Cənubdan səslər...
Güneydən səslər

Cənubdan səslər...

Güney Azərbaycanda uşaq ədəbiyyatının inkişafı çağdaş ədəbi prosesin əsas prioritetlərindəndir

(əvvəli 11 və 13 dekabr tarixli saylarımızda)

Güneydə uşaq ədəbiyyatı yazarlarının düşüncələrinə görə, bir ulusun gələcəyi uşaqlarının necə böyüdülməsi, tərbiyə olunması, formalaşması ilə bağlıdır. Uşaqlar üçün çalışmaq olduqca zövqlü, eyni zamanda çətin və həssas, həm də məsuliyyətli bir işdir. Çünki uşaqları aldatmaq çətin, inandırmaq isə mümkündür.

M.H.Rüşdiyyənin digər xələfi Əlirza Nabdil Oxtayın "Mən kiçik bir çəyirdək idim", "Yağdı yağışlar", "Yaşıl", "Əl-ələ", "Qaynarca", "Axmaca" "Sığırçın", "Oğlan oxu", "Qurd və şəhər" kimi şeirləri uşaq və yeniyetmələrə ən dəyərli töhfəsidir. Nağılvari süjetə, təhkiyəyə malik "Qılınc nağılı" şeirində Oxtay elin söz-sov boxçasından qədim bir el məsəlini çağdaş dövrün düşüncə biçimində oxucuya təqdim edir. "Ata ölüm ayağında ikən: Mənim vardan, yoxdan bir qılıncım qalıb təkcə, Gətirin vidalaşım. Hər bir kişi ölümə də qılınc ilə getməlidir, - deyə oğlanlarını yanına çağırır. Onlara babalarından miras qalmış qılıncı qorumağı vəsiyyət edir. Lakin nə böyük, nə də ortancıl oğul qılınca yiyə durmur. Lakin kiçik qardaş kiçicik əllərini uzadaraq: - Mənim olsun bəs elə də, - deyir". Şairin təsvirində kiçik qardaşın qılınca sahib çıxması həm də onun - kiçik qardaşın timsalında bütün yurd, milli dəyər sevdalılarının vətənə, ana torpağa, tarixi yurd yerlərimizə sahib çıxacağı kimi dərk olunur. Bu hərəkət-jest Vətən, yurd sevgisinin hələ də var olduğunun göstəricisidir. Ə.N.Oxtayın kiçikyaşlı oxucularına aşılamaq istədiyi qənaət şeirinin misraları arasından açıq görünür: "Nə qədər ki, keçmişə, xalqın qəhrəmanlıq tarixinə bugünkü və gələcək nəsil, gənclər hörmətlə yanaşacaq və onlardan öyrənəcək, o qədər də millətin sabahı, gələcəyi etibarlı, davamlı və özgür olacaq".

Yaradıcılığının leytmotivi, əsas ideya-bədii istiqaməti aydın duyulan "Tozlu piano" şeirində də Əlirza Nabdil Oxtay uşaqlara ünvanlanan fikirlər, ismarışlar sərgiləyir. Şeirin başlanğıcında ceviz - qoz ağacından hazırlanan, çox qiymətli, ancaq qapıları "matəmsiz ölümdən bəri bağlanan", dilləri insan barmaqlarının zərif toxunuşunu özləyən, toz basmış bir piano təsvir edilir. Elə isə bəs bu pianonu kim çalacaq, bu həsrətə kim son qoyacaq, şirmayı dilləri kim dilləndirəcək və sabaha ümid aşılayan, hər şeyin yaxşı olacağına inam yaradan nəğmələri səsləndirəcək? Sualın məntiqi cavabını verən şair şeiri uşaqlara müraciətlə - sabaha ümidlə baxdığını ifadə edən uğurlu sonluqla tamamlayır və onun məzmununa uyğun mükəmməl bədii təsvir yarada bilir:

Uşaqlar, əlizi mənim qəlbimin

İstiliyi ilə qızdırın, gedin!

Yoxsa soyuq əllər nə edə bilər?

Sazaq dan yerində bizi gözləyir,

Soyuq əllər ilə aça bilmərik

Gələcək günlərin qızıl qapısın.

Soyuq əllər ilə çala bilmərik.

Ə.N.Oxtay "Səttarxan atlıları" şeirində "Gələcək günlərin qızıl qapısın"ı kimlərin açacağını, dan yerinin sökülməsinə, günəşin də doğmasına bənzətdiyi azadlığı kimlərin əldə edib qazanacağını, xalqı əsarətdən kimlərin qurtaracağını da bəyan edir. Göstərir ki, həmin xilaskarlar bu gün "Səttarxan atlıları"dırsa, sabah Zeynəb Paşa, Səriyyə Şahsevənqızı, Firudin İbrahimi, Əlirza Nabdil Oxtay, Mərziyyə Üskülü, Səməd Behrəngi, Bulud Qərəçurlu Səhənd, İbrahim Savalan, Mübariz İbrahimov, Çingiz Mustafayev və başqalarıdır. Adından da göründüyü kimi, şeir İranda və Güney Azərbaycanda dalğalanan Məşrutə inqilabına, hərəkatın lideri Səttarxana və onun silahdaşlarına - atlılarına ünvanlanaraq qələmə alınsa da, aktuallığı baxımından Güney xalqının bu gününə də tamamilə uyğun gəlir. Məşrutə inqilabı faktını-tarixi hadisəni böyük bir ədəbi mövzuya çevirən Ə.N.Oxtay heç nəyin dəyişmədiyini, yurdunun yenə də yağıların əlində olduğunu, zülmün ərşə dirəndiyini oxucularına anladır, onları ölkəni yadların əlindən almağa çağırır. Döyüşkən şair içindəki sızıltı ilə bildirir ki, əgər bu qurtuluşu mənsub olduğu nəsil gerçəkləşdirməzsə, gələcək nəsil - indiki balalar həyata keçirəcək, "gədiklərin qurdların tutub boğacaqdır":

Sübh azanı olmamış, gümüş ulduz solmamış,

Tüfəngim kürəyimdə, qatarlar belimdəykən,

Qızıl atım yel kimi, götürülür dağlara.

Onu bir qaşovlayın, yəhərin hazırlayın.

İstibdad qoşununa gedirik qırğın salaq.

Gedirik ölkəmizi, yadlar əlindən alaq!

Gedirik gədiklərin, qurdların tutub boğaq.

Bəlkə gələcəkdə siz, Balalar, dincələsiz.

Qızıl atın belində dağlara yüksələsiz.

Balaca oxuculara böyük mətləbləri onların öz dilində anladan Ə.N.Oxtay "Qurd və şəhər" şeirində Güney Azərbaycanda yaşayan uşaqlara konkret olaraq anladır ki, bölük-bölük, para-para, tikə-tikə olan və gedər-gəlməz yollara sürüklənən yurdumuz, şəhərlər şəhəri Təbriz azğınlaşmış, şairin dili ilə desək, "adamcıl" qurdun ağzındadı. "Qurd və şəhər" şeiri Güney xalqının başına gətirilən faciələrin üç mərhələsi qısa kinofilmdə olduğu kimi canlandırılır, mesajlar ötürülür.

Üsyankar ruhlu əksər şeirlərində silahdaşı Ə.N.Oxtayın ideallarını qəbul edən Mərziyə Üskülünün "İftixar" adlı əsərində isə gənc şairin həyata, dünyaya baxışını, qadına, anaya, adi əmək adamına yanaşması müşahidə olunur. Fars dilindən tərcümə etdikdə "Mən anayam, mən bacıyam, mən sədaqətli həyat yoldaşıyam, mən qadınam… Mən şimalın kiçik kəndindənəm. Düyü plantasiyalarında, çay tarlalarında gücüm çatana qədər əmək sərf etmişəm… Mən fəhləyəm, mən kəndliyəm. Mənim bütün varlığım əməklə yoğrulmuşdur. Aclığımın qondarma, lütlüyümün əfsanə olduğunu iddia edənlər nə qədər şərəfsizdir. Mən bir qadınam ki, onun varlığını ifadə edən heç bir məfhum sizin bədnam mədəniyyətinizdə öz əksini tapmamışdır… Mən bir qadınam ki, zəhmət, əmək ona silah tutmaq qabiliyyəti də bəxş edib" mənasını verən şeir uşaqlar, özəlliklə də qız cocuqları üçün necə yaşamağın manifesti siqlətindədir. Mərziyə xanımın "Mən günəşi sevirəm" şeirini oxuyan kiçikyaşlı oxucu, əlbəttə, Günəşi sevəcək, qəlbinə süzülən günəş işığı, şüaları altında tərtəmiz könül dünyasında yeni sevgilər cücərib boy atacaq:

Ata-baba söyləyən "dəmir çarıq" köhnəlib,

İndi bu çətin yolda dəmir ayaq lazımdır.

Dəmir əsa atılıb, nağıllara qatılıb,

İndi poladdan tüfəng, hədsiz-hesabsız fişəng,

Xalqın sönməz eşqindən bir də dayaq lazımdır.

Hər kəs sevsə günəşi başqa sevgisin atar,

Yorulub yolda qalmaz, unudar özünü də.

Uzaq dağlar dalından gedib günəşi tapar.

Uca səslə deyirəm: Mən günəşi sevirəm!

Mən günəşi sevirəm!?

Əsas ideyanın açılmasına xidmət edən orijinal deyim tərzi ilə "adi əhvalatlarda böyük həqiqətlər"i ustalıqla əks etdirən sələflərin qutsal yolunu çağdaş dövrdə onların layiqli xələfləri davam etdirirdilər. "Vətən", "Sərçələr", "Durnalar", "Qaranquş", "Fil", "Xoruz", "Dovşanın nağılı", "Günəş", "Buludlar", "Əsin, küləklər", "Bizim dağlar", "Sarmaşıq", "Bənövşə", "Mən bir qızam", "Ceyran bala", "Uşaqların dünyası" kimi maraqlı şeirlər yazan və bu poetik mətnlər vasitəsilə uşaqlara təbiəti, doğma Azərbaycanın zəngin flora və faunasını onların öz dili ilə öyrədən Haşım Tərlan da həmin xələflərdən biridir. Şairin yaradıcılığında balaca oxucular al-əlvan rənglərin və parlaq günəş işığının yaratdığı əsrarəngiz bir uşaq dünyasının ağuşuna düşürlər. Onlar bu dünyada görürlər ki, sarmaşıq adi bitkidir, lakin digər bar verən tərəvəz bitkilərinə sarmaşanda onları inkişafdan saxlayır, yəni təbiətə və insanlara ziyan verir.

Haşım Tərlan sarmaşığa fərqli rakursdan baxır, onu obrazlı şəkildə tək, yalqız ağacın simsarı, həmdəmi, ümidi, tənhalığın qənimi kimi mənalandırır. Sevgililərin görüş zamanı qollarını bir-birinin boynuna dolaması adi haldır, ancaq sarmaşığın ağaca sarılmasının yar boynuna dolanan qollara bənzədilməsi və ona yaraşıq olması orijinal bir poetik tapıntıdır. "Sarmaşıq"da təsvirlə məna bir-biri ilə o qədər sıx vəhdətdədir ki, nəinki kiçikyaşlı oxucuları, elə böyükləri də heyrətə salır:

Tək ağaca oldu yar,

Öz ömrünə ümidvar.

Silindi təklik qəmi,

Bir-birinin həmdəmi.

Adət üzrə sarmaşıq,

Yara oldu yaraşıq.

Sarıldı yar boynuna,

Dolandı yar boynuna.

Könlünə nur saçıldı,

Çiçəkləri açıldı.

Bəxtinə gəldim dedi:

Oxay, dincəldim, - dedi .

Əli Daşqın isə bu bitkinin özəllikləri sırasına sevgi ilə bərabər, şəfqət hissləri də qatır. Sarmaşığı qızcığazın qoşa hörüklərinə bənzədir və ruhundan qopan orijinal tərənnümü ilə qoşahörüklü şirin-şəkər qızlara sevinc, bir az da qürur duyğuları yaşadır:

Bizim kiçik bağçada

Vardır iki sarmaşıq,

Biri birinə aşıq.

Biri sarı, biri al,

Gül açarlar dalbadal.

Söyləyirəm onları

Bütün gördüklərimə.

Söyləməyim, neyləyim?

Axı onlar bənzəyir

Mənim hörüklərimə!..

Əli Daşqının uşaq mövzusunda qələmə aldığı əsərlər içərisində "Əlifba" şeiri öyrədicilik, maarifləndiricilik funksiyasına görə xüsusilə maraq doğurur. Şairin 32 hərfdən ibarət latın əlifbasının hər hərfinə aid qoşduğu beyt və misralar körpə oxuculara əlifbanın uğurla, həm də böyük maraqla öyrədilməsinin ən parlaq örnəyidir:

"A" ananı göstərər,

O da mənəm səsliklər!

"U" ulduza baxırdı,

Əriyirdi, axırdı.

"Ü" üzümdən danışdı

Gördü hamı tanışdı.

"V" vurdu, qab calandı

Dedi: Bunlar yalandı!

"Y" yalanı sevmədi

Səssiz, səsliklər! - dedi.

"Z" züydü ağır-ağır

Göyə qalxdı çal-çağır.

Səsliklər əyləndilər,

Uşaqlar öyrəndilər...

Gənc yazar Ramin Cahangirzadə bu tendensiyanı "Əlifba" və "Rəqəmlər" (Tehran-2017) adlı silsilə şeirlərində davam etdirir. Türk kökənli öyrəncilərə rəqəmlərin fars dilində öyrədilməsinə göz yuma bilməyən təəssübkeş şair onların adlarını şeir dili ilə Azərbaycan türkcəsində kiçikyaşlı oxucularının yaddaşına hopdurur. Raminin rəqəmlərə poetik yanaşması həm maraqlı, həm də çox düşündürücüdür. Rəqəmlərlə bağlı şairin vəsfləndirmələri kiçikyaşlı oxucunu onları sevməyə və möhkəm yadda saxlamağa yönləndirir, eyni zamanda da maarifləndirir. "Beş" rəqəmi ilə bağlı yazdıqlarında olduğu kimi:

Bədənlərin forması

bir cüt əl, bir cüt ayaq

bunların başında baş

gəl yeni forma quraq

 

işıqlığın ünsürü

torpaq, yel, su və işıq

alovu qat bunlara

bu ünsürə yaraşıq

 

beş daşımız var bizim

bir az beşdaş oynayaq

saat beşə işləyir

bu oyuna son qoyaq.

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.