Milli Məclisin plenar iclasında
Siyasət

Milli Məclisin plenar iclasında

Dekabrın 23-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü olduğunu bildirib. Qeyd edilib ki, Prezident İlham Əliyev Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyi möhtəşəm işlərlə xalqımızın dərin məhəbbətini və hörmətini qazanıb. Müasir dünyanın çox mürəkkəb bölgəsində yerləşən ölkəmizi layiqli şəkildə idarə etmək üçün dövlət başçısından siyasətə, iqtisadiyyata, hərb işinə, tarixə, mədəniyyətə, başqa sahələrə dərindən bələdlik tələb olunur. Bütün bu xüsusiyyətlərlə yanaşı, Prezident İlham Əliyev Vətənə dərin məhəbbət, səmimilik, sadəlik, təvazökarlıq, insanların qayğılarına həssas münasibət kimi yüksək mənəvi keyfiyyətlərə də malikdir.

Sahibə Qafarova vurğulayıb ki, İlham Əliyev Azərbaycanın Müzəffər rəhbəridir. Onun siyasi-diplomatik və sərkərdəlik məharəti sayəsində 44 günlük Vətən müharibəsində Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunması ölkəmizin inkişaf tarixində yeni mərhələ açıb, Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini dəyişdirib.

Parlamentin sədri bildirib ki, ölkəmizin xoşbəxt gələcəyi bu gün Prezident İlham Əliyevin əzmlə davam etdirdiyi quruculuq və inkişaf strategiyası ilə bağlıdır. O, Prezidentin rəhbərliyi ilə Azərbaycanın qarşıdakı illərdə daha böyük uğurlara imza atacağına, dünyanın sayılıb-seçilən dövlətləri sırasında öz yerini daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib.

Sonra Sahibə Qafarova təklif edib ki, doğum günü münasibətilə Prezident İlham Əliyevə Milli Məclis adından təbrik məktubu ünvanlayaq. Ona Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətində yeni böyük uğurlar arzulayaq.

Parlamentin sədrinin təklifi alqışlarla qarşılanıb.

Cari məsələlərin müzakirəsi zamanı çıxış edən komitə sədri Zahid Oruc, deputatlardan Razi Nurullayev, Aydın Mirzəzadə, Ceyhun Məmmədov, Sahib Alıyev, Fazil Mustafa, Elman Nəsirov, Vahid Əhmədov, Əli Məsimli, Azay Quliyev Milli Məclisin sədri Sahibə Qafarova Prezident İlham Əliyevə ünvanladığı təbrikə qoşulublar, dövlət başçısına Azərbaycanın firavanlığı və inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar diləyiblər.

Deputatlar rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində təbii sərvətlərimizin qeyri-qanuni istismar olunmasına etiraz ediblər, Laçın-Xankəndi yolunda aksiya keçirən azərbaycanlı ekofəalların rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində qeyri-qanuni istismar olunan mədənlərə dövlət qurumlarımızın baxış keçirmək tələbini dəstəkləyiblər, həmçinin dünyada və ölkədə baş verən aktual hadisələrə, ölkə vətəndaşlarını maraqlandıran məsələlərə münasibətlərini bildiriblər.

Parlamentin sədri Sahibə Qafarova bildirib ki, iclasın gündəliyinə 39 məsələ daxil edilib. Diqqətə çatdırıb ki, birinci 7 məsələ Prezidentin təqdimatı ilə yuxarı instansiya məhkəmələrinin hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərar layihələridir. Məsələlər məzmun və mahiyyətcə bir-birinə yaxın olduğu üçün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, həmçinin Məhkəmə-Hüquq Şurasının üzvü Nizami Səfərov məsələlərlə bağlı ümumi məlumat verib.

Deputat Nizami Səfərov bildirib ki, gündəliyin ilk 7 məsələsi - Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və azad edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi, Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi, Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi, Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında Milli Məclisin qərar layihələridir.

Azərbaycanda həyata keçirilən hüquqi islahatların mühüm tərkib hissəsinin qanunun aliliyi prinsipinə əsaslanan müasir məhkəmə sisteminin formalaşdırılması olduğunu deyən Nizami Səfərov bu istiqamətdə həyata keçirilən fundamental dəyişikliklərdən söz açıb. O, bu genişmiqyaslı islahatlarda müasir tələblərə cavab verən hakim korpusunun formalaşdırılması istiqamətində atılan addımları vurğulayaraq, hakimlərin seçilməsi, qiymətləndirilməsi kimi proseslərdə qanunçuluğa və şəffaflığa yüksək səviyyədə riayət olunmasına diqqət çəkib. Hazırkı hakim korpusunun 80 faizini məhz bu yeni üsullarla seçilərək təyin olunmuş hakimlər təşkil etdiyini vurğulayan Nizami Səfərov bu gün müzakirəyə təqdim olunan qərar layihələrini məhkəmə korpusunun peşəkar hakimlərlə möhkəmləndirilməsi istiqamətində mühüm sənədlər kimi dəyərləndirib, deputatları qərar layihələrinə səs verməyə çağırıb.

Qərar layihələrinin müzakirələrində komitə sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Aydın Mirzəzadə, Razi Nurullayev, Etibar Əliyev, Bəhruz Məhərrəmov, Tahir Kərimli, Hikmət Məmmədov və Erkin Qədirli məsələlərlə bağlı fikirlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər.

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və deputat, Məhkəmə-Hüquq Şurasının üzvü Nizami Səfərov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirəndən sonra Milli Məclisin qərar layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak edən və təyin olunan hakimləri təbrik edib, ədalət mühakiməsinin həyata keçirilməsində onlara uğurlar arzulayıb. Eyni zamanda, deputatların qaldırdıqları məsələlərə diqqətlə yanaşmağı və tövsiyələrini nəzərə almağı xahiş edib.

Sahibə Qafarova gündəliyin 8-ci məsələsi olan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim edib.

Parlamentin sədri bildirib ki, gündəliyin növbəti 9 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir. Gündəliyin 9-cu və 10-cu məsələləri Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır.

"Valyuta tənzimi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) valyuta əməliyyatlarının aparılmasının təkmilləşdirilməsi məqsədilə vahid informasiya sisteminin yaradılmasını özündə ehtiva edir, "Banklar haqqında", "Poçt haqqında", "Fərdi məlumatlar haqqında" qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) isə bu informasiya sisteminə məlumatların daxil edilməsi və onlardan istifadə olunması ilə bağlı qaydaları özündə əks etdirir və ikinci oxunuşdan sonra mətndə hər hansı bir dəyişiklik aparılmayıb.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Gündəliyin 11-ci məsələsi olan "Gömrük tarifi haqqında" Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

12-ci məsələ - "Qaz təchizatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Sonra 13-cü və 14-cü məsələləri müzakirəyə çıxaran Sahibə Qafarova bildirib ki, İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihələri Prezidentin bir məktubu ilə parlamentə daxil olub.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Bir-biri ilə bağlı olan növbəti qanun layihələri - İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Sahibə Qafarova Miqrasiya Məcəlləsində və "Ələt azad iqtisadi zonası haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) müzakirəyə çıxarıb. Məsələ ilə bağlı komitəsinin müsbət rəy verdiyini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri bununla da üçüncü oxunuşda olan qanun layihələrinin başa çatdığını, növbəti 15 məsələnin isə ikinci oxunuşda olan qanun layihələri olduğunu bildirib və gündəliyin 18-ci məsələsi olan "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı fikirlər dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Parlamentin sədri diqqətə çatdırıb ki, növbəti beş məsələ ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olan qanun layihələridir və onlar mahiyyətcə bir-birinə bağlıdır. O, qeyd edib ki, qanun layihələrinin həcmi böyük olduğundan və onlar ikinci oxunuşun tələblərinə uyğun olaraq maddələr üzrə müzakirə olunacaqlarına görə həmin sənədlər ayrı-ayrılıqda nəzərdən keçiriləcək.

6 fəsil, 25 maddədən ibarət olan qanun cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin aşkar edilməsi, qarşısının alınması və ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə olunma imkanlarını istisna edən şəraitin yaradılması, bu istiqamətdə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, habelə dövlətin və cəmiyyətin maraqlarının qorunması məqsədilə effektiv ölkədaxili və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyəcək.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Nizami Səfərov "Hədəfli maliyyə sanksiyaları haqqında" qanun layihəsi (ikinci oxunuş) təqdim edilib. Bildirilib ki, layihə terrorçuluğun və kütləvi qırğın silahlarının yayılmasının və maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə hədəfli maliyyə sanksiyalarının tətbiqinin hüquqi əsasını və qaydasını müəyyən edir. Qeyd edib ki, layihənin 5.1-ci maddəsində qanunvericilik subyekti ilə razılaşdırılmış texniki dəyişiklik edilib. Mətndə olan "həmin şəxslərə" sözləri "həmin maddədə göstərilən şəxslərə" sözləri ilə əvəz edilib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verilib. Sənədə əsasən, texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyiciləri texnologiyalar parkının rezidenti statusunu əldə edirlər və bununla əlaqədar olaraq bəzi vergi güzəştlərindən istifadə edirlər. Dəyişikliklərdə həmin sahədə işləyən fiziki şəxslərə gəlir vergisi güzəştlərinin tətbiqi, bu sahədə sahibkarlıqla məşğul olan fiziki şəxslərin əldə etdikləri gəlirlərin gəlir vergisindən, hüquqi şəxslərin isə mənfəət vergisindən azad edilməsi, bu sahədə fəaliyyət göstərən şəxslər tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində verginin tutulmaması, bu şəxslərə əmlak və torpaq vergisi sahəsində azadolmaların şamil edilməsi nəzərdə tutulub.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) mahiyyəti barədə bildirilib ki, sənəddə texnologiyalar parkında müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin inkişaf etdirilməsi, yüksəkixtisaslı mütəxəssislərin və kadrların cəlb edilməsi, həmçinin sahibkarlıq subyektlərinin və yüksəkixtisaslı peşəkar muzdlu işçi qüvvəsinin bu sahəyə axınının təmin edilməsi üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində güzəştlərin verilməsi ilə bağlı dəyişikliklər təklif olunur.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Parlamentin sədri bildirib ki, gündəliyin növbəti iki - 36-cı və 37-ci məsələləri Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub, ancaq bu qanun layihələrində müxtəlif məsələlər tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə bildirib ki, həm Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya"da, həm də bu strategiyanın icrası üzrə Fəaliyyət Planında Dövlət Qulluğunu İdarəetmə Şurasının dövlət qulluğu sahəsinin inkişafında daha aktiv rol oynamasının təmin edilməsi hədəfi xüsusi olaraq vurğulanıb. Bu baxımdan, layihə əsasən texniki xarakter daşısa da, Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyətinin təkmilləşdirilməsində mühüm əhəmiyyətə malikdir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Gündəliyin 37-ci məsələsi olan "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya"da dövlət qulluqçularının etik davranış qaydalarının tətbiqinin təkmilləşdirilməsi və dövlət orqanlarında etik davranış qaydalarına daha ciddi riayət edilməsinin təmin edilməsi məqsədilə dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həllinə məsul olan etik müvəkkil vəzifəsinin təsis edilməli olduğu qeyd olunub. Bu məqsədlə, layihədə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanuna dəyişikliklər və 21-1-ci - "Etik davranış üzrə müvəkkil" adlı maddə əlavə olunmaqla dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həllinə məsul olan etik müvəkkil vəzifəsinin təsisi məsələləri öz əksini tapıb.

Sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.