GÜNEYDƏN SƏSLƏR...
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR...

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

HÜMMƏT ŞAHBAZİ

1971-ci ildə Muğan mahalının Nəriman kəndində dünyaya göz açıb. İlk təhsilini doğulduğu kənddə alıb. 1983-cü ildə ailəsi ilə birlikdə Muğanın Parsabad şəhərinə köçüb. Ali təhsilini 1991-ci ildə bitirdiyi Təbriz Universitetinin fars dili və ədəbiyyatı fakültəsində alıb.

Bədii yaradıcılığa 16 yaşında başlayıb. İlk şeiri ("Vətən") "İslami birlik" həftəliyində dərc olunub. O, həm də araşdırmaçı və tərcüməçi kimi tanınıb. Bir sıra tanınmış türk müəlliflərinin əsərlərini fars dilinə çevirib. Çoxlu sayda kitabları və məqalələri dərc olunub.

 

Yasalarda yaşanmamış həyat

Nazim Hikmətin nisgilli yaşayışı üçün

Və mən

qarış-qarış damarımda

həp səsini duydum.

"Bursa" dustağının cızığından

Həyatın əllərini öpmək:

yasalar

həbs eləməklə yaşamaqda,

            doğrudan da…

Buradan bağırtı ötür.

quşlar da oxuyur:

"bağır,

 bağır ,

bağırıyorum,

koşun kurşun əritməyə çağırıyorum..."

Bu sözlər:

Gülər üzlər,

bir külək tək kükrər:

"Dağlarla, dalğalarla,

dağ gibi dalğalarla,

dalğa gibi dağlarla"

Və mən

qarış-qarış damarımda

ömürdən uzun bir dustaq

və yasalarda

yaşanmamış bir həyat duydum.

 

HƏMİD ƏNBAZ

1971-ci ildə Əhər şəhərində dünyaya gəlib. İlk və orta təhsilini doğulduğu şəhərdə alıb. Təhsilinı başa vurduqdan sonra İran-Əfqanıstan sərhədində hərbi xidmət keçməklə yanaşı, "Kurəh Rəcəb Əlizadə" adlı bir kənd məktəbində öyrəncilərə dərs verməyə başlayıb. Ustad Mikayıl Azaflını mütəmadi olaraq radioda dinləyən gənc şair Həmid aşıqdan bəhrələnərək şeirlər yazmağa başlayıb.

Həmidin şeirləri qoşma, təcnis, gəraylı və ümumiyyətlə, aşıq yaradıcılığı janrlarındadır.

 

Dil verib

Mən yazığın günahı nə?

Yaradan mənə dil verib.

Bir-birinə a

rxa duran,

Oba veribdi, el verib.

 

Tariximizi bilməsəm,

Coğrafiyamı özgə çəkər.

Öz dilimdə düşünməsəm,

Torpağımı özgə əkər.

 

Ana südü haram olsun,

Öz dilinə xor baxanın.

Öz dilini ar bilənin,

Həqiqətə kor baxanın.

 

 

Güney Azərbaycanın və Təbrizin tarixi abidələri

Dünyanın ən uzunömürlü paytaxtlarından biri kimi tarixə düşən Təbriz Şərqi Azərbaycan ostanının inzibati mərkəzidir. Sahəsinə görə Tehran və Məşhəddən sonra üçüncü ən böyük şəhərdir. 2021-ci ildə əhalisinin 1627304 nəfər olduğu müəyyənləşən qədim Təbriz 1890-cı ildə İranda ən böyük şəhər sayılıb. Tarix boyu Yaxın Şərqin ən önəmli elm və mədəniyyət mərkəzlərindən biri kimi tanınan və əhalisinin böyük əksəriyyəti Azərbaycan türklərindən ibarət olan şəhərin meri İrəc Şəhin Baherdir. Eynalı-Eynəli, yaxud Eynal-Zeynal, Səhənd və Surxab dağlarının ətəkləri ilə əhatələnən və dəniz səviyyəsindən 1350-1410 metr yüksəklikdə yerləşən çox qədim tarixə malik ecazkar Təbriz Rəvvadilər, Azərbaycan Atabəyləri-Eldənizlər, Xarəzmşahlar, Elxanilər, Çobanilər, Cəlirilər-Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular, Qacarlar (İkinci paytaxt), Azadistan və Azərbaycan Milli Hökuməti dövrlərində paytaxt olub. Səfəvilərin paytaxt şəhəri olduğu dövrdə Təbriz dünyanın ən çox əhalisi olan beşinci şəhəri idi. Hətta şəhər əhalisinin sayı Osmanlı İmperiyasının paytaxtı İstanbulun əhalisinə bərabər idi. XVII əsrin tanınmış tarixçi-alimi Oruc bəy Bayat Təbrizi "Şərqin paytaxtı" adlandırıb. Təbrizə tutduğu əhəmiyyətli coğrafi mövqeyə görə, "İranın günbatan qapısı" da deyirlər.

Bəzi tarixçilər Tarui sözünün qədim türk dilində ikiqat qala mənasını verdiyini deyirlər. Təd-qiqatçılar qeyd edirlər ki, bu ikiqat qala indiki Təbriz şəhərinin yerində olub. Bir sıra mənbələrdə adı Tarui, Tarmakis, Turi, Taris, Tavrez, Tavriz, Toris, Təvreş, Tarbiz, Tabriz, Terbiz və s. kimi qeyd olunan "Təbriz" sözünün etimologiyası və şəhərin salınma tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar bu adın Surxab dağının qədim adı "Tori" ilə əlaqədar olduğunu, digərləri isə Təbriz kəlməsinin Təbriz-Tavris-Tavaris, yəni (tav)+(aris) "dağ+arası" mənasını verdiyini göstərirlər. İ.M.Dyakonov yazır ki, "Təbriz" sözünün ilkin forması olan "Tarui-Tarmakis" qədim assur dilində "ikiqat qala" deməkdir. "Təbriz" sözünü "Günəş saçan" mənasında izah edənlər isə onun əsasının qoyulmasını daha qədim dövrlərlə bağlayaraq atəşpərəstliklə də əlaqələndirirlər. J.Şarden də Təbrizdə olarkən şəhərin maliyyə idarəsində xəzinədar işləmiş Mirzə Tahirin söylədiklərinə istinad edərək "Təbriz" sözünü atəşpərəstliklə əlaqələndirib və tab-işıq, riz-saçan, yəni, "işıq saçan" mənasında izah edib. Səid Nəfisi də "Təbriz" sözünün ilk şəklinin "tab" olduğunu bildirib və bu adın məhz Səhənd dağlarında bir vaxtlar atəş püskürən vulkanlarla bağlı yarandığını qeyd edib. "Təbriz" sözünü dağ adı ilə əlaqələndirən Kontarini isə yazır ki, "Bu şəhərin yaxınlığında bir neçə qırmızı rəngli dağ müşahidə olunur. Deyirlər ki, onlar Tori dağları adlanır...".

Təbriz bu gün Güney Azərbaycanın ən böyük şəhəri, iqtisadi və mədəniyyət mərkəzi, Şərqi Azərbaycan əyalətinin inzibati mərkəzidir. Şəhərin 1.597.319 nəfərlik əhali kontingentinin böyük əksəriyyəti Azərbaycan türkləridir.

Tarix boyu Qaraqoyunlular (1375-1468), Ağqoyunlular (1469-1501), Səfəvilər (1501-1514; 1514-1534; 1535-1548; 1548-1585; 1603-1610; 1611-1724; 1730-1736), Osmanlılar (1514; 1534-1535; 1548; 1585-1603; 1610-1611; 1724-1730), Əfşarlar (1736-1747), Təbriz xanlığı (1747-1802), Qacarlar (1802-1827; 1828-1905; 1912-1925), Rusiya imperiyası (1827-1828), İran Konstitusiya İnqilabı (1905-1911); Rusiya imperiyası (1911-1912), Pəhləvilər (1925-1945; 1946-1979), Azərbaycan Milli Hökuməti (1945-1946), Müvəqqəti hökumət (1919-1979); İran İslam Respublikası (1979) kimi çoxsaylı dövlətlərin tərkibində olan Təbriz şəhəri əldən-ələ keçib, bu çarpışmalar zamanı şəhər əhalisi min bir zülmə qatlaşmalı, yağmalanmalara dözməli, boyun əyməli olub.

Seysmik zonada yerləşən Təbriz bəzi tarixi mərhələlərdə - 858, 1041 və 1721-ci illərdə baş verən dəhşətli zəlzələlər zamanı dağılıb, viran qalıb, tarixi abidələrin də bir çoxu dağılaraq məhv olub. Zəlzələlərdən salamat çıxan ən önəmli abidələr Ərk qalası və Göy məsciddir.

Təbriz qədim dövrlərdən Azərbaycanın paytaxtı olmaqla yanaşı, həm də atəşpərəstliyin mərkəzlərindən biri olub. Hazırda Təbriz-Baba dağı yaxınlığındakı Allahu-əkbər dağı üstündə möhkəm daş divarlara malik olan atəşgah binasının qalıqları saxlanır. Bu atəşgah xalq arasında Zərdüşt peyğəmbər atəşgahı adı ilə məşhurdur.

Tarixi abidələri sırasında Ərk qalası, Göy məscid, Təbriz Örtülü bazarı, Əmir Nizam evi, Həriri evi, Behnam evi, Kəmal parkı (Şeyx Kəmal məzarı), Şairlər məzarlığı, Xaqani parkı, Gülüstan bağı, Bağlar bağı, Qarı körpüsü, Aci çay körpüsü, Mənsur körpüsü, Cümə məscidi, Nobar hamamı, Eynəli (Aynalı) dağ silsiləsi önəmli yer tutur.

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.