Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

İldırımın qarşısını  almaq mümkün olacaq

İsveçrəli elm adamları  lazer vasitəsilə  ildırımın qarşısını ala biləcək sistem hazırlayıblar. Mütəxəssislər sistemin fırtına zamanı davamiyyəti zəif olan  tarixi tikililəri qorumaq üçün istifadə olunacağını söyləyirlər.

 Appenzell şəhərinin yaxınlığındakı Santis dağında yerləşən Swisscom ötürücü qülləsində bir neçə sınaq aparan  elm adamları bu ixtiraya XVIII əsrin ortalarında Benjamin Franklin tərəfindən icad edilən metal çubuqların  zəmin yaratdığını söyləyiblər. Yeni lazer sisteminin 6 saat ərzində dörd ildırım vurmasının qarşısını ala biləcəyi güman edilsə də, yüksəktezlikli lazerlərin 60 metr yüksəkliyə qədər çatdığı qeydə alınıb.

Alimlər bu ixtiranı etmək üçün təxminən 20 il ərzində araşdırma apardıqlarını deyirlər. Lazerlərin saniyənin bir trilyonda birində atıldığı və saniyədə 1000 atış edildiyi qeydə alınıb. Hava molekullarını ionlaşdıran lazerlərin,  tətbiq sahəsinin daha da genişləndiriləcəyi bildirilib. Avropa konsorsiumu tərəfindən aparılan araşdırmaya "Swisscom", "Trumpf", "ArianaGroup" və "Airbus" kimi şirkətlərlə yanaşı, bir çox universitetlər dəstək verib.

“Yeni lazer əsaslı mühafizə sistemimiz  hava limanları, uçuş zonaları və ya elektrik stansiyalarını qorumağa imkan verəcək. Hava limanlarında ildırım düşməsinin qarşısını almaq üçün bir kilometrdən uzun metal ildırım çubuğu yerləşdirilməlidir. Lakin bu, mümkün olmadığı üçün lazer ildırım çubuğu ən yaxşı seçimdir. Əlbəttə, hələ ki lazer ildırım çubuqları  tam olaraq qorunma təmin etmir. Amma bununla bağlı işlər hələ də davam edir”, - deyə  araşdırmaya rəhbərlik edən Cenevrə Universitetindən Jean-Pierre Wolf qeyd edib.

 

Robot texnologiyasında daha bir yenilik

Süni intellekt və robot ixtiralarına daha bir yenilik əlavə edilib. Belə ki, elm adamları  qoxu hiss edə bilən robot hazırlayıblar. Robot qoxuları ona quraşdırılmış antenalar və süni intellekt sayəsində  müəyyən edir.

Son dövrlər robototexnika və süni intellekt sistemindəki inkişafa baxmayaraq, indiyə kimi qoxu hiss edə bilən robotların hazırlanması mümkün deyildi. Bu, yalnız canlılara xas olan xüsusiyyət olaraq qalırdı. Lakin  alimlər bu xüsusiyyəti qismən də olsa robotlara köçürməyin yolunu tapıblar.

“Biosensor and Bioelectronics” jurnalında dərc olunan araşdırmada bildirilir ki, Təl-Əviv Universitetinin bir qrup tədqiqatçısı  qoxuları bəzi ixtisaslaşdırılmış elektronikalardan 10 min  dəfə daha çox həssaslıqla müəyyən edə bilən robot yaradıblar.

Tədqiqatçılar öz robotlarını biohibrid platforma adlandırıblar. Bir sıra antenalara malik robot, siqnallar əsasında qoxuları xarakterizə edə bilən alqoritmlə təchiz olunub. Alimlərin sözlərinə görə, belə robotlar yaxın gələcəkdə narkotik və partlayıcı maddələri aşkar etmək üçün də istifadə oluna bilər.

Təl-Əviv Universiteti öz robotunun elmdə bir ilk olduğunu iddia edir. Lakin daha öncə bu mövzuda müxtəlif cəhdlər edilmişdir.  Belə ki, 2016-cı ildə elm adamları çəyirtkələri partlayıcı maddələrin qoxusunu hiss edə bilən kiborqlara çevirməyi bacarmışdılar.

 

Çin bu il kosmosa 200-dən çox cihaz göndərəcək

Çin 2023-cü ildə təxminən  60-a yaxın buraxılışla  peyklər, kəşfiyyat vasitələri, personal və yük daşıyıcılarından ibarət 200-dən çox cihazı kosmosa göndərəcəyini açıqlayıb. Bu barədə Çin Aerokosmik Elm və Texnologiya  Korporasiyasının (CASC) dərc etdiyi hesabatda bildirilib.

Sözcü.com.tr veb saytının yaydığı xəbərə görə, Çin  bu il Yer orbitində qurduğu kosmik stansiyasına personal və təchizat uçuşları həyata keçirməyi planlaşdırır.  Hesabatda həmçinin bildirilib ki, Ay və Marsın kəşfiyyat proqramları üçün  yeni nəsil kəşfiyyat vasitələri də inkişaf etdiriləcək. Bundan əlavə,  Shincou-16 və Shincou-17 missiyaları ilə kosmos stansiyasına yeni taikonavt komandasının  göndərilməsi  nəzərdə tutulur.

Tiencou-6 missiyası ilə isə  kosmos stansiyasına təchizat ekspedisiyasının  həyata keçirilməsi hədəflənir. Bilavasitə yaxın müddətdə  “Şüntien” adlı kosmik teleskopun da stansiyaya buraxılması gözlənilir.

Bütün bunlarla yanaşı, Mars kəşfiyyat missiyası Tienwin-1 missiyasının davamçısı olan Tienwin-2 üçün kəşfiyyat vasitələri hazırlanacaq. Çin Fransa ilə ortaq hazırlanan “Einstein” adlı Dəyişən Kosmik Obyektlərin İzlənməsi (SVOM) peykinin də oktyabr ayında kosmosa buraxılmasını planlaşdırır.

 

Dünyanın ən böyük təyyarəsi test edildi

Dünyanın ən böyük  daşıyıcı təyyarəsi "Stratolaunch Roc", Kaliforniyanın Moxave səhrasında altı saat havada qalaraq rekord qıran sınaq uçuşunu tamamlayıb.

Hipersəsli silah, nəqliyyat vasitələrini daşımaq və havaya buraxmaq üçün nəzərdə tutulmuş təyyarə 220 ton yük qaldırma gücünə malikdir.  Bir futbol meydançasından daha uzun, 117 metrlik qanad genişliyinə malik olan təyyarə, altı ədəd Boeing 747 mühərriki ilə təchiz edilib.

"Heyrətamiz komandamız sınaq qrafikimizdə irəliləyiş əldə etməyə davam edir və biz hipersəsli uçuş sınaqlarımıza həmişəkindən daha çox yaxınlaşırıq,"- deyə "Stratolaunch"un baş direktoru Zachary Krevor bildirib.

Şirkət yaxın gələcəkdə Virgin Orbit tərəfindən istifadə edilən metoda bənzər şəkildə  kosmosa əlverişli və müntəzəm çıxışı təmin etmək niyyətindədir.

Mojave Hava və Kosmik Limandan uçuş sınağı təyyarənin Talon-A hipersonik sınaq vasitəsini daşıdığı ikinci uçuş sınağı olub.  İlk sınaqda 4 saat havada qalan təyyarə ikinci sınaqda 6 saat qalmağı bacarıb."Stratolaunch" komandası sonuncu sınaq zamanı ilk ayırma testi üçün manevrlər və rabitə ardıcıllığı həyata keçirib.

Qeyd edək ki, kosmosa ucuşlar həyata keçirmək məqsədilə yaradılan  özəl şirkət  2011-ci ildə "Microsoft"un ortağı Pol Allen tərəfindən təsis edilib.

 İnformasiyanı techxplore.com veb saytı yayıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".