MARAQ DÜNYAMIZ
Maraqlı

MARAQ DÜNYAMIZ

Süni intellekt cinayət törədərsə, məsuliyyəti kim daşıyır?

Bu gün elm dünyasının əsas hədəfi insanlar kimi düşünən, qərar verən, hətta onlardan daha ağıllı, süni intellektli robotlar istehsal etməkdir. Ancaq belə bir şey baş verərsə, ortaya onun idarə edilməsi ilə bağlı maraqlı bir sual çıxır: bəs, süni intellekt cinayət törədərsə, məsuliyyəti kim daşıyacaq?

Hazırda süni intellektlə bağlı ən çox müzakirə edilən aktual mövzulardan biri də belə bir vəziyyətdə kimin məsuliyyət daşıyacağıdır. Çünki hazırkı qanuna görə məsuliyyət yalnız hüquqi öhdəlikləri olanların, yəni insanların üzləşdiyi hesabatdır.

İllər öncə, 1981-ci ildə Yaponiyada motosiklet fabrikində süni intellektə malik robot texniki xəta səbəbilə idarəetməni itirərək bir işçinin ölümünə səbəb olmuşdu. Lakin həmin dövrdə avtonom sistemin bu qüsuruna görə yalnız insanlar məsuliyyət daşıyırdılar. Əslində, bu vəziyyət hazırda da belə davam edir. Çünki hüquq sistemində məsuliyyət dedikdə ağıla ilk olaraq insan gəlir və yalnız insanlar törətdiyi cinayətə görə cəzalandırılır.

Mövzu ilə bağlı suala Mərmərə Univeristetinin hüquq fakültəsinin professoru Zəfər İçər aydınlıq gətirib:

İlk öncə qeyd etmək lazımdır ki, süni intellekt indiyə qədərki hüquqi anlayışları dəyişdirə biləcək çox mühüm bir texnoloji inqilabdır. Onun şəxsiyyətinin tanınıb-tanınmaması ilə bağlı müxtəlif fikirlər səslənsə də, hazırda bu mövzuda müzakirələr davam etməkdədir. Bəzi mütəxəssislər buna ehtiyac olmadığını və süni intellektin əmtəə kimi qəbul edilməsi ilə bütün hüquqi problemlərin həll oluna biləcəyini söyləyirlər. Lakin bununla belə dünyada süni intellektə hüquqi status verilməsi ilə bağlı fikir ayrılıqları da var. Belə ki, süni intellektə dair müxtəlif şəxsiyyət modelləri də müzakirə edilir. Bu modellərdən isə ən maraqlısı "süni insan modeli"dir ki, burada avtonom sistemin insanabənzərliyi nəzərdə tutulur. Bu şəxsiyyət modeli hazırda ən az ehtimal olunan nəzəriyyədir və yalnız insanlardan daha ağıllı olan süni intellektin istehsalı baş verərsə qəbul edilə bilər. Yəni süni intellektin cinayət məsuliyyətinə cəlb edilməsi üçün o, müəyyən şərtlərə cavab verməlidir. Şübhəsiz ki, süni intellekt azad iradəyə malik olarsa, onun gələcəkdə, insanlar kimi cəzalandırılması mümkün ola bilər.

 

Saç rəngimiz haqqımızda nə deyir?

Müxtəlif elmi araşdırmalar göstərir ki, xarici görünüş insanlar üzərində müəyyən təsirlər formalaşdırır. Bunlardan isə ən önəmlisi saçlarımızdır. Bu yaxınlarda aparılan tədqiqatın nəticələri göstərir ki, saç rənginə baxaraq insanların xarakterini öyrənmək mümkündür. Belə ki, amerikalı alimlər saçlarımızın rənginin xarakterimiz barədə bəzi ipucları verdiyini söyləyirlər. Sözsüz ki, söhbət təbii saç rəngindən gedir...

Alimlər sarışın saçlı insanların çox güclü iradəyə sahib olduğunu deyirlər. Onlar nə istədiklərini bilir və məqsədlərinə çatmaq üçün sonuna kimi mübarizə aparırlar. İstiqanlı və ünsiyyətcil olduqları üçün isə ətrafdakıların diqqətini asanlıqla özlərinə çəkə bilirlər. Özlərinin mükəmmələ yaxın olduqlarını düşünən bu insanlar daim ideal partnyor axtarışında olurlar.

Qumrallar çox sədaqətli olurlar. Onlara hər mövzuda güvənmək olar. Əlaqələri çox geniş olan bu insanlar başqalarına məsləhət verməyi sevirlər. Ünsiyyət qurmaqda isə çox mahirdirlər.

Qara saç rəngi yüksək zövqdən xəbər verir. Belə saçlı insanlar həm də çox qənaətcil və sərtdirlər. Bu insanlar lüks həyatın düşkünü olurlar. Sevdikləri hər şeyə çox tez bağlanırlar. Bu, bir insan da ola bilər, heyvan və ya əşya da. Vərdişlərindən vaz keçməyi xoşlamırlar. Tək qüsurları yeniliklərə qarşı qapalı olmalarıdır. Dostlarına və sevdiklərinə qarşı xüsusi həssaslıqla yanaşan belə şəxslər eyni zamanda çox qısqancdırlar.

Şabalıdı saçlılar həm hakim olmağı, həm də hakimiyyətdəkilərə təsir göstərməyi əla bacarırlar. Buna görə də siyasət sahəsində özlərini sınadıqda böyük uğurlar əldə edirlər.

Kürən saç sahibləri isə seçdikləri istənilən sahədə uğur əldə edə bilərlər. Yumor hissləri güclü olan bu insanlar, hətta ən çıxılmaz vəziyyətdə, belə bu bacarıqlarından istifadə edib ətrafa müsbət enerji ötürürlər. Bu şəxslərlə münasibət qurmaq olduqca maraqlı və əyləncəlidir.

Bu heyvanların soyuğa da dözdüyünü bilirdinizmi?

Dəvələrin ən çox Afrika və Ərəb ölkələrində yaşadığı bilinsə də, onların fərqli növlərinə demək olar ki, dünyanın hər yerində rast gəlmək mümkündür. "Səhra gəmisi" adlandırılan bu heyvanlar əsasən texnologiyanın inkişaf etmədiyi yerlərdə, səhralarda, isti ərazilərdə yaşayırlar. Bəs onların soyuq mühitə də uyğunlaşdığını bilirdinizmi?

Dəvəkimilər fəsiləsinə aid bu heyvanların iki növü var: birhürgüclü və ikihürgüclü. Onlar yumşaq və elastik ayaqları sayəsində çöldə saatlarca dincəlmədən, həmçinin quma və qara batmadan yeriyə bilirlər.

Onların ən maraqlı xüsusiyyətləri isə hürgücündə yağ toplamasıdır. Bu yağ sayəsində heç bir heyvanın dayana bilməyəcəyi qədər aclıq və susuzluğa dözə bilirlər. Dəvələrin digər maraqlı tərəflərindən biri də çox inadkar olmalarıdır. Nəyisə etmək istəmədikləri zaman bunu onlara heç bir qüvvə etdirə bilməz. Hətta bildiyimiz kimi, insanlar arasında "dəvə kini" deyə bir ifadə də var. Uzun ayaqlı, tüklü bir kürkə sahib olan dəvənin bu üstünlüyü onu istilik sistemi ilə "təchiz" edir. Günortalar həddindən artıq istiyə məruz qalan dəvə gecələr də təhlükəli soyuqlarla mübarizə etmək məcburiyyətində qalır. Çarpaz şəkildə düzülən kirpikləri qapandıqda gözlərinə tək bir toz dənəsinin düşməsinə imkan vermir. Eyni şəkildə burunları da toz və qum fırtınalarına görə qapana bilən xüsusiyyətə sahibdir. Bəs görəsən dəvələr susuzluğa necə dayanırlar?

Onlar təxminən bir aya yaxın müddətdə susuz qala bilirlər. Bu vaxt ərzində bədən ağırlıqlarının 20-25 kiloqramını və bədənlərindəki suyun 45 faizini itirirlər. Bir insan bədəninin su ölçüsünün 12 faizini itirdikdə öldüyü halda, onlar 50 faiz su itkisinə tab gətirə bilirlər. Su tapdıqda isə dəvə bir dəfəyə 90 litrə qədər su içə bilir. Hətta çox güclü iybilmə qabiliyyətinə malik olan dəvələr 40-50 kilometr məsafədən belə suyun mənbəyini hiss edirlər. Daha çox ikihürgüclü dəvələrə rast gəlinsə də, təkhürgüclüləri də az deyil. Sadəcə Afrikada təkhürgüclü dəvə növü 20-dən çoxdur. Ev heyvanları olan dəvələrin yabanı halda yaşayanları demək olar ki, heç qalmamışdır. Normal əhlilləşdirilmiş halda belə onların yabanılardan heç bir fərqinin olmadığı bilinir. Əsirlərdir bizimlə yaşayan dəvələr heç bir dəyişikliyə uğramadan varlıqlarını davam etdirirlər.

 

Ayaqqabıların tarixi

Ayaqqabılar adından da göründüyü kimi, hərəkət zamanı ayaqlarımızı kənar təsirlərdən, zədələrdən qorumaq məqsədi daşıyır. Lakin elə insanlar var ki, ayaqqabı seçərkən onun rahatlığından çox zahiri görünüşünə əhəmiyyət verirlər. Bu isə onu göstərir ki, bəziləri onu geyim vasitəsi olmaq xüsusiyyətindən daha çox zahiri görkəmin elementlərini tamamlayan vacib aksesuar kimi qəbul edirlər. Bəs ayaqqabıların nə zaman yaranması və günümüzə qədər necə dəyişildiyi haqqında nə bilirik?

Əslində, ilk ayaqqabılar yarandığı dövrlərdə heç də indiki forma və modellərdə olmayıb. Üstəlik onların iki cütü də eyni tikilirdi. Yəni sağ və sol ayaqqabılar fərqlənmirdi. Qədim zamanlarda insanların əksəriyyəti gön və ya dəridən altlığı olan səndəl geyirdilər. Xüsusən, qədim Misirdə səndəllər geniş yayılmışdı. Dəri uzunboğaz çəkmələr isə Qədim Roma və Kritdə dəbdə idi. Orta əsrlərdə ayağı bütünlüklə örtən yumşaq dəri və ya parçadan ucu sivri olan ayaqqabılar hazırlanırdı. Səyyahlar isə səyahət zamanı uzunluğu dizə qədər olan çəkmələr geyinirdilər.

XIV əsrin sonlarında hazırlanan uzunboğaz çəkmələr o qədər uzun olurdu ki, rahat yeriməkdən ötrü insanlar bu ayaqqabıları nazik zəncirlə kəmərlərinə bağlamaq məcburiyyətində qalırdılar. Havanın pis olduğu zaman və ya nəmişliyi yüksək olan bölgələrdə isə taxta altlıqlı ayaqqabılar geyilirdi.

XVII əsrdə uzunboğaz çəkmələri ayaqqabılar əvəz etməyə başladı. 1660-cı ildən sonra isə uzunboğaz çəkmələri ipli, yuxarıdan ilgəyi olan qara tuflilər əvəz etdi. 1720-ci ildə kvadrat formalı ayaqqabılar geniş yayılırdı. Bir müddət sonra yumru uclu ayaqqabılar hazırlanmağa başladı.

XVIII əsrdə qadın ayaqqabıları atlas və ya zərxaradan hazırlanır, lentlər və bağlarla bəzədilirdi. XIX əsrdə qadın ayaqqabıları atlas və məxmərdən hazırlanaraq dabansız olurdu. 1860-cı illərdə yanları elastik olan, bağsız ayaqqabılar hazırlanırdı. Bu ayaqqabılar ağ ipəkdən olub ucları dəri məmulatı ilə işlənirdi.

XX əsrdən etibarən isə ayaqqabı istehsalı sürətlə inkişafa başladı. Artıq ayaqqabılar yalnız model olaraq deyil, funksional olaraq da inkişaf etdi. İnsanların ehtiyaclarına görə şəkil almağa başlayan ayaqqabılar zamanla dəbi üstələyə bildi.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".