GÜNEYDƏN SƏSLƏR...
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR...

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

ƏLİ CAVADPUR

1973-cü ildə Araz sahilində yerləşən Xudafərin bölgəsinin İskanlı kəndində anadan olub. Təbriz Universitetinin fars dili və ədəbiyyatı fakültəsini bitirib. "Nazim Hikmət şeirində və təfəkküründə axtarışlar" adlı diplom işini müdafiə etməklə ali təhsil alıb. Bir müddət Xudafərin bölgəsində çalışıb, hazırda isə Təbrizdə orta məktəbdə ədəbiyyat müəllimidir. Təbriz, Tehran, Zəncan və Urmu şəhərlərində yayınlanan  gündəliklərdə, dərgilərdə, müxtəlif internet saytlarında, eləcə də ayrı-ayrı ədəbiyyat portallarında yazıları və şeirləri ardıcıl dərc olunur. Beş kitabı işıq üzü görüb.

 

Getmə

Küsdüm ki, biləsən uman yerimsən

Dağımsan, zirvəmsən, duman yerimsən,

Sən mənim sonuncu güman yerimsən,

Aldanıb hər cığır izinə getmə!

***

Sındırma dağlar tək sərt vüqarını,

Qoru qeyrətini, qoru arını,

Oxşayıb hər kökdə könül tarını,

Uyuban hər kəsin sözünə getmə!

***

Böylə acı keçən həyatımızdır,

Böylə sızıldayan bayatımızdır,

Böylə pis qoxuyan boyatımızdır.

Çox da hər nəyin gizinə getmə!

***

Nə qədər yaradıb, nə qədər yazsan,

O qədər baharsan, o qədər yazsan,

Kim desə, yazsan da, bil ki, qalmazsan,

İnan əyrisinə, düzünə getmə!..

 

CAVAD BƏRZEGƏRZADƏ

1972-ci il Qaradağ mahalının Nəmərvər kəndində dünyaya göz açıb. Şeirlərini "Sevən" təxəllüsü ilə yazır. "Yolsuz yollar" və "Qaranlıq boyludur doğacaq məni" adlı iki kitabı çapa hazırlanır. Cavad Bərzegərzadə Sevən Təbrizdə yaşayır.

 

Səhəndin başından qar əskilməyir

Üşüyür bu şəhər sənsizliyindən

Xəyal göyərçinim göy məscid üstə

Ürəyi döyünür dənsizliyindən.

***

Şinəyir kəlmələr əlsizliyimi

Özümü özümdən çalıb götürür

Evimin qalıbdır boynu çiynində

Gəlməmiş qonağın bir də  ötürür.

***

Sonumu bilirəm sonsuz şeirimdə

İşarət barmağım isarət yazır

Dünəndən oturub bu gün içimə

Təbimin  əlləri ağrımı qazır.

***

Beynimdən şırlayan dərdli cümlələr,

Deyəsən üstümə tüfəng  çəkəcək.

Cümhuriyyət  üzlü  diktator küçə,

Bəlkə də  Sevənin  başın  əkəcək.

 

 

(əvvəli 14 və 15 yanvar tarixli saylarımızda)

Əvvəlki dövrə nisbətən bu binada keramik bəzəyin rəng qamması xeyli genişləndirilib. Məscidin divarlarında yenə də əvvəlki kimi şirlə işlənmiş süd rəngli dümağ yazılar və firuzəyi rəngli, mürəkkəb formalı nəbati naxışlar tünd-göy rəngli yerlikdə verilib. Ustalar göy rəngin bənövşəyidən başlamış firuzəyi rəngə qədər bütün çalarlarından məharətlə istifadə ediblər. Kaşı bəzəklərində göy şirdən başqa açıq-yaşıl, sarı şirlərdən də istifadə olunub. Göy və firuzəyi kaşı lövhələrin üzərində naxışlar cızmaqla bədii kompozisiyanın rəng qamması saxsının üzə çıxmış qırmızı rəngi hesabına daha da zənginləşdirilib. Məscidin böyük günbəzini bəzəmiş əlvan naxışlar isə çox orijinaldır. Kiçik salonun günbəzinin tünd-göy rəngi üzərində ağ ulduzlar, böyük salonun günbəzinin yaşıl rəngi üzərində isə çiçəklər təsvir edilib.

XIV əsrdə Təbrizdə olmuş İbn Batuta bu şəhərdəki abidələrin bədii keramik dekorlarının Əndəluzun və Şimali Afrikanın kaşı bəzəklərindən üstün olduğunu qeyd edib.

Məscidin kufi və nəsx xətləri ilə yazılmış yazıları onun memarlıq bəzəyinin mühüm cəhətlərindəndir. Dini məzmunlu yazılar ya medalyonların daxilində yerləşdirilmiş, ya da ki, bordür formasında nümayiş etdirilmişdir. Göy məscidin keramik dekorları ona dünya şöhrəti qazandırmışdır.

Bəzz qalası Güney Azərbaycanın Qaradağ mahalının Kəleybər qəsəbəsindən 3 km cənub-qərbdə yerləşir. Xürrəmilər hərəkatının rəhbəri xırda feodal Cavidanın, onun ölümündən sonra isə Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox Babək qalası kimi tanınır. Qala strateji cəhətdən mükəmməl ərazidə, dəniz səviyyəsindən 2300-2600 metr yüksəklikdə yerləşir. Qalanın ətrafını 400-600 metr dərinlikdə dərələr əhatə edir. Ərəb coğrafiyaşünası Əbu Duləf (X əsr) yazır ki, "Bəzz qalası Babək Xürrəminin əsas sığınacağıdır. Qalada qırmızı geyimli adamlar dolaşır və qalaya qırmızı bayraqlar sancılıb…". Qala divarlarının hər dörd küncündə yarımdairəvi gözətçi məntəqələri var.

Bəzz qalası ərazisində aparılan arxeoloji qazıntılar zamanı Bizans və Azərbaycan Atabəy Eldəgizlər dövlətlərinə aid sikkələr, həmçinin təndirlər, çıraqlar, gil qablar, silahlar və digər əşyalar tapılıb. Hazırda hər il Babəkin doğum günündə Güney Azərbaycan Milli Oyanış Hərəkatı təşkilatının rəhbərliyi ilə Güney Azərbaycan türkləri qalaya yürüş keçirərək xalq qəhrəmanını yad edirlər.

Ərk qalası da Təbriz şəhərində yerləşir. XIII əsrdə Hülakülər (Elxanilər) zamanında vəzir Tacəddin Əlişah tərəfindən ucaldıldığı məlumdur.

"Mədain sarayı"na bərabər tutulan Təbriz Əlişah qəsri - Ərk qalası öz dövründə dünyanın ən böyük tikilisi olub. Günümüzdə şəhərin mərkəzində parkın üzərində yerdən 26 metr yüksəkliyə ucalan Ərk-i Əlişah qalası və ya köhnə adı ilə Məscid-i Əlişah Elxanilər dövrü memarlığının bir nümunəsidir. Son Elxani hökmdarı Əbu Səid xanın (1316-1335) vəziri Əlişah tərəfindən tikdirilən abidə ilk tikildiyi zaman məscid olub və müsəlmanların namaz qılması üçün uzun müddət bu şəkildə istifadə edilib. Sonralar ehtimal ki, Təbrizdə tez-tez baş verən şiddətli zəlzələlər səbəbindən bina dağılıb və bəzi əlavələrlə (divarlar, zirzəmilər, anbarlar və s.) qalaya çevrilib. Bundan sonra abidə Ərk-i Əlişah adlandırılıb. Qala sadəliyi, ölçüləri və kərpic hörgüsü ilə diqqət çəkir. Ərk qalasının eni 30 metr, hündürlüyü 26 metr, qalınlığı isə 10 metrdir. Təəssüf ki, günümüzədək onun yalnız qurbangahı və yan divarları salamat qalıb. Abidənin üzərində isə heç bir yazı qalmayıb. 1931-ci ildə Ərk qalası Milli İrs siyahısında qeydə alınıb.

Abidə bir neçə dəfə bərpa edilsə də, hazırda məhv olmaq təhlükəsi qarşısındadır. Səbəb isə qalanın düz qarşısında tikilən böyük bir məsciddir. Yeni tikilən bu məscid Ərk qalasını, demək olar ki, görünməz edib. Təxminən üç tərəfdən baxanda Ərk qalası görünmür, yalnız dördüncü tərəfdən baxanda Təbrizin simvolu olan bu məşhur qala görünür.

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.