Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ
Ekologiya

Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Təbiət yasaqlıqları seriyasından Ordubad Dövlət Təbiət Yasaqlığı haqqında yazını dərc edirik.

"Respublika".

 

Ordubad  Dövlət Təbiət  Yasaqlığı

Ulu öndər Heydər Əliyev ölkəmizdə xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasını Azərbaycana rəhbərliyinin hər iki dövründə diqqət mərkəzində saxlamışdır. Bu gün də respublikamızda xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi və qorunması istiqamətində işlər uğurla davam etdirilir.

Respublikamızda ətraf mühitin mühafizəsi, nadir və nəsli kəsilmək təhlükəsində olan bitki və heyvan növlərinin, təbiət ərazilərinin qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Son illərdə ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması, təbii sərvətlərdən səmərəli istifadə, çirklənmiş ərazilərin bərpası, xüsusən mühafizə olunan təbiət ərazilərinin, meşə və yaşıllıq sahələrinin daha da genişləndirilməsi məqsədilə həyata keçirilən layihələr ətraf mühitə müsbət təsir göstərmişdir. Bu gün ölkə ərazisində olan təbii landşaftlar dövlət tərəfindən qorunur və elmi-təcrübə mərkəzi kimi də istifadə edilir.

Ordubad rayonu Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati ərazi vahididir. Əsası 1940-cı ildə qoyulmuş, rayonun ümumi sahəsi 972 kvadratkilometr, əhalisi 50 min nəfərdir. Cənubdan İran, şimal-şərqdən Ermənistanla həmsərhəddir. Qərbdən isə Culfa rayonu ilə qonşudur. Ordubad bağlar diyarı, güllər, çiçəklər, bülbüllər, nəğmələr şəhəridir. Dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşən şəhər XII əsrdən etibarən məşhurlaşmışdır. Bu ərazi dünyada ən qədim insan məskənlərindən biri sayılır.

Ordubadın möcüzəli təbiəti və qeyri-adi gözəlliyi XIX-XX əsrlərdə buraya səyahət edən səyyahları təəccübləndirmişdir. Bunlardan rus alimi İ.Şopen, polyak tədqiqatçısı A.Petzold, fransız yazıçısı A.Düma və başqaları öz yazılarında bu gözəlliyi vəsf etmiş, Ordubada heyran qaldıqlarını bildirmişlər. Rayon özünün buz kimi sərin çeşmələri, kəhrizləri, bol məhsullu meyvə bağları, qoz (cəviz) ağacları, badam, lumu, ərik, şaftalı və digər dadlı meyvələri ilə məşhurdur. Ordubad əriyi və şaftalısının dünyada misli-bərabəri yoxdur.

Ordubad rayonu relyefi, flora və faunası ilə də zəngindir. Muxtar Respublikanın coğrafi mövqeyi, relyefi, təbii iqlimi və torpaq xüsusiyyətləri nəzərə alınaraq burada yaşıllaşdırma, ekoloji mühitin qorunması üçün xüsusi mühafizə olunan təbiət obyektləri yaradılır. Bu sahədə görülən işlərin miqyası xeyli genişlənib. Bunlardan biri də Ordubad Dövlət Təbiət Yasaqlığının yaradılmasıdır.

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində 1969-cu ilin iyul ayında Ordubad Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. Ərazisi 27869 hektar olan yasaqlığın yaradılmasında məqsəd ərazidəki nadir və qiymətli heyvan növlərinin qorunub saxlanmasıdır. Füsunkar təbiətə malik yasaqlıqda 32 müxtəlif məməli heyvan növünə rast gəlinir. Yasaqlıq nadir bitkilərlə də zəngindir. Muxtar Respublikanın ərazisində mövcud olan 110 nadir bitkidən 77-sinə yasaqlıqda rast gəlinir. Bunlardan çılpaq dorema, yabanı zinbırtikan, Araz palıdı, zərif süsən, Orossheym süsəni, Gözəl qayışləçək kimi bəzi nadir bitkilərin adları "Qırmızı Kitab"a daxil edilmişdir. Ərazidə bezoar keçisi, köpgər, daş dələsi, canavar, çaqqal, tülkü, quşlardan isə turac, qırqovul, kəklik, bildirçin, alabaxta və s. məskunlaşıb. Bunlardan başqa, yasaqlığın ərazisində Brazilius və ya Aralıq dənizi nalburnu, cənub nalburnu, adi uzunqanadlı, oxlu kirpi (tirəndaz), kəsəyən dağ siçancığı, bəbir, çöl pişiyi, manul pişiyi, qonur ayı, Qafqaz bezoar keçisi, dağ qoyunu (milfon) və s. yayılmışdır. Onu da qeyd edək ki, əlverişli iqlim şəraitinə malik Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisi fauna və floranın zənginliyi ilə yanaşı, həm də təbii və tarixi abidələr məskənidir.

Əli SADIQOV,

"Respublika".