Azərbaycanlıların Qərbi Azərbaycandan 1988-1989-cu illər deportasiyası
Tarix

Azərbaycanlıların Qərbi Azərbaycandan 1988-1989-cu illər deportasiyası

Hədəfimiz tarixi torpaqlara qayıtmaqdır

(əvvəli 7 dekabr tarixli sayımızda)

Keçmiş DQMV Xalq Deputatlar Sovetinin növbədənkənar sessiyasının çağırılacağı xəbərini alan Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov 1988-ci il fevralın 20-də səhər-səhər təyyarə ilə Xankəndiyə gəlmiş, Vilayət Partiya Komitəsinin büro iclasını keçirmiş, erməni separatizminin qarşısını almağa çalışmışdı. Lakin elə həmin gün axşam Vilayət Xalq Deputatları Sovetinin növbədənkənar sessiyası keçirilmiş, muxtar vilayətin Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında qərar qəbul edilmiş və qərara anlayışlı yanaşılması üçün Azərbaycan və Ermənistan Ali Sovetlərinin Rəyasət Heyətlərinə müraciət edilmiş, bu məsələnin müsbət həlli üçün SSRİ Ali Soveti qarşısında vəsatət qaldırılmışdı.

Elə həmin gün Qafan rayonundan qovulan azərbaycanlı qaçqınların ilk dəstəsinin nümayəndələrini Azərbaycan KP MK-da qəbul etmişdilər.

Fevralın 21-də səhər-səhər əllərində Ermənistan SSR-in bayrağı və M.Qorbaçovun portretləri olan nümayişçilər Vilayət Partiya Komitəsinin binasının qarşısına toplaşaraq "Dağlıq Qarabağ Ermənistanın ayrılmaz tərkib hissəsidir!", "Qarabağ - yox, Artsax - hə!", "Yaşasın milli siyasətdə yenidənqurma!" şüarlarını səsləndirmişdilər. Həmin gün axşam Sov.İKP MK-nın Siyasi Bürosu keçmiş DQMV-də baş verən hadisəni müzakirə etmiş, ermənilərin iddiasının dövlətin mövcud milli-ərazi quruluşunun dəyişdirilməsinə cəhd və yolverilməz olduğu mövqeyi bildirilmiş, vəziyyəti nəzarətdə saxlamaq üçün Sov.İKP MK-nın katibi Georgi Razumovski, SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin birinci müavini Pyotr Demiçev və SSRİ DTK-nın sədrinin birinci müavini Flipp Bobkov Bakıya gəlmiş, oradan da Xankəndiyə getmişdilər.

Kremlin ilk rəsmi açıqlamasından narazı qalan ermənilər İrəvanda və Xankəndidə etiraz mitinqlərinə başlamışdılar. Fevralın 21-də İrəvanda fəaliyyət göstərən yeganə Dəmirbulaq məscidi və M.F.Axundov adına azərbaycanlılara məxsus orta məktəbin binası, həmin binanın üçüncü mərtəbəsində yerləşən C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının ləvazimatları da yandırılmışdı. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vururdular. M.F.Axundov adına orta məktəbin direktoru Əziz Süleymanov İrəvanda dərc olunan "Yerekoyan Yerevan" qəzetinə verdiyi müsahibədə məktəbdə dərslərin dayandırılmasını etiraf etmiş, lakin qorxusundan bunu şəhərdə qrip epidemiyasının yayılması ilə izah etməyə məcbur olmuşdu. Halbuki, həmin vaxt rəsmi olaraq şəhərdə qrip epidemiyasının yayıldığı haqqında məlumat verilməmişdi.

Fevralın 22-də ermənilər Əsgəran rayonunda Bəxtiyar Quliyev və Əli Hacıyev adlı iki gənci qətlə yetirdikdən sonra Xankəndi-Ağdam yolunda Ağdam rayonu sakinləri ilə Əsgəran sakinləri arasında qarşıdurma olmuş, 19 nəfər yaralanmışdı.

Fevralın 25-də Azərbaycanın öz ərazisindən azərbaycanlıların ilk qaçqınlıq dalğası başladı. Keçmiş DQMV-nin ərazisində ermənilərin təzyiq və təhqirlərinə tab gətirməyən 540 ailə (təqribən 2,5 min nəfər) Ağdam rayonuna, 150 ailə isə (təqribən 500-600 nəfər) Ağcabədi rayonuna pənah gətirmişdi.

Ermənistan ərazisindən isə azərbaycanlıların deportasiyası günü-gündən intensivləşirdi. Fevralın 28-nə olan rəsmi məlumata görə, Qafan rayonundan qonşu Zəngilan rayonuna təqribən 2 min nəfər azərbaycanlı qaçqın kimi gəlmişdi. Həmin günlərdə İmişli və Qubadlı rayonlarına da Ermənistandan yüzlərlə qaçqın ailəsi pənah gətirmişdi. Abşeron rayonuna Ermənistandan canını qurtarıb gələn 200 nəfər qaçqını Mərkəzi Komitənin birinci katibi Kamran Bağırov və Moskvadan gələn yüksək vəzifəli şəxslər qəbul etmişdilər. Gəncədə və Naxçıvanda Ermənistandan azərbaycanlıların təqib edilmələrinə etiraz əlaməti olaraq aksiyalar keçirilmişdi.

İrəvanda fəaliyyət göstərən "Qarabağ" komitəsinin rəhbərləri Silva Kaputikyan və Zori Balayan fevralın 24-də Moskvada Sov.İKP MK Siyasi Bürosunun üzvü, MK katibi Aleksandr Yakovlevlə üç saata yaxın danışıq aparmışdılar. Fevralın 26-da isə M.Qorbaçovun köməkçisi Georgi Şahnazarovun və A.Yakovlevin ("Latinskaya Amerika" jurnalının redaktoru Serqo Mikoyanın qayını A.Yakovlevin köməkçisi idi) müşayiəti ilə Sov.İKP MK-nın baş katibi M.Qorbaçov S.Kaputikyanı və Z.Balayanı qəbul etmişdi. Saatyarım müddətdə onlar M.Qorbaçova türk dünyasının xəritəsini və saxta tarixi arayışlar təqdim etmiş, onu keçmiş DQMV-nin Azərbaycanın tərkibində qalmasının mümkünsüzlüyünə inandırmağa çalışmışdılar. Lakin Qorbaçov onlara keçmiş Dağlıq Qarabağın Ermənistana veriləcəyini vəd etməmişdi. Əvəzində, keçmiş DQMV-nin sosial-iqtisadi inkişafı üçün o dövrün miqyasına görə çox böyük bir məbləğ olan 400 milyon rubl ayırılacağına söz vermişdi. Çünki Qorbaçov bilirdi ki, SSRİ ərazisində 19 potensial milli münaqişə ocağı mövcuddur və sərhədlərin dəyişdirilməsi yolu ilə keçmiş Dağlıq Qarabağın Ermənistana verilməsi SSRİ-nin süqutunu daha da sürətləndirə bilərdi. Həmin görüşdə G.Şahnazarov S.Kaputikyan və Z.Balayana deyir ki, gedin İrəvanda deyin ki, tezliklə milli məsələyə həsr olunacaq ümumittifaq konfransı keçiriləcək və o zaman qərar qəbul ediləcək. Bundan sonra İrəvanda və Xankəndidə yeni mitinqlər dalğası başlamışdı.

Fevralın 27-də Sov.İKP MK-nın beynəlxalq əlaqələr şöbəsi müdirinin birinci müavini Karen Brutens, "Novosti" Agentliyinin direktor müavini R.Xaçaturov, Sov.İKP MK nəzdində Marksizm-Leninizm İnstitutunun direktor müavini M.Mçedlov Xankəndiyə gələrək erməni separatçılarının rəhbərləri ilə görüşmüşdülər.

Ermənistandan azərbaycanlıların deportasiyasının qarşısını almağın mümkünsüzlüyünü görən Azərbaycan KP MK martın 1-də Həsən Həsənovun başçılığı ilə Ermənistandan gələn azərbaycanlı qaçqınlarla iş aparmaq məqsədilə respublika komissiyası yaratmışdı.

Fevralın 27-28-də keçmiş Dağlıq Qarabağda və Ermənistanda azərbaycanlılara qarşı edilən zorakılıqlara etiraz əlaməti olaraq keçirilən mitinqdən sonra DTK-nın ssenarisi və erməni ekstremistlərinin bilavasitə iştirakı ilə Sumqayıtda kütləvi iğtişaşlar törədildi. Bundan sonra Ermənistandan azərbaycanlıların yeni qaçqınlıq dalğası başladı. Moskvanın, onun Azərbaycana və Ermənistana göndərilmiş emissarlarının ikiüzlü mövqeləri (Yeqor Liqaçov Azərbaycanda, Aleksandr Yakovlev Ermənistanda) erməni millətçilərinin öz bədnam niyyətlərini həyata keçirmək ümidlərini artırırdı.

Erməni millətçiləri üçün Ermənistanda ən münbit rayonlarda yaşayan 200 mindən artıq azərbaycanlını deportasiya etmək, keçmiş Dağlıq Qarabağ problemini həll etmək qədər vacib idi. Azərbaycan hökuməti isə Ermənistandan gələn qaçqınları yük maşınlarına dolduraraq geri qaytarmaqla öz işini bitmiş hesab edirdi. 1988-ci il martın 21-nə olan rəsmi məlumata görə, fevralın 28-dən həmin günədək Ermənistandan 16900 nəfər qaçqın gəlmiş, onlardan 8600 nəfəri geri qaytarılmışdı. Buna baxmayaraq, dağ yolları ilə Ermənistanın Basarkeçər (Vardenis), Zəngibasar (Masis), Axta (Razdan), Krasnoselsk, Keşişkənd (Yeğeqnadzor), Vedi (Ararat) rayonlarından qaçqın axını gəlir və əsasən Gəncə, Mingəçevir, Naxçıvan şəhərlərində, Şərur, Zəngilan, Qazax, Salyan, Göygöl (Xanlar), Beyləqan (Jdanov) rayonlarında özlərinə sığınacaq tapırdılar. Naxçıvanda vəziyyət o həddə çatmışdı ki, Bakıdan oraya əlavə ərzaq göndərilməsinə başlanılmışdı.

Ermənistanda yaşayan azərbaycanlıların vəziyyətini öyrənmək, onların problemlərini həll etmək məqsədilə Azərbaycan KP MK-nın nümayəndə heyəti İrəvana göndərilmişdi. 13-15 aprel 1988-ci il tarixində Ermənistanda olmuş nümayəndə heyəti iki dəfə Ermənistan KP MK-nın birinci katibi Karen Dəmirçyanla görüşmüşdü. Lakin verilən vədlərə baxmayaraq, azərbaycanlılara qarşı edilən zorakılıqlara və onların deportasiyasına son qoyulmamışdı. Ermənistandan qovulan azərbaycanlılar Azərbaycan KP MK-ya gələrək, onların keçmiş Dağlıq Qarabağda məskunlaşdırılmalarını xahiş edirdilər. Azərbaycan rəhbərləri isə nəinki onlara bu şəraiti yaradır, əksinə, onları keçmiş DQMV-nin ərazisinə buraxmamaq haqqında hüquq-mühafizə orqanlarına möhkəm-möhkəm tapşırıqlar verirdilər.

11 may 1988-ci ildə ermənilər Vedi (Ararat) rayonunun Şirazlı kəndinə hücum etmiş, iki nəfər qətlə yetirilmiş, onlarla insan yaralanmış, evlər yandırılmışdı. Əhali Sovet-Türkiyə sərhədinə çəkilərək uzun müddət çadırlarda yaşamaq məcburiyyətində qalmışdı.

1988-ci il mayın 15-də Bakıda ilk dəfə keçmiş Lenin - indiki Azadlıq meydanında əsasən tələbələrin və ziyalıların iştirakı ilə azərbaycanlıların Ermənistandan qovulmasına etiraz əlaməti olaraq izdihamlı mitinq keçirildi. Mitinqdə "Erməni təhrikçiliyinə son qoyulsun!", "Ermənistanda yaşayan azərbaycanlılar üçün muxtariyyət!", "Daşnaklara ölüm!" və s. şüarlar səsləndirilmişdi.

(davamı növbəti saylarımızda)

 

Nazim MUSTAFA,

Prezident Kitabxanasının şöbə müdiri,

tarix üzrə fəlsəfə doktoru.