Cənubdan səslər...
Güneydən səslər

Cənubdan səslər...

Güney Azərbaycanda uşaq ədəbiyyatının inkişafı çağdaş ədəbi prosesin əsas prioritetlərindəndir

"Məni elə yerdə dəfn edin ki, məktəblilər hər gün qəbrimin üzərindən keçərkən ruhumu şad etsinlər...".

Mirzə Həsən Rüşdiyyə.

Ədəbiyyatımızın, milli-mədəni irsimizin, eləcə də nəslimizin davamçıları, gələcəyimiz dediyimiz uşaqların sağlam ruhlu, əqidəli, savadlı və hərtərəfli inkişaf etmiş əsl vətəndaş kimi yetişib formalaşması üçün uşaq ədəbiyyatı nümunələrinə bütün zamanlarda böyük ehtiyac olmuşdur. Lakin Azərbaycanda uşaq ədəbiyyatının yazılması və nəşri sahəsində həmişə müəyyən boşluqlar özünü göstərmiş, onun inkişaf yolu həmişə uğurlu, hamar və məhsuldar olmamışdır. Uzun əsrlər boyu uşaq ədəbiyyatının inkişafı ləngimiş, "Bustan", "Gülüstan", "Divani-hafiz", "Əbvabül-sinan" "Nanü-halva", "Tarixi-Nadir", "Sərbaz" və s. kitabları müqabilində Azərbaycan türklərinə öz doğma dillərində uşaqların oxuması üçün əsər yaratmağa geniş imkan verilməmişdir. Ona görə də qədim və orta əsrlər ədəbiyyat xəzinəsi də uşaqlar üçün nəzərdə tutularaq yazılan kitablar baxımından kasaddır. Bu mənada, əslində Azərbaycan uşaq ədəbiyyatı məfhumu da yeni dövrə - XIX əsrə aid ədəbi-pedaqoji hadisədir...

XIX və XX əsrin əvvəllərində kifayət qədər ictimai və dini məzmuna, əxlaqi-didaktik pafosa, estetik təsir gücünə malik olan uşaq ədəbiyyatı nümunələrinin yaranmasına baxmayaraq, bu zəngin xəzinə indiyə qədər toplanıb, bütöv halda araşdırılmamış, nəşr edilərək xalqa çatdırılmamışdır. Təsadüfi deyil ki, bu gün bizim Abbasqulu Ağa Bakıxanov, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq, Süleyman Sani Axundov istisna edilərsə, onun inkişafı yolunda böyük əmək sərf etmiş, Mirzə Nəsrullah, Hacı Səid və Cəlal Ünsizadələr, Həsənəli Ağa Xan Qaradaği, Aleksey Osipoviç Çernyayevski, Səfərəli bəy Vəlibəyov, Əhməd bəy Cavanşir, Məhəmmədtağı Sidqi, Abdulla bəy Əfəndizadə, Mahmud bəy Mahmudbəyov və digər görkəmli nümayəndələr haqqında təsəvvürümüz belə yoxdur. Onların bəzilərinin adlarını eşitmiş olsaq da, əsərlərindən xəbərsizik. Bu mənada uşaq ədəbiyyatımızın inkişaf tarixində, uşaqlar üçün nəzərdə tutulan nəşrlərin mənzərəsində ağ ləkələr sıx-sıx nəzərə çarpır. Lakin bu siyasi ab-hava, ögey münasibət artıq arxada qalmışdır. Bu gün Vətənin həm Quzeyində, həm də Güneyində tarixin müxtəlif mərhələlərində xalqın yaratdığı mənəvi sərvəti heç bir istisnaya yol vermədən bütöv halda araşdırıb üzə çıxarmaq, təbliğ edib geniş oxucu kütləsinin mənəvi qida mənbəyinə çevirmək yazarları, ziyalıları düşündürən əsas məsələlərdəndir.

Bu gerçəkliyin mahiyyətini dövrünün böyük ziyalısı, Cənubi Azərbaycanın baş şəhəri Təbrizdən Şərq dünyasına günəştək doğan görkəmli maarifpərvər, pedaqoq, publisist, ruhani, siyasətçi və mühərrir kimi tanınmış Mirzə Həsən Rüşdiyyə isə hələ XIX əsrin II yarısından etibarən dərindən anlayıb. İranda ilk müasir təlim-təhsil üsullarını tətbiq edən maarif xadimi və "İran maarifinin atası" kimi dəyərləndirilən Mirzə Həsən Rüşdiyyənin XIX əsrin sonlarında böyük çətinliklər bahasına açdığı "Mədrəsəye-Rüşdiyyə", "Rüşdiyye-ye müzəffəriyyə" adlı yeni tipli məktəblər "Səfəvilər dövründən sonra Cənubda ana dilində fəaliyyət göstərən ilk Azərbaycan məktəbi idi". Və təbii olaraq bu yeni tipli Azərbaycan məktəblərində təhsil alan uşaqların oxuyub yüksək savad almaları üçün ana dilində, doğma türkcəmizdə dərsliklərin yaradılması və bədii əsərlərin yazılması zərurətini də doğururdu. M.H.Rüşdiyyə hər kəsdən öncə bu vacib işə başlayıb və kiçikyaşlı məktəblilər üçün bir sıra ibrətamiz əsərlər - nağıl, təmsil və dərsliklər, türk və fars dillərində ümumilikdə 30-a yaxın kitab qələmə alıb. "Vətən dili" və "Ana dili" kimi dərsliklərilə yanaşı, bir-birindən dəyərli "Bidayətüt-təlim", "Kifayətüt-təlim", "Nəhayətüt-təlim", "Nəsihətül-təlim", "Təkmilüs-sərt", "Təhsili-hesab", "Üsuli-əqaid və ya ittihadi-bəşər", "Əlifbayi-sövti", "Əlifbayi-Rüşdiyyə", "Tarixi-şifahi", "Coğrafiyai-şifahi", "Şəriəti-ibtidai" və b. əsərləri ilə İranda və Güney Azərbaycanda əsl maarifçilik hərəkatının başlanmasına start verib. Elmi-publisistik və ədəbi-bədii xarakter daşıyan həmin əsərlər M.H.Rüşdiyyənin ictimai-siyasi və maarifçilik fəaliyyəti ilə yanaşı, geniş elmi və bədii yaradıcılıqla da məşğul olduğunun təsdiqidir...

M.H.Rüşdiyyənin, daha sonra Cabbar bəy Bağçaban, Məhəmmədhüseyn Şəhriyar, Haşım Tərlan, Səməd Behrəngi, Mərziyyə Üskülü, Əlirza Nabdil Oxtay, Həsən Fərşbaf və digərlərinin bədii irsinin özəlliklərindən biri əsərlərini əsasən sadə dildə, uşaqların anlaya biləcəyi tərzdə yazmalarıdır. Onların məqsədi üz tutduqları mövzuları bədii müstəvidə işləməklə xalqın maariflənlənməsinə, körpə fidanların gözlərinin açılmasına xidmət etmək idi. Maarifləndirmə isə əhalidə yeniyetmə dövrlərindən başlamalıdır. Güney yazarları bilirdilər və bu gün də o fikirdədirlər ki, uşaqları elmə, təhsilə həvəsləndirmək, savadlı, bilikli vətəndaş kimi yetişdirmək üçün onlarda kitab oxumağa maraq oyatmaq lazımdır. Əgər belə olmasa, uşaqların elmə, təhsilə maraqları itər, mədəni-maarif işlərinə meyil etməzlər. M.H.Rüşdiyyə də bu gerçəyi dərindən anladığından uşaqların zövqünü oxşaya, onların bəsirət gözünün açılmasına yardımçı ola biləcək əsərlər, hekayələr, duzlu-məzəli şeir və kiçik həcmli təmsillər yazır, böyük sənətkarlıq nümayiş etdirirdi. Kamil pedaqoqun məqsədi o idi ki, uşaqların zehni yorulmasın, uzun mətni oxumaqdan bezməsinlər. Ədibin ədəbi irsi, didaktik ədəbiyyatın ən gözəl örnəklərindən sayılan təmsilləri o taylı-bu taylı Azərbaycan ədəbiyyatının misilsiz nümunələridir. Onun alleqorik hekayələri dərin fəlsəfi mənaları ilə diqqət çəkir. Yazıçının uşaqlar üçün yazdığı və "Vətən dili" dərsliyinə də daxil etdiyi həmin hekayələr günümüzədək uşaq ədəbiyyatında öz əhəmiyyətli mövqeyini qoruyub saxlayır. "Aslan və iki öküz", "Tısbağa və dovşan", "Maralın qıçları və buynuzları", "Köpəklər və tülkü", "İki xoruz", "Köpək və qurd", "Köpək və çaylan", İnsan və aslan", "Şir və siçan", "Dözümsüz aslan" təmsil-hekayələrində böyük pedaqoq insanlara anlatmaq istəyir ki, hər kəs öz əkdiyini biçir. Lovğalıq, təkəbbür, yersiz qürur insana başucalığı gətirən cəhətlər deyil... İnsan yaşamı boyunca nələr edirsə, hansı əməlləri həyata keçirirsə, məhz onlar zaman keçdikcə qarşısına çıxır, yaxşı, ya pis əməllərin daşıyıcısı olubsa, elə həmin əməllərlə də qarşılaşır.

Təəssüflər ki, Mirzə Həsən Rüşdiyyənin "bu qədər zəngin yaradıcılıq irsi olmasına baxmayaraq, əsərləri Quzey Azərbaycanda nəinki ayrıca nəşr olunmamış, hətta antologiyalara belə çox cüzi bir hissəsi salınmışdır. O da acınacaqlı haldır ki, "türkçülüyün tarixinə aid bir çox əsərlərdə türklük üçün bu qədər böyük işlər görmüş bu şəxsiyyətin adı belə çəkilməmişdir".

Ancaq Güneydə onun açdığı mütərəqqi yolla mətin addımlarla irəliləyən davamçıları yetişdi. Onlar yeni üsullu məktəb aça bilməsələr də, möhtəşəm uşaq ədəbiyyatı nümunələri yaratdılar. Qeyd edək ki, Güney Azərbaycanda və İranda çağdaş dövr uşaq ədəbiyyatının təməlini M.H.Rüşdiyyənin xələfi - Səməd Behrəngi qoymuş, onun faciəli ölümündən sonra isə bu müqəddəs işi milli siyasi hərəkatda fəal iştirak edən məsləkdaşları Mərziyə Üskülü Dalğa və Əlirza Nabdil Oxtay birlikdə davam etdirmişlər.

Bu gün Güneydə "Uşaqlarınızın göz yaşlarını qoruyun, qoy öz çağında onlar sizin qəbrinizin üstünə tökülməyə yaraya bilsin" (Pifaqor) gerçəyini anlayır və həyata keçməsi üçün uşaq ədəbiyyatı nümunələrinin yaranmasına və araşdırılmasına daha çox əhəmiyyət verirlər. Tanınmış şair və tənqidçi Hümmət Şahbazi Azərbaycan ədəbiyatında ilk uşaq şeiri kimi Məhəmməd Füzulinin iki yüz beytdən ibarət "Söhbətül-əsmar" ("Meyvələrin söhbəti") alleqorik məsnəvisini qəbul edir və yazır ki, bu kitabı 1958-ci ildə Bakıda Həmid Araslı nəşr etdirib. Kamil Mirbağırov tərəfindən nəsrə çevrilərək uşaqlar üçün hazırlanıb və Təbrizdə 1376 (1997)-ci ildə "Əsmər" nəşriyyatı tərəfindən yayımlanıb. Əsərin böyüklər üçün yazıldığını duyuruq. Ancaq dərindən fikirləşdikdə, yeni çağda cizgi filmləri, təmsili (alleqorik) biçimdə uşaqlar üçün hazırlanmasını görəndə, "Söhbətül-əsmar"ın da uşaqlar üçün təmsil dili ilə yazıldığını duyursan. Buna görə Azərbaycanın ilk uşaq şeiri (bəlkə də mən deyərdim ki, bütün Şərqdə) Füzuliyə aiddir. Hümmət Şahbazinin fikrinə qatılır və təsdiqləyirəm, çünki 1958-ci ilədək "Söhbətül-əsmar" ("Meyvələrin söhbəti") əsəri S.Mümtaz, H.Araslı, M.Rzaquluzadə və Ə.H.Qəhrəmanov, H.Əfəndiyev və digərlərinin tərtibatı və müqəddimələri ilə Təbrizdə və Bakıda dəfələrlə çap olunmuşdu.

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.