Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ
Ekologiya

Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Təbiət yasaqlıqları seriyasından Arazboyu Dövlət Təbiət Yasaqlığı haqqında yazını dərc edirik.

"Respublika".

 

Arazboyu Dövlət Təbiət Yasaqlığı

Bildiyimiz kimi, XXI əsrdə ekoloji tarazlığın qorunub saxlanması ümumbəşəri bir problemdir. Dünya ölkələrini ən çox narahat edən qlobal problemlər sırasında atmosferin çirklənməsi, iqlim dəyişikliyi, içməli su ehtiyatlarının, biomüxtəlifliyin getdikcə azalması və digər mühüm məsələlər xüsusi yer tutur. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması məsələlərinə böyük diqqət yetirilir və bu məqsədlə mühüm tədbirlər həyata keçirilir.

Azərbaycan dünyada çox nadir və təkrarolunmaz iqlimə, bitki örtüyünə və heyvanlar aləminə malik ölkədir. Nadir flora və faunasının, adları Azərbaycanın "Qırmızı kitab"ına düşmüş və nəsli kəsilmək təhlükəsi olan heyvan növlərinin qorunub saxlanması və artırılması məqsədilə ölkə ərazisində qoruq və yasaqlıqlar yaradılmışdır.

Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilmişdir. Ərazisi 707 kvadratkilometrdir. Rayon şimaldan Qubadlı və Cəbrayıl, cənubdan və şərqdən İran ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Zəngilan rayonunun ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırım qayaları, laləli düzləri, gözoxşayan meşələri, sərin bulaqları, çayları vardır. Burada Bazarçay silsiləsinin Barbar və Sələfir zirvələri (2270 metr yüksəklikdə) Ağbənd, Vejnəli yaxınlığında Araz dərəsinə düşür. Rayonun ərazisi dağlıq hissələrdə yayılmış sıx meşələr, müalicə əhəmiyyətli bitkilər və bulaqlarla zəngindir. Sürətli dağ çayları olan Oxçu, Bəsit çaylarının mənsəbi Araz çayıdır.

Rayonun ərazisinə bir şəhər, 6 qəsəbə, 78 kənd daxildir. Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə təcavüzkar Ermənistan tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində ərazidəki onlarla milli və tarixi-dini abidələr talan olunmuş, ekosistem dağıdılmış və flora-fauna məhv edilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci ildə torpaqlarımızın azad olunmasından sonra Zəngilan rayonunda da təmir-tikinti işləri sürətlə aparılır, dağıdılmış şəhər, kənd, qəsəbələr yenidən qurulur və müasir infrastruktur yaradılır. Qısa müddət ərzində Ağalıda insanların rahat yaşamsı üçün yaradılmış hər cür şərait, əhalinin doğma yurd yerlərinə qayıtması və onların işlə təmin olunması Zəngilan rayonunun bütün kənd və qəsəbələrinin tez bir zamanda öz əzəli sakinlərini qəbul edəcəyinə və öz doğma torpaqlarında əbədi yaşayacaqlarına əminlik yaradır.

Arazboyu Dövlət Təbiət Yasaqlığı 1993-cü ildə Azərbyacan-İran sərhədində, Araz çayı sahillərində yaradılıb. Yasaqlıq zəngin flora və faunaya malik Araz çayı hövzəsində Zəngilan rayonunun təbiət sərvətləri sırasında özünəməxsus yer tutur. Əvvəllər yasaqlığın ərazisi 2200 hektar olub. İşğal dövründə erməni vandalları tərəfindən ərazi ekoloji terrora məruz qalmış, 1500 hektarı dağıdılmış və məhv edilmişdir. Ermənilər sərhədyanı ərazilərimizdə, o cümlədən yasaqlıqda da tez-tez yanğınlar törətmişlər. 2001-ci ildə ərazidə güclü yanğın uzun müddət davam edərək bütün bitki örtüyünü məhv etmişdir. Ermənilər meşə sahəsinin çox qiymətli palıd, qoz və digər ağaclarını kəsərək daşımışlar. İşğaldan əvvəl Arazboyu Dövlət Təbiət Yasaqlığında çaqqal, canavar, tülkü, porsuq, cüyür; quşlardan isə turac, kəklik, qırqovul, bildirçin və digər canlılar yayılmışdır.

Hazırda ərazinin ekoloji sisteminə, flora və faunasına dəymiş ziyanla əlaqədar araşdırma işləri aparılır.

Əli SADIQOV,

"Respublika".