Bölgə xəbərləri
Region

Bölgə xəbərləri

Ağdam

Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.  Ağdam Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə idarə,  müəssisə və təşkilatların rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.  Tədbir iştirakçıları ulu öndərin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək ehtiramlarını bildiriblər.  

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev və başqaları 20 Yanvar hadisələri baş verən zaman Moskvada xüsusi nəzarətdə olan,  heç bir vəzifə səlahiyyəti olmayan,  ancaq ürəyi xalqı ilə döyünən ulu öndərimiz Heydər Əliyev öz həyatını təhlükə qarşısında qoyaraq yanvar ayının 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib. Xalqının ağır günündə onun yanında olan Heydər Əliyev sovet hökumətinin Azərbaycana qarşı qəddar siyasətini kəskin tənqid edərək aqressiyanı və hərbi təcavüzü pisləyən bəyanatla çıxış edib.  Qeyd olunub ki,  ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra  20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə,  onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə yanaşıb.  Bu gün Bakı şəhərində Şəhidlər Xiyabanında ucalan “Əbədi məşəl” abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərimizə ehtiram əlaməti olaraq inşa olunub.  Həmçinin,  Heydər Əliyevin 17 yanvar 2000-ci il tarixdə imzaladığı Fərmanla 20 Yanvar faciəsi zamanı şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidləri” adı  verilib.  

 

 Füzuli

Horadiz şəhərindəki YAP Füzuli rayon təşkilatının inzibati binasında “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.  Dəyirmi masada Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları,  YAP Füzuli rayon təşkilatının üzvləri, ziyalılar və partiya fəalları iştirak ediblər. Tədbirdə Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini G. Eyvazova,  YAP Füzuli rayon təşkilatının sədri A. Həşimova,  Zobucuq partiya üzvü T. Süleymanov,  Əməkdar müəllim Ü. Hüseynova,  təhsil şöbəsi ərazi partiya təşkilatının sədri R.  Məmmədova,  rayon ağsaqqallar şurasının sədri Z. Əliyev,  rayon mərkəzi xəstəxanasının baş həkimi C. Qəhrəmanova çıxış edərək bildiriblər ki,  ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsini,  mahiyyət etibarilə bəşəriyyətə,  humanizmə,  insanlığa qarşı yönəldilmiş ən qanlı terror aktlarından biri kimi qiymətləndirib, bu dəhşətli cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.  Qeyd olunub ki,  ulu öndər yenidən hakimiyyətə qayıdandan sonra faciə qurbanlarının xatirəsinə “Əbədi Məşəl” kompleksi ucaldılıb, hərbi təcavüz nəticəsində həlak olanlara şəhid statusu verilib, ailə üzvlərinə diqqət və qayğı göstərilib. Təməli ümummilli lider tərəfindən qoyulan qayğı bu gün də uğurla davam etdirilir.

                                         Salman ALIOĞLU,

                                           “Respublika”.