GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

ƏRGİN AVŞAR

Siyamək Hüseynəlizadə, Ərgin Avşar 1966-cı ildə Təbriz şəhərindən 220 kilometr uzaqlıqda yerləşən və Şahlıq rejimi tərəfindən adı dəyişdirilərək Şahindej edilmiş Sayınqalada anadan olub. İbtidai və orta məktəbi Sayınqalada bitirəndən sonra Uluyurdun quzeyinə üz tutub.  Quzey Azərbaycanda Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Bakalavr pilləsini bitirəndən  sonra yenidən Təbrizə qayıdıb və ixtisası üzrə magistr pilləsinə daxil olub. Şairin Quzey Azərbaycanla da sıx əlaqəsi var. Quzey Azərbaycanın bir sıra ədəbi, mədəni və elm xadimləri ilə qarşılıqlı dostluq əlaqələrini qoruyub saxlayır. Sevdiyi şairlər sırasında ən başda ustad Şəhriyar və Aşıq Veysəl durur.  Ərgin Avşar çox sevdiyi ərəb şairi Cübran Xəlil Cübranın şeir toplusunu türkcəyə çevirib və Dəli (Çılğın) adı ilə çap etdirib.

Əlifba

Hansısa ulusun dili

Beş, altı əlifba ilə yazılır?

Mənim xalqımın da

Acısı, sevgisi

Bir, iki əlifbaya sığmayır.

 

HƏMİD ŞƏHANƏQİ

1967-ci ildə Xoy şəhərində dünyaya göz açıb. İlk və orta təhsilini doğma şəhəri Xoyda tamamlayıb. Təbriz Universitetinin kitabxanaçılıq fakültəsində ali təhsil alıb. Şəhanəqi kiçik yaşlarından türk dili və ədəbiyyatı ilə maraqlanıb, zəngin türk ədəbiyyatı xəzinəsini öyrənməyə başlayıb. O, özünü həm nəsrdə, həm də poeziyada sınayıb, bir sıra dəyərli əsərlər yaradıb. Şairin bir çox şeir və məqalələri ayrı-ayrı qəzet və jurnallarda dərc olunub. Onun  "Zəncirdə sevda" şeirlər toplusu oxucuların dərin rəğbətini qazanıb.

Şəhanəqi əsərlərini böyük türk şairləri Həbib Sahir, Səhənd, Nazim Hikmət, Bəxtiyar Vahabzadə və başqalarından təsirlənərək qələmə alıb. O, yaradıcılığında əsasən sərbəst şeirə üstünlük verir.

Şəhanəqinin əsərləri 1985-ci ildən nəşr olunur. O, yalnız şeir yazmaqla kifayətlənmir, eyni zamanda Azərbaycan folkloru və ədəbiyyatı üzrə elmi yaradıcılıqla da məşğuldur.

GÖZƏL

Sən gözəlsən

Azərbaycan tək

Sən barı

Saçlarını aç

Dağıt

Dağıt

Xoşum gəlmir zəncirdən!!!

 

ARAZ ƏHMƏDOĞLU

"Mən, Abbasəli (Araz) Əhmədoğlu, 1968-ci il martın 10-da Güney Azərbaycanın Xoy şəhərində anadan olmuşam. Məktəbə getməzdən öncə atamdan yazıb-oxumağı öyrənmişdim və sinfimizdə digər şagirdlər içərisində birinci idim. Ata və babalarım əkinçiliklə məşğul olmuş, bu yolla zənginləşmişlər. Onlar dindar idilər və gözəl səsləri, avazları var idi. 1986-cı ildə orta məktəbi bitirdim və Şiraz Universitetinin radiotexnika bölümünə daxil oldum. Tələbəlik illərində qürbətin, qəribliyin acısını, dərdini dərindən duydum. Mənim türk ləhcəsi ilə fars dilində danışmağımı lağa qoyub gülməsinlər deyə, gecə-gündüz farsca danışmağa çalışdım. Türk ləhcəmi az-çox itirsəm də adımı və soy adımı saxlaya bildim. Elə məqam oldu ki, adımı dəyişməyə qərar verdim. Elə bu arada bir erməni tələbə Rəşid Behbudovu mənə tanıtdı və kasetini verdi. Onun kasetinin üzünü köçürdüm və bütün mahnıları öyrənib yaddaşıma həkk elədim. 1990-cı il mənim ömrümdə dönüş nöqtəsi oldu. Çünki həmin ildə mən "Varlıq" jurnalı, Hacıbaba Hüseynov, Bakı radiosu və Azərbaycanın muğam musiqisi ilə tanış oldum. Elə həmin ildən türk dilində yazıb-oxumanın dadını anladım. 1996-cı ildə Təbriz Universitetinin ingilis dili və ədəbiyyatı bölümünə daxil oldum. Bu hadisə dünyagörüşümdə böyük bir dəyişikliyə səbəb oldu. Hazırda təhsilimi mükəmməlləşdirirəm ki, xalqıma daha gərəkli mütəxəssis kimi fayda verə bilim...". 

Bir yanda şairlər şeir oxuyur,

Bir yanda Tar "Muğam" deyir, oxuyur.

Bir yanda teatr oynayır ərənlər,

Bir yanda tarixdən deyir iyidlər.                  

 

Bir yandan səs gəlir: "Ölsün faşistlər!"

Bir yandan isə: "Ölsün şovinistlər!"

Bir yandansa: "Ya azadlıq, ya ölüm!"

Bir yandansa: "Ya Qarabağ, ya ölüm!"

İldırım gurultusuyla:

"Azərbaycan bir olsun ..."

Daha gurultulu səslə:

"Türk dilində mədrəsə,

Olmalıdır hər kəsə!"

 

YAQUB NAMİ

1968-ci ildə Güney Azərbaycanın cənnət guşəsi olan Qaradağ mahalının Şəbxanə (Şoxana) kəndində anadan olub. 6 yaşında ikən ailəsi ilə bərabər Təbrizə köçub və o zamandan Təbrizdə yaşayır. Təbrizdə orta və orta ixtisas təhsili alıb. Hazırda  inşaat mühəndisi kimi çalışır.

Klassik şeir üslubunda əsərlər yazıb. Sərbəst, azad şeir şəklində yazdığı şeirlərin öz oxucu auditoriyası vardır. "Bu gecə mahnılanacaq ay sən üçün" şeir kitabı Təbrizdə yayımlanıb.

Təbriz

Zamanlar, tufanlar, boranlar, qarlar

Hamısın sındırıb gobud divarlar,

Əsdirir başını qoca çınarlar,

Əlləri dizində qalalı Təbriz.

***

Bir zaman dağların ərşə ucalmış,

Günəşdən bac almış, aydan bac almış,

Nədən gəncliyində belə qocalmış

Aybəniz, laçınlı, sonalı Təbriz?

***

İnamla yaşıram gələcəyi mən,

Çiçəklər açılıb, güləcək çəmən,

Düşsə də başına hərdən bir ağ dən,

Qartaldır yaşayar, yaralı Təbriz.

Təqdim etdi:

Esmira FUAD,

filologiya elmləri doktoru.