Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ
Ekologiya

Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Təbiət yasaqlıqları seriyasından Rvarud Dövlət Təbiət Yasaqlığı haqqında yazını dərc edirik.

"Respublika".

 

Rvarud Dövlət Təbiət Yasaqlığı

Lerik rayonu 1930-cu ilin avqust ayında təşkil olunmuşdur. Rayon 1938-ci ilədək Zuvand adlandırılmışdır. Əhalisinin sayı 86585 nəfərdir (2020). 2008-ci il tarixində rayon mərkəzi olan Lerik qəsəbəsinə şəhər statusu verilmişdir. Lerik cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Masallı, şərqdə Lənkəran, cənub-şərqdə Astara rayonu ilə həmsərhəddir. İran Respublikası ilə sərhəd zolağının uzunluğu 49,5 kilometrdir. Ən yüksək zirvələri Talış silsiləsindəki Kömürgöy və Qızyurdu yüksəkliyidir. Rayonun iqtisadiyyatının əsasını əkinçilik, heyvandarlıq və kartofçuluq təşkil edir. Qismən tərəvəzçilik və meyvəçilik də inkişaf etdirilir. Lerik rayonunun bitki örtüyü əsasən kolluq, seyrək meşəli çəmənliklərdən və dağ meşələrindən (palıd, vələs, fındıq, qızılağac, dəmirağacı və s.) ibarətdir. Ümumi meşə sahəsi 40306 hektardır. Faunası (heyvanlar aləmi) də müxtəlifliyi ilə seçilir. Burada canavar, tülkü, çaqqal, ayı, dovşan, meşə pişiyi və s. rast gəlmək olar. Rayonun qışı sərt keçir. Dağlıq ərazilərdə temperatur mənfi 15-20 dərəcəyədək yüksəlir. Yayı isə mülayim istidir.

Rayon ərazisində 200-dən çox təbiət və tarixi abidələr vardır. Ən qədim yaşayış məskəni kimi tarixə düşən Büzeyir mağarası, XI-XII əsr tarixi abidələri - Oğlan və Qız qalaları, XIV əsrə aid Xoca Seyid Türbəsi, XII əsrə aid Cabir türbəsi, qoç heykəlləri, qədim yaşayış yerləri, mağaralar vardır. Lerik rayonu ərazisində Talış və Peştəsər dağ silsiləsinin arasında özünəməxsus flora və faunaya məxsus olan Diabar çökəkliyi, Zuvand yasaqlığı yerləşir.

Azərbaycan Respublikası ərazisində xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi məqsədilə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 oktyabr 2009-cu il tarixli Qərarına əsasən Rvarud Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. Yasaqlıq 1333,0 hektar sahəni əhatə edir ki, onun da 510,0 hektarı Rvarud, 315,0 hektarı Anzolu, 508,0 hektarı isə Yeri kəndinin ərazisində yerləşir. Rvarud yasaqlığı bu ərazilərin zəngin flora və faunasını qorumaqla bərabər bölgədə turizmin inkişafına da xidmət edir. Burada təbiət əsasən yaz mövsümündə daha cəlbedici olur. Ərazinin 4-cü dövr buzlaşmasına məruz qalmaması, dəniz səviyyəsindən yüksəkdə yerləşməsi relikt və endemik bitkilərin inkişafı ilə bərabər öz təbii xassələrini qorunmasına səbəb olub. Rvarud Dövlət Təbiət Yasaqlığının ərazisi andız, təbii qızılgül, gülxətmi, kəklikotu, itburnu, zirinc və s. kimi minlərlə müalicəvi əhəmiyyətli bitkilərin məskənidir. Yasaqlığın yaradılması, həm də antropogen fəaliyyət nəticəsində ərazisinin təbiətinin dəyişdirilməsinin qarşısını almaqdır.

Yasaqlıqda ot bitkilərindən qızılı gəvən, yovşan, məryəmnoxudu, sığırquyruğu, boymadərən daha çox yayılmışdır. Quşlardan burada əsasən adi çil kəklik, xınalı kəklik, qartal növləri, qırğı növləri; məməlilərdən isə Bezoar keçisi, zolaqlı kaftar, çöl donuzu, boz dovşan, boz canavar, adi tülkü və s. yayılmışdır. ərazinin iqlimi qışda soyuq, yayda mülayimdir. Ərazi əsasən dağlıq, qismən də düzənlik relyefə malikdir. Belə ki, ərazidə Biləband, Cəngəsə, Hiryəsə, Səhal adlı təpə və dağlar mövcuddur. Həmçinin burada şirin su mənbələri olan təbii bulaqlar var.

Əli SADIQOV,

"Respublika".