Heyvandarlıq məhsullarının istehsalı artıb
İQTİSADİYYAT

Heyvandarlıq məhsullarının istehsalı artıb

Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı müstəqil Azərbaycan dövlətinin sosial və iqtisadi siyasətində həmişə prioritet olub. Bu da təsadüfi deyil. Çünki müasir dünyada məhz iki qlobal problem var: ərzaq və enerji təhlükəsizliyi problemləri.

Dünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Yer kürəsi əhalisinin təxminən 30 faizi hazırda ərzaq çatışmazlığından əziyyət çəkir. Kasıb Asiya və Afrika ölkələrində vəziyyət daha kəskindir. Belə ölkələrin insanlarında vitamin, xüsusilə də A vitamini çatışmır ki, bu da əqli zəifliklə nəticələnir. Rusiya-Ukrayna müharibəsi, taxıl qıtlığı, şirin su çatışmazlığı hazırda dünyada vəziyyəti daha da ağırlaşdırıb.

ÜST bəyan edir ki, insanların normal qidalanması üçün gün ərzində adambaşına 2100 kkal ərzaq istehsal olunmalıdır. Sevindirici haldır ki, bu normativə ölkəmizdə artıqlamasilə əməl olunur. Çünki 2004-cü ildən etibarən artıq bizdə həmin rəqəm 2425 kkaldır və hər il mütəmadi olaraq artır.

Yuxarıda göstərilənləri və öz vətəndaşlarının mənafeyini əsas tutan Azərbaycan dövləti əhalinin etibarlı ərzaq təminatını həmişə diqqətdə saxlayır. Son 18 ildə bu sahənin inkişafına istiqamətlənən Dövlət proqramları qəbul edilib, Prezident müvafiq Fərman və sərəncamlar imzalayıb və onların hamısı da vaxtında uğurla icra edilib.

Aqrar sahənin düşünülmüş qaydada idarə edilməsi ölkədə heyvandarlq məhsullarının istehsalında bolluq yaradıb. Bu gün ölkədə 2 milyon 650 min başa yaxın iribuynuzlu, 8 milyon başa yaxın isə xırdabuynuzlu mal-qara var. Ötən ilin 9 ayı ərzində 411,3 min ton ət, 1 milyon 656,6 min ton süd istehsal olunub. Ət və süd istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 102,9 və 101,7 faiz çoxdur.

Nəriman CAVADOV,

"Respublika".