Bizim gücümüz birliyimizdədir
Türk dünyası

Bizim gücümüz birliyimizdədir

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri

zərbaycan ordusu artıq dünyanın ən güclü ordularındandır. Təkcə İkinci Qarabağ müharibəsi zamanı ordumuzun göstərdiyi misilsiz hərbi gedişlər, döyüş taktikası dünya hərb tarixində heyrətlə qeyd olunur. Mükəmməl, mürəkkəb, eyni zamanda hünər, qeyrət sütunları üzərində qurulan Azərbaycan ordusu ilbəil inkişaf edib daha da möhkəmlənir. Beynəlxalq aləmdə hərbi təlimlərə qoşularaq öz peşəkarlığı ilə ön sıralarda yer alır. Hərbi təlimlər əlbəttə ordunun döyüş qabiliyyətinin artırılmasında əsas amillərdən biridir. Təlimlər ən mühüm hərbi əməliyyat tədbiri olaraq şəxsi heyətin döyüş vərdişlərinin möhkəmləndirilməsində, öz gücünə və qələbəyə olan inamının formalaşmasında başlıca rol oynayır.

Ordu quruculuğu istiqamətində müharibədən sonrakı dövrdə də uğurlu addımlar atılır. Ordunun döyüş qabiliyyətinin daha da gücləndirilməsi üçün lazımi tədbirlər həyata keçirilir. Vətən müharibəsindən sonra qeyd edilən istiqamətdə atılan uğurlu addımlardan biri də azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin əməliyyat və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsidir. Son illərdə Azərbaycan ordusunun qurulmasına və möhkəmlənməsinə xüsusi diqqət və qayğı göstərən ölkə başçısı İlham Əliyev həm də ordumuza bir sərkərdə kimi inanıb, güvənirdi. Elə bütün bunların da nəticəsidir ki, biz, Ermənistan üzərində öz şanlı Qələbəmizi qazandıq. Ordumuz müharibədən sonrakı dövrdə də öz peşəkarlığını artırmaq məqsədilə müxtəlif miqyaslı hərbi təlimlərdə uğurla iştirak edir. Qonşu, dost ölkələrlə birgə keçirilən hərbi təlimlər Azərbaycan ordusunun gücündən və peşəkar döyüş qabiliyyətindən xəbər verir.

Bizə dost, qardaş olan Türkiyə dövlətinin hərb tarixi və indiki vəziyyəti bizə örnək və məktəbdir. Elə bu baxımdan da son illər Azərbaycan və Türkiyə ordularının birgə təlimləri bölgədə sabitliyə xidmət edir. Türkiyə dövlətinin ərazisində, Qarsda keçirilən bu təlimlər bizə yeni uğurlar, peşəkarlıqlar qazandırsa da, düşmənlərimizə gözdağı verir. Hətta bəzi qonşularımızı narahat edir. Azərbaycan Müdafiə Nazirliyinin müxtəlif qoşun növlərinin, həmçinin xüsusi təyinatlıların həm Azərbaycan, həm də Türkiyə ərazisində keçirilən birgə təlimləri artıq xeyli müddətdir davamlı xarakter alıb. Ümumiyyətlə, Azərbaycan dost və tərəfdaş olduğu ölkələrlə davamlı olaraq hər zaman birgə hərbi təlimlər keçirir. Və əlbəttə ki, bu sırada ilk yeri qardaş Türkiyə tutur. Biz həm də doğma Türk hərb təcrübəsindən yararlanırıq. Təkcə 2021-ci ildə Azərbaycan və Türkiyənin müxtəlif qoşun növlərini təmsil edən birləşmələrinin "Mustafa Kamal Atatürk-2021", "Anadolu Qartalı-2021", "Sarsılmaz Qardaşlıq-2021" adlı birgə təlimlər keçirilmişdir. Həmçinin Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlılarının "Üç qardaş-2021" adlı birgə hərbi təlimləri keçirilib. Bütün keçirilən hərbi təlimlərin bir məqsədi var: Azərbaycan hərbi bazasını gücləndirmək. Düzdür, Ermənistan bu təlimlərə başqa don geyindirmək istəyir, ancaq səhv düşünür. Ermənistanın düşündüyünə görə, Azərbaycan Türkiyə ilə keçirdiyi birgə hərbi təlimlərə guya Qarabağda üçüncü müharibənin başlanmasına hazırlıq görür. Lakin Azərbaycanın Ermənistana olan cavabı çox da gecikməyib. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verərkən, xüsusilə bu məsələyə münasibət bildirərək deyib: "Ermənistan anlamalıdır ki, sülh müqaviləsi qaçılmazdır. Azərbaycanın üçüncü müharibəni başlamaq fikri yoxdur. Azərbaycanı bu işdə günahlandıranlar ya erməni təbliğatının qurbanları olublar, ya da ki, Azərbaycana qarşı yenə də uydurma və böhtan kampaniyası aparmaq istəyirlər". Həmçinin ölkə başçısı qeyd edib ki, "Yeni komando qüvvələri yaradılacaq. Onların sayı daha da artırılacaq. Xüsusi Təyinatlı Qüvvələrin sayı iki dəfə artırılıb, o cümlədən bütün təchizat ən yüksək səviyyədə təmin edilir".

Bəli, Azərbaycan hərbi təlimlərə, xüsusən də Türkiyə ilə birgə hərbi təlimlərə qoşulmaqla yalnız öz hərbi bazasını möhkəmləndirmək və inkişaf etdirmək barədə düşünür. Azərbaycan bütün dövrlərdə sülh tərəfdarı olub və heç zaman müharibə istəməyib. Qardaş Türkiyə ilə birgə hərbi təlimlərə qoşulması isə iki qardaş, dost dövlətin, millətin birgə hərbi təcrübəsi və peşəkarlıq bacarığıdır. Azərbaycan və Türkiyə hərbçilərinin Qarsda keçirilən "Qış-2023" birgə hərbi təlimləri iki dövlətin hərbi gücünün göstəricisidir.

Ramidə YAQUBQIZI,

"Respublika".