Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və  bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk  ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Reformasiyanın başlanması və protestantlığın yaranması"nı  oxuculara təqdim edirik.

"Respublika".

 

Reformasiyanın başlanması və protestantlığın yaranması

Bəşəriyyətin təkamülündə və dünya düzəninin dəyişməsində böyük rol oynayan hadisələrdən  biri də  XV-XVI əsrlərdə Avropada Katolik kilsəsinə qarşı dini etirazların - Reformasiya (latınca: reformatio) hərəkatının başlanmasıdır. Xristianlığın tarixində  ən ağır böhrana səbəb olmuş bu dini  hərəkat tarixin ən əhəmiyyətli qırılma anlarındandır.

Almaniyada Martin Lüter tərəfindən başlanan hərəkat sonralar pravoslavlıq və katolisizm ilə yanaşı, xristianlığın digər cərəyanlarından biri - protestantlığın (latınca: protestans - etiraz edən)  yaranmasına səbəb olaraq Avropada uzun müddət davam edəcək Reformasiya hərəkatını və məzhəb müharibələrini alovlandırmışdır. Belə ki, katoliklər və protestantlar arasındakı ciddi münaqişələr dünya tarixində  bir çox dini müharibələrə (Qusçular hərəkatı, Otuzillik müharibə, Varfolomey faciəsi) yol açaraq milyonlarla insanın ölümünə və ya  yurd-yuvalarından didərgin düşməsinə səbəb olmuşdur.

XVI əsrin başlanğıcında Almaniyada sənaye və ticarət inkişaf etməyə başlamşdı. Manufakturalar artsa da, lakin feodal dağınıqlığı kapitalizmin inkişafına mane olurdu. Şəhərdə manufaktura yarada bilməyən tacirlər onları şəhərdən kənarda açır və varlanırdılar. Ölkəyə katolik kilsəsi hökmdarlıq edirdi. Katolik kilsəsinin torpaq mülkləri var idi, kilsə əhalidən onda bir vergisi alır, vəzifə və indulgensiya ("cənnət qəbzləri") satırdı. Almaniya dağınıq olduğuna görə, imperator katolik kilsəsinin xalqı soyub-talamasının qarşısını ala bilmirdi.

Almaniyada kapitalist istehsalının  inkişafına şəhərlərdəki sexlər, sex qaydaları, feodal zülmünün güclənməsi, cəngavərlərin quldurluğu, soyğunçuluğu, kəndlilərin təhkimli vəziyyəti, onların sələmçilərə borclu olması, katolik kilsəsinin zülmü və əhalinin bütün təbəqəsinin ondan  asılılığı mane olurdu. Kilsənin başdan-ayağa "çürüməsi"  haqqında təsəvvürlərin geniş yayıldığı bir dövrdə orada  dəyişikliklər etmək üçün münbit şərait yaratmışdı. Belə bir məqamda  Reformasiyanın başlanğıcının təməlini qoyan Vittenberq universitetinin professoru, teoloq Martin Lüter (1483-1546) nəinki sxolastikanın və kilsə təşkilatının ənənəvi tənqidini davam etmiş, həm də katolik kilsəsinin əsas ehkamlarına öz yeni ideyaları ilə zərbə vurmağa başlamışdır. M.Lüter varlı burger ailəsində doğulmuş, Erfurt universitetini bitirmiş və ilahiyyat doktoru adı almışdı. Lüter kilsədəki nöqsanları aradan qaldırmağa çalışırdı. Öz dini axtarışlarında Lüter "günahların yuyulması"  ilə bağlı alverə etiraz edirdi.

1517-ci ilin oktyabrında Lüter indulgensiyaya qarşı 95 tezislə çıxış edir. Bu, Reformasiyanın I mərhələsinin (1517-1521) başlanğıcı olur. Lüterin sözləri və ideyaları Roma əleyhinə hərəkatın inkişafına böyük təkan verir. Öz tezislərində Lüter ruhaninin vasitəsilə insanın günahlarının yuyulması haqqında katolik ehkamını inkar edir. Allah qarşısında tövbə etmək yolu ilə insan onun rəhmini qazana bilər. Öz tezislərini şərh edən Lüter yazırdı ki, indulgensiya satan satıcıların pul kisəsinə pul atmaqla cənnətə düşmək olmaz. Əksinə, "bu kisəyə pul düşən kimi, ruhanilərin acgözlüyü artar". Lüterin tezislərində ziddiyyətli fikirlər də var idi, lakin bu tezislərdə onun təliminin əsas maddələri öz əksini tapmışdır. Bu təlimdə "yalnız 3" adlı konsepsiya mühüm yer tutur: insan yalnız inamla xilas ola bilər; inamı yalnız Allah mərhəmətilə qazanmaq olar; inam məsələlərində nüfuzlu mənbə yalnız Müqəddəs Kitabdır. Müqəddəs Kitabın papanın şərhinə ehtiyacı yoxdur.

Lüterin erkən teologiyası sistemləşdirilməmiş və ziddiyyətli olsa da, opponentlərinə qarşı mübarizədə sürətlə inkişaf edirdi. Bu təlim mömin və dindar icmaların kilsə iyerarxiyasından və papalıqdan müstəqil mövcud olma hüququnu təsdiqləyirdi. Məhz bu formada lüterçilik Avropa ölkələrində də yayılmağa başlayır. Lüter sonralar öz təlimində müəyyən dəyişikliklər etsə də, bu təlim ilkin formasında Reformasiyanın sonrakı gedişinə böyük təsir göstərmişdi.

1518-ci ilin fevralında Lüter 95 tezisinə şərh yazdı və burada vicdan məsələləri istisna olmaqla, dindarları hakimiyyətə tabe olmağa çağırır. Digər bir teoloq Ekk bu tezislərə qarşı çıxır. Polemikada Lüter ilk dəfə alman dilindən istifadə edir və bildirir ki, kilsənin islahata ehtiyacı var. O, hesab edirdi ki, kilsə islahatı təkcə kardinallların və papaların işi deyil, onun nöqsanları hamı tərəfindən açıq şəkildə müzakirə olunmalıdır. Lüterin bu ideyalarını təhlükəli hesab edən inkvizitorlar onu bidətçi elan etdilər. Kilsə instansiyalarında Lüter bildirirdi ki, xristian təlimi haqqında mübahisələrdə inkvizisiya tamamilə qeyri-məqbuldur, söz yalnız sözlə məğlub edilə bilər. Mübarizə vüsət aldıqca, bu mübarizədə insanın Allaha münasibəti məsələləri yox, kilsənin və papa hakimiyyətinin təşkili məsələləri önəmli olur. Lüterin çıxışlarının ictimai əks-sədası da artır. Reformasiya tarixində mühüm mərhələ 1519-cu ildə Leypsiqdə Ekklə Lüter arasında disput olur. Ekk təkid edirdi ki, Lüter Viklef və Qus kimi bidətçilərin yolu ilə gedir. Lüter cavab verirdi ki, Qusun təlimində xristian mənşəli ideyalar çox olmuşdur, kilsə isə ona qarşı yanlışlıqlara yol vermişdir.

1520-ci ilə özünün "Xristianlığın yaxşılaşdırılması üçün alman millətinin xristian zadəganlarına" adlı əsərində Lüter kilsə islahatının xüsusi proqramını təklif edir. İmperatora, knyazlara və zadəganlara müraciət edərək onları bu islahata rəhbərlik etməyə çağırır, çünki Roma könüllü bunu etməyəcək. Lüter göstərir ki, din xadimi - xüsusi bir adam deyil, sadəcə kilsədə vəzifədir. Lüter dünyəvi hüquqa üstünlük verir. O, kilsə mülkiyyətinin dünyəviləşdirilməsinə, monarx ordenlərinin buraxılmasını, monastırlarda isə məktəb, yetimxana və xəstəxanaların təşkil olunmasını təklif edir.

"Kilsənin Babil əsarəti"  əsərində Lüter kilsənin 7 dini ayinlərindən yalnız 2-ni - xaç suyuna salınma və yevxaristiya (təqdis) ayinini qəbul edir. Bundan sonra Lüterlə Roma arasında barış qeyri-mümkün olur. Yeni teologiya ictimai müxalifətin bayrağına çevrilir, xalq kütlələri onu qəbul edir. 1520-ci ilin iyununda papa X Leo  Lüteri kilsədən ayıracağı ilə hədələyir. Buna cavab olaraq Lüter "Xristianın azadlığı haqqında"  əsərini dərc etdirir. Bu əsərində o, vicdan məsələlərində xristianın azad olduğunu və dünyəvi azadlıqlarında mövcud dünyəvi hakimiyyətin təminat verdiyini göstərir. Beləliklə, Lüter Reformasiyanın əsas məqsədinin mövcud kilsə quruluşunun dəyişikliyi olduğunu və onun sosial-siyasi quruluşu dəyişməyəcəyini bildirir.

1520-ci ilin dekabrında papa bullası (papa tərəfindən möhürlənmiş sənəd) qüvvəyə minəndən sonra Lüterin kitabları yandırılmağa başlayır. Buna cavab olaraq o, papanın bullasının nüsxələrindən birini açıq şəkildə yandırır. Lüterin bu hərəkəti onun Almaniyada nüfuzunu artırır. O, milli qəhrəmana çevrilir. Bir çox mətbəə Lüterin kitablarını çap edərək geniş kütlələrə çatdırır. 1521-ci ilin yazında Lüter Vormsda reyxstaqa çağırılır. Güman olunurdu ki, o, burada yeni imperator V Karl Habsburq və imperiya zadəganları qarşısında öz təlimindən əl çəkməli olacaq. Bu, Romanın "bidətçini"  tabe etdirməyin sonuncu cəhdi idi. Lakin Lüter ölüm hökmü təhlükəsi qarşısında belə təlimini inkar etməyi rədd etdi.

1520-ci ilin əvvəlləri təkcə Reformasiyanın inkişafı yox, həm də hərəkatın daxilində ayrılıqlarının yaranması ilə də səciyyələnir. İsveçrədə Avropa Reformasiyasının II böyük mərkəzi meydana gəlir və bu hərəkatda ruhani Ulrix Svinqli böyük rol oynamışdır. Onun təlimi Lüterçiliyə oxşasa da, fərqli cəhətlərə də malik idi. Almaniyada Svikkaudan Vittenberqə köçüb gəlmiş təriqətçilər (onlara "Svikkau peyğəmbərləri" deyirdilər) bildirirdilər ki, onlar "daxili səs"lərinə qulaq asaraq Müqəddəs Ruhdan xəbər alırlar. Bu "peyğəmbərlər"  İncilə əsaslanaraq uşaqların xaç suyuna salınmasını rədd edirdilər: xaç suyuna İsa peyğəmbər kimi, böyük olanda, şüurlu şəkildə salınmaq lazımdır. İkonalar qarşısında ibadəti isə "peyğəmbərlər" bütpərəstlik adlandırırdılar.

Ruhi azadlığın "düzgün" şərh edilməməsindən qəzəblənən Lüter Vittenberqə qayıdır. 1522-ci ilin martında öz moizəsində o, hakimiyyətə tabe olmağın vacibliyi ideyasını təkrar əsaslandırdı və xristianları qiyamdan qaçmağa, qorunmağa çağırdı. Lüterin katolik rəqibləri ilə mübahisəsi davam etsə də, Reformasiya tərəfdarları ilə kəskin diskussiyalara da gedir. Bu isə Reformasiyanın II mərhələsi üçün (1521-ci ilin sonundan 1525-ci il Kəndli müharibəsinədək) səciyyəvi olan proses idi.

Beləliklə, uzun illər davam edən dini, ictimai-siyasi hərəkatın geniş vüsət alması nəticəsində Avropanı məzhəblərarası qanlı müharibə bürüdü. Ən əsası isə M.Lüterin "95 tezis"i yeni xristian qolunun - protestantlığın yaranmasına gətirib çıxardı. Zaman  keçdikcə protestantlığın özü də müxtəlif dini cərəyanlara və təriqətlərə parçalandı. Müasir dövrdə protestantlıq olduqca mürəkkəb, rəngarəng və çoxcəhətli xristian konfessiyasıdır. Həmçinin günümüzdə bu xristian məzhəbi bəzi Qərb dövlətlərində hakim mövqeyə malikdir. Bu gün mənsublarının sayına görə ən böyük ikinci xristian konfessiyası protestantlıqdır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”