CƏNUBDAN SƏSLƏR..
Güneydən səslər

CƏNUBDAN SƏSLƏR..

"Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikirləri yaddaşlarımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Yer üzünə səpələnmiş soydaşlarımızın coğrafiyasını, yerləşdikləri ölkələrdəki real vəziyyəti, mövcud reallıqları nəzərdən keçirdik. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq. Türkün əzəli-əbədi düşmənlərinin fitnəkar əməlləri, xain hücumları ilə bütöv Azərbaycan məkanca ayrılığa məhkum edilsə də, ulu xalqın mənən bir-birindən uzaq düşmədiyinə, bu həsrəti daim yaşayan Güneyin Quzeydən heç vaxt ayrılmadığına bir daha əmin olduq. Bu gün də belədir. Vətən müharibəsində bir sıra ölkələrdən dəstək gəldiyi o günlərdə ilk sırada yer alanlardan biri də güneyli qardaşlarımız oldu.

2020-ci ilin 27 sentyabrından başlayaraq bütün Güney Azərbaycanda - Təbriz, Miyana, Astara, Culfa, Urmiya, Sulduzda yaşayan soydaşlarımız Araz çayı boyunca toplaşaraq qan və can qardaşlarına azğın düşmənə qarşı vuruşda dəstək ifadə etdilər. Arazın o tayında yazarlarımız hələ də susmayıblar... Şanlı əsgərlərimizin, ordumuzun, Xüsusi Təyinatlı Qüvvələrdən olan igidlərimizin, müqəddəs amal uğrunda canından keçən Milli Qəhrəmanlarımızın ədəbiyyatda daha parlaq obrazını yaratmaq əzmi ilə qələmlərini sınamaqda davam edirlər...

Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdəki fəaliyyətində dünyada yaşayan, əsasən də cənubi azərbaycanlılara həssaslıqla yanaşmışdır. Şəxsi təşəbbüsü və qayğısı ilə 1976-cı ildə Azərbaycan SSR-də "Cənubi Azərbaycan" məfhumu həm elmi, həm siyasi termin kimi rəsmiləşdirilmiş, Azərbaycan Yazıçılar İttifaqı, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsi, AMEA-nın Ədəbiyyat və Şərqşünaslıq institutlarında müvafiq şöbələr təsis edilərək fəaliyyətə başlamışdır.

Ümummilli lider Heydər Əliyev siyasətini davam etdirən cənab Prezidentimiz İlham Əliyevin də dediyi: "Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlıların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik" - fikri bir daha Azərbaycanın dövlət başçısının dünya azərbaycanlılarına, o cümlədən cənubdakı soydaşlarımıza diqqətinin əyani sübutudur.

Qəzetimizdə "Cənubdan səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

(əvvəli 3, 4 və 6 dekabr tarixli saylarımızda)

Güney Azərbaycanın mətbəx mədəniyyəti

Şəhriyar həm milli poeziyanın və ana dilinin, həm də milli mətbəxin bilicisi olduğundan, bunları bir-biri ilə müqayisə edərək qəribə şəkildə əlaqələndirib və hər ikisinə xüsusi həssaslıqla yanaşmağı tövsiyə edib:

Bişmiş kimi şeirin də gərək dad-duzu olsun,

Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz ("Türkün dili").

"Dərya elədim" şeirində isə süfrələrin yaraşığı, milli şirniyyatlarımızdan olan halvanın xarakterik xüsusiyyətlərini açıb. İstibdad rejimi tərəfindən qadağan olunmuş doğma türkcəni ucalara qaldırdığını, şirin dillərdə halvaya çevirdiyini, milyonlarla soydaşının öz dilində ədəbiyyat oxumasına səbəb olduğunu bəyan edib, bu tarixi xidmətindən böyük məmnunluq hissi duyub:

 

Acı dillərdə şirin türki olurdu hənzəl,

Mən şirin dillərə qatdım onu həlva elədim...

 

Şair "Səhəndim" əsərində halvanın üzümdən çəkilmiş doşabla (tərhalva) bişirildiyini də nəzərimizə çatdırıb:

 

Hələ ağ kürkü bürün, yazda yaşıl don da

geyərsən,

Qoradan halva yeyərsən...

- misralarını oxuduqda, "Səbir elə, halva bişər, ey qora səndən" el məsəli yada düşür.

"Heydərbabaya salam" mənzuməsində və digər əsərlərində Güney Azərbaycan mətbəxinin özəyini təşkil edən bəzi süd məhsullarının - ağız, bulama, süd, yağ, şor, qatıq, pendir və s. adlarına da rast gəlirik. Həmçinin milli süfrəmizin bəzəyi olan bir sıra ənənəvi içki növləri də sadalanır: isti və soyuq içki növləri, eyni zamanda, müalicə əhəmiyyəti olan çay, səhləb, qəndab, xoşab, heyva və əzgil suyundan, müxtəlif növ meyvələrdən hazırlanan şərbətlər, ən nəhayət, ayran və s. Bir müddət kənddə yaşamış və kənd həyatını daha dərindən öyrənmiş şair yaxşı bilirdi ki, "çöl-təsərrüfat işləri zamanı ayran əvəzsiz sərinləşdirici içki növlərindən biridir". Ona görə də bunu təbii şəkildə, bənzərsiz sənətkarlıqla təsvir edirdi:

 

Biçinçilər ayranların içərlər,

Bir huşlanıb, sondan durub biçərlər.

 

Ən qədim dövrlərdən bəri çay və müxtəlif çeşidli şərbətlər süfrəmizin yaraşığı olmuşdur. Dövrünün ağır problem və üzüntülü hadisələri, xalqının ikiyə bölünməsi və millətin səfalət içində yaşamasından hiddətlənən şair şirin süfrə içkisi olan şərbəti "Heydərbaba"da məcazi mənada acı şərbət, bəzən ayrılıq şərbəti kimi mənalandırır və bu şərbəti zaman-zaman xalqının dadmasından təəssüf hissi keçirir.

Təbrizdə Ramazan, Qurban, Mövlud bayramlarında xüsusi xörəklər hazırlanır. Hətta nəzir süfrəsi açmaq ənənəsi də var. Eyni zamanda xalq arasında dini müqəddəslərin adına da süfrələr açılır. Məsələn, İmam Zaman süfrəsinin yeməkləri südlü sıyıq, çörək, pendir, göyərti və qoz halvasından ibarət olur. Həftənin çərşənbə günü səhərçağı Həzrət Zeynəb süfrəsində əriştə aşı təqdim olunur. İmam Həsən süfrəsinin ən mühüm cəhəti onun yaşıl rəngdə olmasıdır. Bu süfrəyə yaşılaçalan xörəklər - göyərti, yaşıl kişmiş, bəzən kəsilməmiş qarpız qoyulur. Əli süfrəsinə adətən uşaqlar dəvət olunur. Xörəklərlə bərabər, uşaqlara şirniy-yat və süd də verilir. Quran xətm olunarkən açılan süfrələri plov, şirin çörək və meyvələr bəzəyir. Ramazan ayında isə təbrizlilər pəhriz mətbəxinə daha geniş yer verirlər. Qurban bayramında qoyun və dəvə kəsilir. Bayram ərəfəsində qohum-qonşu bir yerə yığışıb çeşidli şirniyyatlar hazırlayırlar. Bayram günündə süfrəyə əsasən Təbriz küftəsi, qovurma, plov, lobyalı, səbzi plov, əriştə plov, mərci plov və digər yeməklər qoyulur. Novruz bayramında isə, demək olar ki, Təbrizin mətbəxinin sərgisi dörd çərşənbədə çoxsaylı xörəklər hazırlanır. Həmin gün əsasən kəngər plov bişirilir və kahı doşabla və ya iskəncəbinlə yeyilir. Bayram günü mütləq süfrəyə yeddi növ "sin" hərfi ilə başlayan su, sıyıq, siyənək, səməni, səbzi, sumaq və s. kimi qidalar qoyulur.

Milli mətbəx bir xalqın tarixini, yaşayışını, qidalanma ənənəsini, həyata və çeşid-çeşid yeməklərə baxışını ifadə etməklə, həm də onu gələcək nəsillərə ötürən ən gərəkli mədəniyyət sahəsidir...

Onu qorumaq və inkişaf etdirmək, öncə xalqın, sonra isə həmin xalqın qurduğu dövlətin borcudur... Çünki milli mətbəx - kulinariya bir ölkəni, dövlətlərarası yarışlarda, tədbirlərdə təmsil edən və adını tarixi hadisələrin qeyd olunduğu səhifələrə də yazan bir sahə, çox gərəkli əbədiyaşar mədəniyyətdir.

Esmira FUAD,

filologiya elmləri doktoru.