DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ZELENSKİNİN ABŞ-A SƏFƏRİ GENİŞMİQYASLI ƏMƏLİYYATI XATIRLADIB

Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri arxasında gizli əməliyyat üzə çıxıb. Ukrayna liderinin sağ-salamat ABŞ-a getməsi üçün NATO və Amerikanın döyüş təyyarələri hərəkətə keçib. “Teleqraf.com” gizli əməliyyatın detallarını təqdim edib.

Zelenskinin təhlükəsiz şəkildə Vaşinqtona çatmasını təmin etmək üçün NATO-nun casus təyyarələri və ABŞ döyüş təyyarələri havaya qaldırılıb. Təhlükəsizlik səbəbiylə son ana qədər açıqlanmayan səfər Polşanın Rzesov şəhərində başlayıb. Ukrayna liderini Avropadan ABŞ-a yola salmaq üçün “Boeing C-40” hərbi-nəqliyyat təyyarəsi havaya qalxıb.

Havaya qalxmazdan bir saat əvvəl Almaniya Zelenskinin Rusiya sualtı qayıqlarının patrul etdiyi Şimal dənizini asanlıqla keçməsi üçün “Boeing AWACS” casus təyyarəsini hərəkətə gətirib. Hava hücumundan müdafiə qüvvələrinin bütün hava şəraitində müşahidə, komanda, rabitə missiyaları üçün havadan erkən xəbərdarlıq və idarəetmə təyyarələrindən istifadə olunub.

Zelenskinin təyyarəsi İngiltərə üzərindən keçərkən ABŞ-a məxsus “F-15” qırıcısı Böyük Britaniya aviabazasından havaya qalxaraq uçuşu müşayiət edib. ABŞ-ın NATO döyüş təyyarələri və casus təyyarələrinin iştirak etdiyi əməliyyatı uğurla başa çatıb. Zelenskinin təyyarəsi saat 20:00-da Vaşinqtondakı hərbi hava limanına eniş edib.

 

RUSİYA VƏ İRAN YENİ TİCARƏT DƏHLİZİ YARATMAĞA BAŞLAYIB

Rusiya və İran Şərqi Avropadan Hind okeanına 3000 kilometr uzunluğunda yeni transkontinental ticarət dəhlizi yaratmağa başlayıblar. “Report”un xəbərinə görə, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, layihənin məqsədi iki ölkənin Xəzər dənizi və dəmir yolu şəbəkələri ilə yüklərin çatdırılmasını sürətləndirmək, Qərbin sanksiyalarının ölkələrin iqtisadiyyatlarına və ticarət əlaqələrinə etdiyi təzyiqləri azaltmaq istəyidir.

Məlumata əsasən, dəhlizin şimal nöqtəsi Azov dənizindədir. “Bloomberg”in tərtib etdiyi gəmi izləmə məlumatları, sanksiyalara məruz qalanlar da daxil olmaqla, onlarca Rusiya və İran gəmisinin artıq həmin marşrutla hərəkət etdiyini göstərir.

Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun eksperti Mariya Şaqinanın sözlərinə görə, Rusiya və İran daxili ticarət dəhlizi yaratmaq üçün 25 milyard dollara qədər sərmayə qoyacaq.

 

MACARISTANIN BAŞ NAZIRI AVROPA PARLAMENTİNİN BURAXILMASINI TƏLƏB EDİR

Macarıstanın baş naziri Viktor Orban korrupsiya qalmaqalına görə Avropa Parlamentinin buraxılmalı olduğunu bəyan edib. “Trend”in xəbərinə görə, o, bu barədə “Twitter” səhifəsində yazıb.

“Əgər biz ictimai etimadı bərpa etmək istəyiriksə, Avropa Parlamentini ləğv etməyin vaxtı çatıb”, - deyə V.Orban bildirib.

Baş nazir əlavə edib ki, Avropa Parlamentinin antikorrupsiya zəmanətləri uğursuzluqla nəticələnib. Orban həll yolu kimi “milli deputatlardan” ibarət yeni Avropa Parlamentinin yaradılmasını təklif edib.

Xatırladaq ki, dekabrın 11-də məlum olub ki, Avropa Parlamentinin vitse-prezidenti, yunan siyasətçisi Eva Kaili və daha üç nəfər Qətərdə keçirilən futbol üzrə dünya çempionatı zamanı korrupsiya faktı ilə bağlı ittiham olunaraq həbs ediliblər.

 

ALİMLƏRDƏN İQLİM DƏYİŞİKLİYİ ILƏ BAĞLI HƏYƏCAN TƏBİLİ

İqlim dəyişikliyi və planetin təbii ehtiyatlarının vəhşicəsinə istismarı səbəbindən yaxın gələcəkdə növlərin kütləvi məhvi baş verə bilər. “Teleqraf.com”un xəbərinə görə, bu barədə Britaniyanın “Daily Mail” qəzeti yazıb.

Araşdırmaya əsasən, ən pis halda 2050-ci ilə qədər bütün heyvan və bitki növlərinin 10 faizi, 2100-cü ilə qədər isə 27 faizə qədəri yox olacaq.

Ekspertlər bunun əsas səbəbi kimi qlobal istiləşmə və insan fəaliyyətini göstərirlər. Tədqiqatçılar həmçinin məsələ ilə əlaqədar əvvəlki araşdırmaların qüsurlu olduğunu bildiriblər. Yeni nəticələrdən sonra elm adamları daha pessimistdirlər.

Bioloqlar həmçinin müəyyən ediblər ki, həşəratların yoxa çıxması hər il 400 mindən çox insanın ölümünə səbəb olur. Tozlandırıcıların yoxa çıxması meyvə, tərəvəz və xüsusən qoz-fındıq məhsuldarlığının 3-5 faiz azalmasına və bununla əlaqəli ürək, insult, diabet, xərçəng və digər xəstəliklərdən 427 mindən çox insanın ölümü ilə nəticələnir.

 

TÜRKİYƏ RƏSMISINDƏN ÇİNİN İTTİHAMLARINA SƏRT REAKSİYA

Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu ölkəsinin Suriyada PKK terror təşkilatına qarşı mübarizəsi ilə bağlı ittihamlar səsləndirən Çin nümayəndəsinə sərt reaksiya verib. “Teleqraf.com”un verdiyi xəbərə görə, türk diplomat heç kimin ittihamlarını qəbul etmədiklərini bildirib.

“Heç bir ölkənin bizə terrorla mübarizəmizdə dərs verməyə haqqı yoxdur. Bu gün eşitdiyimiz və sərhədlərimizi, xalqımızı qoruyarkən nə etməli və etməməli olduğumuzu söyləməyə özünə haqq görən açıqlamaları rədd edirik”, - deyə  F.Sinirlioğlu vurğulayıb.

Türkiyənin terrorla mübarizə əzminin sarsılmaz olduğunu və xalqını qorumaq və sərhəd təhlükəsizliyini təmin etmək üçün hər cür addımı atmağa davam edəcəyini qeyd edən, Sinirlioğlu son iki ildə Suriyanın şimalında PKK/YPG hücumlarında 500-dən çox suriyalının həyatını itirdiyini açıqlayıb.

“PKK/YPG şimal-şərqdə xalqa təzyiq edir və separatçı gündəmini həyata keçirir. İŞİD-lə mübarizə bəhanəsi ilə bu terrorçu-separatçı təşkilata dəstək vermək hər şeydən əvvəl Suriyanın ərazi bütövlüyünə bağlılığı təsdiqləyən BMT qətnamələrinə ziddir”, - deyə Türkiyə rəsmisi əlavə edib.

 

NATO-NUN BAŞ KATİBİ BVF-NIN YENİ RƏHBƏRİ OLA BİLƏR

NATO-nun baş katibi Yens Stoltenberq Beynəlxalq Valyuta Fondunun (BVF) yeni rəhbəri ola bilər. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Bildirilir ki, yeni təyinat 2023-cü il oktyabrın 1-dək baş tuta bilər. Həmin dövrdə Y.Stoltenberqin alyans rəhbəri kimi səlahiyyət müddəti başa çatacaq.

Qeyd edək ki, bundan öncə Stoltenberq bildirmişdi ki, o, mandatının müddətinin uzadılması barədə düşünmür. Baş katibin sözlərinə görə, o, hazırda bütün diqqətini cari vəzifəsinə yönəldib.

Y.Stoltenberq əmindir ki, Alyans ölkələri onun yerinə layiqli namizəd tapa biləcəklər. Qeyd edək ki, norveçli siyasətçi 2014-cü ildən NATO-nun baş katibidir.

 

RUSİYANIN TƏMIR OLUNAN YEGANƏ KREYSERİNDƏ YANĞIN

Rusiyanın Murmansk şəhərində təmirdə olan təyyarə daşıyan “Admiral Kuznetsov” kreyserində yanğın baş verib. “Report”un xəbərinə görə, bu barədə Rusiya gəmiqayrıma şirkətinin rəhbər Aleksey Raxmanov bildirib.

Şirkət rəhbərinin sözlərinə görə, təmir zamanı “kiçik yanğın” hadisəsi baş verib və dağıntı, eləcə də tələfat olmayıb. Gəminin yanğınsöndürmə sisteminin işə düşməsi nəticəsində yanğın söndürülüb.

Qeyd edək ki, bu kreyser 1991-ci ildə istismara verilib. Dünyanın bir çox bölgələrində, o cümlədən Suriya və Qara dənizdə Rusiya Silahlı Qüvvələrinin əməliyyatında iştirak edib. Kreyser 24-26 qırıcı və 12 helikopter tutumuna malikdir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.