Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Yalnız bu ölkələr dünyanın sonunu görə biləcək...

Son dövrlər  baş verən  təbii fəlakətlər, epidemiyaların yayılması, qlobal istiləşmə səbəbindən buzlaqların əriməsi kimi bir çox  hadisələr dünyanın sonunun yaxınlaşması ilə bağlı iddiaları gündəmə gətirib. Alimlərin bu barədə  verdiyi  açıqlama hər kəsi təəccübləndirib. Belə ki, elm adamları qlobal problemlərin tüğyan edəcəyi bir dönəmdə yalnız 5 ölkənin zərər görməyəcəyini və təhlükəsiz olduğunu söyləyiblər...

Mütəxəssislər Yeni Zelandiya, İslandiya, İngiltərə, Avstraliyanın Tasmaniya ştatı və İrlandiyanın az zərərə uğrayan ölkələr sırasında olacağını deyirlər. Yeni Zelandiyanın isə energetika və təbii  sərvətlər, əlverişli iqlim və əhali sıxlığının  az olması baxımından ən təhlükəsiz ölkə olaraq  siyahının başında yer aldığı bildirilib.

Aparılan araşdırmaların nəticələri göstərir ki, dünyada bir-biri ilə zəncirvari bağlantısı olan enerji əsaslı qlobal iqtisadiyyatın ətraf mühitə vurduğu zərərlərin təhlükəli vəziyyətlərə yol açma ehtimalı yüksəkdir. Alimlərin fikrincə, qlobal istiləşmənin təbiətə təsirləri, ağır maliyyə böhranları, Covid-19 pandemiyası insanlığın sonuna səbəb ola bilər. Bu səbəbdən də ekspertlər ölkələrin dayanıqlılığını artırmaq üçün təkmilləşdirilməsi lazım olan, həyati əhəmiyyət kəsb edən sektorlara investisiya qoyulmasını və ehtiyat tədbirləri görülməsinin vacib olduğunu  söyləyirlər.

Dünyanın ən zəngin insanları isə indidən  "qiyamətə" hazırlaşmağa başlayıblar. Belə ki, milyarderlərin böyük qismi həyatlarını sığortalamaq üçün Yeni Zelandiyada sığınacaqlar inşa etdirirlər.

İngiltərənin Anglia Ruskin Universitetinin professoru, dr. Aled Cons Yeni Zelandiyanın ən təhlükəsiz ölkə kimi siyahıda birinci yerdə olmasına təəccüblənmədiyini bildirib. Lakin o İngiltərənin isə  mümkün  fəlakətə dözə biləcəyinin sual altında olduğunu qeyd edib. Cons əhali sıxlığının çox, yerli istehsalatın isə az olması baxımından bu ölkənin zərbələrə tab gətirmək potensialının zəif olduğunu söyləyib. Alim, həmçinin sadalanan təhlükəli proseslərin eyni anda baş verməsinin mümkün olmadığını deyib, bu  səbəbdən də təşvişə düşməməyə çağırıb.

İnformasiyanı karar.com veb saytı yayıb.

 

Gözlər yalan söyləməz!

Deyirlər "gözlər qəlbin aynasıdır". Bu, bədii ifadə olsa da həqiqətə uyğundur və  təsadüfən yaranmayıb. Adətən  bir insanı tanımaq, onun daxili aləmindən xəbərdar olmaq və ya  doğrunu danışıb-danışmadığını bilmək üçün gözlərinin içinə baxırıq. Bəlkə elə bu səbəbdən də gözlər yeganə duyğu orqanımızdır ki, illər keçsə də dünyaya gələn gündən ölənə kimi  heç dəyişmir. Hətta gözlərimizin rəngi belə xarakterimizdən xəbər verə bilər...

Gözlərinin rəngi mavi olan insanlar enerjili, pozitiv düşüncəli, tez qərar verməyi bacaran olurlar. Bir az xəyalpərəst olan bu insanlar, səxavətli olmaqla yanaşı, dəyişikliklərdən də qorxmurlar. Bunun üçün də reallıqları görməkdə çətinlik çəkirlər. Maddiyyata önəm verməyən mavi gözlülər ətrafındakılar tərəfindən çox sevilir.

Qara gözlü insanlar isə çox həyəcanlanan və olduqca məsuliyyətli olurlar. Onların sevgisi kimi kinləri də çox güclüdür. Qarşılarındakı insanları daima idarə etmək istəyirlər. Qara gözlər ehtiras, çoşqu əlamətidir. Amma bəzən belə rəngli gözü olan insanlar  hiyləgər də ola bilərlər.

Yaşıl göz insanlar onlara əziz olan şəxslərin xətrinə dəyməyi sevmirlər. Çox əsəbi olmalarına baxmayaraq, heç kimi incitməməyə çalışırlar. Bu isə onların hisslərinə hakim ola bilmə  bacarığından irəli gəlir. Gözü yaşıl olan insanlar yaxşı qərar verə bilən və işlərində səriştəli olurlar. Onlar son dərəcə qısqanclıqları ilə də seçilir.

Gözlərinin rəngi ala olanlar o qədər həssas olurlar ki,  intuisiyaları sayəsində çox şeyi qabaqcadan hiss edə bilirlər. Təmiz qəlbə sahib olan bu insanlar, qürurlarını qıranları əsla bağışlamırlar.

Qəhvə rəngli gözlərə sahib olan insanların isə ən pis xüsusiyyəti özləri haqqında sirləri hamıya danışmalarıdır. Sanki “gözü bağlı” olurlar. Yaşadıqları uğursuzluqlar həyatda daha real qərarlar vermələrinə kömək edir. Qəhvərəngli gözlülər başqalarını düşünən, hamı ilə yola getməyi bacaran insanlardır. Amma bəzən onların sədaqətsizliyini və işləri tərs getdiyində çox əsəbləşdiklərini görmək olar.

 

Sən demə, balıqlar da "danışa" bilirmiş...

Heyvanların çoxunun müəyyən səslərdən istifadə edərək ünsiyyət qurduğu məlum idi. Lakin indiyə qədər balıqların da  belə canlılar sırasında ola biləcəyi heç ağla gəlmirdi. Bu yaxınlarda aparılan araşdırma zamanı məlum olub ki,  balıqların çoxu öz aralarında səsli ünsiyyət qura bilirlər.

"Ichthyology & Herpetology" jurnalında dərc edilən yeni bir araşdırmada, bir çox balıq növləri təhlil edilib və onların səsli ünsiyyət qurma yöntəmlərinin son 155 milyon ildə ən azı 33 dəfə təkamül etdiyi ortaya çıxıb.

“Biz çoxdandır ki, bəzi balıqların səs çıxardığını bilirdik. Lakin həmin səsləri nadir görünən qəribə hadisə  kimi qəbul edirdik”- ABŞ-ın Kornell Universitetinin tədqiqatçısı Aaron Rays qeyd edib.

Araşdırma zamanı mövzu ilə bağlı çoxsaylı məqalələr və audio yazılar nəzərdən keçirilib. Tədqiqat 34 mindən çox balıq növünü (dünyada məlum olan balıq növlərinin 99 faizi) əhatə edən Şüaüzgəclilər (Actinopte­rygi) sinfinə yönəldilib. Nəhayət, 175 balıq növündən üçdə ikisinin səslə ünsiyyət qurduğu məlum olub. Onların  səs tellərinin müəyyən üstünlükləri olmasa da, bir sıra üsullardan istifadə etməklə ünsiyyət qurduqları müəyyən edilib. Məlum olub ki, balıqlar suda hərəkət edərkən dişlərini sıxaraq səs çıxara bilirlər.

Heyvanların adətən qida mənbəyi tapdığı  və ya müdafiə olunduğu zaman  "məndən uzaq dur", "mənə yaxınlaş", "yeməyimə toxunma" və ya "orada kimsə varmı" kimi kəlimələri əvəz edən səsli siqnallar ötürdükləri ehtimal edilir.

 

Səmanın nə üçün mavi olduğunu bilirsinizmi?

Heç düşünmüsünüzmü  səma nə üçün mavidir? Həqiqətən də bu belədir? Əslində, göyün üzü mavi deyil. Bu, Günəş şüalarının yaratdığı rəngdir. Günəş işığı ağ olmasına baxmayaraq, bir çox müxtəlif rəngləri ehtiva edir. Ağ işıq şüalarını bir prizmadan keçirəndə yeddi müxtəlif rəngə bölündüyü üçün biz  həmin çalarları çox vaxt göyqurşağı əmələ gələndə görürük. Çünki Günəşdən gələn ağ işıq Yer atmosferindən keçərkən bir çox hissəciklərlə toqquşaraq səpələnir.

Səpilmə miqdarı işığın dalğa uzunluğundan asılı olaraq dəyişir. Dalğa uzunluğu nə qədər qısa olarsa, səpilmə miqdarı bir o qədər çox olar. Məsələn, qısa dalğa uzunluğuna malik mavi işıq uzun dalğa uzunluğunda olan qırmızı işıqdan daha çox səpələnir. 

 İşığın dalğa uzunluğundan kiçik hissəciklər tərəfindən səpilməsini təsvir etmək üçün isə  Rayleigh səpələnməsi terminindən istifadə olunur. 

Göyün üzünün mavi görünüşü Günəşdən gələn fərqli rənglərdəki (dalğa uzunluqlarında) işığın müxtəlif sürətlə səpilməsinin nəticəsidir. Günəş səmaya qalxdıqca oradan gələn qısa dalğa uzunluqlu mavi işıq digər rənglərə nisbətən daha çox səpələndiyi üçün  səmanın mavi görünməsinə səbəb olur. 

Günəş üfüqə çox yaxın olduqda, məsələn, günəşin doğuşunda və gün batımında fərqli bir vəziyyət yaranır. Günəş üfüqə yaxın olduqca, günəş şüaları atmosferdə daha çox yayılır. Bu zaman  qısa dalğa uzunluqlu mavi işıq çox udulur və səpilməyə məruz qalır, nəticədə daha uzun dalğa uzunluğu olan qırmızı digər rənglərdən daha çox gözümüzə çatır.

Göy qurşağına baxdığımız zaman qırmızıdan yaşıla, maviyə və son nəticədə bənövşəyiyə qədər geniş rəng çeşidi görürük. Bənövşəyi işıq ən qısa dalğa uzunluğuna malikdir və səpilmə miqdarı digər rənglərdən qat-qat çoxdur. Buna görə də səmanın normal olaraq bənövşəyi görünəcəyini gözləmək olar. Səmanın bənövşəyi deyil, mavi görünməsinin əsas səbəblərindən biri də gözümüzdəki işıq reseptorlarının digər rənglərə nisbətən mavi rəngə daha həssas olmasıdır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".