Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və  bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk  ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə də, bu hadisələrin çoxu yaşanmasaydı dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

 Ənənəmizə uyğun olaraq bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Xristofor Kolumbun Amerika qitəsini kəşfi"ni  oxuculara təqdim edirik.

“Respublika".

 

Xristofor Kolumbun Amerika qitəsini kəşfi

Əsrlər boyu bir çox səyyahlar öz kəşfləri  ilə tarixin gedişatına təsir edərək bütövlükdə dünyanın düzənini dəyişdiriblər. Həmin kəşflər bu və ya digər şəkildə bugünkü həyatımızı formalaşdıraraq bəşəriyyətin təkamülü prosesində böyük rol oynamışdır. Belə kəşflərdən biri də məşhur səyyah  Xristofor Kolumbun Amerika kimi böyük bir qitəni kəşf etməsidir.

Amerikanın kimlər tərəfindən aşkar olunması mübahisə doğuran məsələlərdəndir. Əslində, həllini tapmamış bu məsələ hələ də qaranlıq qalmaqdadır. Amerikanın skandinaviyalılar, ispanlar, portuqallar, irlandlar, italyanlar, yaponlar tərəfindən aşkar olunması haqqında müxtəlif versiyalar vardır. Yaponlar Ekvador sahillərində qədim yapon keramikasının tapılmasına əsaslanaraq materikin kəşfinə iddialıdırlar. Lakin deyilənlər doğru olsa belə, bu kəşflər kiçik əraziləri əhatə etdiyindən və dəqiqləşdirilməmiş məlumatlar olduğundan coğrafiya tarixində materikin kəşf olunması Kolumbun adı ilə bağlanılır.

Xristofor Kolumb 1451-ci il oktyabrın 29-da İtaliyanın Genuya şəhərində doğulmuş, ömrünü İspaniyada başa vurmuşdur. Vaxtilə qüvvətli dəniz dövləti olan Genuya mühiti, dənizçilik sahəsində burada toplanmış zəngin təcrübə və elmi biliklər Kolumbun dünyagörüşünə böyük təsir göstərmişdi. O, ilk dəniz səyahətlərinə də hələ 1472-ci ildə doğma şəhərində başlamışdı. 1476-cı ildə isə Portuqaliyaya gedən Kolumb ilk dəfə buradan uzaq dəniz səyahətlərinə çıxaraq İngiltərəyə, Atlantik okeanındakı Madeyra adasına, Qvineya körfəzinə üzmüşdü. Bir müddət Madeyra adasında yaşayan səyyah Portuqaliyada ailə  qurmuşdu. Beləliklə, Kolumb 1479-cu ildə qəti olaraq Portuqaliyada qərarlaşmışdı. Bu zaman geniş coğrafi biliyə malik olan Kolumb, artıq dənizçilik işində də xeyli zəngin təcrübə toplamışdı. O, Yerin kürə şəklində olması fikrinə qəti olaraq inanırdı. Özündən əvvəlki coğrafi kəşflər, xüsusən Marko Polonun keçdiyi səyahət yolu, onun Uzaq Şərq ölkələri, oradakı dənizlər, Hindistan, Seylon haqqındakı məlumatları Kolumbu bu fikirdə daha da möhkəmləndirdi. Digər tərəfdən, Kolumba məlum olmuşdu ki, hələ qədim dövrdə Aristotel, Strabon və Seneka söyləmişlər ki, Avropadan qərbə doğru hərəkət edərək Hindistana gedib çıxmaq mümkündür. Lakin Kolumb da daxil olmaqla o zamankı coğrafiyaşünaslar Yer kürəsini əslində olduğundan daha kiçik təsəvvür edirdilər. Ona görə də güman edirdilər ki, Qərbi Avropadan Atlantik okeanı vasitəsilə Şərqi Asiya sahillərinə bir o qədər də böyük məsafə yoxdur (Hələ aralıqda Amerika kimi böyük bir qitənin olması isə onların heç ağlına belə gəlmirdi!).

Yer haqqında coğrafi biliklərin genişlənməkdə olduğu bir zamanda, artıq Qərbi Avropada müstəmləkə işğalları dövrü başlanmışdı. Coğrafi kəşflər, yeni torpaqlar tutmaq Portuqaliya və İspaniya kimi ölkələrin dövlət siyasətinə çevrilmişdi. Bu iki dövlət Hindistana dəniz yolu tapmaq üstündə bəhsə girmişdilər. Buna görə də Kolumb Atlantik okeanı ilə qərbə doğru üzüb Hindistana dəniz yolu tapmaq barədə öz layihəsini Portuqaliya kralı II Joana təqdim etdi. Kral Kolumbun təklifini rədd etdi.  Belə olduqda, Kolumb 1484-cü ildə Portuqaliyanın rəqibi olan İspaniyaya köçdü. 1486-cı ildə İspaniya kraliçası İzabella Kolumbu qəbul etdi və onun layihəsini bəyəndi. Kraliça onun səfəri üçün ekspedisiya təchiz olunacağını bildirdi.

Əslində böyük coğrafi kəşflər dövrünün bir çox səyyahı, o cümlədən Kolumb, heç də «elm fədailəri» deyildilər. Onlar geniş mənada, öz ölkələrinin ilk müstəmləkə işğalçıları idilər. Lakin onların konkret mənafeləri də vardı. Məsələn, Kolumbun 1492-ci il aprelin 17-də İspaniya kralı ilə bağladığı müqaviləyə əsasən ona irsi olaraq baş admiral rütbəsi və kəşf olunacaq ölkələrin vitse-kralı vəzifəsi vəd olunurdu. Bundan əlavə, işğal olunan ölkələrdən ələ keçiriləcək qənimətin də onda biri Kolumba çatmalı idi.

Nəhayət, gözlənilən gün gəlib çatdı. 1492-ci il avqustun 3-də İspaniyanın Palos limanından 90 nəfərdən ibarət heyəti olan üç gəmi uzaq səfərə çıxdı: «Santa Mariya», “Pinta” və «Ninya». Bu, Kolumbun naməlum səfərə çıxan ilk ekspedisiyası idi. Beləliklə, coğrafi kəşflər tarixində ən cəsarətli addım atıldı: “Santa Mariya” adlı flaqman gəmisi Kolumb tərəfindən idarə olunurdu. Qalan iki gəmi isə onun arxasınca irəliləyirdi. Kanar adalarından sonra hey Atlantik okeanının içərilərinə doğru üzən Kolumb dəfələrlə istiqaməti dəyişsə də, qurudan əsər-əlamət görünmürdü. Nəhayət, 1492-ci il oktyabrın 12-də gecə saat 2 radələrində matros Rodriqo de Triyenanın həyəcanlı səsi eşidildi: «Quru!». Səhərə yaxın Portuqaliya gəmiləri artıq qumlu sahilə yan almışdılar! Bu zaman Kolumbun sevincinin həddi-hüdudu yox idi. O, güman edirdi ki, Şərqi Asiya sahilinə çatıb, artıq Hindistana yaxın dəniz yolu kəşf olunmuşdur! Əslində isə səyyah gözlənilmədən başqa bir böyük kəşf etmişdi. Kolumbun gəmiləri Baham adalarının birinin Quanaxani (Kolumb bu adanı «San-Salvador» adlandırdı) adasının sahilinə yan almış, ispan gəmiləri yeni qitəyə-- Amerikaya gəlib çıxmışdılar. Lakin səyyah buranı Şərqi Asiya yaxınlığındakı adalardan biri hesab etdi və dərhal əfsanəvi daş- qaş ölkəsini tapmaq üçün cənuba doğru üzdü. Oktyabrın 27-də Kuba (Kolumb bu adanı “Xuana” adlandırdı) kəşf olundu. «Hindistan axtarışı», daha doğrusu, qızıl-gümüş axtarışı davam etdirildi. Bu dəfə - dekabrın 6-da Haiti adası (Espanyola və ya İspanyola) tapıldı. Lakin bu yerlər səyyahın öz təsəvvüründə canlandırdığı «Hindistan» və ya «Çin» ölkələrinə bənzəmirdi. Haitidən sonra kəşfləri davam etdirmək mümkün olmadı. Çünki «Santa-Mariya» qəzaya uğramış, “Pinta”  isə yoxa çıxmışdı.

İlk səfərdən qayıdarkən Kolumb İspaniyada yaxşı qarşılandı. Barselonada onu İspaniya kraliçası İzabella və kral Fernando qəbul etdilər. O, bu dəfə İspaniya sarayını inandıra bildi ki, yeni kəşf olunan ölkələr xəzinəyə külli miqdarda gəlir verəcək; Şərqi Asiya sahillərinə dəniz yolu tapılıb, Hindistanın kəşfinə isə az qalıb. Böyük ümidlər verən bu məlumatlara görə o, “Baş okean admiralı” rütbəsi ilə təltif olundu.

1493-cü il sentyabrın 25-də Kolumb ikinci dəfə Atlantik okeanının qərbinə doğru səyahətə çıxdı. Bu dəfə Kolumb əvvəlki yolla getmədi. O, düz Hindistan sahillərinə gedib çıxmaq üçün Atlantik okeanını nisbətən cənub tərəfdən üzüb keçdi. Lakin səyyahın niyyəti yenə də boşa çıxdı. Hindistan əvəzinə Kiçik Antil adalarını, Dominika, Mariya Qalante, Qvadelupa, Antiqua və Puerto-Rikonu kəşf etdi.    

 Daha sonra isə  Kolumb Kuba sahillərinə gəldi və 1494-cü il mayın 4-də Yamayka adasını kəşf etdi. Sonra isə yenidən Kubaya, oradan da Haitiyə qayıtdı. 

1498-ci il mayın 30-da isə  Kolumb 6 gəmi ilə üçüncü dəfə Atlantik okeanı ilə qərbə doğru yola düşdü. O, səfərə çıxan gəmilərdən üçünü Haitiyə göndərdi. Özü isə qalan üç gəmi ilə Atlantik okeanı ilə, əvvəlkinə nisbətən, bir qədər də cənub-qərbə doğru üzdü ki, nəhayət, Hindistana gedib çıxsın. Səyyah bu dəfə, həqiqətən də böyük bir materikin sahilinə gəlib çıxdı. Lakin o yenə də arzusuna çatmadı. Yeni kəşf olunan materik Hindistan yox, Cənubi Amerika idi. Lakin Hindistanın bu yerlərdə olduğuna şübhəsini itirməyən səyyah yenə də ağlına gətirmədi ki, Şərqi Asiya sahillərindən onu böyük bir qitə ayırır. Beləliklə, səyyah yeni qitə kəşf etdiyini bu dəfə də yəqin etmədi. O, ümidsizlik içərisində «daimi dayanacağı»na Haitiyə qayıtdı. Səyyahın verdiyi xoş vədlərin heç biri özünü doğrultmurdu.

1502-ci il mayın 9-da dördüncü dəfə dənizə çıxan Kolumbun bu, artıq son səfəri idi. Əvvəlki nüfuzunu itirmiş səyyah bu dəfə belə qərara gəldi ki, haradasa Kuba yaxınlığında əsl Hindistanın sahillərinə çıxmaq üçün keçid - boğaz olmalıdır. Kolumb bu boğazı tapmaq istəyirdi. Həmin arzu ilə səyyah bu dəfə yenidən Haitiyə gəldi. Lakin yeni canişin onu sahilə çıxmağa qoymadı. Belə olduqda o, Mərkəzi Amerika sahillərinə üzdü - indiki Hondurasa gəlib çıxdı. Burada səyyah ilk dəfə eşitdi ki, qurunun o tayında böyük bir dəniz var.

Lakin səyyah bu dənizə, yəni Sakit okeana çıxış yolu tapa bilmədi. Beləliklə, səyyah 1503-cü il mayın 1-də Mərkəzi Amerika sahillərini tərk etdi, əvvəlcə Kubaya, oradan da Yamaykaya gəldi. Burada dördüncü səyahət də sona çatdı, özü də arzu olunmadan... 1504-cü il noyabrın 25-də xəstəlikdən üzülüb əldən düşmüş Kolumb  son səyahətindən iki il sonra isə Valyadoliddə vəfat etdi.

Beləliklə, Kolumbun səyahətləri nəticəsində o zamanlar Yeni Dünya adlanan Amerika qitəsi və bu qitəyə gedən dəniz yolu kəşf olundu (1492). Lakin Kolumb yeni qitə kəşf etdiyini bilmədən dünyadan köçdü. Səyyah heç cür ağlına gətirmədi ki, onun gedib çıxdığı adalar, kəşf etdiyi materik tamamilə yeni qitədir...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".