DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKIYƏ “TAYFUN” RAKETININ UÇUŞ MƏSAFƏSINI IKI DƏFƏ ARTIRMAĞI PLANLAŞDIRIR

Türkiyənin ilk “Tayfun” ballistik raketinin uçuş məsafəsinin təxminən iki dəfə artırılması, min kilometrə qədər çatdırılması planlaşdırılır. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində yerləşən Mardin şəhərinin gəncləri ilə görüşündə bildirib.

“Bildiyiniz kimi, “Tayfun” raketinin uçuş məsafəsi 560 kilometr elan edilib. Ötən həftə mütəxəssislərlə danışdım, mənə dedilər ki, “Tayfun” raketinin uçuş məsafəsini min kilometrə çatdıracağıq”, - deyə Ərdoğan vurğulayıb. Eyni zamanda, qeyd edək ki, “Tayfun” raketinin sınaqları Türkiyə tərəfindən bu ilin oktyabrında həyata keçirilib. Türkiyənin “Roketsan” şirkəti tərəfindən hazırlanan raket 561 kilometr məsafədəki hədəfi 458 saniyəyə vurub. Məlumata əsasən, sözügedən raketin hazırlanması bir neçə il gizli şəkildə həyata keçirilib.

 

BAEA MÜTƏXƏSSISLƏRI TEHRANA SƏFƏR EDIBLƏR

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) ekspertlər qrupu İranın üç obyektində zənginləşdirilmiş uran hissəciklərinin mənşəyinin araşdırılması çərçivəsində Tehrana səfəri başlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, agentliyin beş mütəxəssisindən ibarət nümayəndə heyəti Tehrana İranın Atom Enerjisi Təşkilatı və Xarici İşlər Nazirliyi ilə yeni danışıqlar aparmaq üçün gedib.

Təşkilatın nümayəndəsinin sözlərinə görə, səfər zamanı tərəflər İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsində (NPT) nəzərdə tutulan zəmanətlər üzrə öhdəliklərini yerinə yetirməsi məsələlərini müzakirə etmək niyyətindədirlər. Xatırladaq ki, BAEA-nın baş direktoru Rafael Qrossi noyabrın 10-da Vyanada İran tərəfi ilə danışıqların heç bir nəticə vermədiyini bildirib. Daha sonra “Röyters” agentliyi BAEA-nın hesabatına istinadən xəbər verib ki, Tehran İslam Respublikasındakı üç bəyan olunmamış nüvə obyektində uran hissəciklərinin mənşəyini araşdıran agentliyin nümayəndələrinin səfərinə razılaşıb.

Qeyd edilir ki, BAEA-nın müfəttişlərinin bu obyektlərə çıxışının təmin edilməsi tələbi İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üçün əsas şərtlərdən birinə çevrilib.

 

ABŞ-DA MIQRANTLARA GÖRƏ FÖVQƏLADƏ VƏZIYYƏT ELAN EDILIB

ABŞ-ın Meksika ilə sərhəddə yerləşən El-Paso şəhərinin meri Oskar Liser miqrantlarla əlaqədar fövqəladə vəziyyət elan edib. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Şəhər rəhbərinin sözlərinə görə, federal tərəfdaşlarla söhbətində ona çərşənbə günü (dekabrın 21-də) miqrantların sayının 2,5 min nəfərdən 6 min nəfərə qədər artacağı bildirilib.

“Onlardan bunun öhdəsindən gələ biləcəklərini soruşduqda, “yox” cavabı verildi. Mən belə bir cavab alanda bu, dərhal hərəkətə keçməli olduğum demək idi”, - deyə Oskar Liser vurğulayıb.

Eyni zamanda, meriyadan bildirilib ki, fövqəladə qaydalar vəziyyətə cavab vermək üçün əlavə resurslar - miqrantlar üçün sığınacaqlar və hüquq-mühafizə orqanlarının işinin təminatına imkan verəcək.

 

KEÇMIŞ RUS DIPLOMATININ OĞLU CASUSLUQ ITTIHAMI ILƏ HƏBS OLUNUB

Avstriyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Yunanıstan vətəndaşlığı olan keçmiş rus diplomatının oğlunu saxlayıblar. “Teleqraf.com”un verdiyi xəbərə görə, 39 yaşlı şübhəli xüsusi təyinatlılar tərəfindən Vyananın rayonlarından birindəki mənzildə saxlanılıb. Bildirilir ki, həmin şəxs Rusiya Federasiyasına casusluqda şübhəli bilinir. Məlumata əsasən, axtarışlar zamanı sözügedən şəxsin evindən xüsusi çip və gizli kamera detektoru, həmçinin istehkamçı kostyumu aşkar edilib. Bundan əlavə, saxlanılan şəxsin məlumat ötürmək üçün istifadə etdiyi xüsusi kanallar aşkar edilib. O, son dörd il ərzində ən azı 65 dəfə Moskva, Minsk və Tbilisiyə səfər edib. Şübhəli müxtəlif ölkələrin diplomatları və kəşfiyyat rəsmiləri ilə əlaqə saxlayıb, atası isə Almaniya və Avstriyada rus diplomatı adı altında çalışıb.

Müstəntiqlər hesab edirlər ki, casus Rusiya Ukrayna müharibəsində cavab tədbirlərini izləmək tapşırığı alıb. Saxlanılan şəxs istintaqla əməkdaşlıqdan imtina edib və ittihamları rədd edib.

 

COZEF BAYDENIN SEÇKI KAMPANIYASI ÜÇÜN HAZIRLIQLARA BAŞLANILIB

ABŞ prezidenti Cozef Baydenin müşavirləri administrasiyanın hazırkı rəhbəri ikinci müddətə namizədliyini irəli sürmək qərarına gələrsə, onun seçki kampaniyasının aparılması məsələləri üzərində işləməyə başlayıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Cozef Baydenin komandası hazırda seçkiöncəsi qərargah üçün yer seçmək kimi texniki məsələləri müzakirə edir. Yer olaraq pandemiya başlamazdan əvvəl qərargahın 2020-ci ildə yerləşdiyi Filadelfiya (Pensilvaniya) və ABŞ-ın 46-cı prezidentinin doğma şəhəri Uilmiqton (Delaver) nəzərdən keçirilir.

 

AP SPİKERİ RUMINIYA VƏ BOLQARISTANI ŞENGENƏ QOŞULMAĞA ÇAĞIRIB

Avropa Parlamentinin (AP) spikeri Roberta Metsola Rumıniya və Bolqarıstanı 2023-cü ildə Şengen zonasına qoşulmağa çağırıb. “Report” agentliyinin xarici KİV-ə istinadən verdiyi xəbərə görə, spiker bu barədə ikigünlük işgüzar səfərdə olduğu Buxarestdə Rumıniya prezidenti Klaus İohannis ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib. “Rumıniya və Bolqarıstanı Şengen zonasına qəbul etməmək üçün heç bir əsaslı səbəb yoxdur, çünki üzvlük üçün bütün şərtlər yerinə yetirilib”, - deyə Roberta Metsola vurğulayıb.

Məlumat üçün qeyd edək ki, dekabrın 8-də Brüsseldə Avropa İttifaqının Daxili İşlər və Ədliyyə Şurasının iclasında Rumıniya və Bolqarıstanın Şengen zonasına qoşulmaq üçün müraciətləri rədd edilib.

 

YAPONIYA HÖKUMƏTI NÜVƏ SIYASƏTINƏ DƏYIŞIKLIYI TƏSDIQLƏYIB

Yaponiya hökuməti enerji böhranının öhdəsindən gəlmək üçün nüvə siyasətində dəyişikliyi təsdiqləyib. Bu barədə “Report” agentliyi “Japan Today” nəşrinə istinadən xəbər verib. Qəbul edilmiş enerji proqramına əsasən, ölkə istismardan çıxarılan nüvə reaktorlarını modernləşdirmək, eləcə də mövcud olanların ömrünü uzatmaq niyyətindədir.

Ölkənin nüvə enerjisinin gələcəyi ilə bağlı siyasətində kəskin dönüş baş nazir Fumio Kisidanın avqust ayında Yaponiyanın yeni nəsil reaktorların inkişafını nəzərdən keçirəcəyini və ilin sonuna kimi Sənaye Nazirliyinə nüvə enerjisindən istifadənin genişləndirilməsi üçün siyasət planı hazırlamağı tapşıracağını söylədikdən sonra baş verib.

Məlumata əsasən, ötən il Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş strateji enerji planına əsasən, Yaponiya nüvə enerjisindən asılılığını mümkün qədər azaltmağa çalışır.

Eyni zamanda, ölkənin Sənaye Nazirliyi tərəfindən təsdiqlənən yeni siyasət, mövcud nüvə reaktorlarının 60 illik limitdən artıq fəaliyyətinə imkan verəcək. Enerji planının əlavə təfərrüatları gələn il parlamentdə müzakirə olunacaq. 2021-ci ildə nüvə enerjisi Yaponiyanın enerji kompleksinin 3,9 faizini təşkil edib və hökumət 2030-cu ilə qədər onun payını 22 faizə çatdırmağı hədəfləyir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.