Elmə həsr olunmuş ömür
Elm və təhsil

Elmə həsr olunmuş ömür

Azərbaycanın dünyaşöhrətli geoloqu, geologiya-mineralogiya elmləri doktoru, Əməkdar elm xadimi, akademik Mirəli Qaşqay 7 yanvar 1907-ci ildə Gəncə şəhərində anadan olub. 1912-ci ildə Gəncə gimnaziyasında oxuyub.

1930-cu ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) dağ-mədən fakültəsini bitirərək dağ-mədən mühəndisi-geoloq ixtisasını almışdır. Elə həmin il SSRİ Elmlər Akademiyasının Petroqrafiya İnstitutunun aspiranturasına daxil olmuşdur. 1934-cü ildə "İstisu mineral bulaqlarının geoloji-petroqrafik və geokimyəvi səciyyəsinə dair" namizədlik dissertasiyasını müdafiə etmişdir. Kəlbəcər sahəsinin faydalı qazıntıları, o cümlədən İstisu mineral su yatağının hərtərəfli tədqiqi məhz akademik Mirəli Qaşqayın adı ilə bağlıdır. Azərbaycanda petrologiya, mineralogiya, filiz və qeyri-filiz faydalı qazıntı yataqları ilk dəfə akademiklər M.Qaşqay və Ş.Əzizbəyov tərəfindən öyrənilmişdir. Maqmatiq əmələgəlmələrin maddi tərkibi, yayılma və yerləşməsi, habelə onlarla əlaqədar olan faydalı qazıntı yataqlarının formalaşma qanunauyğunluqları tədqiq edilmiş, filiz yataqlarının geoloji-struktur xüsusiyyətləri müəyyənləşdirilmişdir. Kiçik Qafqazın mərkəzi hissəsinin və Talışın hiperbazitləri və bazitlərinin tədqiqinin nəticələri "Azərbaycanın əsas və ultraəsas süxurları" adlı monoqrafiyasında yekunlaşdırılmışdır. Bu əsərə görə, ona 1942-ci ildə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir.

Onun elmi fəaliyyəti olduqca çoxşaxəli olmuşdur. Alim mineralogiya və geologiya, tektonika və maqmatizm, petrologiya və metallogeniya, mineral suları və termal sular, stratiqarafiya və litologiya, tikinti materialları və s. elm sahələrini əhatə etmişdir. Akademik ölkəmizdə mineralogiya-geokimya və petrologiya-metallogeniya elmi məktəblərinin əsasını qoyanlardan biridir.

Akademik M.Qaşqay Daşkəsən dəmir-kobalt və alunit filiz yataqlarını öyrənmiş, Kiçik Qafqazda skarnların alümosilikat süxurların hesabına əmələ gəlməsi, Qafqaz mis və kükürd kolçedanı yataqlarının mənşəyinin intruzivlə deyil, vulkan püskürmələri ilə əlaqədar olması barədə nəzəriyyələr irəli sürmüşdür. Alim Daşkəsən filiz rayonunun faydalı qazıntılarının və Zəylik alunit yatağının tədqiqatçısıdır. Onun "Zəylik yatağında alunitləşmə və kaolinləşmə", "Azərbaycan əsas ulturahəssas süxurları", "Azərbaycanın mineral qaynaqları", "Tərtər çayının yuxarı axarının geologiyası", "Şuşa rayonunun geoloji-petroqrafik xarakteristikası, mineral qaynaqları və faydalı qazıntıları", "Listve-nitlər, onların genezisi və təsnifatı" və başqa fundamental əsərləri keçmiş SSRİ-də və bir çox xarici ölkələrdə geniş yayılmışdır. O, yeddicildlik "Azərbaycan geologiyası" nəşrinin tərtibatçılarından biri olub. Mirəli Qaşqay ölkəmizdə olan bir sıra faydalı qazıntı yataqlarının, o cümlədən iri perlit və obsidian yataqlarını ilk kəşf edənlərdəndir. Kiçik Qafqazda və Sibirdə bir sıra metal və qeyri-metal faydalı qazıntı yataqlarını, Kəlbəcərdə obsidian və perlit yataqlarını kəşf etmişdir. Filizəmələgəlmə proseslərinin isə bir sıra fundamental problemlərini həll etmişdir. Mirəli Qaşqay gərgin əməyi nəticəsində respublikada 220-yə yaxın mineral və termal mənbələrin olduğunu müəyyən etmişdir. Alim Azərbaycanın hidrokimyəvi rayonlaşdırılmasının əsas prinsiplərini işləyib hazırlayıb və beş min metrədək dərinlik istiliyinin yayılma qanunauyğunluqlarını əks etdirən orijinal "Azərbaycanın geokimyəvi xəritəsi"ni tərtib etməyə əsas vermişdir.

Alim Azərbaycanın bir çox bölgələrində geniş geoloji tədqiqat işləri aparıb, filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyasını və mineralogiyasını hərtərəfli öyrənib. Onun bir çox əsərləri, o cümlədən "Dünya alunit yataqlarının tədqiqi"nə dair ikicildlik əsəri ölkə geologiya-mineraloqlarının masaüstü kitabına çevrilib. Mirəli Qaşqayın Yer elmləri sahəsindəki xidmətləri xarici ölkələrdə geniş qeyd edilmişdir. Onun elmi əsərləri İngiltərə, İspaniya, Bolqarıstan, ABŞ, Yaponiya, Kanada və digər ölkələrdə çap olunaraq yayılmışdır. Akademikin adı görkəmli alim kimi bir çox ölkələrin ensiklopediya və məlumat kitablarına ("Kim kimdir" - Avstriya, "Kim kimdir" - ABŞ, Çikaqo) daxil edilmişdir. O, 1967-ci ildə sovet nümayəndə heyətinin tərkibində Poquoş Sülh Konfransının işində iştirak etmişdir. Onun "Yeraltı sərvətlərin vəhşicəsinə istismarı haqqında" və "Ərəb şərqi və onun təbii sərvətləri" mövzularında etdiyi çıxışları o dövrün tərəqqipərvər dairələrində böyük marağa səbəb olmuşdur.

Akademik Mirəli Qaşqay filiz əmələgəlmə proseslərinin bir sıra fundamental problemlərini həll edib. O, görkəmli alim olmaqla yanaşı, həm də bacarıqlı elm təşkilatçısı olub. 1938-ci ildə Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu), 1945-ci ildə isə Azərbaycan SSR Elmlər Akademiyasının təsisçilərindən biri və Akademiyanın ilk akademiki olmuşdur. Eyni zamanda bir neçə il Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda filiz yataqlarının mineralogiyası, petroqrafiyası və geokimyası şöbəsinə rəhbərlik etmişdir. Hətta Mirəli Qaşqayın təşəbbüsü ilə Bakı Dövlət Universitetində geoloji-coğrafiya fakültəsi, petroqrafiya, mineralogiya və kristalloqrafiya kafedrası, geologiya və faydalı qazıntılar muzeyi yaradılmışdır. Akademik uzun illər ərzində Geologiya İnstitutunda filiz yataqlarının geokimyası və mineralogiya şöbəsinə rəhbərlik etmiş və böyük bir məktəb yaratmışdır.

Mirəli Qaşqay özündən sonra böyük elmi irs qoymuşdur. Onun rəhbərliyi ilə 35 namizədlik, 10 doktorluq dissertasiyası müdafiə edilmişdir. 600-dən çox elmi əsərin və 35 monoqrafiyanın müəllifidir. Onun "Azərbaycanın mineral suları", "Perlitlər və obsidianlar və onların fiziki-kimyəvi xüsusiyyətləri", "Daşkəsənin petrologiyası və metallogeniyası", "Alunitlər, onların genezisi və istifadəsi", "Listvenitlər, onların genezisi və təsnifatı" kimi fundamental əsərlərin müəllifidir. Mirəli Qaşqay Leninqrad, Moskva, Lvov mineralogiya və geologiya cəmiyyətlərinin üzvü, Böyük Britaniya və İrlandiya, ABŞ mineralogiya cəmiyyətlərinin həqiqi üzvü, Ümumittifaq Mineralogiya Cəmiyyətinin fəxri üzvü seçilmişdir. Alim Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı", "Oktyabr İnqilabı" ordenləri və medallarla təltif olunmuşdur. Mirəli Qaşqay iki dəfə, 1945-1962-ci illərdə Azərbaycan Elmlər Akademiyasının akademik katibi seçilib.

Mirəli Qaşqay 23 aprel 1977-ci ildə Bakı şəhərində vəfat etmişdir. Akademik I Fəxri Xiyabanda dəfn olunub.

 Ramidə YAQUBQIZI,

 "Respublika".