Milli Məclisin plenar iclasında
Siyasət

Milli Məclisin plenar iclasında

Dekabrın 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə, iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, komitə sədri Musa Quliyev, deputatlardan Jalə Əliyeva, Bəhruz Məhərrəmov, Kamilə Əliyeva, Fəzail Ağamalı, Fazil Mustafa, Hikmət Məmmədov, Tahir Kərimli, Tural Gəncəliyev, Sahib Alıyev və Elnur Allahverdiyev çıxış ediblər.

Deputatlar Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü barədə fikirlərini açıqlayıblar. Çıxışlarda görüşün siyasi, tarixi, mənəvi tərəfləri özündə birləşdirdiyi və mühüm əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanıb. Qərbi Azərbaycan konsepsiyası ilə bağlı ölkəmizin strategiyasının Prezident İlham Əliyev tərəfindən dəqiq, əhatəli və uzaqgörənliklə cəmiyyətə təqdim edildiyi, bu istiqamətdə beynəlxalq platformalarda lazımi işlərin görülməsinin vacibliyi qeyd olunub. Vurğulanıb ki, Prezident İlham Əliyevin tədbirdə çıxışı beynəlxalq hüquqa əsaslanan, tarixi ədalətin bərpasını təmin edən sülh və birgəyaşayış konsepsiyasını özündə ehtiva edir.

Çıxışlarda Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə son dövrlərdə Azərbaycan parlament diplomatiyasının yeni keyfiyyət mərhələsinə qədəm qoyduğu, Prezidentin müəyyənləşdirdiyi vəzifələrin həyata keçirilməsində Milli Məclisin də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyi bildirilib.

Deputatlar, həmçinin Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, yataqlarda monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və fəallar tərəfindən Laçın-Xankəndi yolunda təşkil olunan və bu gün də davam edən etiraz aksiyası ilə bağlı fikirlərini bölüşərək, dəstəklərini ifadə ediblər, bir sıra digər aktual məsələlərə toxunublar.

Sonra Milli Məclisin sədri bugünkü iclasın gündəliyinə 23 məsələ daxil edildiyini diqqətə çatdırıb. O qeyd edib ki, ilk 7 məsələ ikinci oxunuşda olan qanun layihələridir və birinci məsələ "Normativ-hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) Konstitusiya qanununun layihəsidir.

Məsələ barədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Sosial sığorta haqqında", "Diplomatik xidmət haqqında" qanunlarda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. O, ikinci oxunuşun tələblərinə uyğun olaraq, layihə barədə maddələr üzrə məlumat verib. Sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edərək bildirib ki, məsələ ilə bağlı deputatlar tərəfindən heç bir təklif daxil olmayıb. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra parlamentin sədri növbəti iki məsələnin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu, ancaq layihələrin müxtəlif məsələlərlə bağlı olduğuna görə ayrılıqda müzakirə olunacağını diqqətə çatdırıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı bildirib ki, sənəd birinci oxunuşda qəbul edilib və müzakirəyə təqdim olunan mətndə heç bir dəyişiklik edilməyib. Layihə Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edəcək.

Sonra Nizami Səfərov "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. O, qanun layihəsinin birinci oxunuşda ətraflı müzakirə edildiyini, sual doğuran məsələnin olmadığını və hər hansı təklifin irəli sürülmədiyini söyləyib. Layihədə dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həllinə məsul olan etik müvəkkil vəzifəsinin təsis edilməsi məsələləri öz əksini tapıb. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev "Təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Məsələ ilə bağlı fikirlər və bəzi qeydlər səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra komitə sədri Bəxtiyar Əliyev "Ümumi təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini diqqətə çatdırıb. O, qeyd edib ki, layihə barədə birinci oxunuşda geniş məlumat verilib. Komitədə ikinci oxunuşda heç bir əlavə və dəyişiklik təklif edilməyib və qanun layihəsi ilə bağlı komitə müsbət qərar qəbul edib. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Parlamentin spikeri Sahibə Qafarova gündəliyin növbəti 15 məsələsinin üçüncü oxunuşda olan qanun layihələri olduğunu bildirib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsindən bəhs edib. O, birinci oxunuşda müzakirələr zamanı məsələ ilə bağlı bəzi təkliflərin səsləndirildiyini və buna münasibət bildirildiyini, sonra heç bir təklifin daxil olmadığını söyləyərək, layihənin üçüncü oxunuşda səsə qoyulmasını xahiş edib.

Sənədə əsasən, "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)" yubiley medalı ilə vəzifələrini nümunəvi yerinə yetirən, qüsursuz fəaliyyəti ilə fərqlənən hakimlər, məhkəmələrin aparatlarında qulluq keçən dövlət qulluqçuları, məhkəmə sisteminin inkişafına töhfə vermiş şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti 4 məsələsinin Prezident İlham Əliyevin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu deyib. O, layihələrin ayrılıqda nəzərdən keçiriləcəyini qeyd edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. O, Miqrasiya Məcəlləsinə təklif edilən dəyişikliyin birbaşa Vergi Məcəlləsi ilə bağlı olduğunu bildirib. Layihə xarici investisiyaları innovasiya və yüksək texnologiyalar sahəsinə cəlb etməklə texnologiya parklarının genişləndirilməsi məqsədilə hazırlanıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məsələ ilə bağlı bu komitənin də rəyinin müsbət olduğunu bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Daha sonra Tahir Mirkişili "Gömrük tarifi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. O, təqdim olunan sənədə bu qanun layihəsinin də 1 yanvar 2023-cü ildən qüvvəyə minməsi ilə əlaqədar maddənin əlavə olunduğunu söyləyib. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İclasda Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı "Sosial sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.

Sənəd texnologiyalar parkında müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin inkişaf etdirilməsi, yüksəkixtisaslı mütəxəssislərin və kadrların cəlb edilməsi, həmçinin sahibkarlıq subyektlərinin və yüksəkixtisaslı peşəkar muzdlu işçi qüvvəsinin bu sahəyə axınının təmin edilməsi üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində güzəştlərin verilməsi ilə əlaqədar olaraq hazırlanıb. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra parlamentin spikeri Sahibə Qafarova gündəliyin 13-cü məsələsini - "Gömrük tarifi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) müzakirəyə təqdim edib. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Daha sonra parlamentin sədri gündəliyin növbəti üç - 14-cü məsələ olan "Telekommunikasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə, 15-ci məsələ olan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında və 16-cı məsələ olan "Lisenziyalar və icazələr haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin Azərbaycan Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-biri ilə bağlı olduğunu bildirib.

Layihələrlə bağlı fikirlər dinlənildikdən sonra hər üç məsələ ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Sonra Sahibə Qafarova gündəliyin 17-ci və 18-ci məsələlərinin də Azərbaycan Prezidentinin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-biri ilə bağlı qanun layihələri olduğunu qeyd edib. Ona görə də qanun layihələri ilə bağlı məlumatlar birgə təqdim olunub.

"Telekommunikasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü E.Allahverdiyev bildirib ki, qanun layihəsi mobil telefonların İMEİ kodlarının qeydiyyatının və istifadəsinin təkmilləşdirilməsi və bu sahədə qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədilə hazırlanıb və ikinci oxunuşdan sonra qanun layihəsi ilə bağlı komitəyə heç bir təklif daxil olmayıb.

Gündəliyin 18-ci məsələsi olan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov qanun layihəsi ilə bağlı məlumatı diqqətə çatdırıb.

Sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyulub və üçüncü oxunuşda qəbul olunub.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov müzakirəyə çıxarılan "Elektroenergetika haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. Komitə sədri sənəddə təklif edilən dəyişikliklərin əvvəlki oxunuşlarda heç bir sual doğurmadığını bildirib və qanun layihəsinin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sahibə Qafarova növbəti iki məsələnin ölkə Prezidentinin bir məktubu ilə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sahibə Qafarova gündəliyin 22-ci məsələsini - Əmək Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, "Uşaq hüquqları haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Təhsil haqqında", "Sosial xidmət haqqında", "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" və "Ümumi təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) müzakirəyə çıxarıb. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri gündəliyin sonuncu məsələsinin ikinci oxunuşda olan "Əmək pensiyaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) olduğunu və məsələyə Əmək və sosial siyasət komitəsində baxıldığını diqqətə çatdırıb.

Komitənin sədri Musa Quliyev sənəd haqqında məlumat verib.

Deputatların səsləndirdikləri suallara komitə sədri Musa Quliyev aydınlıq gətirəndən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin plenar iclası işini başa çatdırıb.