Qərbi Azərbaycanın gerçək kimliyini qaytarmasaq, acı tarix təkrarlana bilər
Tarix

Qərbi Azərbaycanın gerçək kimliyini qaytarmasaq, acı tarix təkrarlana bilər

(əvvəli 12 yanvar tarixli sayımızda)

Digər bir baxış bucağına baxaq - “böyük Ermənistan” xəyalı. Bu baxışa görə ermənilərin “böyük Ermənistan” dövləti qurmaq planları var və bunu həyata keçirmək üçün təkrar münaqişələr törədib yeni torpaqlar ələ keçirirlər. Demək olar ki, ulu öndər Heydər Əliyevin dövründən başqa bütün dövrlərdə ermənilər Azərbaycandan torpaq ala bildilər. Lakin torpaq ələ keçirdilər, burada məskunlaşa bildilərmi? Xeyr! Nəinki 1988-ci ildə, hətta 1948-1953-cü illərdə Qərbi Azərbaycandan deportasiya etdikləri Azərbaycan kəndlərinin bir çoxu hələ də boş qalıb. İşğal etdikləri Qarabağda və ətraf rayonlarında da məskunlaşa bilmədilər, tam tərsinə, viran etdilər, ekoloji terrora məruz qoydular. Digər tərəfdən İkinci Dünya müharibəsi və ondan sonrakı təcrübə, həmçinin günümüzdəki Rusiya-Ukrayna müharibəsi göstərir ki, sərhədlərin yenidən dəyişdirilməsi böyük fəlakətlərə səbəb olur. Ona görə də buna yol verməmək üçün hələ keçən əsrdə BMT sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi barədə qətnamələr və qərarlar qəbul etmişdir.

Digər bir baxış, ermənilər türkləri sevmir və düşmən hesab edir, ona görə də vaxtaşırı münaqişə törədirlər. Elə isə onda ermənilərin gürcülərə qarşı ərazi və tarixi iddialarını, 1970-ci illərdə Fransada, 1980-ci ildə Moskvada, son illərdə Krasnodarda etdikləri terror və münaqişələri necə izah edək. Ermənilərin SSRİ-ni dağıtmaq üçün canfəşanlığını, etnik qarşıdurmaları təşviq etmələrini, iqtisadi tənəzzül proqramlarını da anti-türk nifrətləri ilə izah etmək olmur. Başqa bir yanaşmaya görə Ermənistan sərbəst dövlət deyil, alətdir və güclü dövlətlər öz maraqlarını həyata keçirmək üçün erməniləri alət kimi istifadə edirlər və münaqişələrə cəlb edirlər. Hər münaqişədə ermənilər müəyyən qazanclar əldə etsələr də, itkiləri də olur. Bəzən heç qazancları olmur və ağır itkilərə məruz qalırlar. Məsələn, 1914-cü ildə ermənilərin Osmanlıda törətdikləri münaqişə və türk qırğınları özlərinə baha başa gəldi - sürgün olundular, Osmanlı dövlətinin verdiyi yüksək imtiyazlardan məhrum oldular. 1918-ci ildə Gəncədə, Şamaxıda, Bakıda və Qarabağda mövcud olan bütün erməni silahlıları Qafqaz-İslam və ADR orduları tərəfindən məhv edildi. 1948-1953-cü və 1988-ci illərdə azərbaycanlıların deportasiyası Ermənistan iqtisadiyyatına ciddi zərbə vurdu. Nəhayət, 44 günlük Qarabağ müharibəsində Ermənistan ordusu və onun mifi yerlə-yeksan oldu. Belə olan halda sual olunur, dəfələrlə ağır itkilərə məruz qalan bir toplum, əgər ağıllıdırsa niyə başqalarının təhriki ilə münaqişələrə gedir? Digər bir məsələ, II Qarabağ müharibəsindən sonra biz də, beynəlxalq aləm də dəfələrlə sülh təklif etdilər və edirlər. Lakin ermənilər sülh istəmirlər, sülhdən qaçırlar. Niyə? Kim sülh istəməz? Yaşamaq istəyən ağıllı insan niyə sülhdən imtina etsin? İzah etmək mümkün deyil.

Dünya ictimaiyyətinin, özəlliklə də bizim ən böyük səhvimiz ermənilərə normal toplum kimi baxmağımızdır. Ona görə də ermənilərin törətdikləri münaqişələri normal məntiqlə izah edə bilmirik və qarşısını almaq üçün effektiv tədbirlər görə bilmirik. Əslində isə bunun əsas səbəbi qonşularımızın düçar olduqları münaqişə xəstəliyidir. Digər xəstəliklər kimi münaqişə xəstəliyinin də tərifi, səbəbləri, mexanizmləri, gediş xüsusiyyətləri, fəsadları, əlamətləri, diaqnostikası, profilaktika və müalicə yolları var. Bunlar digər yazının mövzusudur. Qısaca deyə bilərik ki, bu xəstəlik toplumun uzun sürən - xroniki psixoz vəziyyətidir və bəzi xarakterik cəhətləri var.

Birincisi, bu xəstəliyə düçar olan toplumun əsas amalını münaqişə təşkil edir, fərdlər münaqişəni özlərinin "alın yazısı", yaşamalarının mütləq atributu hesab edirlər. Başqa sözlə, toplum "münaqişə üçün yaranmışam, münaqişə üçün yaşayıram, münaqişə etmirəmsə yaşamıram" inancına sahib olur. Bu inanc o qədər güclüdür ki, toplumu psixoz vəziyyətə salır, törətdiyi hadisələrin nəticələrini düzgün təhlil etməyə, dərk etməyə və ağıllı nəticə çıxarmağa imkan vermir. Tam tərsinə, qarşı tərəfə dəyən zərərdən və özlərinə düşən faydadan ruhlanırlar, itkilərindən isə növbəti münaqişələr üçün səbəb kimi istifadə edirlər. Ona görə də münaqişələrdən əl çəkmirlər və sülhdən qorxurlar.

Münaqişə xəstəliyinin ikinci özəlliyi fazalı gedişidir. Xəstəlik sakitlik (remissiya) və kəskinləşmə (alovlanma) fazalarının növbələşməsi ilə gedir. Remissiya fazasında münaqişə gizli gedir - sivil, sakit yolla mübarizə davam edir və kəskinləşmə fazasına keçmək üçün hazırlıq görülür. Bu faza qarşı tərəfin güclü olduğu və ciddi xarici dəstəyin olmadığı dövrü əhatə edir. Qarşı tərəf zəiflədikdə və ya xarici təsirlər güclü olduqda kəskinləşmə fazası baş verir - hərbi-fiziki aqressiyalar, terror, soyqırımlar, müharibələr, fiziki işgəncələr, dağıntılar və sairə meydana çıxır.

Münaqişə xəstəliyinin üçüncü xarakterik cəhəti xaricdən təsirlərə həssas olması və təsirin xarakterindən asılı olmayaraq bütün təsirlərin eyni effekt verməsidir. Xarici təsir münaqişəni dəstəkləyirsə, bu, toplumu ruhlandırır və münaqişə alovlanır. Təsir neytral olduqda bundan hazırlıq üçün istifadə olunur. Xarici təsir münaqişəni söndürmək və ya aradan qaldırmaq xarakterli olduqda isə toplum hiddətlənir və münaqişə yenə alovlanır. Bu onunla əlaqədardır ki, bu xəstəliyə düçar olan toplum münaqişəsiz yaşaya bilmədiklərinə inanırlar və sülhdən qorxurlar.

Xəstəliyin dördüncü önəmli cəhəti odur ki, toplum inanclarını həm özlərinə, həm də dünya ictimaiyyətinə gerçək adı ilə yox ("münaqişə üçün yaşamaq"), saxta adla - "yaşamaq üçün mübarizə" adı ilə təqdim edirlər.

Bilirik ki, xəstəlik mahiyyətcə zədələnmələrdən başlayan və zədələnmələrə səbəb olan hadisədir. Bu baxımdan, münaqişə (konflikt) xəstəliyi adlandırdığımız bu hadisənin xəstəliyə məxsus əsas atributları göz önündədir - zədəli inanc nəticəsində meydana gəlir, münaqişələr törədir, ətrafındakılara, hətta özünə zərər verir.

Ermənilərin törətdikləri hadisələrə münaqişə xəstəliyi prizmasından baxdıqda açıq görünür ki, ermənilərin törətdikləri bütün hadisələr bu xəstəliyin əlamət və fəsadlarıdır. 200 il əvvəl Qafqaza ona görə gətirildilər ki, münaqişə törətsinlər. 1905-ci il hadisələri də münaqişə idi. 1914-cü ildə Şərqi Anadoludakı hadisələrin, 1918-ci ildə Qərbi Azərbaycandakı qırğınların və soyqırımların, İrəvan şəhərinin, Vedibasar, Dərələyəz, Ağbaba mahallarının ələ keçirilməsinin, həmçinin Bakı, Şamaxı, Quba qırğınlarının əsas məqsədi dövlət qurmaq deyildi, əsas məqsədi münaqişə yaratmaq idi. 1920-ci ildə Göyçənin və Zəngəzurun ələ keçirilməsində, 1924-cü ildə Qarabağda muxtar vilayətin yaradılmasında, 1926-cı ildə Meğrinin işğalında məqsəd torpaqları genişləndirmək deyildi, münaqişəni davam etdirmək idi. 1948-1953-cü və 1988-ci illərdə azərbaycanlıları Qərbi Azərbaycandan deportasiya etməkdə məqsəd yenə eyni idi. SSRİ-nin dinc dövrlərində Qərbi Azərbaycandakı tarixi abidələrimizi məhv etmək, özlərinin olmayan xristian qəbirisitanlıqlarını dağıtmaq, qayalara xaç həkk etmək, saxta tarixi əsərlər yazmaq əslində münaqişələrə hazırlaşmaq idi. Qədim Alban tarixini erməni dilinə tərcümə edib, orijinalını isə məhv etmək, “böyük Ermənistan” adlı ideologiya yaratmaqda məqsəd münaqişəni daimiləşdirmək üçün zəmin hazırlamaq idi. I və II Qarabağ müharibələrində əsas məqsədləri Qarabağ ermənilərinə status almaq deyildi, əsas məqsəd münaqişə törətmək idi. 44 günlük müharibədən sonrakı 2 il ərzində öhdəliklərini yerinə yetirməmələrinin, silahlı qruplarını Qarabağdan çıxarmamalarının, sərhədlərin delimitasiyasından, Zəngəzur dəhlizinin açılmasından və sülhdən qaçmalarının səbəbi münaqişəni davam etdirmək istəkləridir.

Ermənilərin münaqişə xəstəliyinə düçar olduqları gerçək olsa da, biz bu həqiqəti təəssüf ki, 200 il ərzində tam şəkildə dərk edə bilmədik və ya etmək istəmədik. Ona görə də buna qarşı yetərli və uzunmüddətli mübarizə proqramı ortaya qoymadıq. Bunu ayrı-ayrı fərdlərin və ya qrupların işi hesab etdik. Nəticə isə göz qabağındadır.

Ermənilər bu xəstəlikdən qurtulacaqmı sualının cavabı bilinmir. Bir-iki fərd istisna olmaqla Ermənistanın nə dövlət, nə qeyri-dövlət, nə də diaspor təşkilatlarından sülhə və münaqişə inancının yanlış olduğuna dair çağırışlar görmürük. Ən yaxşı halda eşidirik ki, "ermənilər sülhə hazır deyil". Bu onu göstərir ki, yaxın onilliklərdə ermənilər bu xəstəlikdən qurtulmayacaqlar və növbəti münaqişələr üçün mübarizələrini davam etdirəcəklər.

Nə edək? Potensialımızı və imkanımızı inkişaf üçün reallaşdırmağa əngəl olan erməni münaqişələrinin qarşısını necə alaq? Bu sual hər bir azərbaycanlını və bölgədə təhlükəsiz yaşamaq, inkişaf yolunu tutmaq istəyən hər kəsi düşündürür.

Bu problemi həlli etmək üçün dövlət başçımız cənab İlham Əliyev Qərbi Azərbaycan İcmasının bir qrup üzvləri ilə keçirilən görüşdə milli strategiya ortaya qoydu, strategiyanın hədəflərini, prinsiplərini, üsullarını və tədbirlərini aydın şəkildə izah etdi. Milli strategiyasının hədəflərindən biri Qərbi Azərbaycanın gerçək türk kimliyini özünə qaytarmaqdır. Bunu həyata keçirərkən inam, mübarizlik, hamılılıq və səhvə yol verməmək kimi prinsiplərdən yola çıxmaq özəlliklə vurğulandı. İnam ən vacib prinsipdir. Dövlət başçısı bildirdi ki, əgər inamımız olmasaydı, Qarabağı azad edə bilməzdik. Mübarizə daimi və ardıcıl olmalıdır, qorxmamalıyıq, Prezidentin vurğuladığı kimi - özümüzdən güclülər qarşısında da haqqımızdan geri addım atmamalıyıq. Bu milli məsələdir, təkcə Qərbi azərbaycanlıların, tarixçilərin və ya media mənsublarının işi olmamalıdır, bütövlükdə Azərbaycan xalqının, diaspor təşkilatlarının, hətta dostlarımızın işi olmalıdır. Prezident vurğuladı ki, bu mübarizədə sələflərimizin buraxdığı səhvləri təkrarlamamalıyıq. Strategiyanın üsulları da göstərildi və bildirildi ki, mübarizə dinc, sivil və qanuni yollarla aparılmalıdır. Bu məqsədlə həm xalqımız, həm diaspor təşkilatlarımız aktiv və qanuni üsullarla mübarizəyə başlamalıdırlar. Strategiya çərçivəsində görüləcək tədbirlər də vurğulandı. Qərbi Azərbaycan həqiqətlərini, tarixi abidələrin, toponimlərin, yaşayış məskənlərinin bizə aid olduğunu, ermənilərin Azərbaycan türklərini dəfələrlə dədə-baba torpaqlarından deportasiya etdiklərini (1800-cü illər, 1905, 1918, 1920, 1948-1953, 1988, 1991-1993), Bakı-Şamaxı-Quba, Xocalı və digər soyqırımları törətdiklərini, tarixi abidələrə, mənbələrə, təbiətə qarşı terror törətdiklərini dəlillərlə sübut etmək və dünya ictimaiyyətinə çatdırmaq ən önəmli tədbirlər kimi təklif edildi. Həmçinin erməniləri dəstəkləyənlərə işğalçını və separatizmi dəstəklədiklərini sübut etmək lazım gəlir. Bunları həyata keçirmək üçün elmi-tədqiqatlar, beynəlxalq konfranslar, çıxışlar, təqdimatlar, tədbirlər təşkil etmək vacibdir. Yəqin ki, Qərbi Azərbaycan İcması və digər təşkilatlar bu barədə geniş və əhatəli proqram təqdim edəcək.

Xalqımız, gələcəyimiz və inkişafımız üçün bir yumruq kimi birləşib bu strateji proqramı həyata keçirmək məcburiyyətindəyik. Çünki bunu etməsək, acı tarix təkrarlana bilər.

Nuru BAYRAMOV,

AMEA-nın müxbir üzvü, professor.