SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Sən demə, bu problem qadınları xilas edirmiş

Amerikalı alimlər qadınları sevindirəcək mühüm bir araşdırmaya imza atıblar. Belə ki, elm adamları bir çox qadınların kabusuna çevrilən sellülit probleminin əslində onları bəzi xəstəliklərdən qoruduğunu ortaya çıxarıblar. "Diabetes" jurnalında dərc olunan araşdırmaya görə, qadınlarda bir çox səbəblərdən ortaya çıxan sellülit onları insult və demensiyadan qoruyur.

ABŞ-ın Corciya ştatından olan tədqiqatçılar qadınlarda bədənin müəyyən nahiyələrində toplanan piy qatının insult və demensiyanın qarşısını aldığını söyləyirlər. Elm adamları qəsdən kökəlməyi tövsiyə etməsələr də, dərialtı yağın orqanizmi iltihabla əlaqəli xəstəliklərdən qoruduğunu deyirlər.

Statistik hesablamalara görə, selülit qadınların 85%-də rast gəlinir. Alimlərin sözlərinə görə, bu problem gənc, yaşlı, arıq və ya kök olmasından aslı olmayaraq bütün xanımlarda meydana çıxa bilər.

Məlumat üçün qeyd edək ki, sellülit lokallaşdırılmış yağ, toksin və sudan ibarət kiçik bir yataqdır. Bu elementlərin birləşməsi dərinin qeyri-bərabər görünüşünə səbəb olur ki, bu da genetik faktorlar, qidalanma vərdişləri, oturaq həyat tərzi, dərinin sallanması, qan dövranı, hormonal dəyişikliklər, stress və narahatlıqla əlaqələndirilir. Sellülitin piylənmə ilə əlaqəli olduğu düşünülsə də, bu, həmişə belə deyil. Çünki belə bir problemə arıq insanlarda da rast gəlinir.

Xatırladaq ki, alimlər ürək-damar xəstəliyi riskinin bədənin quruluşundan asılı olduğunu bildiriblər. Həkimlərin sözlərinə görə, piyin qarın nahiyəsində yığılması ürək-damar xəstəlikləri üçün ən mühüm risk faktoru kimi tanınır. Bu, hətta 35-45 yaş arası insanlar üçün də ölümcül ola bilər.

 

Gözlərinizin nurundan məhrum olmaq istəmirsinizsə...

Avstraliyalı elm adamları sitrus meyvələrindən olan portağal və qreyfrutun görmə itkisinin qarşısını ala biləcəyini ortaya çıxarıblar. Alimlər iddia edir ki, bu meyvələrin tərkibindəki birləşmələr görmə itkisi riskini 60 faiz azalda bilər. Bu səbəbdən də mütəxəssislər gündəlik qida rasionuna C vitamini ilə zəngin portağal və qreyfrutun daxil edilməsini tövsiyə edirlər.

Aparılan tədqiqatlar zamanı məlum olub ki, sözügedən meyvələr sarı cismin degenerasiyasının qarşısını alır, bu isə görmənin itirilməsinə səbəb olan əsas amildir. Sarı cismin pozulmasının ilk simptomu isə görmənin yayılması və bulanmasıdır. Alimlər müəyyən ediblər ki, müntəzəm olaraq 1-2 ədəd portağal və ya qreyfrut istehlak etmək sarı cismin degenerasiyasının inkişafına mane olur.

Qeyd edək ki, tədqiqat 15 illik təcrübələr əsasında aparılıb. Adıçəkilən meyvələrin tərkibində olan flavanoidlərin gözlərə ümumilikdə müsbət təsir etdiyi məlum olub.

Alimlər, həmçinin qeyd ediblər ki, qreyfrut və portağal sağlam bir bəslənmə vərdişi əldə etmək, arıqlamaq istəyənlər üçün əlverişli qida olsa da, bəzi dərmanlar xüsusilə statin həbləri bu meyvələrlə qarşılıqlı təsirə girə bilər. Bu səbəbdən də mütəxəssislər dərman qəbul edənlərə həkim tövsiyyəsi olmadan sözügedən meyvələrdən istifadə etməməyi məsləhət görürlər.

İnformasiya sözcü.com.tr veb saytında yayımlanıb.

 

Bu içkilər keçəlləşmə riskini artırır

Çinli elm adamları keçəlləşmə ilə əlaqəli araşdırma aparıblar. Aparılan tədqiqatlar zamanı məlum olub ki, gün ərzində hətta bir dəfə də olsa tərkibində şəkər olan qazlı içki qəbul etmək keçəlləşmə riskini artırır.

Çinin Tsinghua Universitetinin alimləri tərəfindən aparılan araşdırmada 18-45 yaş arası mindən çox kişinin sağlamlıq məlumatları və nümunələri təhlil edilib. Əldə edilən nəticələr fanta, kola kimi şəkərli içkilərin keçəlləşmə riskini təxminən 60 faiz artırdığını göstərib.

Araşdırma zamanı sözügedən içkilərdən nadir hallarda istifadə edənlərdə saç tökülməsinin çox az olduğu müşahidə edilib. Tədqiqatı aparan mütəxəssislər şirin qəhvə, çay kimi içkilərin də oxşar nəticələrə səbəb olduğunu ehtimal edirlər. Ancaq buna baxmayaraq, mineral suyun riskli olmadığı vurğulanıb.

Tədqiqatçılar hesab edirlər ki, həddindən artıq şəkər insulin müqavimətinə yol açaraq qan axınına təsir edir və saç köklərini zəiflədir. Bundan əlavə, qeyd olunub ki, şəkərli və qızardılmış qidalar da keçəlləşmə riskini artırır.

"Nutrients" elmi jurnalında dərc edilən araşdırmaya görə, son dövrlər dünyada kişilər arasında geniş yayılan keçəlliyə şəkərli içkilərin qəbulu ilə yanaşı, düzgün qidalanmamaq da səbəb ola bilər. Digər tərəfdən isə mütəxəssislər keçəlliyin həyat tərzi ilə yanaşı, genetik faktorlardan da qaynaqlandığını söyləyirlər.

 

Hansı qidalar birlikdə istehlak edilməlidir?

Bəzi qidaları birlikdə istehlak etdikdə onların qida dəyərini artırdığını və orqanizm tərəfindən daha səmərəli şəkildə mənimsənildiyini bilirsinizmi?

Məsələn, aparılan araşdırmalarla sübut edilib ki, pomidor və zeytun yağının birlikdə istifadəsi ürək üçün çox faydalıdır. Belə ki, pomidorun tərkibindəki likopen adlı güclü antioksidant yağda yaxşı həll olunduğu üçün zeytun yağı ilə birlikdə istehlak edildikdə ürəyə müsbət təsir edir. Bundan əlavə, qırmızı ət və rozmarin cütlüyü də əla seçimdir. Çünki rozmarinin tərkibində olan karnozik turşusu və antioksidantlar qocalma əlamətlərinin əsas səbəblərindən biri olan ətdəki sərbəst radikalları mənimsəməklə yanaşı, həm də onları məhv edə bilir. Sarımsaq və balıq yağının birgə istehlakı isə iltihab əleyhinə güclü təsir göstərir.

Yaşıl çay və limon qarışığı da olduqca faydalıdır. Belə ki, yaşıl çay katexinlə zəngin olduğu üçün maddələr mübadiləsini sürətləndirir. Güclü antioksidant qaynağı olan, C vitamini ilə zəngin limon yaşıl çayla birlikdə istehlak edildikdə, antioksidant qabiliyyəti artır və immuniteti gücləndirir.

Sağlam sümüklərə sahib olmaq üçün isə kələm və yağlı balığın birgə istehlakı tövsiyə edilir. Belə ki, kələm güclü kalsium mənbəyidir. Kalsiumu udmaq üçün isə orqanizmə D vitamini lazımdır. Buna görə də kələmi D vitamini ilə zəngin olan qızılbalıq, skumbriya, tuna kimi yağlı balıqlarla birləşdirə bilərsiniz. Kalsium sümüklərin inkişafı üçün çox vacibdir. Bundan əlavə, kalsium və D vitamini baxımından zəngin olan pendir və yumurta sarısı da eyni təsirə malikdir.

Ürək-damar xəstəliklərindən qorunmaq üçün isə tərkibi Omeqa-3 yağ turşuları ilə zəngin olan balıq məhsullarını badamla birlikdə yeyə bilərsiniz. Qırmızı ət və yerkökü də bu baxımdan çox faydalıdır. Çünki yerkökünün tərkibindəki A vitamini zülalla zəngin olan qırmızı ətlə birləşdikdə orqanizm tərəfindən yaxşı mənimsənilir. A vitamini güclü antioksidant olduğundan ürəyi və immunitet sistemini gücləndirir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".