Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Selma Lagerlöf

Ədəbiyyat sahəsində ilk Nobel mükafatı qazanan isveçrəli yazıçı Selma Lagerlöf... Əsl adı Selma Ottiliana Loviza Lagerlöf olan bu yazıçı yaşadığı müddətdə heç vaxt evlənməməklə möhkəm qadın obrazı yaradaraq insanların gözündən pərdə asmağa çalışsa da, ölümündən sonra açılan sirlər onun barəsində olan bütün fikirləri alt-üst etdi...

Selma İsveçin Vermland adlı gözəl şəhərciyində hərbçi və müəllim ailəsində dünyaya göz açıb. Uşaqlığını təbiətin qoynunda hər daşın, qayanın, gülün, çiçəyin əhatəsində öz nağıl dünyasını yaratmaqla keçirib. Balaca Selmanın tərbiyəsində anasının və nənəsinin böyük təsiri olub. Məhz bu iki doğma qadın İsveç xalq ədəbiyyatının sehrli qapılarını onun üzünə açmaqla, gələcəyin böyük yazıçısının mükəmməl zövqünü formalaşdırıblar.      

Cəmi 3 yaşında ikən iflic olan  Selma həyatının bir neçə ilini yataq şəraitində hərəkətsiz keçirir. Bu müddətdə nənəsi onun dünyaya açılan pəncərəsinə çevrilir. Sevimli nənəsi Selmaya müxtəlif nağıllar, əhvalatlar danışmaqla kifayətlənmir, Vermland meşələrində yaşayan cinlər haqda da əfsanələr uydururdu.

7 yaşına çatan Selma amansız xəstəlikdən yaxa qurtarmağa nail olur. Bununla yanaşı, həyatının ən böyük qərarını verir. Nənəsinin nağıllar aləminin sehrilə gözəl hekayələr yazmağa başlayır. Qısa müddətdən sonra  İsveçin ən nüfuzlu şəxslərindən birinə çevrilən yazıçı ömrünün sonunadək azad fikirləri, sərbəst düşüncələrilə qadın haqlarının müdafiəsi yolunda çalışır.

Uzun müddət insanlar Lagerlöfü tənha qadın obrazında tanıyıblar. Yaşadığı müddətdə kişilərlə münasibət qurmaqdan çəkinən yazıçı heç bir evlilik təklifini qəbul etməmiş, daim izdivacdan yayınmışdır. Ölümündən sonra  yazıçının arxiv fotoşəkilləri, məktubları tapılanda bəlli olur ki, ömrünün sonunadək qadın azadlığı uğrunda mübarizə aparan Selma - Sofi Elkan və Valborq Olander adlı yazıçı qadınlarla eşq macərası yaşayıbmış. Məlum olur ki, bu qadınlar arasındakı məhəbbət üçbucağı bir neçə onillik boyu davam edibmiş. Lakin Sofinin ölümündən sonra Selma Valborqla daha da yaxınlaşmış və son nəfəsinədək onunla birgə yaşamışdır. Yeri gəlmişkən qeyd edək ki, yazıçı 81 yaşına qədər yaşamış, insultdan dünyasını dəyişmişdir.

 

Teodor Drayzer

Məşhur   "Kerri bacı" romanının müəllifi, dünyaşöhrətli Amerika yazıçısı Teodor Herman Albert Drayzer... Yəqin çoxları elə düşünür ki, yazıçının irihəcmli bu əsəri çap edildiyi gündən ona şöhrət qazandırıb. Amma əslində bu roman heç də ona şöhrət gətirməyib. Sözün əsl mənasında rüsvayçılıq gətirib...

Ailədə 12-ci övlad olan Teodor çox erkən yaşlarda atasını tikintidə aldığı ciddi xəsarət səbəbindən itirmiş, anasının himayəsində böyümüşdür. Buna görə də, gələcək yazıçı çox erkən yaşlarında sərbəst həyata başlamalı olmuşdur.  Restoranlarda təmizlik işçisi, qabyuyan, dükanda fəhlə işləyən Teodor  universitetə qəbul olsa da, kasıbçılıq ucbatından təhsilini yarımçıq buraxmalı olur. Çox keçmir ki, Drayzer Çikaqoda qəzetə müxbir işinə düzəlir və kiçik məqalələrlə təcrübə qazanaraq romanlar yazmağa başlayır.

Çox "ünsiyyətcil" biri olan yazıçı hətta həddindən ziyadə  açıq-saçıq söhbətlər etməkdən belə çəkinmirdi. Onun özünəəminliyi, ucaboyluluğu və sakit baxışları  qızların ürəyini fəth edirdi. Ancaq onu daha çox qapalı təsir bağışlayan bəstəboy qız - Sara Osborn Uayt cəlb etmişdi. Maraqlıdır ki, o, Sara ilə davranışlarına sərhəd qoyurdu. Çünki bir dəfə  Teodor onu öpməyə çalışsa da uğursuzluqla nəticələnmişdi. Sara ondan xahiş etmişdi ki, belə sentimental olmasın. Uğursuz hərəkəti yazıçıya əzab versə də,  bəstəboy qızı ağlından çıxara bilmirdi. Sara qadınlarla zəngin təcrübəyə malik Drayzerdən çox fərqlənirdi. O, düşünürdü ki, qadın həyalı olmalıdır. Drayzer isə fikirləşirdi ki, qadının açıq-saçıqlığı normal haldır. Əsərlərində kişi-qadın münasibətlərini tez-tez qabardan və azad sözlər yazmaqdan çəkinməyən Drayzerin romanlarını nəşriyyatlar dərc etməkdən çəkinərdilər. Çünki o illərdə açıq-saçıq mətnlərə yer verilməzdi, cəmiyyət də buna qarşı idi. Sara ilə münasibətə gəlincə, Teodor anladı ki, onunla əylənə bilməyəcək. İki aydan sonra nikah bağladılar. Amma bu nikah yalnız 5 ildən sonra rəsmiləşdirildi. Teodor Drayzer bunu maliyyə vəziyyətinin heç də yaxşı olmaması ilə əsaslandırsa da, tədqiqatçılar tamam başqa fikirdədir. Yazılana görə, Drayzer evlilik həyatı məsuliyyətinin altına girməyə tələsmirmiş.

Nəhayət o, anladı ki, Sara Uayt onun həyatına nahaqdan daxil olmayıb və bu təsadüfi sayılmamalıdır. Sara  olmasaydı, bəlkə də onun ilk romanı "Kerri bacı" dərc edilməzdi. Ədibin bu  əsəri  ona "gəncləri pis yola çəkən yazıçı" damğası vurdu. 2500 nüsxədə çap edilmiş kitabın yalnız 450-si oxucuya yetişdi, qalan nüsxələr isə "donduruldu". Otuz yaşlı yazıçı özünün 68 dollar 40 sent qonararını alaraq bir neçə il sükuta qərq oldu. Drayzer qəmlənsə də, Sara romandakı açıq-saçıq səhnələri yumşaltdı, bəzi hissələrdə dəyişiklik etdi. Beləliklə, yeddi ildən sonra işıq üzü görən roman bu dəfə yazıçıya məşhurluq gətirdi.

Lakin çox keçmədi ki, cütlüyün həyatında burulğanlar yarandı. Tale Saranın üzünə gülmürdü. Tez-tez xəstələnməsi ilk vaxtlar Teodoru da üzürdü. Ömrünün hər zaman vaxtsız bitəcəyindən qorxan qadın ana olmağı arzulasa da,  Drayzer  ata olmaq məsuliyyətinin altına girməkdən çəkinirdi. Drayzerin qadınlarla çoxsaylı görüşlərinə göz yuman Sara içindən ağlayırdı. Xəstəxanaya müalicəyə gedəndə isə yazıçı yeni xəyanətə yol verirdi. Telma Kudlipp adlı qızla məhəbbət macərası yaşamağa başlayanda Sara daha ərinin növbəti xəyanətinə dözə bilmədi, artıq gücü də tükənmişdi. Göz yaşları içində Drayzerin evini tərk etdi. Yazıçı isə vaxtilə onu yaradıcılığa həvəsləndirən və əsərlərinin dərcinə nail olan qadının evdən getməsinə biganə yanaşdı, yeni qadınlarla sevgi yaşadı.

 Qısa müddət sonra isə Sara dünyasını dəyişdi. Drayzer isə Elen Riçardsonla evləndi. Ömrünün qalan 25 ilini, 74 yaşına qədər həmin qadınla keçirdi. Bəstəboy, sarısaçlı qadını isə unutdu. O qadını ki, ərinin hər uğuruna uşaq kimi sevinərdi...

 

Qustav Kurbe

"Əlli yaşındayam və həmişə azad yaşamaq istəmişəm. İcazə verin həyatımı azad tamamlayım". Ölməzdən qabaq haqqında "heç bir məktəbə, kilsəyə, instituta, akademiyaya aid deyildi. Azadlıq rejimindən başqa heç bir rejimə tabe olmadı" deyilməsinə icazə vermişdi Qustav Kurbe...   Realizm cərəyanın yaradıcılarından və əsas nümayəndələrindən biri olan bu fransız rəssamı açıq-saçıq, nalayiq rəsmləri ilə tarixə düşüb...

Fransanın Ornanda şəhərində, fermer ailəsində  dünyaya gələn rəssam uşaqlıqdan rəssamlığa maraq göstərməyə başlasa da, atasına hüquq üzrə təhsil alacağına söz verərək, Bezanson Kral Kollecində təhsil alır. Lakin hüquqdan çox rəssamlığa meyil etdiyi üçün  iki il sonra paytaxt Parisə yollanır. Luvr muzeyinə  baş çəkir, məşhur əsərlərin surətini çıxararaq özünü "inkişaf" etdirir.

Kurbe Parisə gələndə çox iddialı, heç kimdən, heç nədən çəkinməyən, utanmaz, arsız bir gənc idi. Daxili aləmi sanki rəssamın zahiri görünüşünə də yansımışdı. Tənqidçilər təkcə  onun çəkdiyi açıq-saçıq əsərlərini deyil, həmçinin  özünü də tənqid edirdilər. Onu "kəndli ayı" adlandırırdılar. Hətta bir tənqidçi onun barəsində belə yazırdı: "Kurbe hər mövzuda rekord vurur - ən ucadan o qışqırır, ən çox bakal pivəni o içir, ovdan ən böyük ovu o gətirir və bir peyzajı ən tez o, iki saatdan daha az vaxta işləyir".

Kurbe həyatdan nə istəyirdisə onu da alır, bunu necə edəcəyini yaxşı bilirdi. İndiki dildə desək, üzsüzün biri idi. O qədər üzsüz ki, öz dostunun qadınını əlindən alacaq qədər. Zahiri görünüşü buna imkan verməsə də,  qadınların diqqətini cəlb etməyi bacarırdı. Özü etiraf edirdi ki, bunu  gün ərzində içdiyi viskilərə borcludur. Ömrünün sonuna kimi yüngül həyat tərzi keçirən rəssam heç vaxt evlənməmişdir. O, hər nə qədər qabağa getməyə çalışsa da, pula həris olsa belə, ömrünün sonuna kimi borc-xərc, səfalət  içində  yaşamış, 58 yaşında  spirtli içkilərin səbəb olduğu qaraciyər sirrozundan vəfat etmişdir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".