GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

"Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikirləri yaddaşlarımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Yer üzünə səpələnmiş soydaşlarımızın coğrafiyasını, yerləşdikləri ölkələrdəki real vəziyyəti, mövcud reallıqları nəzərdən keçirdik. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq. Türkün əzəli-əbədi düşmənlərinin fitnəkar əməlləri, xain hücumları ilə bütöv Azərbaycan məkanca ayrılığa məhkum edilsə də, ulu xalqın mənən bir-birindən uzaq düşmədiyinə, bu həsrəti daim yaşayan Güneyin Quzeydən heç vaxt ayrılmadığına bir daha əmin olduq. Bu gün də belədir. Vətən müharibəsində bir sıra ölkələrdən dəstək gəldiyi o günlərdə ilk sırada yer alanlardan biri də güneyli qardaşlarımız oldu.

2020-ci ilin 27 sentyabrından başlayaraq bütün Güney Azərbaycanda - Təbriz, Miyana, Astara, Culfa, Urmiya, Sulduzda yaşayan soydaşlarımız Araz çayı boyunca toplaşaraq qan və can qardaşlarına azğın düşmənə qarşı vuruşda dəstək ifadə etdilər. Arazın o tayında yazarlarımız hələ də susmayıblar... Şanlı əsgərlərimizin, ordumuzun, Xüsusi Təyinatlı Qüvvələrdən olan igidlərimizin, müqəddəs amal uğrunda canından keçən Milli Qəhrəmanlarımızın ədəbiyyatda daha parlaq obrazını yaratmaq əzmi ilə qələmlərini sınamaqda davam edirlər...

Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdəki fəaliyyətində dünyada yaşayan, əsasən də cənubi azərbaycanlılara həssaslıqla yanaşmışdır. Şəxsi təşəbbüsü və qayğısı ilə 1976-cı ildə Azərbaycan SSR-də "Cənubi Azərbaycan" məfhumu həm elmi, həm siyasi termin kimi rəsmiləşdirilmiş, Azərbaycan Yazıçılar İttifaqı, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsi, AMEA-nın Ədəbiyyat və Şərqşünaslıq institutlarında müvafiq şöbələr təsis edilərək fəaliyyətə başlamışdır.

Ümummilli lider Heydər Əliyev siyasətini davam etdirən cənab Prezidentimiz İlham Əliyevin də dediyi: "Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlıların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik" - fikri bir daha Azərbaycanın dövlət başçısının dünya azərbaycanlılarına, o cümlədən cənubdakı soydaşlarımıza diqqətinin əyani sübutudur.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

BƏHRUZ İMANİ

1964-cü ildə Sərab şəhərində anadan olub. İlk və orta təhsilini doğma şəhərində bitirdikdən sonra 5 il müddətində Tehranda "Yol" dərgisində yazar kimi fəaliyyət göstərib. Hazırda 20 ildir ki, Təbrizdə ana dilimiz uğrunda yorulub usanmadan çalışır. Təbriz radiosunda beş il Azərbaycan şifahi xalq ədəbiyyatı ilə bağlı "Şəlalə" adlı verilişin, iki il isə "Səhər" dərgisinin baş redaktoru olub.

 

Bənzətmə

Quşlar son təmkinliklə

yuva qurmaqdaydı.

Şairlər

Günəşi günəbaxan gülünə,

buğdanı çörəyə,

sözləri isə

özgürlüyə

bənzətdilər...

 

ƏNSAR QARADAĞLI

1964-cü ildə Kəleybər şəhərinin Uzu kəndində dünyaya göz açıb. Kənd məktəbində ibtidai təhsilini bitirdikdən sonra orta təhsil almaq üçün Təbrizə köçüb. "Pacarqard" məktəbində təhsilinə davam edərkən ölkədə şahlıq quruluşuna, istibdad rejiminə qarşı xalq hərəkatı vüsət alıb. Buna görə də gənc vətənpərvər soydaşları kimi həmin hərəkata qoşulub və təhsilini yarımçıq qoyub. İran-İraq müharibəsi bölgələrinə yollanıb. Əsgərlik müddəti başa çatdıqdan sonra milli ordunun tərkibinə qatılıb və yenidən döyüşə gedib. Cəbhədə qumbara partlayışı zamanı bədəninin müxtəlif yerlərində qəlpə yaraları alıb. 1986-cı ildən polis sistemində xidmət edir.

Şair ədəbiyyata ana dilinə olan məhəbbətinin, ana dilində şeir yazmağa başlamasının sirlərini belə açıqlayır: "Uşaqlıq çağlarından ana dilimi sevmişəm. "Koroğlu" , "Əsli və Kərəm", bayatılar və başqa xalq ədəbiyyatı nümunələrini böyük maraqla oxumuşam. Axı mən Qaradağlıyam. Onun füsunkar təbiəti - uca dağları, yamyaşıl çölü, düzləri, bütün bunlar mənim təbimi coşdurub və mən 23 yaşımda ikən ana dilində şeir yazmağa başlamışam. Amma bir yandan Güneydə türkdilli məktəblərin olmaması, digər tərəfdən də daşıdığım polis vəzifəsi türkcə yazıb-yaratmağıma çətinlik törədib. Bütün bunlara baxmayaraq, təbim coşduqca yazıb-yaratdım və onlarca şeir toplusu meydana gəldi. İlk şeirim "Füruği-azadi" qəzetində dərc olundu. Bu günədək 200-dən çox əsərim müxtəlif mətbu orqanlarda çap olunub".

Vətən

Bir adın da yuva sənin,

Hər arzumuz ağ göyərçin,

Yerlər uca, göylər dərin,

Olanmıram sən nəfəsdə,

Hər qanadım bir qəfəsdə!

 

Yuva dərdi, vətən dərdi,

Məni mənlə döyüşdürdü,

Qılıncıma kim can verdi?!

Borcum qaldı bir nakəsdə,

Hər qanadım bir qəfəsdə!

 

Bağışlasın göylər məni,

Qızıl qanla yudum qanı,

Qul eylədim Süleymanı,

Bax, fələyə verdim dərs də,

Hər qanadım bir qəfəsdə!

 

Qız kəhkəşanlar göz yaşı,

Vətənimin təməl daşı,

Özüm naşı, ustam naşı,

Qulaqlarım hələ səsdə,

Hər qanadım bir qəfəsdə!

 

FƏRİBA İBRAHİMİ (AFAQ)

1965-ci ildə Meşkin şəhərində anadan olub. Ali təhsilini doğulduğu şəhərdə alıb. Əsərləri müxtəlif dərgilərdə dərc edilib, 2000-ci ildə "Sabaha yol" adlı ilk şeirlər kitabı işıq üzü görüb. Nəsr sahəsində də bacarıqlı yazar kimi tanınmıış Fəriba İbrahimi Afaq, həm də istedadlı rəssamdır.

Güney Azərbaycanı türklərinin sosial məsələlərinin həllində, hüquqlarının müdafiəsində aktivdir və soydaşlarının haqlarının pozulmaması uğrunda çalışır.

 

Ana dilim

Sənlə yaşayıram, səninlə varam,

Həyat peykərimə göz, ana dilim.

Sənsən əski günüm, gələcəyim də.

Yabançı sözlərə döz, ana dilim.

 

Yaltaqlıq qoxusu sənə çatmasın,

Qarşı çıx yasağa, haqqın batmasın,

Elə arxalan ki, səni atmasın,

Sənət dəryasında üz, ana dilim.

***

Söylə dərdimizi, tap dərmanın da,

Güvənək qüvvəsinə, ellər yanında,

Qorqud Dədəmizin denən şanından,

Aşıqlar sazından söz, ana dilim.

***

Əsrlərdən başda bizə sarı ax,

Dostları sevindir, düşmənləri yax,

Afaqa yayılıb zənginliyin bax,

İncilər misrada düz, ana dilim.

Təqdim etdi:

Esmira FUAD,

filologiya elmləri doktoru.