SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Təbiətdən gələn möcüzə: topinambur

Görünüşünə görə kartofa və turpa bənzəyən yer armudu orqanizmimiz üçün olduqca vacib olan bir çox komponentlərlə (vitaminlər, minerallar, pektinlər, amin turşuları və s.) zəngindir. Elmi adı "topinambur", el arasında isə daha çox "yer armudu", "yer alması", "yəhudi alması" kimi tanınan bu bitki min bir dərdin dərmanı hesab edilir. Bir çox insan yer almasının faydalarını bilməsə də, bu tərəvəz olduqca əhəmiyyətli qidalar arasında yer alır.

Həzmi sürətləndirən, immunitet sistemini isə gücləndirən bu bitki tərkibində nişasta olmadığı üçün şəkərli diabet xəstələrinə xüsusilə xeyirlidir. Bitkinin tərkibindəki insulin maddəsi qanda şəkərin səviyyəsini aşağı salır. Bu səbəbdən də topinambur şəkərli diabet xəstələri üçün olduqca faydalı hesab edilir. Qanda şəkərin səviyyəsini tənzimlədiyi üçün hər gün yeməkdən 10 dəqiqə əvvəl topinambur qəbul etmək tövsiyə edilir.

Yer armudu tərkibindəki pektinlər sayəsində mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, ziyanlı maddələrdən təmizləyir, antiseptik, iltihabəleyhinə və ödqovucu təsir edir. Bitki həmçinin mədə-bağırsaq sisteminin mikroflorasına da müsbət təsir edir. Tərkibində olan lif və enilin maddəsi sayəsində qəbizlik probleminin həllində effektiv təsir gücünə malikdir. Enilin həmçinin xərçəng, sümük əriməsi kimi xəstəliklərin riskini azaldır və bu sahələrdəki narahatlıqların qarşısını alır. Xüsusilə xərçəngi önləyici təsirinə görə mütəxəssislər mütəmadi olaraq bol miqdarda yer armudu qəbul etməyi məsləhət görürlər.

Araşdırmalar sübut edib ki, topinamburun 2-3 ay ərzində hər gün qəbulu xroniki intoksikasiyanın əlamətlərini azaldır. Bundan əlavə, yer armudu maddələr mübadiləsini sürətləndirdiyinə görə arıqlamaq arzusunda olanlar üçün də doğru seçimdir.

İnformasiyanı sözcü.com.tr veb saytı yayıb.

 

Ürəyimiz də peyvənd olunacaq?

Elm dünyasında infarkt və ürək çatışmazlığı xəstəliklərindən əziyyət çəkənlərin həyatını xilas edəcək böyük bir uğura imza atılıb. Belə ki, sözügedən xəstəlikləri olan insanların birbaşa ürəyinə enjektə edilə bilən mRNT (canlı hüceyrələrdə zülal sintezi üçün lazım olan informasiyanı DNT-dən alaraq ribosoma daşıyan RNT tipi) iynəsi hazırlanıb.

Yeni peyvənd COVID-19 peyvəndi ilə eyni texnologiyadan istifadə edilərək hazırlanıb və infarktdan həftələr və ya aylar sonra xəstələrin sağalmasına kömək etmək məqsədi daşıyır. "Daily Mail"in yaydığı xəbərə görə, peyvənd ürək hüceyrələrinə qan axınını yaxşılaşdıran və zədələnmiş ürək əzələlərini bərpa etməyə kömək edən hormonun istehsalına təlimat verir. Dərman istehsalçısı artıq peyvəndin ilkin sınaqlarına başlanıldığını bildirib.

Məlumat üçün qeyd edək ki, ürəyə qan axınının pozulması nəticəsində infarkt, ürəyin qanı ümumilikdə bədənə səmərəli şəkildə pompalaya bilməməsi zamanı isə ürək çatışmazlığı yaranır. Əzələ ciddi şəkildə zədələnərsə, infarktdan sonra ürək çatışmazlığı inkişaf edə bilər.

Yeni peyvənd texnologiyasında hüceyrələrə zülalı təmin etmək vəzifəsi daşıyan RNT-dən istifadə edilib. Ürəyə enjektə edilmiş sintetik mRNT hüceyrələri hormon istehsal etməyə sövq edərək qan dövranını sürətləndirir, damarların böyüməsini təmin edir, arteriya və damarlar vasitəsilə qan axınının bərpasına yardımçı olur.

 

Yağlı balıqların daha bir faydası...

Alimlər yağlı balıq növlərinin insan sağlamlığı üçün daha bir faydasını aşkar ediblər. "BMJ" tibb jurnalında dərc edilən məqaləyə görə, Avstraliyada aparılan araşdırma zamanı yağlı dəniz balıqlarının böyrək xəstəliklərinə effektiv təsiri məlum olub.

Əvvəlki araşdırmalarla yağlı balıqların ürək-damar və immunitet sisteminə müsbət təsiri ortaya çıxmışdı. Lakin New South Wales Universiteti və George Qlobal Sağlamlıq İnstitutunun alimləri belə balıqların daha çox faydasının olduğunu bildiriblər.

Mütəxəssislərin sözlərinə görə, yağlı balıqlar hətta böyrək xəstəliklərinə də olduqca müsbət təsir edir.

Araşdırma müəlliflərindən biri dr. Matti Marklund somon, sardina, skumbriya və siyənək kimi balıqların tərkibindəki yağ turşularının sağlamlıq mənbəyi olduğunu bildirib. Tədqiqatçı həmçinin bu balıqların omeqa-3 yağ turşuları baxımından həftədə ən azı iki dəfə istehlak edilməsini tövsiyə edib.

Alimlər həmçinin sözügedən balıq növləri istehlak edənlərin böyrək xəstəliklərinə tutulma riskinin daha az olduğunu açıqlayıblar. Belə ki, mütəxəssislər müxtəlif yaş qruplarından olan respondentlərin iştirak etdiyi araşdırmada yağlı balıq növlərinin böyrək xəstəliklərini azaltdığını müəyyən ediblər.

 

Arıqlamaqda çətinlik çəkirsiniz?

Elm adamları yeni bir araşdırma ilə çəki itirməyin ən təsirli və sadə üsulunu tapıblar. Belə ki, mütəxəssislər arıqlamağın "açarının" fasiləli orucda deyil, kalori hesablamaqda olduğunu söyləyirlər.

Son zamanlar arıqlamaq məqsədilə gün ərzində uzun müddət fasilə verərək qidalanmaq üsulu İlon Mask və Halle Berri kimi məşhurlar sayəsində trendə çevrilib. Fasiləli oruc çəki itirmək üçün effektiv vasitələrdən biri olaraq populyarlıq qazansa da, elm adamları bununla razılaşmırlar.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, ABŞ-ın Con Hopkins Universitetinin tədqiqatçıları yemək vaxtında edilən dəyişikliklə itirilən çəkinin heç bir əlaqəsi olmadığını müəyyən ediblər. Qida mütəxəssisləri bunun əvəzinə, yeməkləri vaxtında yeməyi, lakin daha az kalorili qidalara üstünlük verməyi tövsiyə edirlər.

Tədqiqatçılar Merilend və Pensilvaniya ştatlarından olan 550 nəfərin sağlamlıq məlumatını toplayıblar. Təxminən 40-50 yaş arası olan sınaq iştirakçılarının yarısı piylənmədən əziyyət çəkənlər, digərləri isə normal çəkiyə sahib insanlar olub. Altı aylıq məlumatlara əsaslanan elm adamları belə nəticəyə gəliblər ki, kilo itkisində kalorilərin hesablanması vacib olan yeganə amildir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".