Nəcib, fədakar, incə ruhlu Xan qızı
Sosial həyat

Nəcib, fədakar, incə ruhlu Xan qızı

Qarabağ dağlarında bitən çiçəklərin gözəlliyi, kol dibindən ürkək-ürkək boylanan boynubükük bənövşənin ətri, bir-birindən gözəl güllərin qönçəsi, torpağın qüdrəti, ecazkar və füsunkar təbiətin ruha can verən çalarları, ilahi eşq, həsrət, hicran, vüsal tək inci adlanan, dövrünün görkəmli xeyriyyəçisi, lirik şeir və qəzəllər müəllifi Xurşidbanu Natəvanın qələmə aldığı şeirlərin əsas qayəsini təşkil edir.

Qarabağ xanlığının sonuncu varisi Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan 1832-ci il avqustun 6-da Şuşada anadan olub və Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını verib. Xan qızı Natəvanın ədəbi yaradıcılığı dillərdə dolaşıb, xalq tərəfindən sevilib. İncə ruhu, sadə, səmimi münasibətilə seçilən Natəvan həm də xeyriyyəçiliyi ilə şöhrət qazanıb, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlanması üçün böyük zəhmət sərf edib, humanist təbiətinə və nəcibliyinə görə tanınıb, fədakar və mərhəmətli xanım kimi sevilib. Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustasıdır.

Taleyinə ağır zərbələr dəysə də Xan qızı Natəvan həyatın gətirdiyi faciələrə mərdliklə sinə gərib, qəmin, kədərin qarşısında aciz qalmayıb, Vətən aşiqi, şair, fədakar, qayğıkeş ana, sənətkar, rəssam, xeyriyyəçi adını şərəflə qoruyub. Natəvan saray tərbiyəsi görüb, dövrün tanınmış alim və sənətkarlarından dərs alıb, məşhur Qarabağ atlarının yetişdirilməsində xüsusi xidmətləri olub. Xurşidbanu Natəvan Şərq aləmində ilk qadın şairdir ki, 1960-cı ildə Bakıda heykəli, 1982-ci ildə isə ulu öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılıb. Ağdamda xan nəslinin dəfn edildiyi İmarətdə şairin əbədiyyətə qovuşduğu türbə və qəbirüstü abidə ucaldılmışdı. Ermənistan silahlı qüvvələri 1992-ci ildə Şuşanı və sonra Ağdamı işğal edərək buradakı tarixi-memarlıq və mədəniyyət abidələrini vandalcasına dağıdıb, tariximizə şahidlik edən qədim abidələri uçurdublar. Erməni faşistlər, vəhşilər Şuşaya yaraşıq verən büstləri güllələyiblər. Daşdan, abidədən qisas almaq isə yalnız erməni xislətindən irəli gəlir. 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun bölmələri tərəfindən Şuşa azad olunduqdan sonra güllələnmiş heykəllər - dahi bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün, Xan qızı Natəvanın büstləri əzəli və doğma məkana qaytarılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə səfərləri zamanı büstlərin qoyulduğu meydana baş çəkiblər.

Məlum olduğu kimi, 2023-cü il üçün Şuşa "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilib. Bu münasibətlə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə XIX əsr Azərbaycan şairi Xurşidbanu Natəvan haqqında "Wikipediya" Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində "Xurshidbonu Notavon" adlı bölmə istifadəyə verilib. Azərbaycan Mədəniyyət Mərkəzinin "Wikipediya" heyəti tərəfindən yaradılmış bölmədə şairin həyatı və yaradıcılığı, Azərbaycan ədəbiyyatına və incəsənətinə verdiyi töhfələr, ictimai fəaliyyəti yer alıb. Xurşidbanu Natəvan haqqında səhifə ümumilikdə 12 bölmədən ibarətdir. Qeyd olunur ki, Xurşidbanu Natəvanın Bakı şəhərində heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi, Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində abidəsi qoyulub. Səhifədə 2022-ci ildə Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verilib. Bölmədə Xurşidbanu Natəvanın şeirləri, haqqında çap olunmuş kitabların siyahısı da öz əksini tapıb. Burada məlumat verilir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən də Xurşidbanu Natəvanın şeirləri özbək dilinə tərcümə olunaraq nəşr edilib.

Milli-mənəvi dəyərlərə hörmət və ehtiram hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin kollektivinin səmərəli fəaliyyəti dərin razılıqla qarşılanır.

Salman ALIOĞLU,

"Respublika".