Cəsarət və igidlik zirvəsi
Region

Cəsarət və igidlik zirvəsi

Haqqında hələ uzun illər danışılacaq 44 günlük müharibə Azərbaycanın hərbi gücünü göstərdi, bütün dünyaya xalqımızın iradəsini nümayiş etdirdi, qələbəyə və şərəfə qadir bir xalq kimi Zəfər bayramını yaşayırıq. Qələbə heç də asan qazanılmadı, yüzlərlə əsgər və zabitimiz qanı və canı bahasına xalqımıza ağır müsibətlər yaşatmış erməni faşizmini məhv etdi. Qəhrəman oğullarımız Vətənə, bayrağa, dövlətə, xalqa sonsuz sədaqətini nümayiş etdirərək işğaldan azad edilən ərazilərdə üçrəngli bayrağımızı ucaltdılar. Həmin oğulların sırasında Elsevər Piriyev də düşmənə qarşı igidliklə döyüşüb.

Vətən fədaisi Elsevər Mahir oğlu Piriyev 1995-ci il iyunun 12-də Ağcabədi rayonunun Arazbar kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra, 2013-2015-ci illərdə həqiqi hərbi xidmət keçib, nümunəvi əsgər kimi tanınıb, hərbi hazırlığa xüsusi fikir verib, təlimlərdə əldə etdiyi uğurlara görə çavuş rütbəsinə layiq görülüb. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu Elsevər Piriyev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsinin ilk günlərində döyüş meydanında işğalçılara qarşı qeyrətlə, igidliklə savaşıb, düşmənin canlı qüvvəsinin məhv edilməsində var gücünü əsirgəməyib. Elsevər Murovdağdakı döyüşlərdə qəhrəmanlıq göstərib, Cəbrayılın, Füzulinin, Hadrut qəsəbəsinin erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 16-da Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub, Vətən torpağında şəhadətə ucalıb. Bölgədə ağır döyüşlər getdiyi üçün bir müddət sonra qəhrəman çavuşun nəşi neytral zonadan çıxarılaraq ailəsinə təhvil verilib. Dekabrın 10-da doğulduğu kənddə torpağa tapşırılıb. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Elsevər Piriyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Qəhrəmanın boya-başa çatdığı Arazbar kəndində şəhidin xatirəsinə həsr edilən anım mərasimi keçirilib. Mərasimdə rayon icra hakimiyyətinin başçısının müavini Xətai Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul əməkdaşları, şəhidin xidmət etdiyi "N" saylı hərbi hissənin bir qrup zabit və əsgər heyəti, şəhid ailələrinin üzvləri, kənd sakinləri və məktəblilər iştirak edib. Tədbir iştirakçıları şəhidin məzarı üzərinə gül dəstələri düzüblər və şəhidlərin ruhuna dualar oxunub. Anım mərasimində çıxış edənlər İkinci Qarabağ savaşında hərbçilərimizin göstərdiyi fədakarlıqlardan söz açaraq, torpaqlarımızı azadlığa qovuşduran oğulların xatirəsinin hər zaman qəlblərdə yaşayacağını bildiriblər.

Şəhidlər ölmür, onlar xalqımızın ruhunda, yaddaşında və tarixin səhifələrində əbədi yaşayırlar. Şəhidin ailəsi dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Şəhid Elsevərin adı tarixin səhifələrinə həkk edilib, həyatı gələcək nəsillər üçün əsl örnəkdir.

Salman ALIOĞLU,

"Respublika".