Zəngəzurun turizm potensialı
Digər xəbərlər

Zəngəzurun turizm potensialı

(əvvəli 18 yanvar tarixli sayımızda)

Təkcə Şəhərcik kəndinin tarixçəsinə baxsaq, bu gün ermənilər Qafanda Njde və Andronik kimi cəlladlara abidə qoyub, bununla dünyaya meydan oxuduqları bir vaxtda, bir zamanlar, yəni 1918-ci ildə Zəngəzurda tüğyan edən erməni terroruna qarşı kənd sakinlərinin əfsanəyə dönmüş müdafiəsini yada salmaq kifayətdir. Hafizələrdə yaşayan tarixə əsasən, o dövrdə kəndi qoruyan 140 nəfər könüllü ilyarım ərzində son nəfəsə qədər döyüşüb, Andronikin qoşunlarına ağır zərbələr vurublar. Tarixi mənbələrə görə könüllülərin komandirlərindən olmuş Səhlalı Orucəli oğlu ağır yaralı halda ermənilərə əsir düşməmək üçün öz anasından onu evində yandırmağı istəyib. Erməni toplarının atəşi altında qalan kəndin son sakinləri Zəngəzur silsiləsinin çətin keçilən aşırımlarından çətinliklə adlayıb Ordubad kəndlərinə sığınıblar. Sovet hakimiyyətinin qurulmasından sonra öz doğma kəndlərinə qayıda bilən 600-ə yaxın şəhərcikli burada təsərrüfat və sosial həyat qursalar da daim mənəvi terrora məruz qalıblar. Belə ki, sovet dövründə Ermənistanın hər yerində olduğu kimi, təhsil sahəsində azərbaycanlılara qarşı göstərilən diskriminasiya burada özünü göstərib. 1960-cı illərdə belə Şəhərcikdə dərslər məscid binasında, sonra isə kolxozun öz hesabına tikilmiş dördotaqlı binada gündə iki və üçnövbəli olmaqla keçilib.

Təbii ehtiyatlar baxımından Qafan təkcə Zəngəzurun deyil, bütün Ermənistanın ən zəngin yerlərindəndir. Əlvan metal filizləri ilə zəngin olan Zəngəzurun bu bölgəsi XIX əsrdə Qərbi Azərbaycanın bütün gəlirinin yarıdan çoxunu təşkil edib. Şübhəsiz, bu sahədə qazancları Qarabağın işğalı dövründə Kəlbəcərin və Zəngilanın da mis və qızıl sərvətlərinin qarət edilməsi üçün onların iştahını artırıb, Azərbaycana milyardlarla dollar ekoloji və maddi zərər vurublar. Qafandakı mineral ehtiyatları mənimsəməklə yanaşı, ermənilər sənaye tullantılar ilə Araz çayı hövzəsini də çirkləndiriblər. Turizm ehtiyatlarına gəldikdə isə Qafan bölgəsində Oxçuçay dərəsinin bənzərsiz landşaftı, bolsulu çaylar, Göygöl gölü, Oxtar çayı, buradakı fauna və flora, həmçinin Qafan qalası, Qazan xanın məskən saldığı yerlə bağlı olan Qazan düşən adlı yer, adı Babək hərəkatı ilə bağlı olan Darvaz qalası, Govurqala, xalq qəhrəmanı Babəkin ustadı olmuş Cavidanın adı ilə bağlı olan Pircavidan məqbərəsi, Kığı çayının sahilində yerləşən Hacat kəndindəki abidələr Qafanın görməli yerlərindəndir.

Çar Rusiyası dövründə Zəngəzurun mərkəzi olmuş Gorus unikal təbii gözəlliklərə malikdir. 20 min nəfərdən artıq əhalisi olan Gorus şəhəri ətraf landşaftına görə çox cazibədardır. Bu şəhər Zəngəzurun və eləcə də Qarabağa gedən yolun kəsişmə nöqtəsində olub, mühüm tranzit mövqeyindədir. Gorusa Qafandan və Qarakilsə-Laçın dəhlizindən keçməklə çatmaq olar. Zəngəzurun ən gözəl və ən böyük su hövzəsi sayılan Qaragölün böyük bir hissəsi Gorus rayonunun ərazisindədir. Gorus təkcə Zəngəzurun deyil, bütün Qərbi Azərbaycanın ən yağıntılı bölgələrindəndir. Yayın ortasında burada havanın orta temperaturu 20 dərəcəyə yaxın olur ki, bu da şəhərdən gəlmiş turistlər üçün çox cazibədardır. Təbiət baxımından Gorus şəhəri ətrafındakı Daş meşə olduqca turistik cazibə gücünə malikdir. Vulkanik proseslər nəticəsində formalaşmış qara və qəhvəyi rəngli daş sütunlar fotoqraf həvəskarları üçün sevimli yerdir. Hər il Ermənistan bu resursların istifadəsindən də külli miqdarda valyuta qazanır.

Gorusun digər görməli yerlərindən biri olan və XIII əsr tarixçisi Stepanos Orbelinin əsərlərində adıçəkilən, qədim Azərbaycan dilində "varlı" mənasını verən Xınzirək kəndi özünün daş mağaraları ilə çox cazibədardır. Bu böyük kəndin adını ermənilər özlərinə xas olan tərsliklə dəyişdirərək çətin tələffüz edilən bədnam "Xndzoresk" qoymuşlar. Əslində bununla bir şey dəyişməsə də, dəyişilən bu yaşayış yerinin əhalisinin ötən əsrin əvvəllərinə görə kəskin azalmasıdır. Belə ki, erməni mənbələrinə əsasən XX əsrin əvvəllərində burada 8 mindən çox əhali olsa da, 50-ci illərdə bu rəqəm 3 minə, hazırda isə 2 minə qədər azalıb ki, burada da azərbaycanlıların deportasiyasının izləri açıq görünməkdədir. Xınzirək kəndindəki daş mağaralar həm tarixi əhəmiyyəti, həm də təbii gözəllikləri ilə turistlərin diqqətini cəlb etsə də, təəssüf ki, müasir dövrdə ermənilər bu mağaraların üçdə ikisindən, özlərinə xas həyat tərzinə uyğun olaraq, təsərrüfat və ferma məqsədilə istifadə edir, mal-qara saxlayırlar ki, bu faktlara da turistlərin qeydlərində və fotolarında rast gəlinir.

Zəngəzurun digər bölgələri kimi, Gorus da zəngin tarixi keçmişə malikdir. Gorus toponimi türkmənşəli Qorus tayfasının adı ilə bağlıdır. Rayonda çox sayda türkmənşəli toponimlərə rast gəlinir. Belə ki, 1918-ci ilə qədər Gorus ərazisində 45 azərbaycanlı kəndi olmuşdur. 1988-ci ildə isə bu rayonda cəmisi 5 azərbaycanlı kəndi qalmışdır ki, onların da əhalisi həmin ilin sonunda deportasiya edilmişdilər. Onlardan hazırkı dövrdə adı tez-tez çəkilən Şurnux kəndi Gorus rayonunun ən böyük azərbaycanlı kəndi idi. Gorus şəhərindən 17 kilometr cənubda, Qafan-Gorus magistral yolunun kənarındakı bu kənddə ən qədim zamanlardan 1989-cu ilədək yalnız azərbaycanlılar yaşamışdır. Hələ 1979-cu ilin əhali siyahıyaalınmasına görə, Gorusun bu ən böyük kəndində 120 təsərrüfat və 600-ə yaxın sakin olub. 1988-ci ilin sonunda burada yaşayan azərbaycanlıların köçürülməsindən sonra 80 erməni ailəsinin buraya köçürülməsi haqda, hətta İrəvanda çıxan "Kommunist" qəzetinin yaydığı xəbər də vardır.

Gorusun turizm cazibə elementlərindən ən mühümü şübhəsiz, burada bazalt qayalıq üzərində tikilmiş Tatev alban kilsəsidir. Gorusa 30 kilometr məsafədə, tarixi IX əsrdən məlum olan bu unikal memarlıq abidəsi orta əsrlərdə Zəngəzuru özünə tabe etdirmiş müxtəlif dövlətlər tərəfindən ələ keçirilib. Zəngəzura ermənilərin köçürülməsindən sonra burada saxta erməni mədəniyyətinin təbliğinə çalışılmış, hətta 1921-ci ildə burada Sovet hakimiyyətini tanımayan oyuncaq Dağlıq Ermənistan Respublikası da elan olunmuşdur. İndinin özündə də ermənilər Tatev kilsəsini bütün dünyaya özlərininkiymiş kimi tanıtmağa çalışaraq, burada geniş turizm infrastrukturu da yaratmağa çalışmışlar. Ancaq belə alban məbədləri təkcə Zəngəzurda deyil, bütün Qarabağda, o cümlədən Azərbaycanın digər yerlərində də vardır. Bərdə, Şəki, Qəbələ və digər rayonlarla yanaşı, Kəlbəcər rayonundakı XIII əsr Xudavəng memarlıq kompleksi, Laçın rayonunun Kosalar kəndindəki IX əsr Ağoğlan məbədi, Xocavənd rayonu Sos kəndindəki IV əsr Amaras monastırı, rayonun Tuğ kəndindəki X əsr Qırmızı məbəd alban memarlığının dövrümüzə qədər çatmış ən gözəl nümunələridirlər.

Ümumi ərazisi 4505 kvadratkilometr olan Zəngəzurun üçdəbir hissəsindən çoxu Qarakilsə (Sisiyan) rayonunun payına düşür. Rayon, eyni zamanda Qərbi Azərbaycanın da ən böyük rayonudur. Cənub-şərqdən Gorus, cənubdan Qafan rayonu, şimal-qərbdən Dərələyəzin ən yüksək zirvəsi olan Şahbuz rayonunun Kükü dağı ilə həmsərhəd olub, dörd tərəfdən Zəngəzur və Bərgüşad silsilələri ilə əhatə olunub. Zəngəzurun ən bolsulu çayı olan Bazarçay bu rayonun ərazisindən keçir. Bazarçay axarı boyunca dar dərələrdən keçərək müxtəlif yerlərdə gözəl şəlalələr əmələ gətirir. Cənubi Qafqazdakı ən gözəl şəlalələrdən biri, 18 metr hündürlükdən tökülən Bazarçayın üzərində Şəki şəlaləsi də Qarakilsədədir.

Ermənilər Qarakilsəyə "Sisian" desələr də əslində, "Sisian" adı ilkin yazılı mənbələrin əksəriyyətində "Sisakan" kimi qeyd olunur. Bu ad ərəb, fars mənbələrində "Sisəcan", "Sisiyan", "Sisakan" şəklində çəkilmişdir. Sisiyanda rast gəlinən eradan əvvəl II-III minilliyə gedib çıxan qayaüstü rəsmlərin Krım və Qazaxıstan kurqanlarında tapılan rəsmlərə, Qobustan və Gəmiqaya abidələrinə oxşaması bu ərazilərin aborigen əhalisinin məhz türkdilli tayfalar, o cümlədən saklar olduğunu göstərir. Saklar isə ən böyük türk tayfalarından olub, eradan öncə IV-III minilliklərdən başlayaraq Çinin şimalından, Tibetdən Qazaxıstana, Krıma, Qara dəniz sahillərinə, eradan öncə I minillikdə isə Qafqaza qədər yayılmışlar. Başqa sözlə, tarixi mənbələrə əsasən, X əsrə qədər Zəngəzurda bir nəfər də erməni olmamışdır.

Qarakilsə erkən orta əsrlərdən başlayaraq müxtəlif müharibələrin mərkəzində olmuşdur. Ərəblərə qarşı Babəkin son döyüşlərinin aparıldığı Urud qalası və Babəkin tutularaq xilafətə təhvil verildiyi Şəki qalası da Qarakilsə rayonunun ərazisindədir. Qala Bazarçayın sahilində, Darvaztəpə dağının zirvəsində yerləşir. Şəki qalası Azərbaycanda eramızdan əvvəl VII-V əsrlərdə məskunlaşan Saka adlı türk tayfasının adını qoruyub saxlayıb. Şəki qalası həm də Qızıl Arslanla Nizami Gəncəvinin görüş yeridir.

1828-30-cu illərdə buraya da xeyli sayda erməni ailələri köçürülüb, Qarakilsənin müxtəlif kəndlərinə yerləşdirilib. Ancaq bununla yanaşı, rayondakı 58 yaşayış məntəqəsinin 53-də azərbaycanlılar yaşamışdır. 1918-ci ildə Andronikin terror dəstəsi burada yaşayan 12 min azərbaycanlıdan 5 minə yaxınını qətlə yetirmiş, sonrakı dövrlərdə də soydaşlarımız burada təzyiqlərə məruz qalmışdır. Nəticədə 1988-ci ilə qədər Qarakilsənin yalnız 11 yaşayış məntəqəsində azərbaycanlılar yaşayırdı. Qızılcıq, Sofulu, Murğuz, Şıxlar, Ağüdü, Bağüdü, Urud, Ərəfsə, Comərdli, Dəstəgird, Şəki burada min illər boyu yaşamış azərbaycanlıların son yurd yerləri olub. 1988-ci ilin sonlarında bu kəndlərin sakinləri də zorla köçürülüblər. Halbuki bu kəndlərin əhalisi bir zamanlar Qarakilsədə mədəni həyat sürüb, təsərrüfatla məşğul olublar. Belə ki, təkcə 2 min nəfərin yaşadığı Ağüdü kəndində 1988-ci ilə qədər 300 yerlik müasir mədəniyyət evi, 700 şagirdin təhsil aldığı məktəb olub.

Comərdli Qarakilsənin azərbaycanlılar yaşamış dağ kəndlərindən biridir. Kənddən keçən Xırda çayı Qarakilsənin Ərəfsə kəndindən keçən Dəli çaya qovuşur və Bazar çaya tökülür. "Comərdli" kəlməsi kəndin əsasını qoymuş Comərd adlı kişinin adı ilə bağlıdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ata yurdu olan Comərdli kəndində rəsmi statistikaya görə, 1988-ci ilə qədər 800 nəfərdən çox sakin yaşamışdır. 1918-ci ilin yayında Andronikin daşnak qoşunu Comərdli kəndinə də hücum etmiş, lakin sakinlərin sərt müqaviməti ilə rastlaşmışdır. Sovet dövründə Comərdlidə yaşayan azərbaycanlılar buradaki Şırran bulaq, Əli bulağı, Sarı bulaq, Xırda çay, Təknə göl, Laləli bulağı, Sandıq daş, Qoyun dağılan, Çala yurd, Dəvə boynu, Ərzurum, Gamışuçan, Vənlidərə, Sallıq, Qaravışdaşı, Əhmədyoxuşu, Səlimgədiyi kimi türkmənşəli adları qoruyub saxlamışlar. 1988-ci ilin dekabr ayında çox sayda tanınmış elm və ictimai xadimlərin vətəni olmuş Comərdli kəndini də ermənilər işğal və talan etdilər.

Qarakilsənin Şəki kəndi Zəngəzurun ən qədim və ən böyük azərbaycanlı kəndlərindən biridir. Kənd özünün bulaqları ilə çox tanınır. Kəndin iki min ildən çox yaşı olduğu güman edilir. Kənddə Sovet hökuməti qurulana qədər böyük ruhani məktəbi olub. 1988-ci ildə bu kəndin 1700 nəfərə yaxın sakini də təzyiqlərə məruz qalıb, həmin ilin noyabrın 24-dən 25-nə keçən gecə Şəki camaatı bir gecədə öz doğma yurdlarından çıxarılıblar. Eyni faciəvi hadisələr rayonun Urud, Dəstəgird və digər kəndlərində də baş verib.

Turizm baxımından Qarakilsədə mövcud olan ən mühüm tanışlıq obyekti buradakı Qoşundaş abidəsidir. Neolit dövrünə aid olduğu ehtimal edilən abidə dik dayanmış 200-dən artıq nəhəng daşlardan ibarətdir. Dairəvi formada düzülmüş daşların hündürlüyü təxminən 1,5-2,2 metr, eni 60-80 santimetrdir. Daşlarının bəzilərinin ağırlığı 10 tona qədər olan bu unikal abidəyə ermənilər sonralar iyrənc ad yapışdıraraq onu turistlərə tanıdır, külli miqdarda qazanc əldə edirlər. Ümumilikdə, Qarakilsədə qayaüstü rəsmlər və daş qoç abidələr də geniş yayılıb ki, bunlar rayonun digər kəndlərində sıx rast gəlinməkdədir.

Yüz dəfə eşitməkdənsə, bir dəfə gedib görmək yaxşıdır. Gələcəkdə Qərbi Zəngəzurun turizm ehtiyatları özünün bənzərsiz cazibədarlığı ilə hər bir azərbaycanlı səyahətsevərin diqqətində olacaq. Bu marşrut üzrə turistlər üçün maraqlı olan turizm növlərindən biri, şübhəsiz, etnik turizm olacaq. Kifayət qədər uzun müddətdə öz ata-baba yurdlarından uzaq düşmüş azərbaycanlıların öz yaxınlarını və ya onların məzarlarını ziyarət etmək üçün çıxdıqları səyahət növü olan etnik turizm bu mənada Zəngəzur və eləcə də bütün Qərbi Azərbaycan torpaqlarını bir daha görmək istəyən turistləri özünə cəlb edəcək. Etnik baxımdan təəssüf ki, azərbaycanlıların burada yaşayan yaxınları daha qalmasa da, əvəzində hər kənddə, hər şəhərdə onlara doğma olan insanların məzarları vardır.

Əli CABBAROV,

Naxçıvan Dövlət Universitetinin dosenti.