinci yeri tutub.

 

Duyğular da yoluxucu imiş...

Duyğuların da bəzi xəstəliklər kimi yoluxucu olduğunu bilirdinizmi? Psixoloqlar hər bir duyğunun güclü enerjiyə malik olduğunu və ətrafa təsir etdiyini söyləyirlər. Onların fikrincə, insanlar ətrafdakıların duyğularından təsirlənə bilirlər. Belə ki, insanların hissləri yaxşı və ya pis olmasından asılı olmayaraq başqalarının əhvalına təsir edir.

Gəlin ilk olaraq insanlara xoşbəxtlik hormonu bəxş edən gülüşdən başlayaq. Aparılan araşdırmalarla sübut olunmuşdur ki, gülüş yoluxucudur. Söhbətin məğzini bilməsə də, beyin gülüş səsinə avtomatik olaraq cavab verdiyi üçün üz əzələlərini gülümsəməyə hazırlayır.

Mərhəmət hissi də eynilə gülüş kimidir. Bir-birimizə mərhəmət və sevgi ilə bağlı olduğumuz üçün ətrafdakılarda bu hissi görəndə xoşbəxt oluruq. Kiminsə başqasına yaxşılıq etdiyini gördüyümüz zaman adətən özümüzü yaxşılıq etmək məcburiyyətində hiss edir və bundan məmnunluq duyuruq.

Optimizm də yoluxucu bir duyğu hesab edilir. Pozitiv insanlar ətraflarına işıqsaçan günəşin parlaq şüası kimidir. Pessimist insanlar isə "enerji vampiri" kimi qəbul edilir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".