Sağlam həyat
Maraqlı

Sağlam həyat

COVID xərçəngi müalicə edə bilərmi?

Bu yaxınlarda aparılan tədqiqatın nəticələri elm dünyasının çaşqınlığına səbəb olub. Uzun müddətdir ki, dünyada milyonlarla insanın ölümünə səbəb olan COVID-19-un başqa bir ölümcül xəstəliyin çarəsi olduğu ortaya çıxıb. Belə ki, laboratoriya şəraitində aparılan tədqiqatlar zamanı virusun tərkibindəki bir zülalın müalicəsi çətin olan ağciyər şişlərini məhv edə biləcəyi aşkar edilib.

Uzun müddətdir ki, bütün dünyanı cənginə alaraq altı milyon insanın ölümünə səbəb olan COVID-19, bu dəfə başqa bir xəstəliyə ümid verə bilər. Pandemiya dövründə də xərçənglə qarşılıqlı təsiri diqqətçəkən bu virusla bağlı ortaya çıxan nəticələr elm adamlarını təəccübləndirib.

Laboratoriya tədqiqatlarında COVID-də tapılan intranazal sünbül S1 adlı zülalın mutasiyaya uğramış bir versiyasının müalicəyə davamlı və ölümcül ağciyər xərçəngi hüceyrələrini yoluxduraraq məhv etdiyi məlum olub.

"Əgər bu hal ağciyər xərçəngi xəstələrində də eyni cür təkrarlanarsa, xərçəngin müalicəsi üçün ümüdverici ola bilər. Xərçəngin qarşısının alınması üçün başqa bir müalicə olmadıqda, xəstəliyin son mərhələsində bu zülaldan istifadə edilə bilər", - deyə Çikaqonun Rush Tibb Kollecinin nevrologiya professoru və tədqiqat rəhbəri Kalipada Pahan qeyd edib.

Tədqiqat zamanı virusun tərkibindəki zülalın klonlaşdırılmış versiyası götürülüb. Daha sonra insandan alınan ağciyər xərçəngi hüceyrələri petri qabında bu zülala məruz qoyulub. Zülal əlavə edildikdə xərçəng hüceyrələrinin öldüyü müəyyən edilib. Bu üsul ağciyər xərçəngi olan siçanlar üzərində də təcrübədən keçirilib. Nəticədə sözügedən zülala yoluxdurulan siçanlarda şişlərin sayının və ölçülərinin azaldığı müşahidə edilib.

Hazırda tədqiqatçılar COVID-ə yoluxduqdan sonra sağalan ağciyər xərçəngi xəstələrinin məlumatlarını araşdırmaqdadırlar. Əgər nəticələr onların gözlədiyi kimi çıxarsa, gələcəkdə ağçiyər xərçənginin qarşısının alınması mümkün ola bilər.

İnformasiya sözcü.com.tr veb saytında yayımlanıb.

 

Limonu bu yağla birlikdə yesəniz...

Ən sağlam yağlardan biri kimi tanınan zeytun yağı və güclü antioksidant hesab edilən limonun ayrı-ayrılıqda bir çox faydası əksəriyyətə məlumdur. "Apetite" jurnalında dərc edilən informasiyaya görə, amerikalı alimlər bu iki qidanın birlikdə istehlak edildikdə şəfa mənbəyinə çevrilə biləcəyini ortaya çıxarıblar. Belə ki, ABŞ-da aparılan araşdırma zamanı məlum olub ki, sözügedən qarışıq orqanizmdəki bütün zəhərli maddələri bədəndən xaric edə bilər.

Tədqiqatın nəticələrinə görə, zeytun yağına əlavə edilən bir neçə damcı limon acqarına istehlak edildikdə qaraciyərdəki zəhəri çıxarmaqla yanaşı, eyni zamanda həzm sistemini də təmizləyir. Bundan əlavə, indiyə qədər aparılan müxtəlif tədqiqatlar zamanı sözügedən qidaların qarışığının yaddaşı gücləndirdiyi, Alzheimer xəstəliyi və depressiyanın da qarşısını aldığı sübut edilmişdir.

Həmçinin zeytun yağının tərkibindəki biofenollar qəbizlik problemini də aradan qaldırır. Xüsusilə səhərlər acqarına içilən zeytun yağı-limon qarışığı həzmi rahatlaşdırmaqla yanaşı, öd kisəsi və qaraciyər üçün çox faydalıdır.

Aparılan araşdırmalar sübut edir ki, zeytun yağı ilə limon qarışığı yüksək insulin müqavimətini tarazlaşdırdığı üçün anormal qidalanma ehtiyacını aradan qaldıraraq çəki atmağa da kömək edir. Odur ki, piylənmədən əziyyət çəkənlər hər səhər acqarına bir çay qaşığı zeytun yağı və limon qarışığı içərək zəifləyə bilərlər.

Zeytun yağının tərkibində olan sağlam yağ turşuları qandakı lipid səviyyəsini tarazlaşdırır, limon isə C vitamini sayəsində xolesterini balanslaşdırır. Beləcə, trigliserid və pis xolesterin səviyyələri azalaraq ürək-damar sağlamlığının qorunmasına da dəstək olur.

 

Un məmulatları demansa səbəb olurmuş

Braziliyanın Sao Paulo Universitetində bir çox qeyri-sağlam qəlyanaltıların beynin fəaliyyətinə necə təsir etdiyi araşdırılıb. 10 mindən çox insan üzərində aparılan araşdırma zamanı un məmulatlarından hazırlanmış şəkər tərkibli qidaların demensiyaya səbəb olduğu ortaya çıxıb. "Daily Mail"in yaydığı xəbərə görə, sözügedən zərərli qəlyanaltıları qəbul edən orta yaşlı insanlarda zehni geriləmənin 28 faiz artdığı müəyyənləşdirilib.

Mütəxəssislər ağ undan hazırlanan şəkərli qidaların orqanizmdə sitokinlərin səviyyəsini artırdığını və bununla da demensiyaya yol açdığını düşünürlər. Bu səbəbdən də tədqiqatçılar nəinki tərkibində şəkər olan un məmulatları, ümumiyyətlə ağ undan hazırlanan qidalardan bacardıqca uzaq durulmasını tövsiyə edirlər.

Araşdırma zamanı 2008-2019-cu illər arası dövlət qulluğunda çalışan 10 min 775 insanın idrak qabiliyyəti nisbətləri izlənilib. Bu müddət ərzində 35-74 yaş arası iştirakçılar müxtəlif cür zehni qabiliyyət testləri ilə dəfələrlə sınaqdan keçirilib. Nəticədə adıçəkilən qidaları istehlak edənlərdə zehni geriləmə müşahidə edilib.

Ultra işlənmiş qidalar daha az işlənmiş qidalara nisbətən daha çox şəkər, duz və doymuş yağ tərkibinə malikdir. Əvvəlki tədqiqatlar da göstərir ki, yüksək dərəcədə işlənmiş qidaları daha sağlam qidalarla əvəz etmək demans riskini azalda bilər.

 

Asılılıq yaradan qidaların adları açıqlanıb

Uzunmüddətli araşdırmalardan sonra elm adamları insanlarda asılılıq yarada biləcək qidaların adlarını açıqlayıblar. Alimlərin gəldiyi qənaətə görə, yüksək emaldan keçən peçenye, dondurma, kartof fri, çips kimi müxtəlif cür hazır qidalar tütün kimi asılılıq yaradır.

Miçiqan Universitetinin tədqiqatçıları 1988-ci ildən indiyə qədər olan 10 mindən çox insanın sağlamlıq məlumatlarını araşdıraraq hesabat veriblər. Tütündən asılılığın kriteriyalarını əsas götürən alimlər, sözügedən qidaların da eyni cür təsirə malik olduğunu söyləyirlər. Tədqiqatçılar müəyyən ediblər ki, adıçəkilən qidalar mütəmadi istehlak edildiyi üçün asılılıq yaradır və zərərli vərdişlər kimi tərgitmək çətin olur.

Hətta elm adamları belə qidaları qəbul edənlərin infarkt təhlükəsi ilə də qarşı-qarşıya olduğunu söyləyirlər. Bu səbəbdən də sağlamlıq naminə sözügedən qidalardan imtina etmək tövsiyə edilir.

Alimlərin sözlərinə görə, bu qidalar da spirtli içkilər və tütün məhsulları kimi beynin fəaliyyətinə təsir edərək əhvali-ruhiyyəni dəyişə bilir. Belə ki, bu qidaları istehlak etdikdə əhval yaxşılaşır, yeməyəndə isə pisləşir. Beyin istədiyi an və yaxud həmin qidanın qoxusu gəldikdə insanı onu yeməyə vadar edir.

Mütəxəssislər ultra emal edilmiş qidaların siqaret qədər ölümcül təsir etdiyi üçün sadalanan ərzaqlara təhlükəli vərdiş kimi yanaşmağı tövsiyə edirlər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".