CƏNUBDAN SƏSLƏR...
Güneydən səslər

CƏNUBDAN SƏSLƏR...

Güney Azərbaycan folkloru bu gün də toplanmaqdadır

Güney və Quzey Azərbaycan folkloru kollektiv yaradıcılıq məhsulu olan, müəllifləri məlum olmayan ədəbi janrdır. Qədimlikdən, tarixdən xəbər verməklə yanaşı, Azərbaycan xalqının ruhundan süzülən özünəməxsus bir mədəniyyət sahəsidir. Bütün xalqların ədəbiyyatları üçün ilk və səciyyəvi olan kollektiv yaradıcılıq - şifahi xalq yaradıcılığı - ağız ədəbiyyatı Azərbaycan ədəbiyyatının da əsasını qoyub. Azərbaycan türkləri çox zəngin bir şifahi ədəbiyyat xəzinəsi yaradıblar. XIX əsrdən başlayaraq bu xəzinə həm də folklor adlandırılıb. İngilis dilindən gələn bu termin - folk - xalq, lore isə bilik, hikmət (xalq müdrikliyi) anlamındadır.

Folklorşünas alim Azad Nəbiyev yazır: "Şifahi xalq ədəbiyyatının ilk nümunələri - ibtidai insanların məişət, təbiət hadisələri, ovçuluq, əmək və digər bu kimi məsələləri haqqında təsəvvürləri və bununla əlaqədər keçirdikləri hisslərin tərənnümüdür. Bunlar qədim dövrlərdə yaranaraq, dildən-dilə, ağızdan-ağıza keçərək yaşamış və zənginləşmişdir. Folklor nümunələri xalq zəkasının qüdrətini, bədii təfəkkürünün gücünü parlaq əks etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir. Bu sənət inciləri janr əlvanlığı, dil-üslub aydınlığı, poetik tutumu və xəlqiliyi ilə seçilir. Şifahi ədəbiyyatda xalqımızın insan taleyi ilə bağlı düşüncələri, vətənpərvərliyi, humanizmi, arzu və istəyi, sevgisi, nifrəti, müxtəlif tarixi dönəmlərdə üzləşdiyi mühüm ictimai-siyasi hadisələrə münasibəti geniş bədii əksini tapmışdır.

Bu əksetmədə folklorun ayrılmaz bölümlərindən olan oyunlar, lətifə və məzəli əhvalatlar da yer alıb. Uşaq oyunları və məzəli əhvalatlar Güney Azərbaycan folklorunun tərkib hissələrindəndir və şair Aqşin Ağkəmərlinin topladığı bəzi örnəkləri oxucularımızın da diqqətinə çatdırırıq... GÜNEY MAHALINDA MƏZƏLİ ƏHVALATLAR

Hündür hasar

Padşahın sarayının dövrəsinə uca hasarlar çəkilir. Oradan keçən Molla Nəsrəddin ustadan soruşur ki, ay usta, hasarı nə üçün bu hündürlükdə hörürsən?

 Usta deyir: Bu hasarı ona görə hündür tikirik ki, oğrular aşa bilməsinlər. Molla gülümsəyir və deyir: Hardan, içəridən, yoxsa çöldən?

Dəyərli məsləhət

Qəssab bir vəkilə müraciət edib onunla məsləhətləşir. O, deyir:

- Əgər bir it mənim ətimi aparsa, onun sahibi ətin pulunu ödəməlidir, ya yox?

- Sözsüz, ödəməlidir.

- Belə isə mənə iyirmi tümən verməlisən, çünki mənim ətimi aparan it sənin itindir.

Vəkil deyir:

- Baş üstə. Mən müşavirə üçün sizdən əlli tümən alacam. Siz də əlli tüməndən iyirmi tümən çıxın, otuz tümən qalsın.

Axmaqlar

İki nəfər yoldaş olub kənddən şəhərə gedir. Biri deyir:

- Sən nə fikirləşirsən?

- Fikirləşirəm ki, yolda bir sürü qoyun tapdım. Südünü, qatığını, ətini, yununu satıb varlandım.

O biri dedi:

- Şərikəm.

Biri dedi:

- Yox, birini də sənə verəmmərəm.

Bu biri isə dedi:

- Mən də bir sürü canavar taparam, bütün qoyunlarını qırıb qurtarar.

O biri çönüb yoldaşına bir şillə vurub deyir:

- Sən mənim qoyunlarımı qırarsan, hə?

O birisi də ona bir təpik ilişdirib deyir:

- Bəs sən utanmırsan tapdığın bir sürü qoyundan mənə bir dənə də vermirsən? Cavanlar bir-birini möhkəm əzişdirərkən yoldan eşşəklə bir kişi keçirdi. Kişi onları ayırır və neyçün dalaşdıqlarını soruşur. Onlar da aralarında nə olubsa, ona söyləyirlər. Həmən kişi eşşəyinin belinə çatdığı doşab tuluğunu açıb hamısını yerə tökür və deyir, yalan desəm, qoy qanım doşab kimi axsın. Sizin ikiniz də axmaqsız.

***

İkinci dünya müharibəsi zamanı Təbrizdə çörək azaldı. Onu almaq üçün saatlar vaxt lazım idi. Bu məsələni həll etmək üçün camaat bələdiyyə salonunda toplaşdı. Çörək haqqında danışanda, bəziləri Hitlerin fəthindən danışırdı. Əsgər qəfləti danışmağa icazə istədi. Söz alandan sonra dedi:

- O qədər də Hitlerin tərifini etməyin. Əgər qeyrəti, qüdrəti var, gəlib Təbrizdə növbədə dursun, iki çörək də o alsın.

UŞAQ OYUNLARI

PİLDƏSTƏ

Pildəstə uşaqların iki qrupa bölünərək iki çubuqla oynadıqları oyundur. Çubuqların biri 20 santimetrdən ibarət olur ki, ona "pil", digəri isə bir metrlik ağacdır ki, ona da "dəstə" deyilir. Elə bu üzdən də bu oyuna "Pildəstə oyunu" deyilir. Oyunun qaydası belədir: pili bir çalada (çuxurda) və yaxud iki daş parçasının arasında qoyub dəstə ilə qarşı tərəfə atırlar. Qarşı tərəf əgər pili havada tutarsa, bu oyunu udurlar, o zaman udanla uduzan arasında yer dəyişilir. Əgər havada tuta bilməzsə, oynayan qrup pili üç dəfə havada vurmalıdır. Pil yaxın duran oyunçuya tərəf düşərsə, o oyunçu pili atdığı yerdən ta düşdüyü yerə qədər uu... səsi çəkməlidir. Yəni birnəfəsə heç dayanmadan bu səsi çıxarmalıdır. Arada səs kəsilərsə, demək, onlar uduzublar. Yenə oyunu udan tərəf davam etdirir. Əgər uu... səsi pilin düşdüyü yerə qədər heç bir nəfəs almadan çəkilərsə, həmin tərəf oyunda qalib gəlir.

CIBITDDI-CIBIDDI

Uşaqlar hər birinin əlində bir ağac bir yerə toplaşırlar. Bir az irəlidə yerdə bir xətt çəkirlər və hamısı o xəttin üstündə dururlar. Nişanlanan tərəfə ağaclarını atarlar. Hansının ağacı nişandan bir az aralı düşərsə, ağacları toplamaq ona düşər.

GİRDƏKAN DIĞIRI

Bir qrup bir neçə girdəkanı (qozu) yerə səpər. Və birini əlində saxlayıb bir yamacda barmaq vasitəsi ilə atarlar. Nişan tutan girdəkana toxunarsa, toxunan girdəkanı və öz girdəkanını götürər. Oyun bu şəkildə udmaq və uduzmaqla davam edər.

GÖZÜ BAĞLICA OYUNU

Bu oyun da bir qrup uşaqlardan ibarət olur. Püşk atıb birinin gözlərini dəsmalla bağlarlar. Əlinə bir qayış, yaxud kəndir verərlər. O, qayışı, ya kəndiri ətrafında gəzdirib kimə toxunursa, onun gözlərini bağlarlar. Gözlərini bağlayan oyunçu qayışı əldə tutarkən bu sözləri ifadə edər: "Dədəm mənə kor deyib, hər gələnə vur deyib".

GİZLƏNPARÇ

Bu oyun iki, ya bir neçə nəfərlə oynanılır. Oyunçular arasında püşk atıb uduzan tərəf gözünü yumar. Gözünü yuman yerə əbə deyilir. Əlliyə, ya yüzə qədər sayandan sonra gözünü açıb axtarmağa başlar. Gizlənən oyunçuların hər birini tapanda özünü əbəyə yaxınlaşıb "yandı" sözünü deyər. O oyunçu oyundan çıxar. Və göz yummağa məcbur olar. Və yaxud başqa bir oyunçu özünü əbəyə çatdırıb əlini əbəyə vurub onda o yanmaqdan, yəni uduzmaqdan xilas olur. Beləliklə, udmaqla-uduzmaqla oyun davam edir.

AŞIQ OYUNLARI

(qoyunun oynaq sümüyünə aşıq deyilir)

Bu oyunda yerdə bir dairə çəkilir. Sonra oyunçulardan hər biri havada dairənin içinə aşığı atır. Öncədən təyin olunmuş aşıq hər hansı formada düşərkən oyunu o başlayır. Misal, olaraq hər hansı atılan aşıqların biri "börk" düşərsə, o oyunu oynamalıdır. Bu şəkildə növbələr bəlli olar. Sıraya düzülüb oyun oynanılar. Dairədə olan aşıqları eşikdəki aşıqlarnan vura bilməsə, növbə başqasına çatar. Amma aşıqla vurub dairədəki aşığı çıxardırsa, aşıqları toplayır və saqqası düşən yerdən istər dairənin içində, istərsə də çölündə oyuna davam edər. Beləliklə, bir ya bir neçəsini dairədən çıxardıb özünə götürər. Əgər vura bilməzsə, oyunu başqası davam etdirər. Bu oyunda aşıqların duruşunun adı belədir: saqqadan, durmadan, təkdən, cütdən, harambasma, formidan, qışidən, itmədən, cığalıqdan, mayadan, çıxartmadan və s.

DİGƏR OYUNLARIN ADLARI BUNLARDIR: Qovalaqaçdı, qeyqaladüzmə, beşdaş, astalanpistan, kufgetmə, dolanbacı yağlı bacı, qeyqala ha qeyqala, döndü yandı, göydə nə var, göy ulduzu, torpaq beli sındırma, tikan zuğu, naqqıdınlı, pul mızdırma, qonaq bacı, saqqız oyunu, gül oyunu, qondum-küsdüm, yumurta çaqqışdırma, məntəş dığırlama, at minmə.

Təqdim etdi:

Esmira FUAD,

filologiya elmləri doktoru.