GƏNCƏNİN ƏZƏLİ ADININ BƏRPASI
Region

GƏNCƏNİN ƏZƏLİ ADININ BƏRPASI

1989-cu il dekabrın 30-da Azərbaycan SSRAli Soveti Rəyasət Heyətinin qərarı ilə Kirovabad şəhəri Gəncə şəhəri adlandırıldı 

Gəncə Azərbaycanın, Azərbaycan xalqının qədim, zəngin tarixini özündə əks etdirən bir diyardır, gözəl şəhərdir. Biz hamımız - burada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Gəncə ilə, onun qədim və zəngin tarixi ilə fəxr edirik və Gəncənin tarixinə, Gəncənin Azərbaycan xalqı tarixinə, Gəncənin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərə minnətdarlığımızı bildiririk.

Heydər ƏLİYEV,

Ümummilli lider.

Əsrlər boyunca Oğuz yurdu Azərbaycan xalqı Vətən, torpaq və müqəddəs dəyərlər naminə döyüşmüş, bu yolda ölməyi üstün tutmuşdur. Tarix boyu azadlıq, istiqlaliyyət uğrunda mübarizə aparan, qurbanlar verən, yadellilərə tabe olmayıb sona qədər şərəfli mübarizə aparmaq, qürurlu, azad yaşamaq kimi assosiativ duyğular oyadan sözlərdən biri olub Gəncə. Bu, təsadüfdən, sözün şirinliyindən yox, orada yaşayan insanların işğalçılara qarşı illərlə apardıqları ölüm-dirim savaşlarından irəli gəlib. Gəncə xalqımızın qəlbində azadlıq, Cümhuriyyətin fəaliyyətə başladığı ilk yer, Bakının yadellilərdən azad edilməsi uğrunda aparılan ölüm-dirim savaşının mərkəzi kimi də əziz olub.

Şəhərin adı xalqın soykökü, milli-mənəvi siması, memarlığı ilə də çox bağlıdır. Bu şəhər strateji əhəmiyyətinə görə düşmənlərin diqqətini həmişə özünə çəkib. Məsələn, Azərbaycanı işğal etməyə göndərilmiş rus qoşunlarının komandanı Sisianov I Aleksandra məktubunda yazırdı: "Gəncə qalası yerləşməsinə görə bütün Azərbaycanı qorxu altında saxlamaq imkanı verdiyindən onun ələ keçirilməsini Rusiya üçün çox önəmli saymağa əsas verir". Əslində, Gəncəni tutmaqla Rusiya bütün Azərbaycanı qorxu altında saxlamaq imkanı qazanırdı.1804-cü il yanvarın 3-də Orucluq bayramı günündə rus qoşunları Cavad xanın başçılıq etdiyi Gəncə müdafiəçilərinin üzərinə hücum etdi. Qüvvələrin qeyri-bərabər olduğunu bildiyi halda, Cavad xan dəfələrlə tabe olmaq təkliflərini qəbul etməyib, 18772 nəfər döyüşçüsü ilə sona qədər vuruşub və 1500 nəfər döyüşçü ilə birlikdə özü və oğlu Hüseynqulu xan həlak olub. Çar hökuməti Gəncənin işğalını böyük bir bayram kimi qeyd etmiş, imperatorluq zərbxanasında Gəncənin alınmasında iştirakına görə döş medalı təsis olunmuşdu. Şəhərin adını tarixdən silmək üçün ona çar I Aleksandrın arvadı Yelizavetanın adı verilmişdi. İşğalçılar bununla da kifayətlənməmiş, Gəncə qalasını, qala divarları ilə birlikdə xan sarayını uçurub yox etmiş, Gəncə xanlığını ləğv edərək onu dairəyə çevirib Gürcüstana tabe etdirmişdilər. Bir sözlə, xanlığı insanların yaddaşında xatırladan bütün atributları ilə məhv etməyə, yer üzündən silməyə cəhd göstərmişdilər. Hətta Gəncə sözünü dilinə gətirən hər kəs pulla cərimə edilirdi. Gəncə şəhərində dinc əhaliyə də amansızlıqla, qəddarcasına divan tutulmuşdu. Bu qırğın çar I Aleksandrın xoşuna gəlmişdi. Beləliklə, çar hökuməti 114 il Gəncə sözünü işlətməyə imkan vermədi. Ancaq xalqın yaddaşlarından onu silmək mümkün olmadı. Gəncə adının yenidən rəsmi qaydada özünə qaytarılmasında Azərbaycan Xalq Cümhuriyyətinin böyük rolu oldu. 1918-ci il iyulun 30-da tarixi bir qərar qəbul edildi. Bu qərarda deyilirdi: "Yelizavetpol şəhərinin adı Gəncə və Karyagin qəzasının adı Cəbrayıl qəzası ilə əvəzlənsin". Əlamətdar hadisə olduğu üçün xalq bu qərarı razılıqla qarşılayıb. Ancaq nə yazıq ki, bu sevinc uzun sürmədi. 1920-ci ilin aprelində bolşevik Rusiyasının XI Qırmızı ordusu Vətənimizə soxuldu. Kənd və şəhərlərimizi bir tərəfdən ermənilər, digər tərəfdən bu ordu yağmalamağa başladı. "Talan həftələri" təşkil edildi, belə bir çətin vaxtda işğalçılara qarşı ən böyük üsyan yenə Gəncədə oldu. Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq, Cahangir bəy Kazımbəyov, Cavad bəy Şıxlinski, Məhəmməd Mirzə Qacar və digərlərindən ibarət hərbi şura sona qədər mübarizə apardı. Üsyan qan içində boğuldu. Ələ keçən üsyançılara divan tutuldu. Gəncə üsyanı və sonrakı "təmizləmə" vaxtı 13 min nəfərdən çox vətənpərvər şəhid oldu. Təəssüf ki, həmvətənlərimizin bu şərəfli mübarizəsinin qəddarlıqla yatırılmasında ermənilər və ruslarla yanaşı, azərbaycanlı bolşeviklər də çox fəallıqla iştirak etmişdilər. Ermənilər ruslarla birlikdə şəhəri 3 gün qarət etdilər. Üsyan amansızcasına yatırılsa da, əslində xalqın şərəf və namusu xilas edilmiş oldu. Tarixi hadisələr göstərir ki, bu üsyan yatırılsa da, sovet rejimi xalqın azadlıq uğrunda mübarizə ruhunu qıra bilmədi.

1935-ci ildə Moskvanın Azərbaycandakı canişini M.C.Bağırovun göstərişi ilə Gəncə şəhərinin adı yenidən dəyişdirildi. Bu dəfə isə şəhərə Azərbaycanın işğalında, respublikamızda müstəmləkə rejiminin qurulmasında və ərazi bütövlüyümüzün parçalanmasında, torpaqlarımızda ermənilər üçün Muxtar Vilayət yaradılmasında böyük rolu olmuş S.M.Kirovun adı verildi. Şübhəsiz ki, respublikada o dövrdə olan rayon və şəhərlərin içərisindən Gəncənin seçilməsi təsadüfi deyildi. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olması, Bakının yadelli işğalçılardan - xalqımızın qəddar düşməni, bolşevik-daşnak Şaumyandan və onlarla həmfikir olanlardan azad edilməsi uğrunda ölüm-dirim mübarizəsinin bu şəhərdən başlanması, XI Qırmızı orduya qarşı qəhrəmancasına mübarizə aparması səbəbindən xalqımızın qəlbində Gəncə uca bir taxt qurmuş, azadlıq və mübarizlik simvoluna çevrilmişdi. Xalqın qan yaddaşını silmək, "milli bolşeviklər"in sözlərilə desək, onu "simasızlaşdırmaq" siyasəti yürüdən Sovet rejimi məhz bu səbəblərdən ad dəyişdirmək məsələsində Gəncə şəhərini seçmişdi. 1952-ci il aprelin 3-də respublika ərazisində iki yeni vilayət yaradıldı. Onlardan biri 33 rayonu və yeni yaradılmış Sumqayıt şəhərini əhatə edən Bakı, digəri isə Kirovabad şəhəri və 28 rayonun daxil olduğu Gəncə vilayəti oldu. Yeni yaradılan bu vilayətin Gəncə adlandırılmasının təşəbbüskarının kim olduğunu söyləmək çox çətindir. Ancaq respublika rəhbəri M.C.Bağırovun bu işə razılıq verməsi heç kəsdə şübhə doğurmur. Etiraf edilməlidir ki, o dövrdə bu o qədər də asan iş deyildi. Lakin bu islahatın da ömrü uzun olmur. Stalinin vəfatı və Xruşşovun hakimiyyətə keçməsi tezliklə Azərbaycana da təsir edir. 6 aprel 1953-cü ildə M.C.Bağırov Azərbaycan KP MK-nın I katibi vəzifəsindən azad olunmuş, yerinə isə Mir Teymur Yaqubov təyin olunmuşdu. Elə həmin gün Azərbaycan KP MK-nın bürosunda "Azərbaycan SSR tərkibindəki Bakı və Gəncə vilayətlərinin ləğv edilməsi haqqında" qərar qəbul edilmişdi. Qeyd edək ki, xalqın tarixi və mənəvi həyatı ilə bağlı yer adlarının dəyişdirilməsi XX əsrin 60-cı illərində də davam edib. Lakin Sovet dövründə kommunistlərin sevimlisi olan S.M.Kirovun adı verilmiş bu qədim şəhərin əvvəlki adını özünə qaytarmaq o qədər də asan deyildi, böyük cəsarət tələb edirdi. Bu məsələdə də görkəmli ictimai-siyasi xadim, Türk dünyasının fenomeni, əbədiyaşar Heydər Əliyev dühası, ağlı, zəkası köməyə gəlir. 1980-ci ildə ulu öndərin təkidi ilə Kirovabad şəhəri iki rayona bölünür, rayonlardan birinə Gəncə, digərinə isə Kəpəz adı verilir. Həmçinin orada salınan təzə yaşayış massivi də "Yeni Gəncə" adlandırılır. Ulu öndər Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində Gəncə adının hafizələrdən silinməsinə imkan verilmədi, bu ad yenidən səslənməyə başladı. Beləliklə, Gəncə sözü yenidən rəsmi sənədlərdə işlənildi. Bu, şübhəsiz ki, milli şüura, düşüncəyə təsir edən böyük hadisə oldu. Kirovabad adının Gəncə ilə əvəzlənməsi yolunda həlledici addımlar isə XX yüzilliyin 80-ci illərinin II yarısında atıldı.

1988-ci ilin sonu - 1989-cu ilin əvvəllərindən Gəncə adının bərpası uğrunda çağırışlar artmağa başladı. Belə ki, 1989-cu ilin sentyabr-oktyabr aylarında şəhərin adının dəyişdirilməsi məqsədilə şəhər əhalisi içərisindən imza toplanması kampaniyası başladı. Millətsevər insanların istiqamətləndirdiyi bu kampaniya nəticəsində 60 minə yaxın imza toplanmışdı. Maraqlıdır ki, bu kampaniyada azərbaycanlılardan əlavə şəhərdə yaşayan ruslar, ukraynalılar və yəhudilər də iştirak etmiş, onlar da ədalətin bərpasına tərəfdar olduqlarını bildirmişdilər. 1989-cu il dekabrın 9-da Kirovabad şəhər Xalq Deputatları Sovetinin sessiyası başladı. Sessiyada deputatlar, ziyalılar, qonaqlar iştirak edirdi. Hamının maraqla iştirak etdiyi bu iclasda şəhərin adının bərpası məsələsi müzakirə olunmuş və qərara alınmışdı ki, bununla bağlı yuxarı instansiyalara məktub yazılsın, bu iş üçün lazım olan vəsait toplansın. 1989-cu ilin 29 noyabrında növbəti dəfə Kirovabad Şəhər Xalq Deputatları Sovetinin sessiyasında sözügedən məsələ müzakirə olunmuşdu. Şəhər XDS İcraiyyə Komitəsi adından Nizami Xəlilov ətraflı məruzə etmişdir. Digər çıxışlardan da sonra Gəncə adının bərpası təklifi qəbul edilmiş və ertəsi gün qərar verilmişdi. Həmin ilin 30 dekabrında Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti bu qərarı təsdiq etdi. Qərarda deyilirdi: "Kirovabad şəhərinin Gəncə şəhəri adlandırılması haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı: - Gəncənin tarixi adını bərpa etmək haqqında şəhər vətəndaşlarının, əmək kollektivlərinin və respublikanın geniş ictimaiyyətinin çoxsaylı müraciətini, Kirovabad Şəhər Xalq Deputatları Sovetinin xahişini nəzərə alaraq və Azərbaycan SSR Konstitusiyasının 114-cü maddəsinə (18-ci bənd) uyğun olaraq Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qərara alır: - Kirovabad şəhəri Gəncə şəhəri adlandırılsın". 1990-cı il yanvarın 2-də bu münasibətlə Gəncədə təntənəli iclas keçirildi və xalq bunu böyük ruh yüksəkliyi ilə qarşıladı. Beləliklə, İstiqlal yürüşünün coşqun axarında xalqın ciddi təkidi ilə nəhayət, Gəncənin ulu adı özünə qaytarıldı, vətənsevər insanların illərlə uğrunda mübarizə apardığı, bu yolda təqiblərə, təzyiqlərə məruz qaldığı bir iş sonda uğurla nəticələndi. Xoş xəbər qədim diyarın hər bucağında, hər evdə, hər ürəkdə əsl toy-bayrama çevrildi. Hətta, qurban kəsildi, kimi bağ saldı, yol çəkdi, abidə ucaltdı. Azadlıq və istiqlaliyyətin ilk müjdəsi olaraq Gəncə adının qaytarılmasından sonra bir müddət fırtınalar və burulğanlar içində çalxalanan qədim şəhər xalqın təkidli tələbi və iradəsi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində nicat yolunu tapdı. Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxaran ulu öndər Heydər Əliyevin səyi ilə tarixi yer adlarının bərpası istiqamətində mühüm addımlar atıldı. Gəncə ilə yanaşı, dövlətimizin apardığı milli siyasətin nəticəsində bir çox şəhər və rayonların tarixi adları bərpa edildi. Haqqı olan adı uğrunda iki əsrə yaxın davam edən mübarizədən qalib çıxan Gəncə bu gün də öz tarixinin inkişaf dönəmini böyük coşqu ilə yaşayır.

Ümummilli liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində qədim şəhər elm, mədəniyyət mərkəzi olaraq dünya miqyasında tanınır, davamlı qələbələrə, zəfərlərə imza atır, qədimliyi, müasirliyi və gözəlliyi ilə bu möcüzəli diyara gələnləri heyran edir. Tarixi binalar bərpa olunur, yeni zövqlə binalar tikilir, möhtəşəm xiyabanlar, göz oxşayan parklar, yaşıllıqlar salınır. Uzun illər alaq basmış, parklar, xiyabanlar, çayın sahilləri, dünyada ən böyük parklar cərgəsində olan köhnə adı ilə desək, "Xatirə parkı" dağılıb getmiş, sovetlər dövründən qalma heykəl və büstlər qırılıb korlanmış, suvarma sistemi sıradan çıxmış, ağaclar qurumuşdur. Bu boş və bərbad ərazidə az müddət içərisində alternativi olmayan, ümummilli liderin adına layiq, möhtəşəm Heydər Əliyev mərkəzi, ecazkar təbiətə malik istirahət parkı, girişdə möhtəşəm "Zəfər tağı" ucaldılmışdır ki, buraya gələn qonaqlar və sakinlər bu açıq seyrangahdan şəhərin və füsunkar Heydər Əliyev parkının mənzərəsini seyr edir. Əfsanəvi gözəlliyi ilə insanları məftun edən möcüzəli süni "göl", balaca fidanlar üçün fantastik əyləncə mərkəzləri yaradılmışdır. Tək Gəncədən deyil, regionlardan bu istirahət məkanına on minlərlə sakinlər dincəlməyə gəlir, bu unikal mənzərəni seyr edir, məmnun qalır, ölkə başçısına minnətdarlıq edirlər. Bu layihələrin son dərəcədə yüksək və alternativsiz Avropa və Şərq üslubunda qurulmasına görə ölkə Prezidenti İlham Əliyevə borcluyuq. Gözəl bir göl, amfiteatr yaradılıbdır. Yəni bu, doğrudan da bir möcüzədir. Gölün ətrafına nadir ağaclar və dekorativ kollar əkilmiş, yaraşıqlı oturacaqlarla təchiz olunmuşdur.

Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daimi diqqət və qayğısı, tarixi səfərləri ilə Gəncə möhtəşəmləşmiş, simasını tam dəyişmişdir. Bu sahədə görülən işlər sakinlərin rahatlığı, onların asudə vaxtlarının daha səmərəli təşkili məqsədi daşımaqla yanaşı, qədimliyini qoruyaraq, Gəncənin gözəlliyinə əlavə çalarlar qatır. Şeyx Nizami Yurdu Ulu Gəncəni şəhəri iki hissəyə bölən qədim Gəncə çayının sağ sahilində reallaşan nəhəng növbəti layihə - möhtəşəm "Gəncəçay" Park bulvar kompleksi Gəncə sakinlərini heyrətə salmışdır. Belə ki, heç kimin ağlına belə gətirmədiyi bu xoş mənzərə, fantastik "Gəncəçay" bulvar kompleksi sakinlərin ixtiyarındadır. Sözün əsl mənasında, bu gün, dünyanı qlobal iqtisadi böhran cənginə aldığı bir vaxtda belə möhtəşəm işlərin görülməsi ölkə başçısının vətəndaşlarına göstərdiyi sonsuz diqqət və qayğının bariz nümunəsidir.

Bulvar kompleksinin uzunluğu 1,2 kilometrdir. İnşasına 2014-cü ildə başlanılan və ümumi sahəsi 34 hektar olan bu kompleksdə istirahət üçün hərtərəfli şərait yaradılıb, geniş işıqlandırma işləri görülüb, 15 fəvvarə və müxtəlif kompozisiyalı 10 heykəl quraşdırılıb. Çayın məcrasının hər iki tərəfində betondan ümumi uzunluğu 2,4 kilometr olan istinad divarı tikilib. Bulvarda Bayraq Meydanı, "Əli və Nino" kompleksi, Mətbuat evi, Kitab evi, Uşaq Əyləncə və Ticarət Mərkəzi, altımərtəbəli və yeddimərtəbəli üç yaşayış binası, müasir, dünya standartlarına uyğun üç kafe, restoran və kinoteatr, açıq havada fantastik attraksionlar və digər sosial obyektlər inşa edilmişdir ki, bunlara ecazkar bulvarın "mirvarisi" desək, yanılmarıq.

Əminliklə demək olar ki, füsunkar gözəlliyə malik bu istirahət mərkəzlərinin yaradılması sosial layihə olmaqla yanaşı, həm də Azərbaycanda həyata keçirilən sosial siyasətin uğurla davam etməsindən xəbər verir. 

Zabit XƏLİLOV,

"Respublika".