Mükəmməl Mürəkkəb Memarlıq
Maraqlı

Mükəmməl Mürəkkəb Memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

“Qaranquş yuvası" qalası

Yaltadan 13 kilometr məsafədə Qaspra kəndi yaxınlığında Ai-Todor sahilindən Qara dənizə doğru uzanan Avrora qayasının üstündə Krımın ən məşhur tikililərindən biri ucalır. XIX əsrdə inşa olunan "Qaranquş yuvası" qalası dəniz səviyyəsindən 40 metr yüksəklikdə yerləşir.

"Qaranquş yuvası"nı Krımda dincəlməyi sevən alman neft milyonçusu Baron P.L.Şteingel tikdirib. Bir zamanlar bu qalanın yerində birmərtəbəli taxta bina olub. Şteingel Avrora qayasında yerləşən ərazini alır və orada orta əsrlərə aid tikililərə bənzəyən romantik bir qala tikdirmək qərarına gəlir. 1911-ci ildə yeni qalanın layihəsi memar Vladimir Şervudun oğlu mühəndis və heykəltəraş Aleksandr Şervudaya həvalə edilir. Qotik üslubda inşa olunan kompleksin tikintisində sarı rəngli Evpatoriya əhəngdaşından istifadə olunub.

Giriş zalı, qonaq otağı və iki yataq otağından ibarət qalanın ətrafında möhtəşəm bağ yerləşir. Hündürlüyü 12 metr, sahəsi isə 10x12 metr olan düzbucaqlı formaya malik qalanın içərisində dairəvi üçmərtəbəli qüllə inşa olunub. Krımın vizit kartı hesab edilən bu qala dəfələrlə böyük dağıntılara və uçqunlara məruz qalmışdır. 1927-ci ildə baş verən zəlzələ zamanı isə kompleksin bünövrəsində çatlar əmələ gəlmişdir. Bu təbii fəlakətdən sonra qayanın bir hissəsi tamamilə uçsa da, tikiliyə heç bir ziyan dəymir.

Bu gün qalada konsertlər, ustad dərsləri, vernisajlar, arxeoloji və ya yerli tarixi kolleksiyalarının nümayiş olunduğu sərgi və mədəniyyət mərkəzi yerləşir. Qalanın ekspozisiyası iki aydan bir dəyişdirilir. Burada qala haqqında kitablar, bukletlər və açıqcalar olan suvenir mağazası və poçt şöbəsi fəaliyyət göstərir.

 

“Morfeus" göydələni

Dünyanın ilk ekzoskeletli göydələni 2018-ci ildə Çinin Las-Veqası adlandırılan Makaoda inşa edilib. Məşhur memar Zaha Hadid tərəfindən layihələndirilən nəhəng həndəsi fiqur formasında olan bina "Morfeus" adlanır. Müasir memarlığın şah əsəri hesab edilən göydələnin tam mərkəzində 3 böyük boşluq arasında yerləşən keçidlər həmçinin "körpü" funksiyasını daşıyır. Qeyri-adi, eyni zamanda sərbəst üslubda inşa olunan binada demək olar ki, bir dənə də olsun sütun və ya daşıyıcı divar yoxdur, bu da daxili interyerin daha geniş görsənməsinə zəmin yaradır. Binanın ekzoskeleti alüminiumla üzlənmiş poladdan hazırlanıb.

Analoqu olmayan binanı hər tərəfdən əhatə edən nəhəng şəbəkələr zərif bir görüntü yaradır və göydələnin fasadı yuvarlaq görünür. Kompleksi günəş işığından qoruyan bu konstruksiya həmçinin otaqların təbii işıqlandırılması üçün nəzərdə tutulub. Binada yuxarıya qədər uzanan geniş atrium və 12 şüşəli lift var. Ümumi sahəsi 150 kvadratmetr olan göydələn 40 mərtəbədən ibarətdir. Təxminən 780 otaq, o cümlədən restoran, mağaza, kazino, spa mərkəzi və açıq hovuzdan ibarət kompleksin birinci mərtəbəsində ağ mərmərlə bəzədilmiş böyuk masa quraşdırılıb.

Əlbəttə ki, belə bir binanın tikintisi ənənəvi üsullardan kənara çıxır. Əminliklə deyə bilərik ki, məhz belə qəribə, müstəsna əhəmiyyətə malik olan memarlıq nümunələri müasir dəbdəbənin simvoluna çevriləcək.

 

“Böyük ördək" binası

Nyu-Yorkun Flanders şəhərində Long Ayslend adasında yerləşən "Böyük ördək" binası ferrosementdən hazırlanan ilk tikililər sırasındadır. Maraqlı görünüşə malik bina 1931-ci ildə fermer Martin Maurerin sifarişi ilə inşa olunub. 1937-ci ildə Martin Maurer binanı Riverxeddən 6 kilometr cənub-şərqdə yerləşən Flandriyaya köçürüb. Ördək ətini və yumurtasını satmaq üçün nəzərdə tutulan bina çox qısa zamanda böyük populyarlıq qazanıb və 1997-ci ildə Tarixi Yerlərin Milli Reyestrinə daxil edilib.

Nəhəng "Böyük ördək" binasının eni təqribən 5,5, sinədən quyruğa qədər uzunluğu 9,1, hündürlüyü isə 6,1 metrdir. Ördəyi təsvir edə bilmək üçün binanın xarici divarları taxta karkasdan hazırlanıb, üzərinə isə ferrosement çəkilib. Ördəyin gözləri "Ford Model T"-nin arxa fənərlərindən düzəldilib. "Böyük ördək" binasının qarın nahiyəsinə isə mağazanın giriş qapısı quraşdırılıb.

Turistik məkan olan "Böyük ördək" binasında müxtəlif formalı rəngarəng "ördək" suvenirləri satan mağaza da fəaliyyət göstərir. Burada ildə iki dəfə bayram tədbirləri keçirilir, biri "ördək bayramı"na, ikincisi isə Şükran gününə həsr olunur. Memarlıq sahəsinə yenilik gətirən məşhur bina, həmçinin yolkənarı arxitekturanın ən yaxşı nümunələrindən biri hesab edilir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".