GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

SƏYYAD ZİYADPUR

1974-cü ildə Xudafərin mahalının Arazın qırağında yerləşən Katdalı kəndində anadan olub. İlk təhsilini doğma kəndində, orta təhsilini isə Təbrizdə bitirib. Onun şeirləri öz mayasını bir tərəfdən doğulduğu yerin gözəl abu-havasından, uca dağlarından, gömgöy, qalın meşələrindən, axar bulaqlarından, bir yandan da el adət-ənənə və milli dəyərlərdən alır. Azərbaycan folkloru isə şairin yaradıcılığının başqa bir qaynağıdır. Səyyadın şeirlərinin çoxu heca vəznindədir, ancaq sərbəst şeirləri də diqqətəlayiqdir.

 

Qəfəs quşu

Qəfəsdə tək quşu dindirən olmur,

Güzgüdə özünə baxıb danışır.

Tay-tuşların geri döndərən olmur,

Quşlar cərgəsindən çıxıb danışır.

 

Sıxılır neyləsin, qəfəs dardı, dar,

Qəfəsə sığmayan arzuları var,

Əlçatmaz olduqca həmin arzular

Gözündən ürəyin sıxıb danışır.

 

Quşun quş dərdi var, adamın adam,

Onu qəfəs sıxır, məni dar odam,

Təklik hal-havasın qoymur unudam,

Hey məni yandırıb-yaxıb danışır.

Səyyadam, ömürlük qaldı yadımda,

Taleyin quluymuş quş da, adam da,

Quşu düşünərkən kiçik odamda,

Duyğular gözümdən axıb danışır.

 

FƏRİBA MÜRTƏZAYİ

1974-cü ildə Təbriz şəhərində dünyaya göz açıb. İqtisadiyyat ixtisası üzrə təhsil alıb. O, ilk şeirlərini fars dilində qələmə alsa da, sonralar ana dilində yazmağa başlayıb. Ədəbiyyat sahəsində yorulmadan, durmadan çalışıb və ana dilinin inkişafı uğrunda əlindən gələni əsirgəməyib.  Yazılarında  xalqının diləklərı, acıları və istəkləri tərənnüm olunur. 

Fəriba Mürtəzayinin iki şeir toplusu çap olunub - "Çiynimə bir əl toxundu" (2012) və "Dilim ağzımda ağlayır" (2014). Onun müxtəlif qəzet və jurnallarda, eləcə də internet saytlarında şeirlərindən nümunələr təqdim olunur. O, fars dilindən Azərbaycan dilinə şeirlər tərcümə etməklə də məşğuldur.

 

Nə gözəldir adam

yerinə paltar asmaq

Bilə-bilə ocaq başında

Ürək yerinə

Əl yandırmaq

Qartopu soyub

Üstünə yazmaq

Nə gözəldir qadın olmaq

Səni sevib

Səni yazmaq!

 

 

 

Tarixi abidələr

(əvvəli 14, 15, 17 və 18 yanvar tarixli saylarımızda)

Həriri evinin xarici və daxili bəzəklərinin çox hissəsi korroziyaya uğrayıb, ətraf mühitin təsiri üzündən öz-özünə dağılması prosesi gedib. Bu bənzərsiz tarixi abidənin dağılmış hissələrini təmir edib möhkəmləndirmək və mükəmməlləşdirmək lazımdır. Təəssüf ki, tarixi abidələrə laqeyd münasibət, biganəlik və qayğısızlıq üzündən kolleksiyanın vacib hissələri itib-batıb, tamamilə məhv olub...

1814-cü il zəlzələsindən salamat çıxmış Həriri evləri kimi köhnə tikililər bu gün də Təbrizin mərkəzi hissələrini bəzəməkdədir. Ancaq son onilliklərdə bu evlər daha çox zərər gördüyündən kompleks təmirinə böyük ehtiyac duyulur.

Behnam evi də əsasən Qacar dövrünün ilk illərində Təbrizdə tikilmiş tarixi binadır. Binanın çox kiçik hissəsi Zəndlər dövrünün sonunda inşa edilib. Nəsrəddin şah Qacarın hakimiyyəti illərində (1848-1896) isə bu bina əsaslı şəkildə təmir edilib və ornamentli naxış və rəsmlərlə bəzədilib. Daxili və xarici həyətlərə malik ev qışlıq adlanan əsas böyük binadan və yaylıq adlanan kiçik binadan ibarətdir. Qışlıq binası ikimərtəbəli simmetrik tikilidir.

Behnam evi Təbrizin mərkəzində Təbriz bələdiyyə binasının arxasında Məqsudiyyə məhəlləsində yerləşir. 23 aprel 1997-ci ildən İran milli abidələri siyahısına daxil edilib. 2009-cu ildə binanı yenidən təmiri zamanı burada indiyədək görünməyən miniatür freskalar aşkarlanıb və yenidən mütəxəssislər tərəfindən restavrasiya edilib. Hazırda Behnam evi Təbriz İslam İncəsənəti Universitetinin balansındadır.

Təxminən 50 illik bir zaman kəsiyində Təbrizin bir çox abidələrinin dağıdıldığı, tarixi quruluşunun dəyişdirildiyi, Göy Məscid, Ərk qalası, Həsən Padişah tarixi kompleksi (Sahib-ül Əmir), Tarixi Örtülü bazar və b. abidələrin çevrəsində UNESCO-nun qaydalarına zidd olaraq bir sıra tikinti işlərinin aparılması üzündən abidələrə ciddi ziyan vurulduğu barədə də məlumatlar vardır...

Orta əsrlərdə meydana gəlmiş dükanları günbəz və tağtavanla örtülərək vahid bina şəklində əlaqələndirilmiş memarlıq-ticarət kompleksi-Örtülü bazarın Ərdəbil və Təbriz şəhərlərində nümunələri bu gün də fəaliyyət göstərir. Lakin Şərqdə örtülü bazarların ən məşhuru İstanbuldakı "Qapalı çarşı" sayılır…

Təbriz Örtülü bazar kompleksi də Güney Azərbaycanın tarixi abidələri sırasındadır və əsası X əsrdə qoyulub. Elxanilər dövləti dövründə, yəni XIII-XIV əsrlərdə bu bazar İpək yolunun üstündə yerləşdiyindən olduqca böyük əhəmiyyətə malik idi. Örtülü bazar şəhərin tam mərkəzində yerləşir. Fətəli şah Qacarın dövründə vəliəhd Abbas Mirzənin iqamətgahının Təbrizdə yerləşməsi də şəhərin inkişafını daha da gücləndirir. Vəliəhd bazarın yaxınlığında, Şərq tərəfdə özü üçün bir saray tikdirir. Qərb tərəfdən isə bazarın bir ucu Cümə məscidinə gedib çıxır. Təbriz Örtülü bazar kompleksi İran bazarları arasında tam sosial quruluşa malikdir.

Özündə 2600-ə yaxın hücrə, dükan və mağaza, 2 növbəli iş rejimi, 1 qərargah, 2 məscid, 1 supermarket, 3 dəhliz, 2 hamam, 1 məktəb və neçə-neçə marketi birləsdirən Təbriz Örtülü bazar kompleksi 2008-ci ildə İranın Milli Mədəni İrs Siyahısına və avqust ayında UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilən Təbriz bazarının xarici görünüşü şəhərin ümumi görünüşünə uyğun olan adi binalara bənzəyir.

Görkəmli tarixçi-alim Seyidağa Onullahi Təbriz şəhərinin ilklərə imza atan tarixi abidələrlə zəngin qədim şəhər olduğuna diqqəti yönəldərək burada birinci çap evinin, birinci asfalt döşənilmiş xiyabanın, birinci telefon, birinci yeni məktəbin və... başqa xidmət sahələrinin yaranması haqqında yazıb. Buna görə də İranda Təbrizə birincilər şəhəri deyilir. Bütün bu ilklər barədə tanınmış tarixçi-alim, hüquqşünas Səməd Sərdarniya da "Təbriz - birincilər şəhəri", "Təbriz - İranda çap sənətinin beşiyi", "Azərbaycan teatrının tarixi" kitablarını qələmə alıb.

Qeyd edək ki, birinci çap evi ərəb qrafikası ilə Mirzə Zeynalabdin Təbrizinin vasitəsilə 1854-cü ildə Təbrizdə qurulub. "Mirzə İsa xan Qaimməqamın Cəhadiyyə risaləsi" adlı birinci kitab da bu çap evində nəşr olunub. Lakin bu çap evi 1866-cı ildə bağlanıb. O zamanlar çap sözü işlənmədiyindən çap evinə Basmaxana, mətbəə, daroltəb və daroltebae deyərdilər.

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.