Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Qısaboylu kişi sindromu təsdiqləndi

Elm adamları kişilərdə boy kompleksi ilə ortaya çıxan narsisizm və psixopatiya kimi şəxsiyyət xüsusiyyətləri arasındakı əlaqəni araşdırıblar.

Polşanın Wroclaw Universitetində aparılan araşdırma zamanı alimlər qısaboylu kişilərin psixopatiya, narsisizmə meyilli olduqlarını və bu çatışmazlığın onların daha güclü görünməsinə kömək etdiyini aşkar ediblər.

"Daily Mail"in yaydığı xəbərə görə, Kozlovskanın rəhbərliyi ilə bəzi bəstəboy insanlardakı "Napoleon kompleksi" araşdırılıb. Qısaboylu insanların öz boyundakı çatışmazlıqlarını ört-basdır etmək üçün nümayiş etdirdikləri avtoritar və ya aqressiv hərəkətlərə verilən bu ad Fransa İnqilabı zamanı Britaniya qəzetləri tərəfindən boyuna görə lağa qoyulan Napoleon Bonapartın şərəfinə adlandırılmışdır. (Rəsmi qeydlərdə Napoleonun boyu 1,68 santimetr idi)

"İnsanlar fiziki baxımdan güclü ola bilmədikdə, əvəzinə psixoloji cəhətdən dominant olmağa çalışırlar. Belə ki, psixopatiya kimi şəxsiyyət xüsusiyyətlərinə sahib olan bəzi qısaboylu insanlar çox zaman bu özəlliklərindən özlərinə hörmət tələb etmək, başqalarını ittiham etmək və sevgi münasibətlərində tərəfdaşlarını heyran etmək üçün istifadə edirlər. Elə bu səbəbdən də belə insanların daha güclü görünmək istəyi adətən başqalarının onları olduğundan daha uzun kimi qəbul etməsinə səbəb olur", - deyə araşdırmanın aparıcı müəllifi Monika Kozlovska qeyd edib.

367 nəfər qısaboylu kişi və qadın arasında sorğu keçirilib və iştirakçılardan "mən istədiyimi əldə etmək üçün başqalarını manipulyasiya etməyə meyilli oluram" kimi ifadələrlə nə dərəcədə razılaşdıqları soruşulub. Nəticədə uzun boy arzusunda olan hər iki cinsin qısaboylu nümayəndələrində şəxsiyyət pozğunluğunun əlamətləri aşkarlanıb. Üstəlik, bu kateqoriyadan olan kişi iştirakçılarda narsisizmə meyillilik qadınlara nisbətdə daha çox olduğu müəyyənləşdirilib. Bundan əlavə, qısaboylu qadınlarda isə hiylə və yalançılığa meyilliliyin daha çox olduğu təsbit edilib.

 

İntuisiyamız effektiv qərar verə bilərmi?

Əksər insanlar çətin bir qərar verdikdə, saatlarla, hətta günlərlə fikirləşməli olurlar. Lakin portuqaliyalı alimlərin yeni araşdırmaları bunun tam əksini göstərir. Elm adamlarının fikrincə, ən effektli addım - intuisiyamıza inanıb, qərarı tez bir zamanda qəbul etməkdir. Alimlər hesab edir ki, bu, həm əhvali-ruhiyyəmiz üçün, həm də vaxta qənaət baxımından əlverişlidir.

Məlumdur ki, praktiki olaraq bütün insanlarda 6-cı hiss mövcuddur. Bu hiss konkret heç nədən, elə öz-özünə yaranır. İnsan bunun üçün heç bir duyğu orqanının (eşitmə, görmə və s.) köməyindən istifadə etmir. Əslində, intuisiya beyinin iki yarımkürəsinin sinxron əməkdaşlığından yaranır. Bu səbəbdən də intuisiya çox şeyə qadirdir - bədbəxt hadisədən uzaqlaşmağa, bir çox xəstəliklərdən qorunmağa, təhlükələrdən qabaqcadan xəbərdar olmağa və s.

Bu daxili hiss münasibətdə olduğumuz bir çox insanları daha yaxşı tanımaqda da bizə yardımçı olur. Məsələn, üzdə hər şey çox yaxşı görünən münasibətdən bir dəfə nə isə hiss edirik. Çox zaman biz buna təsadüfi hadisə kimi baxırıq. Lakin indiyə qədər bu mövzuda aparılan araşdırmalar sübut edir ki, intuisiya beynimizin bizə göndərdiyi vacib siqnallardır və biz buna biganə yanaşmamalıyıq.

Alimlər siçovullar üzərində də sınaq aparıblar. Nəticədə siçovulların "tərəddüd" edib-etməmələrinə baxmayaraq, ən effektiv qərarı dərhal 300 millisaniyə ərzində qəbul etdikləri müşahidə edilib.

Araşdırma rəhbəri dr. Maynen deyir ki, siçovul üzərində belə bir sınaq insan intuisiyasının təbiətini daha yaxşı anlamağa və beyində intuitiv qərar alma vaxtı nələrin baş verdiyini öyrənməyə imkan yaradır.

İnformasiyanı sözcü.com.tr veb saytı yayıb.

 

Ayrılıq acısına necə dözürsünüz?

Hər kəsə məlumdur ki, uzun müddət biri-birilərini sevən və yaxud dostluq edən insanların ayrılması heç də asan məsələ deyil. Aparılan təcrübələr göstərir ki, belə bir halla qarşılaşan insanlar ayrılıq acısını dəf etmək üçün özünəməxsus, fərqli yöntəmlərdən istifadə edirlər. Bu səbəbdən də elm adamları insanların yenicə bitən münasibətdən sıyrılıb normal həyata davam edə bilmək üçün istifadə etdikləri üç stategiyanı araşdırıblar.

ABŞ-ın Missouri ştatının Louis şəhərində yerləşən Saint Louis Universitetinin alimləri təxminən 30 aylıq münasibətlərini bitirən 20-37 yaş arası 24 iştirakçını sınaqlara cəlb ediblər. 4 qrupa bölünən respondentlərin birinci qrupuna keçmiş sevgililəri haqqında mənfi düşünmələri tapşırılıb. İkinci qrupa isə ayrıldıqları insana qarşı hiss etdikləri sevginin normal olduğunu və baş verənləri qəbul etmək labüdlüyü bildirilib. Üçüncü qrupun iştirakçıları isə keçmişləri ilə heç bir əlaqəsi olmayan mövzulara diqqət yetirərək fikirlərini yayındırıblar. Dördüncü qrupdan isə konkret olaraq heç bir şey soruşulmayıb. Daha sonra isə tədqiqat iştirakçılarından anket doldurmaları istənilib. Növbəti dəfə isə onların keçmiş sevgililərinə olan bağlılıqları ölçülüb. İştirakçıların beyin dalğaları ölçülərkən onlara keçmiş sevgililərinin şəkilləri göstərilib. "Journal of Experimental Psychology" jurnalında yayımlanan araşdırmaya görə, sınaqların sonunda hər üç strategiyanın da, əslində qısa müddətdə eks sevgililərə olan duyğusallığı azaltmaq məqsədi daşıdığı məlum olub. Bununla belə birinci və ikinci yöntəmi sınayan iştirakçıların əhvali-ruhiyyələrinin pis olduğu, üçüncü qrupun nümayəndələrinin isə özlərini daha xoşbəxt hiss etdikləri müşahidə olunub.

"Tədqiqatın nəticələri göstərir ki, ən çətin situasiyalarda belə, duyğulara nəzarət edərək onları idarə etmək mümkündür. Ancaq bu da uzunmüddətli həll yolu kimi qəbul edilməməlidir. Sevgi bir düyməni basmaqla başlayan və ya bitən bir proses deyil. Əgər həyatınızda hər hansı bir dəyişiklik etmək istəyirsinizsə, duyğularınızı daim nəzarətdə saxlayaraq problemin öhdəsindən gələ bilərsiniz", - deyə aparıcı müəllif, professor Sandra Lanqeslaq öz müsahibəsində qeyd edib.

 

Qoyunlar da özlərinə "lider" seçirmiş...

Heyvanların qrup daxilində kollektiv davranışı uzun müddətdir ki, elm dünyasını maraqlandıran mövzulardandır. Sürü şəklində yaşayan heyvanların psixologiyasını araşdıran fransalı alimlər qoyunların öz aralarında qərar verərək vaxtaşırı sürüyə "rəhbər" seçdiklərini ortaya çıxarıblar.

İndiyə qədər aparılan araşdırmalarda qoyun sürülərinin kollektiv davranışını izah etmək üçün müxtəlif nəzəriyyələrdən istifadə edilmişdir.

Ancaq tədqiqatçılar bu dəfə qoyun sürülərinin kollektiv davranışını öyrənmək üçün fizika nəzəriyyəsindən istifadə ediblər. Nəticələrini "Nature" elmi jurnalında dərc edən tədqiqatçılar sürüdəki qoyunlar arasında liderlik və üzvlük rollarının dəyişməsinin bir növ "kollektiv zəka"ya səbəb olduğunu göstərirlər.

"Sürü şəklində yaşayan əksər heyvanların kollektiv halda hərəkəti davamlı bir proses olaraq deyil, bölümlər şəklində meydana gəlir. Kollektiv hərəkətin mərhələləri istirahət və ya qidalanma kimi səbəblərə görə ləngiyir. Bu səbəbdən də yeni araşdırmamız sürü şəklində yaşayan heyvanlar arasında bilgi mübadiləsi, fikir birliyi və qərar qəbulu ilə bağlı bəzi suallara aydınlıq gətirə bilər", - deyə araşdırma həmmüəlliflərindən biri Peruani qeyd edib.

Peruaninin sözlərinə görə, yeni araşdırmanın əsas məqsədi heyvan sisteminin kollektiv fəaliyyətini mərhələli şəkildə-başlanğıcı və sonu olduğunu nəzərə alaraq araşdırmaqdan ibarətdir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".