SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Yaşınızdan böyük görünürsünüzsə...

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, yaşına görə həmyaşıdlarından  böyük görünən insanlar bəzi xəstəliklərə daha çox  meyilli olurlar. "British Journal of Dermatology" jurnalında dərc olunan araşdırmaya görə, yaşından  qoca görünənlərin osteoporoz, eşitmə itkisi və katarakt kimi yaşa bağlı xəstəliklərə tutulma riski daha yüksəkdir.

Hollandiyanın Rotterdam Erasmus Universitetinin Tibb Mərkəzinin alimləri yalnız üz fotolarına əsaslanaraq 50-90 yaşarası təxminən 2700 nəfərlə sorğu keçiriblər. İştirakçıların  təxmini yaşını hesablayan elm adamları onların hər hansı xəstəliklə bağlı şikayətlərinin olub-olmamasını sorğulayıblar. Nəticədə  məlum olub ki, gerçək yaşından beş yaş kiçik görünən insanlar daha yaxşı düşünmə qabiliyyətinə malikdirlər. Bundan əlavə,  gənc görünən respondentlərdə yaşla bağlı katarakt kimi xəstəliklərdən əziyyət çəkmə ehtimalının da daha az olduğu müəyyən edilib.

"Əgər yaşınızdan daha gənc görünüşə sahibsinizsə  orqanlarınız, bədəniniz və zehninizin sağlamlığı böyük ehtimalla  bunu əks etdirəcək. Biz xüsusi olaraq görünüşlə  müxtəlif sağlamlıq problemləri arasındakı əlaqəni  araşdırdıq. Nəticədə cavan görünüşün yaşlanma ilə bağlı xəstəliklərlə bağlantılı olduğunu aşkar etdik. Araşdırmamız açıq şəkildə göstərir ki, yaşla bağlı xəstəliklərin inkişafı yalnız genetika, ultrabənövşəyi şüalara məruz qalma və ya siqaret kimi  həyat tərzi faktorları ilə əlaqəli  deyil", - deyə tədqiqat iştirakçılarından  professor Tamar Nijsten qeyd edib.

 

Səhərlər yumurtanı əsla bu cür yeməyin!

Səhər yeməyində yeyilən qidalar  gün ərzində əhvali-ruhiyyəmizlə yanaşı, orqanizmimizə də mənfi təsir edir. Bu səbəbdən də qida mütəxəssisləri səhər yeməyini təxirə salmamağı və sağlam qidalanmağı tövsiyə edirlər. Mütəxəssislər  xüsusilə də  səhər yeməklərinin vazkeçilməz, sağlam qidalarından olan yumurtanın düzgün şəkildə  istehlak edilməməsinin təhlükəli xəstəliklərə yol açdığını söyləyirlər.

Yumurta uzun müddət toxluq hissi yaradan və sümüklərin inkişafında mühüm rol oynayan qidalar arasındadır. Bu səbəbdən də  gündəlik qida rasionunda  yumurta yemək önəmli hesab edilir. Xüsusilə uşaqların və idmançıların sağlamlığında mühüm yeri olan yumurtanın səhv istehlakı xərçəng kimi təhlükəli xəstəliklərin inkişaf riskini artırır.

Adətən bəzi insanlar yumurtanı sadə şəkildə deyil,  fərqli dadlar əldə etmək üçün bəzi qidalarla - xüsusən də emal edilmiş ət məhsulları ilə  qarışdırıb yeməyə  üstünlük verirlər. Lakin yumurta təkbaşına sağlamlığın qoruyucusu olsa da, tərkibində doymuş yağ olan kolbasa, sosis kimi hisə verilmiş  məhsullarla  birlikdə istehlak edildikdə  insan sağlamlığını ciddi şəkildə təhdid edir.

Həddindən artıq yağ və natrium ehtiva edən emal edilmiş ət  məhsullarının səhər yeməyində yumurta ilə birlikdə istehlak edilməsi həm yumurtanın keyfiyyətinə, həm də orqanizmin daha çox yağ və natrium qəbul etməsinə səbəb olur. İstehlak olunan yağ miqdarını nəzərə alsaq, doymuş yağlar gündəlik kalori miqdarımızın maksimum 10 faizinə  uyğun olmalıdır. Əks təqdirdə, ürək-damar, xərçəng, piylənmə kimi ciddi xəstəliklərin inkişafına yol aça  bilər.

Bundan əlavə, aparılan tədqiqatlar göstərir ki,  Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 1-ci qrup kanserogen qidalar hesab olunan emal edilmiş ət məhsulları hətta  demans və Alzheimer riskini də artırır. Bu səbəbdən də yumurtanı sözügedən  məhsullarla birlikdə  istehlak etməmək barədə ciddi şəkildə xəbərdarlıq edilir.

İnformasiyanı posta.com.tr veb saytı yayıb.

 

Fasiləli oruc xeyirlidirmi?

Son zamanlar insanlar arasında çəki atmaq məqsədilə fasiləli oruc tutmaq artıq bir dəb halını alıb. Bəs bu üsul doğrudan da arıqlamağa kömək edirmi? Nədir əslində fasiləli oruc?  Onun sağlamlığımıza nə kimi faydaları və ya zərərləri var?

Mütəxəssislərin fikrincə, günün müəyyən saatlarında ac qalmaq arıqlamağa və orqanizmi toksinlərdən təmizləməyə yardım edir. Onların sözlərinə görə, bu üsulla orqanizmi daim  gümrah saxlamaq mümkündür. Bəs gündə neçə saat bu cür oruc tuta bilərik? Və neçə dəfə yemək lazımdır?

Fasiləli oruc günün son yeməyilə növbəti günün ilk yeməyi arasında uzun bir fasilə verməklə, gün ərzində daha tez-tez yeməyi nəzərdə tutan vaxt məhdudiyyətli pəhriz növüdür. Bu pəhriz zamanı günün 8 saatı ərzində yeyib sonrakı 16 saatda fasilə vermək lazımdır.

Fasiləli oruc vaxt məhdudiyyətli pəhrizin yeganə növü deyil. Digər pəhrizlər, məsələn, 5:2 pəhrizi (5 gün normal miqdarda və 2 gün bunun dörddə biri qədər kalori qəbul etmək) yeməklər arasındakı fasilədən daha çox yeməyin miqdarına fokuslanıb.

Arıqlamaq üçün zaman məhdudiyyətli qidalanma üsulundan istifadə olunur, ancaq bu, bəzi qida mütəxəssisləri tərəfindən  bəyənilən bir yöntəm kimi qiymətləndirilmir. Belə ki, bu pəhrizdə kalorilər azaldıldığı üçün sonradan  qidalanmayla bağlı əsas davranışa uyğunlaşmaq çətin olur. Bəzi dietoloqların fikrincə,  insanlar sağlam pəhrizin nə demək olduğunu öyrənməsələr, pəhrizi dayandırdıqdan sonra yenidən kökələ bilərlər. Ona görə də  arıqlamaq istəyənlər üçün fasiləli oruc doğru seçim hesab edilmir.

Orucun orqanizmi bərpa etməsi və hətta ömrü uzatmasıyla bağlı ümidverici sübutlar olsa da, bu, arıqlamaq üçün ən yaxşı üsul olmaya bilər. Bu səbəbdən də  dietoloqlar yeməyi azaltmazdan əvvəl diqqətli olmağı tövsiyə edirlər.

İnformasiya "Apetite" jurnalında dərc edilib.

 

Alma bu xəstəliyin də çarəsi imiş

Bu yaxınlarda aparılan araşdırma zamanı faydaları saymaqla bitməyən almanın daha bir xeyri ortaya çıxıb. Belə ki, ingiltərəli elm adamları almanın onurğa sütunu ilə bağlı  problemləri olan insanlara müsbət təsir etdiyini aşkar ediblər.

Elm adamları almanın tərkibində olan bəzi spesifik maddələrin sümük toxumasını möhkəm və sağlam etməklə bərabər, onurğanı degenerativ proseslərdən qoruduğunu və osteoporozun qarşısını aldığını söyləyirlər. Alimlər deyirlər ki, almanın tərkibində olan antioksidantlar osteoklast hüceyrələrin mənfi təsirini azaldır. Osteoklast hüceyrələri sümük toxumasının dağılmasını sürətləndirir. Bu hüceyrələr bədəndə normadan çox olduqda sümük toxuması bərpa oluna bilmədiyi üçün  zəifləməyə başlayır.

Məlumat üçün qeyd  edək ki, həmçinin likopin, flavonoid və resveratrollarla zəngin olan meyvə və tərəvəzlər də sümük toxumasını möhkəmləndirir. Belə məhsullara pomidor, balqabaq, bibər, kök, üzüm, qırmızı şərab, sitrus meyvələrini və çərəzləri  misal göstərmək olar. Bundan əlavə, kalsiumla zəngin olan süd məhsulları da sümüklər üçün olduqca faydalıdır.

Osteoporoz xəstəliyi zamanı sümüklərin mineral sıxlığı azalır ki, bu da sümük və onurğa sütunu xəstəliklərinə, müxtəlif travmaların riskinin artmasına səbəb olur. Statistikaya görə, dünyada orta hesabla 50 yaşdan yuxarı bir çox insan osteoporozdan əziyyət çəkir. Onların çoxu isə qadınlardır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".